Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-489/2021 17.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçının vəkili-nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs: Abşeron rayonu Məmmədli Bələdiyyəsi) torpaq sahəsindən və onun üzərində tikilmiş tikilidən çıxarılma tələbinə dair mülki işə xx xxxx 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs: Abşeron rayonu Məmmədli Bələdiyyəsi) torpaq sahəsindən və onun üzərində tikilmiş tikilidən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Abşeron rayonu, Məmmədli Bələdiyyəsinin xx xxxx 2006-cı il tarixli 06/451 saylı Qərarına əsasən onun sahibliyində olan Abşeron rayonu, Kürdəxanı ətraf ərazidə yerləşən 0,015 ha. sahədən ibarət olan torpaq sahəsindən və həmin sahə üzərində inşa edilmiş tikilidən çıxarılması, həmin torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Məmmədli Bələdiyyəsinin xx xxxx 2006-cı il tarixli 06/451 saylı Qərarı ilə Məmmədli Bələdiyyəsinin alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız Kürdəxanı ətrafı ərazidə yerləşən torpaq sahəsindən ev tikmək məqsədi ilə 0,03 ha torpaq sahəsi İddiaçı dəyəri tam ödənildikdən sonra satılmışdır. O, bundan sonra torpaq sahəsini qardaşı Adil ilə öz arasında bölmüş və həmin sahənin 1,5 sot hissəsində Adil özünə yaşayış evi tikməyə başlamışdır. Həmin zamanlar iddiaçı da özünə məxsus sahədə birmərtəbəli, 2 otaqlı yaşayış evi tikmişdir. İddiaçının digər qardaşı Şamil öz həyat yoldaşı Cavabdeh ilə Bakı şəhərinə köçdükdən sonra 2 il Adilin evində yaşamışdır. Bir müddət sonra isə onlar həmin evdən çıxarılaraq kirayə yaşamağa məcbur olmuşlar. Cavabdeh ailəsi ilə birlikdə iddiaçıdan ona məxsus evdə müvəqqəti yaşamaq üçün icazə aldıqdan sonra 2012-ci ildə iddiaçıya məxsus torpaq sahəsində inşa edilmiş tikiliyə köçüb yaşamağa başlamışdır. Bir müddət sonra iddiaçı onlara evdən çıxmağı təklif etmişdir. Qardaşı buna razılıq versə də, cavabdeh razılaşmamışdır. Bununla əlaqədar onların arasında mübahisə baş vermiş, hətta cavabdeh iddiaçının qardaşını da evdən qovmuşdur. Hazırda cavabdeh həmin torpaq sahəsi üzərində olan tikilidə yaşadığına görə iddiaçı öz əmlakı üzərində olan sahiblik və istifadə hüququndan məhrum olmuşdur. Dəfələrlə cavabdehə torpaq sahəsini boşaldaraq ona təhvil verilməsini bildirsə də, heç bir nəticə əldə edə bilməmiş və bu səbəbdən də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, həmin tikili 10 ildir ki tikilib və iddiaçı orada yaşamayıb. Evi tikməkdə məqsədi sadəcə icarəyə vermək idi. Cavabdeh ailəsi ilə birgə kirayədə yaşadığı üçün orada müvəqqəti yaşamağa icazə verib və qızı böyüdükdən sonra qardaşının ailəsi evi tərk edəcəkləri barədə razılığa gəliblər. Şamil həmin tikilidə heç bir təmir işləri aparmayıb. Hazırda orda cavabdeh yaşayır və çıxmaq niyyəti yoxdur. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, sözügedən torpaq sahəsini 2 qardaş- Şamil və Adil birlikdə almışlar və torpaq almaq üçün 1000 manat məbləğində pulu atasıgil verib. x xxxx 1000 dollar olan torpaq cəmi 4 sot idi. Qeydiyyatları rayona olduqları üçün torpağı yalnız İddiaçı adına ala bilmişlər. Onlar 2 il Adilin evində qalmış, sonra özləri üçün ev tikərək oraya köçməyə başlamışlar. Həmin torpaqda kommunal xidmətlər də Şamilin adınadır. İddiaçı arada qonaq kimi evə gəlib qalırdı. Şamillə arasındakı rəsmi nikah 1 ildir ki, pozulmuşdur, lakin o, hazırda evdədir və birlikdə yaşayırlar.Evi 2008-2009-cu ildə tikiblər. Məhkəmə iclasının vaxtı və yeri barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayonu Məmmədli Bələdiyyəsi lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iclas zamanı nümayəndəsinin iştirakını təmin etməməmiş, səbəbləri barədə isə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində bildirdi ki, 3 sot torpağı bacısı- İddiaçı ilə birgə almışdır. Qardaşı Şamil ailəsi ilə birgə əvvəl onun evində qalmışdır. Evdən çıxarıldıqdan sonra onlar bir müddət kirayə qalmış, sonra iddiaçının evi hazır olanda orada yaşamağa icazə almışlar. Onun evində də sayğac Şamilin adına idi. O, daha sonra sayğacı öz adına keçirdi, iddiaçı isə keçirmədi. Torpaq alınanda cavabdeh qardaşı Şamillə nişanlı idi. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadəsini dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İşin materiallarında olan Masallı rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli qətnaməsindən müəyyən edilir ki, Həsənov Şamil Zeynalxan oğlunun Həsənova Ülkər İsrail qızına qarşı nikahın ləğv edilməsinə dair iddia tələbi təmin edilmiş, tərəflər arasında olan nikah ləğv edilmiş, tərəflərin birgə nikahlarından anadan olan uşaqları analarının himayəsində saxlanılmış, uşaqların saxlanması üçün Həsənov Şamil Zeynalxan oğlundan Həsənova Ülkər İsrail qızının xeyrinə aliment tutulması qət edilmişdir. Mülki işin materiallarından olan Abşeron rayonu, Məmmədli Bələdiyyəsinin xx xxxx 2006-cı il tarixli 06/451 saylı Qərarından müəyyən edilir ki, Məmmədli Bələdiyyəsinin alqısatqı predmeti olan kənd təsərrüfatına yararsız Kürdəxanı ətrafı ərazidə yerləşən torpaq sahəsində ev tikmək məqsədi ilə 0,03 ha torpaq sahəsinin İddiaçı satılması qərara alınmışdır. Mülki işin materiallarından olan Azərbaycan Respublikası Abşeron rayon İHB-nın Məmmədli kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilən xx.xx.2020-cı il tarixli, 3007 №-li arayışdan müəyyən edilir ki, Cavabdeh Abşeron rayonu, Məmmədli kəndində övladlarıxx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2010-cı il təvəllüdlü X5 ilə birlikdə qeydiyyatsız yaşayır. Azərbaycan Respublikası MM-nin 11.5-ci maddəsinə əsasən, mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Ona görə də məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə yaranmış mübahisə Azərbaycan Respublikası MPM-nin 13.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürməklə həll edilməlidir. Mülki Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq hüququ, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq hüququ yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Avropa İnsan Hüquqları Məhkəməsinin «O.ROUK Birləşmiş Krallığa qarşı» işində ərizənin qəbul edilənliyi barədə qərarında və «Gillounun Birləşmiş krallığa qarşı» işi üzrə xx xxxxxx 1986-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada «mənzil» sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. Konstitusiyanın 13-cü maddəsinin İİ hissəsinə müvafiq olaraq Azərbaycan Respublikasında mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsi isə müəyyən edir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyətin növündən asılı olmayaraq mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl dəyərlərindən biri hesab olunur. Mülkiyyət hüququ ümumbəşəri dəyər kimi İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 1 saylı Protokolunun 1ci maddəsində öz əksini tapmışdır. Beləliklə, mülkiyyət, konstitusiya quruluşunun əsaslarını təşkil edən dəyərlərdən biridir və hüquqi dövlətdə mülkiyyət hüququ onun növündən asılı olmayaraq bir-birindən üstün olmadan qorunmalıdır. «İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında» 1950-ci il Avropa Konvensiyasına aid Protokolun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, Məmmədli Bələdiyyəsinin qərarı ilə Kürdəxanı ətrafı ərazidə yerləşən torpaq sahəsindən 0,03 ha hissəsi iddiaçıya satılmışdır. Həmin torpaq sahəsində iki özbaşına tikili vardır. İddiaçının izahatına görə həmin tikilinin biri Adilə aiddia, ailəsi ilə orada yaşayır, ikinci tikili isə iddiaçıya aiddia, müvəqqəti yaşamaları üçün qardaşı Şamilin və onun ailəsinin istifadəsinə verilmişdir. Cavabdehin izahatına görə həmin torpaq sahəsi iddiaçının qardaşları Adil və Şamil üçün alınmışdır, lakin iddiaçının Bakı qeydiyyatı olduğundan torpaq sahəsi onun adına rəsmiləşdirilmişdir. Orada iki tikili vardır ki, həmin tikililəri də Adil və Şamil öz vəsaitləri hesabına tikmişlər və hər kəs ailəsi ilə birlidə hər kəs öz tikilisində yaşayır.Onlar yaşayan tikilini 2008-2009-cu illərdə tikmişlər. Məhkəmə tərəflərin izahatlarını işin materialları ilə birgə tədqiq edib belə nəticəyə gəlir ki, mübahisəli torpaq sahəsi dövlət qeydiyyatına alınmasa da, iddiaçının qanuni istifadəsindədir,cavabdehin və ailəsinin müvəqqəti yaşamaları üçün verilməsi barədə iddiaçının dəlilləri əsaslı deyildir. Belə ki, mübahisəli tikili tikilən vaxtdan 10 ildən artıq bir vaxtda orada cavabdeh və onun ailəsi mübahisəsiz qaydada yaşamışlar və hal-hazırda da onlar orada yaşayırlar, kommunal xidmətlər cavabdehin sabiq əri Şamilin adınadır. Masallı rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin nikah qeydi ləğv ediləndən sonra iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.Mübahisəli tikilinin kim tərəfindən tikilməsi barədə hər hansı bir mötəbər sübut təqdim edilməsə də, ötən 10 il ərzində orada cavabdehin və onun ailəsinin yaşamaları həmin tikilinin iddiaçı tərəfindən yox, məhz cavabdeh və onun sabiq ərinin birgə nikahda olduqları öz vəsaitləri hesabına tikilməsi barədə cavabdehin iddiaya etirazının əsaslı olması olması nəticəsinə gəlmək olar. Ona görə də, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin mübahisəli torpaq sahəsinin üzərində yerləşən tikili sahəsində yaşamaq hüququ olduğundan iddia tələbi əsassızdır və təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs: Abşeron rayonu Məmmədli Bələdiyyəsi) torpaq sahəsindən və onun üzərində tikilmiş tikilidən çıxarılma ilə bağlı iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-489/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-489/2021
17.03.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver