Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-472/2023 25.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən yaşayış binasının 5-ci giriş, 16-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 62.95 kv.m-dən ibarət olan 106 saylı mənzilin İddiaçı təhvil verilməsi vəzifəsinin Cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MTK ilə payçı İddiaçı arasında xx.xx.2021-ci il tarixli “kooperativ binanın mənzil tikintisi haqqında” müqavilə imzalanmışdır. Həmin müqavilənin 1-ci maddəsinə əsasən, kooperativ Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən yaşayış binasının 5-ci giriş, 16-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 62.95 kv.m-dən ibarət olan 106 saylı mənzilin müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüş, müqavilənin 2-ci maddəsinə əsasən isə mənzil 1 otaqdan ibarət olmaqla ümumi sahəsi 62.95 kv.m-dir. Kooperativ mənzili son variant daxili sanitariya avadanlığı və daxili tamamlama işləri görülmədən bilavasitə payçının özünə verməli idi. Mənzilin dəyəri 43000 manat müəyyən olunmuşdur. Müqavilənin 4-cü maddəsinə əsasən, ödəniş başa çatdıqdan sonra mənzil payçının şəxsi mülkiyyəti hesab olunacaqdır. Cavabdeh MTK tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışından göründüyü kimi, MTK-ya məxsus mənzilin dəyəri iddiaçı tərəfindən tam ödənilmişdir. Qeyd olunanlardan aydın olduğu kimi, İddiaçı öz üzərinə düşən öhdəliyi yerinə yetirmiş, mənzilin dəyərini vaxtında və tam şəkildə ödəmişdir. Lakin MTK tərəfindən iddiaçıya məxsus mənzil bu günədək ona təhvil verilməmişdir. Cavabdehin öhdəliyini yerinə yetirməməsi, mənzili təhvil verməməsi və mənzilin açarlarını təqdim etməməsi iddiaçının mənzilə sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneə törədir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, İddiaçı cavabdeh MTK ilə sözügedən müqaviləni bağlayan zaman bina artıq tikilib başa çatmış və istifadəyə verilmişdir. Maliyyə arayışına mühasib qol çəkməlidir. Qol çəkilməyib deyə, maliyyə arayışı etibarsız hesab oluna bilməz. MTK-nın sədri idarəetmə orqanının rəhbəri kimi bütün səlahiyyətləri həyata keçirir və buna dair Konstitusiya Məhkəməsinin 2017-ci il tarixli qərarı vardır. Maliyyə arayışının çıxarışın alınması üçün əsas olmadığı qeyd olunsa da, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 89-cu maddəsi qeyd edir ki, borcun olmaması barədə sənəd hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Yəni, kassa mədaxil qəbzinin verilməməsi borcun olmaması mənasını vermir, bu, onun vergi ilə bağlı olan məsələsidir. Eyni zamanda, hesab edir ki, cavabdehin mənzili verməməsinin başlıca səbəbi mənzilin başqa şəxsə satılmasıdır. Maliyyə arayışı da özü bir əqddir və birbaşa ləğv oluna bilməz. Bildiriş təqdim olunduğu qeyd olunsa da, həmin bildiriş iddiaçıya göndərilməmişdir. Dəfələrlə müraciət edilsə də, ev təqdim olunmamışdır. Çünki alınan ev ikimərtəbə artırma olmaqla iddiaçı tərəfindən inşası gözlənilmişdir. Mənzilin alınması üçün ödəniş birdəfəlik olmaqla edilmişdir. Məsələ ondan ibarətdir ki, bu günki gündə Əmlak Komitəsi maliyyə arayışının təsdiq olunmuş surətini tələb edir. Cavabdeh 8000 manat pul vəsaitinin ödənildiyini bildirsə də, həmin ödənişə dair qəbz də verməmişdir. Beləliklə də, sözügedən MTK ümumiyyətlə, ödəniş qəbzi vermir. Maliyyə arayışı isə borcun ödənilərək ödənişin qalmadığını təsdiq edir. İddia ərizəsinə qarşı verilmiş etirazdan görünür ki, İddiaçı dəlilləri və irəli sürdüyü tələblər əsassızdır, onları təkzib edən kifayət qədər mötəbər və inandırıcı dəlillər vardır. İddiaçı barəsində mübahisə etdiyi mənzilin dəyərini tam ödəməməklə onun üzərində sahiblik və istifadə hüquqlarını əldə etməmişdir. İddiaçı onunla Cavabdeh MTK arasında müqavilənin bağlandığı xx.xx.2021-ci il tarixdə ona verilmiş maliyyə arayışına istinad edərək barəsində mübahisə etdiyi mənzilin dəyərini tam ödədiyini bildirmişdir. Müqavilənin bağlandığı gün yəni, xx.xx.2021-ci il tarixdə cavabdeh MTK tərəfindən iddiaçının adına tərtib edilmiş barəsində mübahisə gedən mənzilin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışı həqiqəti əks etdirmir. Çünki həmin vaxt mənzilin dəyərindən ilkin olaraq 8000 manat ödənilsə də qalan hissəsini özlərinin ödəyəcəklərinə X1 və həyat yoldaşı X2 şifahi qaydada tam zəmanət vermişlər. Belə ki, 2021-ci ilin ortalarında Cavabdeh MTK tərəfindən Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 1 ünvanında yaşayış binasının tikintisi davam etdirildiyi zaman uzun müddət və etibarlı işgüzar əlaqələri olmasından istifadə edən Sərvər Muradov həyat yoldaşı Yaqut Muradova ilə birlikdə cavabdeh MTK-nın rəhbərliyinə müraciət edərək, borclu olduqları İddiaçı adına onların şəxsi təminatları əsasında bir otaqlı mənzilin sənədləşdiriİməsini, pay haqqının 35000 manatının bütünlüklə onlar tərəfindən hissə-hissə yəni, ayda 5000 manat olmaqla ödəniləcəyini bildirmişlər. Sərvər Muradov Cavabdeh MTK-nın rəhbərliyinə bu təkidli xahişində bildirmişdir ki, yaxın günlərdə qohum olacağı qudasının qardaşı İddiaçı 2020-ci ildən 35000 manat borcu vardır və Rövşən ondan borcunu tezliklə qaytarmasını tələb edir. Onun borcunu ödəməyə hazırda, maddi imkanı çatmır, lakin o, Rövşənə dostuna məxsus Cavabdeh MTK-dan mənzil ala biləcəyini demiş, Rövşən isə onunla razılaşmışdır. Ona görə düşdüyü bu çətin vəziyyətdən çıxması və yeni yaranacaq qohumluq əlaqələrinin pozulmaması üçün Cavabdeh MTK-nın rəhbərliyindən ona kömək etməsini təkidlə xahiş etmişdir. Sərvər Muradov bildirmişdir ki, MTK-nın rəhbərliyi onun və həyat yoldaşının bu xahişlərini nəzərə almışdır. İddiaçı olan borcu məbləğində İddiaçı adına bir otaqlı mənzil sənədləşdirərsə, həmin mənzilin pulunu Rövşən deyil, bütünlüklə onun özü və həyat yoldaşı Yaqut Muradova ödəyəcəkdir. Sərvər Muradovla əlverişli işgüzar əlaqələrin mövcudluğunu, Yaqut Muradovanın isə onun həyat yoldaşı olmasını, onların birlikdə verdikləri şifahi təminatı və inamlı vədləri, həmçinin, İddiaçı bu təklifə razılıq bildirməsini nəzərə alaraq Cavabdeh MTK ilə İddiaçı arasında binanın 5-ci giriş 16-cı mərtəbəsində yerləşən sahəsi 62.95 kv.m təşkil edən 1 otaqlı, dəyəri 43000 manat olan 106 saylı mənzilə dair xx.xx.2021-ci il tarixli müqavilə imzalanmışdır. Qeyd edilən müqavilədə göstərilən mənzilin ümumi dəyəri olan 43000 manatdan ilk 8000 manatını payçı İddiaçı ödəmiş, X7 Quliyevə olan borcu məbləğində hissəsi isə yəni, 35000 manat ödənilməmiş qalmışdır. Mənzilin dəyərinin qalan 35000 manat hissəsini ödəmələri barədə Sərvər Muradovla onun həyat yoldaşı Yaqut Muradova ilə telefon əlaqəsi saxlanılaraq üzərlərinə götürdükləri öhdəliklər dəfələrlə xatırladılmasına baxmayaraq, onlar hissə-hissə olmaqla müxtəlif vaxtlarda cəmi 3400 manat ödəniş etmişlər. Qeyd edilməlidir ki, İddiaçılə Cavabdeh MTK arasında bir otaqlı mənzilə dair hazırki müqavilə imzalanandan sonra keçən müddət ərzində şifahi təminat və inamlı vədlər verən Sərvər Muradov və onun həyat yoldaşı üzərlərinə götürdükləri öhdəliklərinə lazımınca əməl etməməklə, yəni, borcun 31600 manat hissəsini ödəməməklə MTK-nın rəhbərliyinin inam və etibarından sui-istifadə hallarına yol vermişlər. Belə vəziyyətdə Cavabdeh MTK-nın rəhbərliyi qeyd edilən müqavilənin 5-ci bəndinin tələblərinə əməl edilmədiyinə görə onun ləğv ediləcəyi barədə İddiaçı xəbərdarlıq ediləcəyini Sərvər Muradova və onun həyat yoldaşına bildirəndə onlar bundan çox narahat olaraq qalan 31600 manat borclarını yaxın altı ay ərzində ödəyəcəklərinə yenə də şifahi təminat və inamlı vədlər vermişlər. Bununla kifayətlənməyən Sərvər Muradov və onun həyat yoldaşı müqavilənin ləğv edilməyəcəyinə tam əmin olmaq və borclarını ödəmək üçün yenə də əlavə vaxt əldə etmək məqsədilə təkrar Cavabdeh MTK-nın rəhbərliyinə müraciət edərək borclarının ödənilməsi üçün onlara yenə altı ay vaxt verilməsini israrla və təkidlə xahiş etmiş, əks təqdirdə, qohumluq münasibətlərinin pisləşəcəyindən çox narahat olduqlarını bildirmişlər. Yaranmış şəraiti yenə nəzərə alan MTK-nın rəhbərliyi bu dəfə də borclarını ödəmələri üçün vaxt vermiş, təəssüf ki, dəfələrlə vəd etmələrinə baxmayaraq, onlar öhdəliklərini yenə yerinə yetirməmişlər. Son vaxtlar isə Sərvər Muradov və onun həyat yoldaşı MTK-nın rəhbərliyinin telefon zənglərinə cavab verməkdən yayınmaqla, bununla da etibarından sui-istifadə etmə və aldatma yolu ilə mənzilin dəyərinin qohumu İddiaçı tərəfindən guya tam ödənilməsi görüntüsü yaradılmasına nail olmuşdur. Cavabdeh MTK üzvlərinin xx.xx.2021-ci il tarixli növbədənkənar ümumi yığıncağının iclasının qərarı ilə müqavilədə nəzərdə tutulan 106 saylı mənzilin dəyərinin tam ödənilməsinə dair xx.xx.2021-ci il tarixdə İddiaçı adına tərtib edilərək yalnız MTK-nın sədri Ə.Dadaşov tərəfindən imzalanmış maliyyə arayışının ləğv edilməsi qərara alınmışdır. Sərvər Muradovun və həyat yoldaşının əməllərində dələduzluq cinayətinin tərkib hissəsinin əlamətləri olduğuna görə onların cinayət məsuliyyətinə cəlb edilmələri barədə MTK tərəfindən 18 aprel 2022-ci il tarixdə şikayətlə Abşeron rayon Polis İdarəsinə müraciət edilmişdir. Şikayətlə bağlı hazırda, araşdırma aparılır. Eyni zamanda, xx.xx.2021-ci il tarixli müqavilə üzrə qalan 31600 manat borcu vəd etmələrinə baxmayaraq ödəmədiklərinə görə həmin borcu ödəməsi İddiaçı tələb edilmişdir. Bu barədə İddiaçı həm də 24 avqust 2022-ci il tarixli məktub göndərilərək müqavilə üzrə əldə edəcəyi mənzilin ümumi dəyəri olan 43000 manatdan indiyədək cəmi 11400 manatın ödənildiyi, qalan 31600 manatın isə ödənilmədiyi bildirilərək bu halın müqavilə öhdəliklərinin pozulması sayıldığı və müqavilənin ləğv edilməsinə əsas yaratdığı, ona görə də müqavilə öhdəliklərini tezliklə yerinə yetirməsi ona təklif edilmişdir. Təəssüf ki, İddiaçı müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmək əvəzinə, 18 aprel 2022-ci il tarixdə şikayətlə Abşeron rayon Polis İdarəsinə müraciət edəndən beş ay sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, İddiaçı yaxın qohumu Sərvər Muradovla əvvəlcədən düşünülmüş şəkildə, cavabdeh MTK-nın rəhbərliyinin inam və etibarından sui-istifadə etməklə, aldatma yolu ilə mənzil üzərində sahiblik və istifadə hüquqları əldə etməyə çalışır. Hazırki vəziyyətdə əminliklə demək olar ki, İddiaçılə yaxın qohumu Sərvər Muradov qeyd edilən müqavilə üzrə qalan 31600 manat borcu ödəmək əvəzinə, xx.xx.2021-ci il tarixdə tərtib edilmiş maliyyə arayışından istifadə edərək, məhkəməni aldadaraq, cavabdeh MTKnın həmin məbləğdə əmlakını ələ keçirməyə cəhd edir. Qeyd edilən müqavilə üzrə qalan 31600 manat borcun ödənilməməsi işin hazırki hallarından başqa, şahid ifadələri ilə də məhkəmədə təsdiq ediləcəkdir. İddiaçının müqavilə üzrə qalan 31600 manat borcunu ödəməməsini təsdiq edən ikinci fakt və hal isə “Mühasibat uçotu haqqında” Qanunun müddəaları ilə tənzimlənir. Məlumdur ki, arayışda maliyyə xarakterli məlumatlar vardırsa arayış müəssisə rəhbəri və baş mühasib tərəfindən imzalanır və möhürlənir. Müqavilədə qeyd edilən mənzilin dəyərinin tam ödənilməsinə dair xx.xx.2021-ci il tarixdə İddiaçı adına tərtib edilən maliyyə arayışı yalnız MTK-nın sədri Ə.Dadaşov tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir. Maliyyə xarakterli sənəd olmasına baxmayaraq, fikrincə, onu baş mühasib ona görə imzalamamışdır ki, həmin vaxt mənzilin dəyərindən cəmi 8000 manat ödənilmişdir. Əlbəttə, MTK-nın baş mühasibi də imza etmədiyinə görə həmin maliyyə arayışı müqavilə üzrə borcun tam ödənilməsini təsdiq edən maliyyə sənədi sayıla bilməz. İddiaçının müqavilə üzrə qalan 31600 manat borcunu ödəməməsini təsdiq edən üçüncü fakt və hal isə odur ki, iddiaçı mənzilin dəyəri olan 43000 manatı maliyyə arayışı ilə cavabdehə ödədiyini bildirmişdir. İddiaçıya verilmiş, yalnız sədrin imzaladığı və möhürlə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışı müqavilədə göstərilən mənzilin dəyərinin tam ödənilməsini təsdiq edən hal qismində qiymətləndirilə bilməz. Belə ki, Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli 365 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması Qaydası”nda qeyd olunmuşdur. Qərarda göstərildiyi kimi, kassa mədaxil orderini müəssisənin rəhbəri, baş mühasibi və kassiri birlikdə imza etməli, möhürlə təsdiq edilməlidir. Lakin iddiaçıya ciddi hesabat blankı olan kassa mədaxil orderi deyil, yalnız cavabdeh MTK-nın sədri tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş maliyyə arayışı verilmişdir. Bu maliyyə arayışı yuxarıda qeyd edilən mənzilin dəyərinin tam ödənilməsi təəssüratını yaratsa da, bu, həqiqətdən uzaqdır. Çünki həmin maliyyə arayışı cavabdehin rəhbərliyinin pul vəsaitinin qəbul edilməsinə razılıq verməsini təsdiq edir. Ona görə də göstərilən maliyyə arayışı iddiaçı tərəfindən mənzilin dəyərinin tam ödənilməsini təsdiq edən maliyyə sənədi qismində qəbul edilməməli və onun heç bir hüquqi qüvvəsi ola bilməz. Əlbəttə, iddiaçı maliyyə arayışında möhürün vurulmasından sui-istifadə edərək həmin məbləğdə pulu guya MTK-ya tam ödədiyini, ona görə də maliyyə arayışında bunu MTK-nın sədrinin imzası və möhürlə təsdiq etdiyini, baş mühasibin imzasının olmamasının isə onun üçün heç bir əhəmiyyətinin olmadığını deyə bilər. Lakin iddiaçının belə yanaşması onun haqlı olması inamına gəlinməsi üçün əsas sayıla bilməz. Ən azı ona görə ki, iddiaçı xx.xx.2021-ci il tarixdə qeyd edilən mənzili alması üçün 43000 manat pulu həqiqətən də cavabdeh MTK-nın sədrinə ödəmiş olsaydı, onda o, ən azı bir il ərzində həmin mənzilə faktiki sahiblik edərdi. Hazırki iddia ərizəsini isə qalan 31600 manat borcun ələ keçirilməsinə əsaslı şübhələr yaranması barədə cavabdeh MTK-nın rəhbərliyi tərəfindən Abşeron RPİ-nə xx.xx.2022-ci il tarixədək müraciət edənədək məhkəməyə təqdim edərdi. İddiaçının müqavilə üzrə qalan 31600 manat borcunu ödəməməsini təsdiq edən dördüncü fakt və hal isə odur ki, iddiaçının MTK-ya üzv olmaq barədə ərizə ilə müraciət etməməsini, əksinə, susaraq bu hüququndan istifadə etməməsini də qeyd edilən mənzilin dəyərinin onun tərəfindən tam ödəməməsini təsdiq edən hal qismində qiymətləndirmək olar. Çünki Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə görə MTK-nın üzvü pay haqqını tam ödədikdə yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. İddiaçı isə pay haqqını tam ödəməmişdir. Diqqətçəkən haldır ki, hazırkı iddia tələbində İddiaçı MTK-ya üzv olmaq barədə qərarın ona verilməsini tələb etməmişdir. Halbuki, MTK-ya üzv olmaq barədə qərar olmadan iddiaçının qeyd edilən mənzilə dair ehtimal edilən mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestri orqanında qeydə alına bilməz. İddiaçının müqavilə üzrə qalan 31600 manat borcunu ödəməməsini təsdiq edən beşinci fakt və hal odur ki, qeyd edilən mənzilə dair iddiaçının ehtimal edilən mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestri orqanında qeydə alınmasından ötrü onun ümumi dəyəri olan 43000 manatın ödənilməsi barədə cavabdeh MTK tərəfindən verilmiş kassa mədaxil orderinin qəbzi təqdim edilmişdir. Yenə diqqətçəkən haldır ki, iddiaçı indiyədək cavabdeh MTK-ya kassa mədaxil orderinin qəbzinin verilməsi barədə müraciət etməmişdir. Halbuki, iddiaçı mənzilin dəyəri olan 43000 manatı həqiqətən də ödəmiş olsaydı, onda o, kassa mədaxil orderinin qəbzinin də ona verilməsini qətiyyətlə və təkidlə tələb edərdi. Kassa mədaxil orderinin qəbzinin ona verilməsini indiyədək tələb etməməsi də iddiaçı tərəfindən mənzilin dəyərinin tam ödənilməməsi ilə birbaşa əlaqədardır. Çünki iddiaçı belə tələblə MTK-ya müraciət etməkdə haqlı olmadığını yaxşı bilir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, yaşayış binası artıq inşa edilib başa çatmış, yaşayış qismən də olsa mövcuddur. İddia ərizəsinə qarşı verilmiş etirazı müdafiə edərək, eyni zamanda, qeyd edir ki, xx.xx.2021-ci il tarixdə bağlanmış müqavilə üzrə ödəniş şifahi qaydada razılaşdırılmışdır. İlkin olaraq, 8000 manat pul vəsaiti iddiaçının özü tərəfindən ödənilmiş, sonradan isə qudası hesab edilən Sərvər Muradov adlı şəxs 3400 manat pul vəsaiti ödəmişdir. Başqa sözlə, mənzilə dair maliyyə arayışı verilməsinə baxmayaraq, iddiaçıya etibar edildiyindən borc tam şəkildə ödənilməmişdir. Müqavilənin bağlanması zamanı o, iştirak etməmiş, lakin bununla belə, qeyd edir ki, tərəflər arasında ödənişlərin hissə-hissə ödənilməsi barədə razılıq olmamış, inam-etibar münasibəti yaranmışdır. İddiaçı heç bir halda mənzilin təhvil verilməsini tələb etməmiş, əksinə, MTK iddiaçıdan ödənişlərin tam şəkildə ödənilməsini tələb etmiş, bu səbəbdən də, müqaviləni ləğv etməmişdir. xx.xx.2021-ci il tarixli növbədənkənar ümumi yığıncağın qərarı ilə həmin tarixdə maliyyə arayışı ləğv olunmuşdur. İddiaçıya bu barədə rəsmi qaydada müraciət olunmuş, dəfələrlə şifahi qaydada da bildirilmişdir. Rəsmi qaydada iddiaçıya çatıbçatmaması barədə qəbz onda mövcud deyildir, belə ki, bunu poçt vasitəsilə dəqiqləşdirmək olar. Müqavilə tərəfi olaraq, yalnız iddiaçıya göndərilmiş, Sərvər Muradov adlı şəxsə isə göndərilməmiş, bu barədə ona müraciət olunmamışdır. 2022-ci ilin aprel ayına qədər ödənişlərlə bağlı danışıqlar getmiş və polisə şikayət olunmuşdur. İddiaçı etiraf etmiş, rəsmi qaydada izahat vermişdir. Belə ki, pulu hansı qaydada verməsi və nə qədər borcunun olması barədə izahatı vardır. Maliyyə arayışı verilməsəydi, bugunki gündə məhkəmə prosesi olmazdı. İndiyə kimi ev tələbi olmamış, sadəcə olaraq, iddiaçı polisə şikayət verdikdən sonra vəziyyət bu həddə çatmış, bundan sonra iddiaçı sübut kimi maliyyə arayışı olandan sonra məhkəməyə müraciət etmişdir ki, bu da işin faktiki tərəfidir. Bundan əlavə, MTK bina tikintisi ilə məşğuldur. İddiaçı haqlı olsaydı, məhkəmə iclasına gələrdi, belə ki, elə suallar vardır ki, iddiaçı yalnız özü buna cavab verə bilər. Bu səbəbdən də, şahidi dəvət etmişdir ki, ziddiyyətli məqamlara cavab tapılsın. 8000 manat və 3400 manat olmaqla iki dəfə ödəniş olmuşdur. Müqavilə ona görə ləğv olunmamışdır ki, ödənişlərin edilməsi davam etdirilmiş olsun. Müqavilənin bağlanmasından bir ay sonra ödənişlər dayandığından iddiaçıya bu barədə rəsmi müraciət olunmuş, lakin qəbz mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 62.1 maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, Cavabdeh MTK-da 2013-cü ildən bəri mühasib işləyir, lakin hazırda, həmin MTK-da mühasib işləməsi ilə bağlı sənədi özündə yoxdur. X3 da onu tanıyır və müqavilə onun tərəfindən tərtib olunmuşdur. X3 pul ödənişini tam şəkildə ödəməmişdir. Maliyyə arayışına onun tərəfindən imza atılmamışdır, belə ki, o, mənzilin ödənişini tam şəkildə təhvil almamışdır. 8000 manat pul ödənişi olduğu halda 43000 manatlıq maliyyə arayışına imza atması mümkün deyildir. Vətəndaş tərəfindən ödəniş olunur və həmin məbləğə uyğun olaraq müqavilə bağlanılır. Ödənişlər onun tərəfindən qəbul olunur, ödəniş olunandan sonra imza atılaraq kassa mədaxil orderi verilir. Kassa mədaxil orderi şirkətə məxsus olan blankdır, Vergilər Nazirliyi tərəfindən verilməmişdir. Vergilər Nazirliyinə sorğu göndərilsə, kassa mədaxil orderlərinin qeydiyyatdan keçməsi barədə məlumatlı deyildir. Müqavilə bağlanan zaman o da iştirak etsə də, müqaviləyə deyil, kassa mədaxil orderinə və maliyyə arayışına imza atmışdır. Mülki iş materiallarında olan maliyyə arayışına o, imza atmamışdır, səbəb isə onun pul almamasıdır. Onun aldığı pul vəsaiti 8000 manat ödənişindən ibarət olmuşdur. Ödəniş aldığı bütün sənədlərdə də imzası vardır. Pul qəbul etmədiyi halda imza atmadığı sənəd demək olar ki, yoxdur. Sərvər adlı şəxs isə müdiriyyətin tanıdığı insan olmuşdur. Rövşənlə həmin şəxs arasında haqq-hesab olmuş, Sərvərin qızı Rövşənin qardaşı oğlu ilə evləndiriləcəkdir. Sərvər adlı şəxs həyat yoldaşı ilə birlikdə rəhbərliyə müraciət edərək ev istəmiş və ayda 5000 manat olmaqla ödəyəcəyini bildirmişdir. Qalan 8000 manat isə İddiaçı tərəfindən ödənilmiş, qalıq qalan 35000 manat pul vəsaitindən 2400 manat və 1000 manat pul vəsaiti ödənilmiş, dəfələrlə deyilməsinə baxmayaraq, ödəniş olunmamışdır. Cəmi 11400 manat pul vəsaiti ödənilmişdir. Lakin həmin məbləğin ödəniş edilməsi ilə bağlı sənədi yoxdur. Belə ki, maliyyə arayışında 43000 manat qeyd olunmuşdur. Mədaxil orderi mövcud deyildir. Razılığa görə pul tam şəkildə ödənildikdən sonra sənəd veriləcəkdi. 1000 manat pul vəsaiti karta atılmışdır. 2400 manat pul vəsaiti isə əlbəəl verilmiş, həmin pula görə də kassa mədaxil orderi verilməmişdir. Tərtib olunmuş müqavilələr kitaba yazılmaqla sistemə vurulmur, lakin iddiaçı ilə bağlanmış müqavilə kitaba yazılmamışdır. Səbəb isə ödənişin tam şəkildə ödənilməməsidir. Təqdim olunmuş maliyyə arayışı isə iddiaçının istəyi ilə verilmiş, yanlış xatırlamırsa, həmin borc da başqa xanıma məxsus olan borcdur. Buna dair whatsapp yazışmaları vardır. Məhkəmə tərəflərin izahatını, şahid ifadəsini dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Cavabdeh MTK ilə payçı İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin surətindən görünür ki, “Kooperativ” Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşmiş tikintidə olan yaşayış binasının 5-ci giriş, 16-cı mərtəbəsindəki 106 saylı mənzilin müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2-ci və 3-cü bəndlərinə əsasən, mənzil 1 otaqdan ibarət olmaqla ümumi sahəsi 62.5 kv.m-dir. “Kooperativ” mənzili son variant daxili sanitariya avadanlığı və daxili tamamlama işləri görülmədən, bilavasitə payçının özünə verir. Göstərilən mənzilin dəyəri 43000 manat məbləğində müəyyən olunmuşdur. Müqavilənin 5-ci bəndinə əsasən, payçı ilk ödəmədən sonra qalan ödənişləri 30 gündən artıq gecikdirərsə “Kooperativ”in ixtiyarı var ki, müqaviləni birtərəfli qaydada ləğv etsin. Bu halda ödənilmiş pulun miqdarı “Kooperativ” tərəfindən yalnız həmin mənzil bir başqa şəxsə verildikdən sonra 20% kooperativ tərəfindən tutulur və yerdə qalan 80% “Payçı”ya razılaşma yolu ilə hissə-hissə qaytarılır. -Cavabdeh MTK-nın verdiyi xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı Cavabdeh MTK-ya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yeni inşa edilən binanın 5-ci giriş, 16-cı mərtəbəsindəki ümumi sahəsi 62.95 kv.m olan 1 otaqlı 106 saylı mənzilin dəyərini tam ödəmiş və borcu yoxdur. -Cavabdeh MTK-nın üzvlərinin xx.xx.2021-ci il tarixli növbədənkənar ümumi yığıncaq iclasının protokolundan çıxarışdan görünür ki, Cavabdeh MTK-nın nizamnaməsinin 7-ci bəndi və Mülki Məcəllənin 111-ci maddəsini rəhbər tutaraq, növbədənkənar ümumi yığıncaq qərara almışdır: “Kooperativ binanın mənzil tikintisi haqqında” xx.xx.2021-ci il tarixli müqavilədə nəzərdə tutulan Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yeni inşa edilən binanın 5-ci giriş 16-cı mərtəbəsində yerləşən, sahəsi 62.95 kv.m təşkil edən, 1 otaqlı 106 saylı mənzilin dəyərinin tam ödənilməsinə dair xx.xx.2021-ci il tarixdə İddiaçı adına tərtib edilərək yalnız Cavabdeh MTK-nın sədri Ə.Ə.Dadaşov tərəfindən imzalanmış maliyyə arayışı ləğv edilmişdir. -Cavabdeh MTK-nın İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Cavabdeh MTK üzvlərinin xx.xx.2021-ci il tarixli növbədənkənar ümumi yığıncağının qərarı ilə “Kooperativ binanın mənzil tikintisi haqqında” xx.xx.2021-ci il tarixli müqavilədə nəzərdə tutulan Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yeni inşa edilən binanın 5-ci giriş 16-cı mərtəbəsində yerləşən sahəsi 62.95 kv.m təşkil edən, 1 otaqlı, 106 saylı mənzilin dəyərinin tam ödənilməsinə dair xx.xx.2021-ci il tarixdə İddiaçı adına tərtib edilərək yalnız sədr tərəfindən imzalanmış maliyyə arayışı ləğv edilmişdir. Həmin qərardan çıxarış məlumat üçün göndərilmişdir. -Cavabdeh MTK-nın İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, mənzilin ümumi dəyərindən 31600 manatın ödənilməməsi müqavilə öhdəliklərinin pozulması sayılmaqla müqavilənin ləğvinə əsas olduğundan müqavilə öhdəliklərinin tezliklə yerinə yetirilməsi təklif olunmuşdur. -Cavabdeh MTK-nın məhkəmənin sorğusuna əsasən verdiyi xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 1 ünvanında yerləşən MTK-nın inşa etdiyi blok 5-də 62.95 kv.m olan 1 otaqlı 106 saylı mənzil heç kimə satılmamışdır. Hazırda, mənzil boşdur. -Kommersiya qurumlarının dövlət reyestri haqqında məlumatdan görünür ki, Cavabdeh MTK adlı qurum, VÖEN: ********** dövlət qeydiyyatı nömrəsi ilə qeydə alınmış və xx.xx.2009-cu il tarixdə qeydə alınmaqla hüquqi ünvanı AZ0100, ünvan 5Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, İddiaçı İmişli rayonu Natəvan küçəsində qeydiyyatdadır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh MTK ilə bağladığı xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən yaşayış binasının 5-ci giriş, 16-cı mərtəbəsindəki 106 saylı mənzili bir pay kimi almağı öhdəsinə götürmüşdür. Göründüyü kimi, müqavilə üzrə alınmış mənzilin dəyəri 43000 manat müəyyən edilmiş, dəyəri iddiaçı tərəfindən ödənilmiş və bu barədə Cavabdeh MTK tərəfindən iddiaçının borcunun olmamasına dair maliyyə arayışı verilmişdir. Payçı tərəfindən müqavilə üzrə öhdəlik icra edilərək mənzilin dəyəri tam ödənilmiş, lakin icraçı tərəfindən mənzilin payçıya təhvil verilməsi öhdəliyi icra edilməmişdir. Bu səbəbdən də, hazırda, İddiaçı xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, həmin mənzilin təhvil verilməsinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 385.1 maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, tələbkarın isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1 maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442 maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1 maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567 maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 405.1 maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. İlkin olaraq, məhkəmə tərəflərin izahatı, mülki iş materiallarına əlavə olunmuş sənədlər və cavabdehin etiraz ərizəsi, həmçinin, şahid ifadəsi əsasında müəyyən etmişdir ki, mübahisə predmeti olan mənzilin xx.xx.2021-ci il tarixli müqavilə əsasında İddiaçı satılması barədə tərəflər razılığa gəlmiş, iddiaçının borcunun olmamasına dair isə maliyyə arayışı təqdim etmişdir. Cavabdeh etiraz ərizəsi əsasında qeyd olunan müqavilənin “görünüş” xatirinə bağlandığını, əslində, mənzilin dəyərinin İddiaçı və Sərvər Muradov adlı şəxs tərəfindən ödənilməli olduğunu, eyni zamanda, mənzilin dəyəri olaraq, 43000 manat pul vəsaitindən 8000 manat iddiaçı, 2400 manat və 1000 manat olmaqla, cəmi 3400 manat pul vəsaitinin Sərvər Muradov adlı şəxs tərəfindən ödənildiyini bildirsə də, göstərilən bu hallar öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə daxili inamına və məhkəmə gedişatının nəticəsinə əsaslanaraq belə qənaətə gəlir ki, ilkin olaraq, tərəflər müqavilənin bütün şərtləri barədə razılığa gəlməklə, müqavilə artıq bağlanmış hesab olunmuşdur. Eyni zamanda, müqavilə tərəfi kimi MTK mənzilin ödənişinin tam şəkildə ödənilməsində maraqlı olduğu halda müqavilənin bağlanmasından bir ay sonra icraçı tərəfindən ödənişin pozulduğunu bildirsə də müqavilənin ləğvi tələbi ilə çıxış etməmiş, əksinə, xx.xx.2021-ci il tarixdə müqaviləni deyil, növbədənkənar iclasda maliyyə arayışını ləğv etmiş, müqavilə öhdəliyinin icra edilməməsi nəticəsində müqavilənin ləğv edilməsi barədə isə iddiaçıya rəsmi qaydada müraciət etməmiş, bu barədə qəbzi məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, cavabdehin müqavilənin etibarsızlığını məhkəmə qaydasında mübahisələndirmək hüququ olduğu halda müqavilənin bağlandığı gündən bu hüququ mübahisələndirməmiş, başqa sözlə, müqavilə ilə “razılaşmışdır”. Eyni zamanda, Mülki Məcəllənin: 178.8-ci maddəsinə əsasən, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. 113.3-cü maddəsinə əsasən, mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş maliyyə arayışı əsasında mübahisə predmeti olan mənzilin dəyərinin iddiaçı tərəfindən tam şəkildə ödənilməsi müəyyən olunmuş, bunun əksi olaraq isə cavabdeh 8000 manat, 2400 manat və 1000 manat olmaqla, cəmi 11400 manat pul vəsaitinin ödənildiyini, bu səbəbdən də mənzilin dəyərinin tam şəkildə ödənilmədiyini bildirsə də, sözügedən ödəniş məbləğlərinə dair də ödəniş qəbzlərini məhkəməyə təqdim etməmişdir. Bu da nəticə etibarı ilə, “borcun olmaması” barədə maliyyə arayışının həqiqiliyini sübuta yetirir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli Qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Bununla yanaşı, Avropa İnsan Hüquqları Məhkəməsinin “Axverdiyev Azərbaycana qarşı” işi üzrə 29 yanvar 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, “Ev və mübahisə olunan torpaq sahəsi ərizəçinin “mülkiyyətidirmi”? Məhkəmə təkrarən qeyd edir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır. Göründüyü kimi, iddiaçının mübahisəli mənzilə münasibətdə sahiblik və istifadə hüququ olmaqla, eyni zamanda, “gözlənilən mülıkiyyət hüququ” istisna edilmir. Mülki Məcəllənin 6.1.5 maddəsinə əsasən, müqavilə azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. İddiaçının müqavilə üzrə öhdəliyini yerinə yetirərək mənzilin dəyərinin ödənilməsi müqabilində cavabdeh öhdəliyinə əməl etməmişdir. Ona görə də məhkəmə mülki iş materiallarını qiymətləndirib belə qənaətə gəlir ki, iddia ərizəsi təmin edilməli, xx.xx.2021-ci il tarixli müqavilə öhdəliklərinə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən binanın 5-ci giriş, 16-cı mərtəbəsindəki ümumi sahəsi 62.95 kv.m olan 1 otaqlı 106 saylı mənzil iddiaçıya təhvil verilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 112-ci maddəsinə əsasən, mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. 113-cü maddəsinə əsasən, şəxsin mənzil-tikinti kooperativinə üzv qəbul edilməsi mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqını tam ödəməsi isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Həmçinin mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Mülki Prosessual Məcəllənin: 107 maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalananları və Mülki Prosessual Məcəllənin 4, 7, 14, 36, 77, 88, 149, 150 və 216- 236-cı maddələrinin tələblərinə əsaslanaraq, məhkəmə, QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. xx.xx.2021-ci il tarixli “kooperativ binanın mənzil tikintisi haqqında” müqaviləyə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən binanın 5-ci giriş, 16-cı mərtəbəsindəki 1 otaqlı 106 saylı mənzilin İddiaçı təhvil verilməsi vəzifəsi Cavabdeh MTK-ya həvalə edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-472/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-472/2023
25.01.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver