Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-481/2025 06.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi, 20 Yanvar küçəsində yerləşən fərdi yaşayış evindən çıxarılması və dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun Cavabdeh onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahatında bildirdi ki, Abşeron rayonu, Hökməli qəsəbəsi, 20 Yanvar küçəsində 0,10 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı ev İddiaçı məxsusdur. Həmin torpaq sahəsini iddiaçı mərhum əri X10 ilə 1990-cı ildə əldə etmişdir. Sonra 5 il müddətinə həmin torpaq sahəsində bu evi, şəraiti qurub-yaratmışdırlar. İddiaçının həyat yoldaşı X10 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Hal-hazırda bu evdə İddiaçı bir oğlu və oğlunun ailəsi ilə yaşayır. 2 otağı isə iddiaçı oğlu X3 vermişdir ki, ailəsi ilə birgə müvəqqəti yaşasınlar. İddiaçının oğlu X4 2014-cü ildə Cavabdeh ilə ailə qurmuşdur və onların iki qız övladları vardır. Lakin sonradan X4 ilə Cavabdeh arasında münasibətlər pozulduğundan ayrılmalı olmuş, 14 iyun 2024-cü il tarixdə Abşeron Rayon Məhkəməsinin 2(012)-275/2024 №-li qətnaməsi ilə boşanmışlar. İddiaçı Cavabdeh öz evinə qeydiyyata saldırmamışdır. Belə ki, Cavabdeh anasının yanında, ünvan 1 ünvanında qeydiyyatdadır və çox vaxt da anasının yanında qalır. İddiaçı dəfələrlə cavabdehə təklif etsə də müvəqqəti yaşadığı iddiaçıya məxsus evin iki otağını boşaltmır. Gələcəkdə hər hansı münaqişənin yaranmaması üçün iddiaçı ilkin olaraq mediasiyaya müraciət etmiş, lakin Cavabdeh mediasiyaya gəlmədiyindən məcbur olub məhkəməyə müraciət etmişlər. İddiaçının keçmiş gəlini olan Cavabdeh ona heç bir aidiyyəti olmayan evdən çıxmaq istəmir. Hesab edirlər ki, cavabdehin iddiaçının evindən çıxarılması yalnız məhkəmənin qətnaməsi ilə mümkündür. Digər məhkəmə qətnaməsinə əsasən oğlu X2 nikahı pozulmuş, uşaqların ananın yanında saxlanması və onlara aliment ödənilməsi qət edilmişdir. Nəticədə iddiaçıya maddi və mənəvi ziyan yetirilmişdir. Əlavə olaraq bildirir ki, İddiaçı xəstədir, həmçinin evin kommunal xərclərini ödəyə bilmir. İddiaçı oğlundan ayrıldığı üçün keçmiş gəlini olan cavabdehin evi tərk etməsini istəyir. Qeyd edir ki, ev iki mərtəbəlidir, aşağı mərtəbədə 6 otaq vardır və cavabdehə iki otaq verilmişdir. Mübahisə predmeti olan ev 30 il bundan qabaq tikilmişdir və iddiaçı tərəfindən 1990-cı ildə satın alınmışdır. 1990-cı ilə dair arxiv arayışı vardır. Evin rəsmi qeydiyyatdan keçmiş sənədləri olmasa da torpaq sahəsi ilə bağlı rəsmi sənəd olaraq müvafiq icra hakimiyəti orqanı tərəfindən verilmiş sərəncam mövcuddur. Cavabdeh uşaqlarının saxlanması üçün ona aliment ödənilmədiyini bildirsə də əslində iddiaçı tərəfindən aliment məbləği icra orqanının depozit hesabına ödənilmişdir və cavabdeh pulu həmin hesabdan götürə bilər. Bir daha bildirir ki, cavabdeh özü həmin evdə deyil, başqa ünvanda qeydiyyatdadır. Odur ki, qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, o, İddiaçı oğlu olan X4 ilə faktiki olaraq 2012-ci ildə, rəsmi olaraq isə 2014-cü ildə nikaha daxil olmuş və mübahisəli evə gəlin gəlmişdir. O, evə gəlin gələndə qaynı, baldızı, qaynanası və qaynatası həmin evdə yaşayırdı. Gəlin gələndən sonra hamam, tualet və şüşəbəndlər tikdirmişlər. X12 birgə nikahdan 2 övladı – xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X11 doğulmuşdur. Qeyd edir ki, 2024-cü ildə Süleyman Hüseynov ilə aralarında bağlanmış nikah pozulmuşdur. Onun 2 uşaq ilə yaşamağa evi yoxdur. O, uşaqları və keçmiş həyat yoldaşı ilə birlikdə 2012-ci ildən sözügedən evdə yaşayır. Hazırda keçmiş həyat yoldaşı Süleyman Hüseynov həmin evdə anası olan İddiaçı və subay qardaşı ilə yaşayır. Bildirir ki, onun cehiz əmlakları da həmin evdədir. Keçmiş qaynanası olan iddiaçı isə onun evdən çıxmasını istəyir. Onun anası 2 otaqlı evdə yaşayır və ailədə 4 övladdırlar. O, anasının evinə qayıtmaq istəmir və ona hazırki mübahisəli evdən istifadə hüququnun verilməsini istəyir. Əlavə olaraq bildirir ki, məhkəmə tərəfindən onun övladlarının saxlanması üçün aliment təyin olunsa da keçmiş həyat yoldaşı tərəfindən aliment məbləği ödənilmir. Göstərilənlərə əsasən o, iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarında olan Abşeron rayon VVAQ şöbəsi tərəfindən verilmiş İİİ-ЖГ № 465482 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 ilə İddiaçı 28 avqust 1985-ci il tarixdə nikahlarını bağlamışlar və bu nikah 247 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan Abşeron rayonu Hökməli qəsəbəsi XDS İcraiyyə Komitəsinin torpaq komissiyasının üzvləri tərəfindən tərtib edilmiş 09 aprel 1990-cı il tarixli aktın, Abşeron rayonu Hökməli qəsəbəsi XDS İcraiyyə Komitəsinin Vətəndaşlara fərdi mənzil tikmək üçün 0,10 hektar torpaq sahəsinin ayrılması barədə 18 aprel 1990-cı il tarixli, 4/18 nömrəli qərarından çıxarışın və Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivi tərəfindən göndərilmiş 25 aprel 2024-cü il tarixli, H-596 nömrəli məktubun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, qəsəbədə əhalinin mənzil şəraitini yaxşılaşdırmaq məqsədi ilə Azərbaycan SSR Nazirlər Sovetinin 09 fevral 1990-cı il tarixli, 55 №-li qərarına və Abşeron RİK-in sərəncamına əsasən, qəsəbədə yaşayan özlərinə məxsus evləri olmayan vətəndaşların hər birinə fərdi mənzil tikmək üçün icazə verilmişdir. Bununla əlaqədar olaraq vətəndaşların ərizələri torpaq komissiyasına təqdim edilmiş, komissiya üzvləri isə həmin vətəndaşların evlərinə baxış keçirərək, akt tərtib etmişlər. Məlum olmuşdur ki, adları aşağıda qeyd olunan vətəndaşların fərdi mənzil tikməyə ehtiyacları vardır. Ona görə də onların hər birinə, o cümlədən siyahının 11-ci bəndində göstərilmiş X7 0,10 hektar torpaq sahəsinin ayrılması məqsədəuyğun hesab edilmiş və bununla bağlı Hökməli qəsəbə XDS İcraiyyə Komitəsi tərəfindən qərar qəbul edilmişdir. İş materiallarında olan Həyətyanı torpaq sahəsinin verilməsinə aid 19 aprel 1990-cı il tarixli aktın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 Abşeron rayonu, Hökməli qəsəbəsi XDS İcraiyyə Komitəsinin 18 aprel 1990-cı il tarixli, 4/18 nömrəli qərarına əsasən fərdi yaşayış evi tikdirməkdən ötrü verilən 0,10 hektar torpaq sahəsi yer üzərində ara nişanları ilə ayrılaraq vətəndaşa (X7) daimi istifadə üçün təhkim edilmişdir. İş materiallarında olan Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 230623 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli, 2(012)- 275/2024 saylı qətnaməsinin surətindən görünür ki, iddia ərizəsi qismən təmin edilmiş, X4 ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə Sumqayıt “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsində bağlanmış 1263 nömrəli akt qeydli nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X5 anası Cavabdeh yanında saxlanılması, iddiaçı X1 Cavabdeh xeyrinə xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 200 manat olmaqla, 400 manat sabit pul məbləğində alimentin tutulması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İş materiallarının araşdırılması nəticəsində müəyyən edilmişdir ki, Abşeron rayonu, Hökməli qəsəbəsi, 20 Yanvar küçəsində yerləşən fərdi yaşayış evi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilmiş olmasa da ev hələ Cavabdeh ora gəlin köçməmişdən qabaq iddiaçının mərhum həyat yoldaşı tərəfindən öz vəsaiti əsasında tikilmiş və uzun müddətdir ki,mübahisə predmeti olan fərdi yaşayış evi idiaçının sahibliyində və istifadəsindədir.Belə ki,iş materiallarından görünür ki, Abşeron rayon VVAQ şöbəsi tərəfindən verilmiş İİİ-ЖГ № 465482 nömrəli nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən İddiaçı ilə X10 28 avqust 1985-ci il tarixdə rəsmi nikaha daxil olmuş, onların birgə nikah dövründə mübahisə predmeti olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Abşeron rayonu Hökməli qəsəbəsi XDS İcraiyyə Komitəsinin Vətəndaşlara fərdi mənzil tikmək üçün 0,10 hektar torpaq sahəsinin ayrılması barədə 18 aprel 1990-cı il tarixli, 4/18 nömrəli qərarına əsasən iddiaçının həyat yoldaşı olan Məzahir Hüseynovun daimi istifadəsinə verilmişdir. Сavabdeh Cavabdeh İddiaçı və X6 övladı X4 ilə faktiki olaraq 2012-ci ildə ailə həyatı qurmuş, 2014-cü ildə rəsmi nikaha daxil olmuş və mübahisəli evə gəlin köçmüşdür. Onların birgə nikahdan iki övladı - xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2016cı il təvəllüdlü X11 doğulmuşdur. Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 230623 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən göründüyü kimi X10 07 yanvar 2022-ci il tarixdə vəfat etmiş, Məzahir Hüseynov vəfat etdikdən sonra iddiaçı ondan miras qalmış torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarış əldə edə bilməmişdir. Daha sonra iddiaçının oğlu Süleyman Hüseynov ilə Cavabdeh arasında olan münasibətlər pisləşmiş, Abşeron Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli, 2(012)- 275/2024 saylı qətnaməsi ilə onlar arasında bağlanmış nikah pozulmuş və cavabdeh iki azyaşlı qız övladı ilə birlikdə mübahisə predmeti olan fərdi yaşayış evinin ikinci mərtəbəsində yaşamasını davam etdirir. Həmçinin məhkəmədə müəyyən edilir ki, İddiaçı istifadəsində və sahibliyində olan evə hüquqları heç bir şəkildə, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırılmayıb və idiaçının mərhum həyat yoldaşının öz vəsaitləri hesabına tikilmiş yaşayış sahəsindən iddiaçının sərbəst istifadə etməsi başqa şəxslərin hüquqlarını pozmur və hüquqdan sui-istifadə deyildir. Sözügedən evin idiaçının mərhum həyat yoldaşının vəsaiti hesabına cavabdehin oraya köçməsindən əvvəl tam və yaşayışa yararlı şəkildə inşa edilməsi məhkəmədə mübahisə predmeti olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə hesab edir ki,tərəflər arasında münasibətlər mübahisə predmeti olan Abşeron rayonu, Hökməli qəsəbəsi, 20 Yanvar küçəsində yerləşən fərdi yaşayış evinə Cavabdeh 2012-cı ildə gəlin köçdüyü tarixdən yarandığından qanunun analogiyası üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən 08 oktyabr 2013-cü il tarixli Qərarına əsasən mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan 1 oktyabr 2009-cu il tarixli, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarından görünür ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Həmçinin həmin qərarda qeyd edilmişdir ki, Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Beləliklə,məhkəmə tədqiq edilmiş subutların məcmusuna və sadalanan maddi hüquq normalarına əsaslanaraq,həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki,hal-hazırda cavabdeh iddiaçının ailə üzvü və digər qohumu olmadığından və onlarla birgə təsərrüfat aparmadığından, onun mübahisə predmeti olan fərdi yaşayış sahəsindən istifadə hüququ mövcud olmadığından iddia əsaslıdır. Həmçinin məhkəmə tərəfindən işin obyektiv həllinə nail olmaq məqsədi ilə mübahisə predmeti olan Abşeron rayonu, Hökməli qəsəbəsi, 20 Yanvar küçəsində yerləşən fərdi yaşayış evinə tərəflərin iştirakı ilə baxış keçirilmiş, sözügedən evə baxış zamanı mübahisə predmeti olan fərdi yaşayış evin 2 mərtəbədən ibarət olduğu,mərtəbələr bir- birindən tam təcrid formada olduğu,yəni birinci və ikinci mərtəbələrin giriş-çıxışının ayrı olduğu, ikinci mərtəbəyə çöldən pilləkən ilə girişin təmin edildiyi, hər iki mərtəbədə yaşamaq üçün bütün şəraitin olduğu, birinci mərtəbədə İddiaçı, ikinci mərtəbədə isə Cavabdeh keçmiş həyat yoldaşı X4 və övladları ilə birlikdə yaşadığı müəyyən edilmişdir. Bundan başqa məhkəmədə sübutların tədqiqatı zamanı Cavabdeh maddi vəziyəti özünün iki azyaşlı qız uşağı ilə birlikdə yaşayış sahəsi ilə təmin etməyə imkan verməsinə və yaxur başqa yaşayış sahəsinin olmasına dəlalət edən hər hansı bir hal müəyyən edilməmişdir.Məhkəmə mübahisə predmeti olan fərdi yaşayış evinin mərtəbələrinin tam təcrid formada olmasını,cavabdehin maddi vəziyyətini, diqqətə layiq digər halları,yəni iki azyaşlı qız uşağının himayəsində olması kimi xüsusatları və uşaqların üstün mənafeyini,uşaqların hüquqlarının təmin olunmasını nəzərə alaraq və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin ikinci cümləsindən irəli gələn tələbi analogiya üzrə rəhbər tutaraq hesab edir ki, Cavabdeh övladları ilə birlikdə mübahisə predmeti olan fərdi yaşayış evində 3 il müddətinə yaşamaq hüququ saxlanılmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən .... yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 100 manat pul vəsaiti də cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Abşeron rayonu, Hökməli qəsəbəsi, 20 Yanvar küçəsində yerləşən fərdi yaşayış evindən çıxarılsın. Cavabdeh övladları ilə birlikdə Abşeron rayonu, Hökməli qəsəbəsi, 20 Yanvar küçəsində yerləşən fərdi yaşayış evində 3 il müddətinə yaşamaq hüququ saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-481/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-481/2025
06.02.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver