Məhkəmə qərarları › İş №e-2(012)-4952/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4952/2023

28.12.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4952/2023 28.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı, onun vəkili-nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin və evin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin və evin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılması, evin və torpaq sahəsinin boşaldılaraq İddiaçı təhvil verilməsi, 01 yanvar 2023-cü il tarixdən başlayaraq cavabdehin ünvan 1 ünvanında olan fərdi yaşayış evindən çıxarılması gününə qədər fərdi yaşayış evindən istifadə edə bilmədiyinə görə hər ay üçün 500 manat dəymiş zərərin hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 2017-ci ildə Abşeron rayonu Masazır kəndində 0.03 ha torpaq sahəsi alaraq ev tikməyə başlamışdır. 2017-2019-cu illər ərzində 3 mərtəbəli ev tikib satmağı planlaşdırmışdır. 2022-ci ilin dekabr ayında Cavabdeh ondan evin satılıb-satılmaması ilə maraqlanmış və evi almaq istədiyini bildirmişdir. Evi 170000 manata satılması barədə razılaşmışdılar. Amma cavabdeh pulu 2023-cü ilin mart ayında hazır olacağını bildirmişdir. İddiaçı iki ay sonra alqı-satqının olmasının bir problem olmadığını bildirmişdir. Bundan sonra cavabdeh bəzi əşyalarını qoymağa yeri olmadığından gətirib indidən evə qoymağı təklif etmiş, iddiaçı evin açarını verərək, əşyaları evə qoymağa icazə vermişdir. Cavabdehi 2020-ci ildən bir müəllimə olaraq tanıdığından həm evin alınmasına və sonradan problem yaradacağına şübhəsi olmamış, öz ev əşyalarını qoyduqdan sonra açar da elə onda qalmışdır. İddiaçı mart ayında Cavabdeh zəng edib alqı-satqının nə zaman olacağını soruşmuşdur. O, pulun düzəldilməsində bir az problem olduğundan bir ay gözləməsini istəmiş, iddiaçını aprel ayı mütləq alqı-satqı edcəklərinə əmin etmişdir. Aprel ayı olanda yenidən müxəlif bəhanələr edərək bir az da gözləməyini istəmişdir. İddiaçı ona almayacaqsa başqa müştərilərin olduğunu, evin ipotekada olmasını, hər ay evin ipotekasına görə pul ödədiyini, pulun ödənməsində çətinliklərin olduğunu, başqa müştərilərin evi almaq istədiyini bildirmişdir. Cavabdeh onu bır azda gözləməyini istəmişdir. Nəhayət 2023-cü ilin may ayının 8-də qəti olaraq evdən çıxmasını tələb etdikdə, onu təhqir etməyə, ayaqqabı geyənlə vurmağa başlamış və sonra hüquq mühafizə orqanlarına müraciət etmişdir. Abşeron rayon Polis İdarəsində aparılmış təhqiqat zamanı Cavabdeh özünün qanunları pozduğu aydınlaşdırılmışdır. Bundan sonra Abşeron rayon Polis idarəsinin 18 iyun 2023-cü il tarixli qərarı ilə cinayət işi rədd edilmişdir. Aralarında baş vermiş mübahisə və dava-dalaşdan sonra evə onu buraxmır, buraxmayacğını bildirir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz əmlakın dövlət Reystri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya RX № ******* (Daşınmaz əmlakın reyestr nömrəsi **********68, Qeydiyyat nömrəsi **********) olan Çıxarış ilə iddiaçıya məxsus olan ünvan 2 ünvanında olan torpaq sahəsindən və fərdi yaşayış evindən cavabdeh çıxarılmalı və 2022-ci ilin dekabr ayından mülkiyyətimdən istifadə edə bilmədiyə görə dəymiş zərər ödənilməlidir. Hazırda evinin bütün işıqları bütün gün ərzində yandırılır ki ona daha çox ziyan dəysin. Cavabdeh evini qəsb etməsi nəticəsində vurulmuş ziyan aylıq kirayə haqqı ilə hesablanmalıdır. Belə ki, həmin evi kirayə versə idi, yaxud da satıb Bakı şəhərində bir ev alsa idi evin kirayə verilməsindən aylıq ən azı 500 manat pul əldə edərdi. Ona görə 2023-cü ilin 01 yanvarından başlayaraq mülkiyyətindən istifadə edə bilmədiyinə görə hər ay üçün 500 manat cavabdehdən pul tutularaq ona ödənilməlidir. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı və onun vəkili-nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə verdiyi etirazı müdafiə edərək bildirdi ki, İddiaçı ona qarşı torpaq sahəsinin və evin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddiasını qəti şəkildə qəbul etmir. Ona görə ki, iddiaçının iddiada əks etdirdiyi cümlələr həqiqəti əks etdirmir və ağ yalandır. İddiaçı bildirir ki, evi aralarında 170000 manat satılması ilə razılaşmışlar. O isə evə dair pulu 2023-cü ilin mart ayında ödəməyi öz öhdəsinə götürmüşdür. Belə olsa da, iddiaçı ona öz şəxsi əşyalarını həmin evə yerləşdəyə icazə vermişdir. O həmin evə yerləşmiş lakin yerləşsə də guya iddiaçıya heç bir ödəniş etməmişdir. O iddiaçı ilə evi ona ipoteka yolu ilə satılmasına razılığa gəlmişlər. O, ilkin ödəniş kimi cavabdehə 25000 manat məbləğində pul ödəmiş və hər ay da 500 manat məbləğində pul ödəməli idi. O, 25000 manat məbləğində pulu iddiaçıya ödədikdən sonra evə yerləşmişdir. İddiaçı guya onu tanıdığı üçün pul ödəmədən həmin evə yerləşməyə icazə verdiyi barədə yazdığı barədə məlumat yalandır. Onu bir müəllimə kimi tanısa da. heç bir ödəniş etmədən həmin evə yerləşməyinə qəti şəkildə icazə verməzdir. İddiaçı öz iddiasında ona ilkin ödəniş kimi verdiyi 25000 manat məbləğində puldan heç bəhs etmir. İddiaçı məhkəməyə həqiqətlər barədə məlumat verməmiş, ancaq öz xeyrini güdmək üçün iddiasında yalanlar iddia edir. Buna görə də İddiaçı mənə qarşı torpaq sahəsinin və evin boşaldılaraq təhvil verilməsi haqqında iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ. bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. bəndinə əsasən, mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. bəndinə əsasən, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetsri tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, RX № ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0.03 ha torpaq sahəsi İddiaçı adına xx.xx.2017-ci il tarixdə **********68 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak X1 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli Texniki Pasportun surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi **********68-10301 reyestr nömrəsi ilə İddiaçı adına qeydə alınmışdır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0.03 ha torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2017-ci il tarixdə **********68 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Hazırda, iddiaçı xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evindən cavabdehin çıxarılmaqla daşınmaz əmlakların ona təhvil verilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etiraz etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq):

152. maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Məhkəməsi “Sporronq və Lonnrot İsveçə qarşı iş”də qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı işi üzrə qərarı”nda isə göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər.1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla nəzərə alır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar «xüsusi və həddən artıq məhrumiyyətlərə» məruz qalırlar. Məhkəmə mülkiyyət və mülkiyyət hüququ ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı nasnİ˝ hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında˝ Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, rəh˝ bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz˝. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr tarixli Qərar). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə 13 iyun 1979-cu il tarixli Qərarında mülkiyyət hüququ ilə bağlı qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. Belə ki, Mülki Məcəllənin: 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin: 1-ci bəndinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Göründüyü kimi, qanunvericilik mülkiyyət hüququnun yaranma anını onun dövlət reyestrində qeydiyyatı anı ilə əlaqələndirir. Burada məqsəd dövlət tərəfindən həqiqi mülkiyyətçinin hüquqlarının qorunmasının təmin edilməsi və onun öz mülkiyyətini kənar şəxslərdən müdafiəsini təşkil edə bilməsidir. Məhkəmə araşdırması zamanı eyni zamanda, müəyyən olunmuşdur ki, ünvan 3-də yerləşən, ümumi sahəsi 0.03 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətində olmaqla mübahisəli ərazidə fərdi yaşayış evi inşa edilmişdir. Sözügedən fərdi yaşayış evinin iddiaçı tərəfindən inşa edilməsi iş materiallarında əlavə edilmiş Azərbaycan Respublikası Əmlak X1 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli Texniki Pasporta əsasən də öz təsdiqini tapmışdır. Ev isə iddiaçının gələcəkdə gözlənilən mülkiyyət hüququdur. Beləliklə, məhkəmə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları qanunvericiliyin tələbləri, beynəlxalq təcrübə və Plenum Qərarı ilə yanaşı qiymətləndirib belə qənaətə gəlir ki, İddiaçı mübahisə predmeti olan daşınmaz əmlaka mülkiyyət hüququ əldə etdiyindən, qanuni istifadəsində və sahibliyində olan daşınmaz əmlakdan istifadə ilə bağlı yaranmış maneələrin aradan qaldırılmasını tələb etmək hüququna malik olduğundan, iddiaçının mülkiyyət hüququ olan daşınmaz əmlaka münasibətdə hüquqları məhdudlaşdırıldığından, mülkiyyət hüququ toxunulmaz olduğundan və qanunvericiliklə məhdudlaşdırılmasına yol verilmədiyindən iddiaçının iddia tələbləri cavabdehin evdən çıxarılması hissəsində əsaslıdır, ona görə də təmin edilməlidir. Eyni zamanda İddia ərizəsində 01 yanvar 2023-cü il tarixdən başlayaraq cavabdehin ünvan 1 ünvanında olan fərdi yaşayış evindən çıxarılması gününə qədər fərdi yaşayış evindən istifadə edə bilmədiyinə görə hər ay üçün 500 manat dəymiş zərərin hesablanaraq ödənilməsi barədə iddia tələbinə münasibət bildirərək məhkəmə qeyd edir ki, həmin hissəsdə iddiaçı hər hansı sübutları məhkəməyə təqdim etmədiyi üçün həmin tələb təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Bеləliklə, məhkəmə iş üzrə tоplаnmış sübutlаrа məcmu hаldа hüquqi qiymət vеrib, qanunun göstərilən tələblərini rəhbər tutaraq hеsаb еdir ki, iddiа ərizəsi qismən əsаslı оlduğundаn təmin edilməli, Cavabdeh ünvan 1 ünvanında yerləşən mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılmalı, həmin torpaq sahəsi və fərdi yaşayış evi boşaldılaraq İddiaçı təhvil verilməli, iddia tələbinin digər hissəsinə dair sübutlar təqdim olunmadığından təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu məbləği iddiaçı tərəfindən tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılsın, həmin torpaq sahəsi və fərdi yaşayış evi boşaldılaraq İddiaçı təhvil verilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar