Məhkəmə qərarları › İş №e-2(012)-4765/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-4765/2025

04.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-4765/2025 04.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Abbasova Məlahət Aslan qızı, İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə və Abşeron Rayon İcra və Probasiya Şöbəsinə qarşı qərarın, protokolun və çıxarışın ləğv edilməsi tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏNETDİM: İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə və Abşeron Rayon İcra və Probasiya Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarın və "daşınmaz əmlakın əldə olunması barədə" xx.xx.2024-cü il tarixli protokolun, həmin qərar və protokol əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsinin qəbulundan imtina edilməli və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən görünür ki, hazırki tələb icra məmurunun qərarının və protokolun ləğvi barədədir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının İİ bəndinə görə qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə görə, icra icraatı zamanı icra məmurunun hərəkət və ya hərəkətsizliyindən məhkəməyə narazılıq müvafiq şəxs tərəfindən iddia ərizəsi vasitəsilə deyil, şikayət ərizəsi vasitəsilə bildirilir. Bu zaman tərəflər iddiaçı və ya cavabdeh kimi qeyd edilmir, mülki iş 8 indeksi ilə başlanır və yekunda məhkəmə mübahisə üzrə qərardad qəbul edir, şikayət ərizəsinin verilməsi üçün isə hər hansı dövlət rüsumunun ödənilməsi tələb edilmir. İddia ərizəsindən isə görünür ki, iddiaçı cavabdeh kimi müvafiq icra qurumunu qeyd etmiş, məhkəməyə icra məmurunun qərarından şikayət ərizəsi deyil, iddia ərizəsi təqdim edərək, qətnamə çıxarılmasını xahiş etmişdir. Belə olan halda, hazırki iddianı qaldırması qüvvədə olan prosessual qanunvericiliyə görə yolverilməzdir və məhkəmə hesab edir ki, bu iddia ərizəsi məhkəmədə baxılmalı deyildir. Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, dövlət rüsumu geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə və Abşeron Rayon İcra və Probasiya Şöbəsinə qarşı qərarın, protokolun və çıxarışın ləğv edilməsi barədə iddia ərizəsinin qəbulundan imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı hazırki mülki iş (e-2(012)-4765/2025 saylı mülki iş) üzrə ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu (********** saylı qəbz) dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar