Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-5060/2025 21.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Rəhimli Zərnişan Ağarəhim qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Cavabdeh qarşı kirayə müqaviləsinə xitam verilməsi, yaşayış sahəsindən çıxarılma və kirayə haqlarının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu Cavabdeh qarşı kirayə müqaviləsinə xitam verilməsi, yaşayış sahəsindən çıxarılma və kirayə haqlarının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, KM6921 saylı “Satmaq öhdəliyi ilə kirayə müqaviləsi”nə xitam verilməsi, Cavabdeh Fonda məxsus ünvan 1 ünvanında yerləşən 92 saylı yaşayış sahəsindən çıxarılması, mənzilin boşaldılaraq Fonda təhvil verilməsi, “Satmaq öhdəliyi ilə kirayə müqaviləsi”nə əsasən ödənilməli aylıq ödənişlər üzrə yaranmış 2128,54 manat borc və 100 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İpoteka və Kredit Zəmanət Fondu ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixli, KM6921 saylı “Satmaq öhdəliyi ilə kirayə müqaviləsi” bağlanmış və xx.xx.2025-ci il tarixli, 6484 saylı təhvil-təslim aktı ilə ünvan 1 ünvanında yerləşən 92 saylı yaşayış sahəsi təmirli və istifadəyə tam yararlı vəziyyətdə ona təhvil verilmişdir. Satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə münasibətlər Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 488 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası” və tərəflər arasında bağlanan müqavilə ilə tənzimlənir. Fond tərəfindən müqaviləyə vaxtından əvvəl xitam verilməsi halları müəyyən edilmişdir. Qaydanın 9.3.3-cü yarımbəndlərinə əsasən, kirayəçi aylıq ödənişi 60 gün müddətində ödəmədikdə Fond tərəfindən müqaviləyə vaxtından əvvəl xitam verilə bilər. Faktiki hal üzrə kirayəçi aylıq ödənişləri 60 gündən artıq müddətə gecikdirmiş, bu barədə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq ödənişləri həyata keçirməmişdir. Bu səbəblə, Fondun Kirayə Mənzil Komitəsinin xx.xx.2025-ci tarixli, ***-**** saylı protokoluna əsasən, kirayəçi ilə bağlanmış müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verilməsi qərara alınmışdır. Bu barədə kirayəçiyə xx.xx.2025-ci il tarixli bildirişlə məlumat verilmişdir. Kirayəçinin hazırda, xx.xx.2025-ci il tarixə müqavilə üzrə 2128,54 manat qalıq borcu mövcuddur və bu barədə kirayəçiyə məlumat verilmişdir. Eyni zamanda, müqaviləyə xitam verildikdən sonra kirayəçi və ailə üzvləri 15 gün müddətində yaşayış sahəsində quraşdırılan elektrik, texniki, mebel və sanitar-texniki cihazlar və avadanlıqlarla birgə faktiki normal aşınma nəzərə alınmaqla təhvil-təslim aktı ilə kirayə verənin məqbul saydığı vəziyyətdə və ya tərəflər arasında razılaşdırılmış hər hansı digər vəziyyətdə kirayə verənə yaşayış sahəsini boşaldaraq təhvil verib tərk etməlidir. Yaşayış sahəsini tərk edib Fonda geri təhvil verməsi üçün müəyyən olunmuş 15 gün müddətin bitməsinə baxmayaraq kirayəçi yaşayış sahəsini tərk etməmiş, həmçinin, aylıq ödənişlər və digər ödəmələr üzrə yığılmış borc məbləğinin ödənilməsi öhdəliyini yerinə yetirməmişdir. Eyni zamanda, Cavabdeh ilə bağlanmış müqaviləyə xx.xx.2025-ci il tarixdən etibarən vaxtından əvvəl xitam verilməsi ilə bağlı tədbirlərə başlanması qərara alınmış və bu barədə cavabdehə müvafiq bildiriş göndərilmişdir. Lakin cavabdeh yaşayış sahəsini boşaltmamaqla orada yaşamağa davam edir. Yaşayış sahəsindən istifadəyə davam etməsinə baxmayaraq bunun müqabilində aylıq ödənişləri ödəmədiyi üçün cavabdeh Fonda maddi zərər vurmağa davam edir. Belə ki, yaşayış sahəsi vaxtında təhvil verilmiş olsaydı, Fond tərəfindən yenidən satmaq öhdəliyi ilə kirayə verilə bilərdi. Hazırda, cavabdehin mənzildən qanunsuz istifadəsi nəticəsində hər ay Fonda həmin yaşayış sahəsinin aylıq ödənişi olan 534,43 manat əldən çıxmış fayda şəklində maddi ziyan vurulur. Cavabdehin mənzildən qanunsuz istifadəsi həmin yaşayış sahəsini əldə etmək hüququ olan digər vətəndaşların hüququnu da məhdudlaşdırır. Mülki Məcəllənin 697.2-ci maddəsi kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayə götürdüyü əşyanı qaytarmadıqda kirayə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə biləcəyini müəyyən etmişdir. Bu səbəbdən də, məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək, onun təmin olunması xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh iddia ərizəsinə münasibət bildirərək izahatında göstərmişdir ki, o, mənzilin alınmasına görə xərc çəkmişdir və onunla bağlanmış müqaviləyə xitam verilməsinə razı deyildir. Qalıq qalmış borc məbləğinin ödənilməsini təmin etməyə çalışacaqdır. Sonda o, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin iddia tələbi ilə bağlı münasibətini, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki iş materiallarında оlаn və məhkəmə iclasındа tədqiq оlunmuş: - İpoteka və Kredit Zəmanət Fondu ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, KM6921 saylı “Satmaq öhdəliyi ilə kirayə müqaviləsi”ndən görünür ki, kirayə verən bu müqavilə ilə müəyyən edilmiş qaydada yaşayış sahəsini təyinatına uyğun olaraq kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayə verənə müqavilə üzrə ödəmələri həyata keçirməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.1.2-ci bəndinə əsasən, kirayə verilmiş yaşayış sahəsi Abşeron rayonu, Saray qəsəbəsi, M.Əsədov küçəsi 1, “Saray H” Y/K, 21 saylı evin, ümumi sahəsi 65.50 kv.m-dən ibarət 1 otaqlı 92 saylı mənzilindən ibarətdir. Müqavilənin 2.2-ci bəndinə əsasən, kirayəçi alış qiymətini tam məbləğdə ödədikdən sonra tərəflər arasında imzalanan təhsil-təslim aktına əsasən, yaşayış sahəsinə mülkiyyət hüququ kirayəçiyə keçir. Müqavilənin 3.1.10-cu bəndinə əsasən, bu müqavilənin 9.4-cü bəndində nəzərdə tutulmuş hallarda bu müqaviləyə vaxtından əvvəl xitam vermək kirayə verənin hüquqlarından biridir. Müqavilənin 3.2.6-cı bəndinə əsasən, bu müqaviləyə xitam verildikdə müqavilənin 10.2-ci bəndində müəyyən edilən qaydada təhvil-təslim aktına əsasən yaşayış sahəsini kirayəçidən geri təhvil almaq kirayə verənin vəzifələrindən biridir. Müqavilənin 3.4-cü bəndinə əsasən, kirayəçinin aşağıdakı vəzifələri vardır: 3.4.1. bu müqavilənin 4.2-ci bəndində nəzərdə tutulan məbləğdə pul vəsaitini notariusun bankda açdığı depozit hesabı vasitəsilə 3 iş günü müddətində qabaqcadan kirayə verənin hesabına ödəmək, 3.4.2. bu müqavilə üzrə ödəmələri, habelə, qanunvericiliklə müəyyən edilən məcburi ödənişləri vaxtında ödəmək, 3.4.15. bu müqaviləyə xitam verildikdən sonra ailə üzvləri ilə birlikdə yaşayış sahəsini bu müqavilənin 10.2-ci bəndində müəyyən edilən qaydada kirayə verənə geri təhvil vermək. Müqavilənin 4.2-ci bəndinə əsasən, kirayəçi 6413,16 manat pul vəsaitini (burada 6413,16 manat aylıq ödənişin 12 misli və aylıq ödənişin 0 misli və ya 0 manat əlavə ödəniş qismində) notariusun bankda açdığı depozit hesabı vasitəsilə qabaqcadan kirayə verənin hesabına ödəyir. Müqavilənin 4.3-cü bəndinə əsasən, kirayəçi yaşayış sahəsinə görə 534,43 manat aylıq ödənişi hər ay üçün növbəti ayın 5-dək ödəniş cədvəli əsasında kirayə verənə ödəyir. Ayın 5-i iş günü olmadıqda ödəniş növbəti ilk iş günü həyata keçirilir. Müqavilənin 9.4-cü bəndinə əsasən, aşağıdakı hallarda kirayə verən bu müqaviləyə vaxtından əvvəl xitam verə bilər: 9.4.3. kirayəçi 60 gün və daha çox müddətə kommunal və yaşayış sahəsinin istifadəsi və saxlanması xidmətlərinə görə haqları ödəmədikdə, 9.4.4 Kirayəçi aylıq ödənişi 60 gün müddətinə ödəmədikdə. -xx.xx.2025-ci il tarixli, KM6921 saylı “Satmaq öhdəliyi ilə kirayə müqaviləsi” üzrə xx.xx.2025-ci il tarixli, 6484 saylı təhvil-təslim aktından görünür ki, kirayə verən İpoteka və Kredit Zəmanət Fondu kirayəçi Cavabdeh müqavilə ilə müəyyən edilmiş mənzili təhvil vermiş, kirayəçi isə həmin mənzili təhvil almışdır. -İpoteka və Kredit Zəmanət Fondu ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, KM6921 saylı “Satmaq öhdəliyi ilə kirayə müqaviləsi”nə 1 saylı Əlavədən görünür ki, Cavabdeh müqavilə üzrə 12 ay qabaqcadan ödəniş etməklə, xx.xx.2025-ci il tarixdən xx.xx.2047-ci il tarixədək olan müddətə hər ay 534,43 manat, sonuncu ay isə 536,82 manat ödəməyi öhdəsinə götürmüşdür. -xx.xx.2025-ci il tarixli, KM6921 saylı “Satmaq öhdəliyi ilə kirayə müqaviləsi üzrə” maliyyə arayışından görünür ki, kirayənin verilmə tarixi xx.xx.2025-ci il, kirayənin müddəti 300 ay, müqavilə üzrə alış qiymətinin məbləği 160353,35 manat, aylıq kirayə ödənişi 534,43 manat, yaşayış sahəsinin ünvanı ünvan 2513,16 manat, 12 aylıq qabaqcadan ödəniş məbləği 6413,16 manat, aylıq ödənişlər 1100 manat, müqaviləyə xitam verilməsi ilə bağlı tədbirlərə başlama tarixi xx.xx.2025-ci il, cəmi icra edilməmiş aylıq ödənişlər 2128,54 manat müəyyən edilmişdir. -İpoteka və Kredit Zəmanət Fondu tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Fond xx.xx.2025-ci il tarixə müqaviləyə əsasən aylıq ödəniş üzrə gecikdirilmiş borc məbləği olaraq 2128,54 manat pul vəsaiti Fonda dərhal ödənilmədiyi təqdirdə kirayə müqaviləsinə xitam veriləcəyi və yaşayış sahəsinin Fonda təhvil verilərək tərk edilməsinin tələb olunacağı barədə xəbərdarlıq etmişdir. -İpoteka və Kredit Zəmanət Fondunun Kirayə Mənzil Komitəsinin internet rabitəsi vasitəsilə keçirilmiş iclasının xx.xx.2025-ci il tarixli, ***-**** saylı protokolundan çıxarışdan görünür ki, Fond ilə kirayəçi Cavabdeh arasında bağlanmış müqaviləyə xitam verilməsinə baxılması məsələsi müzakirə olunmuş, müzakirələrdən sonra məsələ səsə qoyulmuş və Fond ilə kirayəçi Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, KM6921 saylı “Satmaq öhdəliyi ilə kirayə müqaviləsi”nə vaxtından əvvəl xitam verilməsi, kirayə mənzil departamentinin bu Qərarın 1.1-ci bəndinə əsasən kirayə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı tədbirlərə başlanılması barədə kirayəçiyə müvafiq bildirişlərin göndərilməsini təmin etməsi, hüquq departamenti tərəfindən mübahisənin həlli ilə bağlı qanunvericiliyə uyğun tədbirlərin görülməsi qərara alınmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, iddiaçı İpoteka və Kredit Zəmanət Fondu ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, KM6921 saylı “Satmaq öhdəliyi ilə kirayə müqaviləsi”nə əsasən, tərəflər arasında kirayəçi-kirayə verən hüquq münasibətləri yaranmış və kirayə verən qismində çıxış edən Fond müqavilə ilə nəzərdə tutulmuş ünvan 1 ünvanında yerləşən 92 saylı mənzilini aylıq ödənişlər ödənilməsi şərtilə kirayəçiyə, yəni cavabdehə vermişdir. Cavabdeh müqavilə üzrə müəyyən edilmiş müddətdə və qaydada aylıq ödənişləri ödəməyi öhdəsinə götürmüş, lakin müqavilə öhdəliklərini icra etmədiyindən iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 43-cü maddəsinin İİ hissəsinə əsasən, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikasında əhalinin mənzilə olan tələbatını ödəmək, yaşayış şəraitini yaxşılaşdırmaq, mənzil tikintisinin səmərəli maliyyələşdirilmə mexanizmini yaratmaq, bu sahədə formalaşan təklifin alıcılıq qabiliyyətli real tələbə uyğunlaşmasını təmin etmək və ipoteka kreditləşməsinə yerli və xarici investorları cəlb etmək məqsədi ilə “Azərbaycan Respublikasında ipoteka kreditləri sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli, 299 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu yaradılmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Beləliklə, qanunvericiliyin tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, iddiaçı İpoteka və Kredit Zəmanət Fondu ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, KM6921 saylı “Satmaq öhdəliyi ilə kirayə müqaviləsi”nə əsasən, kirayə verən ünvan 1 ünvanında yerləşən 92 saylı mənzilini bu müqavilə ilə müəyyən edilmiş qaydada yaşayış sahəsinin təyinatına uyğun olaraq kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayə verənə müqavilə üzrə ödəmələri həyata keçirməyi öhdəsinə götürmüşdür. Mənzil iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş və bu tərəflərin imzası ilə təsdiq edilmiş xx.xx.2025-ci il tarixli, 6484 saylı təhvil-təslim aktı ilə rəsmiləşdirilmişdir. Belə ki, müqaviləyə 1 saylı əlavəyə əsasən, cavabdeh müqavilə üzrə 12 ay qabaqcadan ödəniş etməklə, xx.xx.2025-ci il tarixdən xx.xx.2047-ci il tarixədək olan müddətə hər ay 534,43 manat, sonuncu ay isə 536,82 manat ödəməyi öhdəsinə götürmüşdür. Hazırki iddianın mahiyyətini isə cavabdeh tərəfindən müqavilə öhdəliklərinin icra edilməməsi təşkil edir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 488 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası”nın 1.1-ci bəndinə əsasən, bu Qayda İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini alması və satmaq öhdəliyi ilə kirayəyə verməsi ilə bağlı ümumi məsələləri müəyyən edir. Eyni zamanda, “Qayda”nın: 3.2.6. bəndinə əsasən, kirayəçi aylıq ödənişin ən azı 12 mislini qabaqcadan ödəməlidir. 6.1. bəndinə əsasən, kirayə müqaviləsi üzrə aylıq ödəniş, bu Qaydanın 3.2.6-cı yarımbəndi nəzərə alınmaqla, hər ay bərabər hissələrlə ödənilməlidir. 8.1. bəndinə əsasən, yaşayış sahəsi kirayə müqaviləsində müəyyən edilən gündən müvafiq təhvil-təslim aktı ilə kirayəçinin istifadəsinə verilir. 9.2. bəndinə əsasən, kirayəçi Fondu 30 gün əvvəldən xəbərdar etməklə, kirayə müqaviləsinə birtərəfli qaydada vaxtından əvvəl xitam verə bilər. 9.3.2. bəndinə əsasən, kirayəçi yaşayış sahəsinin istifadəsi ilə bağlı bu Qaydada nəzərdə tutulmuş öhdəlikləri pozduqda, habelə bu Qaydanın 7.5-ci bəndində nəzərdə tutulmuş ödənişləri 60 gün və daha çox müddətə ödəmədikdə Fond kirayə müqaviləsinə vaxtından əvvəl xitam verir. Mülki iş materiallarına əlavə olunmuş sənədlərdən, iddiaçının nümayəndəsinin izahatından, eləcə də, “Qayda”nın tələblərindən müəyyən olunduğu kimi, tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli, KM6921 saylı müqavilə üzrə kirayə verən ünvan 1 ünvanında yerləşən 92 saylı mənzilini kirayəçiyə kirayə vermiş və kirayəçi 12 aylıq ödənişi 6413,16 manat olmaqla əvvəlcədən ödəmiş, xx.xx.2025-ci il tarixdən xx.xx.2047-ci il tarixədək olan müddətə hər ay 534,43 manat, sonuncu ay isə 536,82 manat ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Cavabdeh tərəfindən müqavilə üzrə aylıq ödənişlər ödənilmədiyindən iddiaçı tərəfindən müqaviləyə xitam veriləcəyi barədə cavabdehə bildiriş göndərilmişdir. Lakin hazırki vaxtadək müqaviləyə xitam verilməmişdir. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər. Həmin Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Qanunvericiliyin hüquqi mövqeyindən müəyyən olunduğu kimi, tərəflər arasında bağlanmış müqavilənin 9.4.3 və 9.4.4-cü bəndlərinə əsasən, kirayəçinin 60 gün və daha çox müddətə kommunal və yaşayış sahəsinin istifadəsi və saxlanması xidmətlərinə görə haqları, eləcə də, 60 gün müddətində aylıq ödənişləri ödəməməsi iddiaçının müqaviləyə xitam verilməsi əsasını yaratmışdır. Beləliklə, iddiaçı müqaviləyə xitam verilməsini, müqavilə üzrə cavabdeh tərəfindən ödənilməmiş ödənişlərin ödənilməsini və icra edilməmiş öhdəliklərin məhkəmə qaydasında icra edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı mülki iş materiallarına əlavə olunmuş maliyyə arayışından göründüyü kimi, cavabdeh müqavilə üzrə ödənilməli olan 2128,54 manat borc ödənişi olduğu halda, həmin ödənişi ödəməmişdir və müqavilənin xitam verilməsi cavabdehin həmin ödənişin ödənilməsi öhdəliyinin icrasından azad etmir. Məhkəmə tədqiqatı zamanı cavabdehin müqavilə öhdəliklərinin icrasından yayınması öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, iddiaçının iddia tələbləri əsaslı hesab edilməklə təmin edilməlidir. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək və qanunvericiliyin tələblərini əsas tutaraq hesab edir ki, iddia təmin edilməli, iddiaçı İpoteka və Kredit Zəmanət Fondu ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, KM6921 saylı “Satmaq öhdəliyi ilə kirayə müqaviləsi”nə xitam verilməli, həmin müqavilə üzrə cavabdehə kirayə verilmiş Abşeron rayonu, Saray qəsəbəsi, M.Əsədov küçəsi 1, “Saray H” Y/K, 21 saylı evin, 92 saylı mənzilindən cavabdeh çıxarılmaqla mənzil boşaldılmalı, Abşeron rayonu, Saray qəsəbəsi, M.Əsədov küçəsi 1, “Saray H” Y/K, 21 saylı evin, 92 saylı mənzili Fonda təhvil verilməli və ödənilməli aylıq ödənişlər üzrə yaranmış 2128,54 manat pul vəsaiti cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, KM6921 saylı “Satmaq öhdəliyi ilə kirayə müqaviləsi”nə xitam verilsin. Fonda məxsus olan və xx.xx.2025-ci il tarixli, KM6921 saylı “Satmaq öhdəliyi ilə kirayə müqaviləsi” üzrə cavabdehə kirayə verilmiş Abşeron rayonu, Saray qəsəbəsi, M.Əsədov küçəsi 1, “Saray H” Y/K, 21 saylı evin, 92 saylı mənzilindən Cavabdeh çıxarılmaqla mənzil boşaldılsın və mənzil Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fonduna təhvil verilsin. Ödənilməli aylıq ödənişlər üzrə yaranmış 2128,54 manat və ödənilmiş dövlət rüsumuna görə 100 manat pul vəsaiti Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun xeyrinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-5060/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-5060/2025
21.11.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver