Məhkəmə qərarları › İş №e-2(012)-5034/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-5034/2025

15.08.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-5034/2025 15.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Abbasova Məlahət Aslan qızı, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏNETDİM: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanda yerləşən mənzilə köçürülməsi, cavabdeh tərəfindən mənzildən istifadəsinə yaradılan bütün maneələrin aradan qaldırılması, evin açarlarının qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıdakı əsaslara görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsi buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. İddia ərizəsindən görünür ki, onu iddiaçının adından etibarnaməyə əsasən vəkil Nümayəndə1 imzalamışdır. Həmin etibarnamədən görünür ki, o, vəkilə cinayət prosessual qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərin icrası üçün verilmişdir. Məhkəmənin qənaətinə görə iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Buna görə də hazırki iddia ərizəsi MPM-nin müvafiq normalarına əsasən geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin iddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, hazırki tələb mənzilə köçürülmə barədə olsa da, işə əlavə edilən mediasiya arayışı Cavabdeh İddiaçı qarşı nikahın pozulması, aliment və əmlak tələbi barədədir. Başqa sözlə, iddiaçı mənzilə köçürülmə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən öncə mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət olunmasına dair məlumatı əks etdirən sənədi iddia ərizəsinə əlavə etməmişdir. “Mediasiya haqqında” Qanunun 28.1-ci maddəsinə görə ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. MPM-nin 152.1.6-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Digər tərəfdən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı iddia ərizəsini verərkən 100 manat əvəzinə, cəmi 50,60 manat rüsum ödəmişdir. MPM-nin 108.2-ci maddəsinə əsasən, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. “Dövlət rüsumu haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə ödəniləcək dövlət rüsumunun məbləği 100 manat olaraq müəyyən edilmişdir. MPM-nin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd edildiyi kimi, iddiaçı hazırki iddia ərizəsini verərkən ********** saylı qəbzlə Abşeron Rayon Məhkəməsinə iddia ərizəsinin verilməsi üçün 50,60 manat məbləğində dövlət rüsumunu xx.xx.2025-ci ildə ödəmişdir. Mülki-Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, dövlət rüsumu geri qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iddiaçının ödəmiş olduğu dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı hazırki mülki iş (e-2(012)-5034/2025 saylı mülki iş) üzrə ödəmiş olduğu 50,60 manat məbləğində dövlət rüsumu (********** saylı qəbz) dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar