Məhkəmə qərarları › İş №e-2(012)-4569/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4569/2025

13.11.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4569/2025 13.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «fərdi yaşayış evindən çıxarılma və evin boş vəziyyətdə təhvil verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh şəxsi əşyaları ilə birlikdə xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 1 saylı evdən çıxarılması və evin boş vəziyyətdə ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında izahat verərək bildirdi ki, ünvan 1 nömrəli evin 12 nömrəli mənzili xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Cavabdeh iddiaçının oğlu X9 ilə faktiki nikahdadır. İddiaçının oğlu Ceyhun Mirzəyev ilə cavabdeh iddiaçının mülkiyyətində olan evdə hər gün mübahisə edərək bir-biri ilə mübahisələr edirlər. X12 ilə cavabdeh arasında olan mübahisələr zəminində iddiaçının oğlu Ceyhun Mirzəyev iddiaçıya və həyat yoldaşı Zakir Mirzəyevə qarşı zorakılıqlar etdiyi üçün iddiaçı ilə həyat yoldaşı qısamüddətli mühafizə orderinin verilməsi üçün Abşeron Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Abşeron Rayon İcra Hakimiyyətinin “məişət zorakılığı haqqında iş üzrə” xx.xx.2024-cü il tarixli Qərarına əsasən iddiaçıya və həyat yoldaşı X2 60 gün olmaqla qısamüddətli mühafizə orderi verilmişdir. Cavabdeh həmin evdə iddiaçının iradəsinin əksinə qalmaqdadır və iddiaçıya qarşı hörmətsizlik edir. Cavabdehin orada qalması iddiaçının öz mülkiyyətindən istədiyi kimi istifadə etməsinə maneə olur. Cavabdeh hazırda evin bir hissəsindən istifadə etməklə, iddiaçını faktiki olaraq mülkiyyətindən məhrum etmişdir. Dəfələrlə cavabdehə evi boşaltması bildirilsə də cavabdeh hazırda iddiaçının mənzilini boşaltmaqdan imtina edir. Ona görə də iddiaçı cavabdehin şəxsi əşyaları ilə birlikdə mənzilini boşaltması və mənzilin boş vəziyyətdə ona təhvil verilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0,0893 ha torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 287,63 kv.m olan fərdi yaşayış evi dövlət reyestr xidmətində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2011-ci il tarixdə mülkiyyət hüququ üzrə İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyətinin “Məişət zorakılığı haqqında iş üzrə” xx.xx.2024-cü il tarixli Qərarının surətindən görünür ki, Abşeron rayonu sakini İddiaçı və X4 oğulları X7 tərəfindən fiziki zorakılığa məruz qalmaları ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə şikayət ərizəsi vermiş, ərizədə dəfələrlə oğulları X7 tərəfindən psixoloji və fiziki zorakılığa məruz qalmaları barədə məlumat verərək, lazımi tədbirlərin görülməsini xahiş etmiş, şikayət ilə bağlı ətraflı araşdırma aparılması üçün Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun katibi Şükufə Məmmədova və digər üzvlərinin iştirakı ilə iclas keçirilmiş və hər iki tərəf dəvət olunmuş, vətəndaş X4 oğlu X5 dəfələrlə nalayiq sözlərlə onu təhqir etdiyini, mütəmadi olaraq narahat etdiyini, ərizəçi İddiaçı isə evində qorxu içində yaşadığını vurğulayaraq təhlükəsizliyinin təmin edilməsini xahiş etmiş, monitorinq qrupunun üzvləri tərəfindən dəfələrlə edilmiş cəhdlərə baxmıyaraq vətəndaş X7 ilə əlaqə saxlamaq mümkün olmamışdır. X1 cinayət və inzibati məsuliyyət izah edilməklə məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq olunması və İddiaçı və X3 60 gün (xx.xx.2024-cü il — xx.xx.2024-cü il) olmaqla, qısamüddətli mühafizə orderinin verilməsi qərara alınmışdır. Məhkəmə iddiaçının vəkili-nümayəndəsinin izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb bütün sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarının araşdırılması nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0,0893 ha torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 287,63 kv.m olan fərdi yaşayış evi dövlət reyestr xidmətində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2011-ci il tarixdə mülkiyyət hüququ üzrə İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. Lakin İddiaçı oğlu — barəsində verilmiş şikayət ərizələri əsasında iddiaçı və onun həyat yoldaşına qısamüddətli mühafizə orderinin verilməsi haqqında qərar qəbul edilmiş X9 ilə faktiki nikahda olan Cavabdeh iddiaçının fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarına hörmətlə yanaşmamış və evi mülkiyyətçiyə təhvil verməkdən imtina etmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı mülkiyyət hüququnun mühüm elementləri olan sahiblik və istifadə hüququndan məhrum olmuşdur. Həmçinin məhkəmədə müəyyən edilir ki, İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinə hüququ heç bir şəkildə, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırılmayıb və onun öz mülkiyyətindən sərbəst istifadə etməsi başqa şəxslərin hüquqlarını pozmur və hüquqdan sui-istifadə deyildir. Məhkəmə cavabdehin iddiaçıya məxsus fərdi yaşayış evindən çıxmamasını iddiaçının mülkiyyət hüquqlarını və qanuni maraqlarını pozması kimi qiymətləndirir. Beləliklə, işin faktiki hallarından göründüyü kimi iddianın qanuni əsasını Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci və 157-ci maddəsi təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, yuxarıda qeyd edilən normalara istinad edərək məhkəmə hesab edir ki, Cavabdeh şəxsi əşyaları ilə birlikdə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsus olan ünvan 1 saylı fərdi yaşayış evindən çıxarılmalı və həmin ev boş vəziyyətdə iddiaçıya təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh şəxsi əşyaları ilə birlikdə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsus olan ünvan 1 saylı fərdi yaşayış evindən çıxarılsın və həmin ev .boş vəziyyətdə iddiaçıya təhvil verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar