Məhkəmə qərarları › İş №e-2(012)-498/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-498/2024

12.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-498/2024 12.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 1035.16 manat borc və ödənilmiş 30.46 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. İddia ərizəsinə əlavə edilmiş arayışdan və abunə haqqında bildirişlərdən göründüyü kimi, abonent kodu **********5021 olan Cavabdeh elektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçı "xxxx" ASC-yə cəmi 1035.16 manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət olunmuş, lakin o, müxtəlif bəhanələrlə istifadə etdiyi elektrik enerjisinin haqqı olan 1035.16 manat borcu bu günə qədər ödəməyərək "xxxx" ASC-yə zərər vurmuşdur. Tələb olunan 1035.16 manatın 509,39 manatı elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə tərtib edilmiş akta əsasən hesablanmış borc məbləği, 525.77 manat isə elektrik enerjisinin sərfiyyatına görə hesablanmış borc məbləğidir. "xxxx" ASC-nin əməkdaşları hər ay cavabdehin ünvanına gələrək, sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş xəbərdarlıq (hesab-faktura) təqdim etməsi tələbinin irəli sürülməsi və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. "xxxx" ASC-nin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəyə əsasən, iddiaçı xx.xx.2024-cü il tarixinə təyin olunmuş məhkəmə iclasına nümayəndəsinin iştirakı olmadan baxılıb iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini və mülki iş materiallarını araşdırıb, məhkəmə iclasında tədqiq olunan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia ərizəsi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -"xxxx" ASC ilə abonent Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 566040 saylı elektrik enerjisinin alqı-satqısına dair müqavilənin surətindən görünür ki, tərəflər elektrik enerjisinin alqı-satqısı və istehlakı ilə əlaqədar qarşılıqlı münasibətlərdə Elektrik enerjisindən istifadə qaydalarını rəhbər tutmuşlar. -"xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli 027676 saylı aktdan görünür ki, abunə kodu **********5021 olan Xırdalan şəhərində yerləşən evə quraşdırılmış sayğaca baxış zamanı sayğacın ekranın açılmadığı, giriş “0” xəttini açmaqla kənardan “0” xətti götürməklə elektrik sayğacının idarə olunması aşkar edilmişdir. -Abunə kodu **********5021 saylı saldodan görünür ki, abunə barəsində yekun olaraq elektrik enerjisindən istifadəyə görə 1035.16 manat borc hesablanmışdır. -Azərbaycan Respublikası Abşeron rayon icra hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri birliyinin Abadlıq və Kommunal Xidmətləri İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, 24 nömrəli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixli, 2(012)-498/2024 saylı sorğuya cavab olaraq 3 saylı MTİİTS-nin Xidməti ərazisi olan 22-ci məhəllə fərdi yaşayış evi 5 ünvanında qeydiyyatda olan Cavabdeh ilə telefon əlaqəsi yaradaraq, Abşeron rayon Məhkəməsinin icraatında olan iddiaçı "xxxx" ASC tərəfindən məhkəmə bildirişinin gəldiyi və Abşeron rayon Məhkəməsinin inzibati binasında 12 fevral 2024-cü il tarixdə saat 11:00-a təyin olunması haqqında məlumat verilmiş, vətəndaş Cavabdeh 3 saylı MTİİTS-nə gələrək məhkəmə bildirişini qəbul etmiş, 12 fevral 2024-cü il tarixdə məhkəmə iştirak edəcəyini bildirmişdir. -Mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30.46 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında abunə müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq) 386-cı maddəsinə əsasən, həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının: 73-cü maddəsinin İ hissəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. 73-cü maddəsinin İİ hissəsinə əsasən, heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 1.2-ci bəndinə əsasən, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında, “Elektroenegetika haqqında, “Energetika haqqında Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericlik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyənləşdirir. Bu qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. 8.1. bəndinə əsasən, dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Elektrik enerjisinin qiymətləri (tariflər) “Elektroenergetika haqqında”, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər normativ sənədlərə uyğun olaraq dövlət tərəfindən tənzimlənir. 8.2. bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.4. bəndinə əsasən, enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. 8.5. bəndinə əsasən, abonent elektrik enerjisi sərfinə görə subabonentdən aldığı ödənişi elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən olunmuş müddətdə enerjitəchizatı müəssisəsinin hesabına köçürməlidir və abonent tərəfindən bu ödənişin başqa məqsədlər üçün istifadə edilməsinə icazə verilmir. 8.14. bəndinə əsasən, istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. 8.17-1. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Cavabdeh onunla bağlanılmış 566040 saylı elektrik enerjisinin alqı-satqısına dair müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, istehlakçı abonent sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulmuş elektrik enerjisindən qanunsuz istifadə etmişdir. Bu kimi hallar -"xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli 027676 saylı aktla öz təsdiqini tapmışdır. Kənar qoşulma nəticəsində ona elektrik enerjisindən istifadə qaydalarına əsasən 509,39 manat cərimə borcu hesablanmışdır ki, bu isə qaydalara uyğun və müafiqdir. Eyni zamanda iddia tələbindən görünür ki, istehlakçı istifadə etdiyi elektrik enerjisinə görə 525.77(1035.16-509.39=913.2) manat debitor borcu yaranmışdır. Borcun olması abonent tarixçəsində də öz əksini tapmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 4-cü bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar məişət abonenti istehlakçı qrupu üçün təyin edilmiş 1 kvts aktiv elektrik enerjisi 0.08009013 manat tarif üzrə aparılır. Tarif qiymətləri tənzimləndikdə, bu, nəzərə alınır. Sözügedən müqavilənin 5-ci bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşma dövrü 1 ay qəbul olunur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 135.1 maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludur. 136.4-cü maddəsinə əsasən, kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. 139.1-ci maddəsinə əsasən, kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Mülki Məcəllənin: 425.1 və 425.2-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 430.1-ci maddəsinə əsasən, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Cavabdeh onunla bağlanılmış elektrik enerjisinin alqı-satqı müqaviləsinin tələblərinə əsasən, elektrik enerjisindən istifadə etmiş, elektrik enerjisindən istifadəyə görə hesablaşma müddətinin 1 ay olması həm müqavilə, həm də “Elektrik enerjisindən istifadə Qaydaları” ilə nəzərdə tutulduğu halda, cavabdeh göstərilən qaydalara riayət etməmiş, bununla da iddiaçı "xxxx" ASC qarşısında elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə akt üzrə 509,39 manat, debitor borc üzrə isə 525.77 manat, cəmi 1035.16 manat borcu yaranmışdır. Cavabdehin elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə cəmi 1035.16 manat borcunun yaranması abunə haqqında tərtib olunmuş saldodan da öz əksini tapmışdır. Bu səbəbdən də, iddia ərizəsi təmin edilməli, Cavabdeh elektrik enerjisindən istifadəyə görə cəmi 1035.16 manat pul vəsaiti "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Bundan başqa, iddia tələbindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 30.40 manat dövlət rüsumunun ödənilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tələbi təmin edildiyindən, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30.40 dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh elektrik enerjisindən istifadəyə görə 1035.16 (min otuz beş manat on altı qəpik) manat dəymiş ziyan və 30.40 (otuz manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə, cəmi 1065.56 (min altmış beş manat əlli altı qəpik) manat pul vəsaiti "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar