Məhkəmə qərarları › İş №e-2(012)-5063/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-5063/2025

22.10.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-5063/2025 22.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçının vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh əşyaları ilə birlikdə İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 may küçəsində yerləşən 37 saylı evin 116 saylı mənzilindən çıxarılması, mənzilin boşaldılmaqla ona təhvil verilməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının oğlu X4 ilə 28 dekabr 2015-ci ildə rəsmi nikaha daxil olmuşdur, nikahları 2533 saylı aktla rəsmiləşdirilmişdir. Abşeron rayonu Mehdiabad qəsəbəsi 28 may küçəsində yerləşən 37 saylı evin 116 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir, həmin mənzilə dair heç kimin istifadə hüququ dövlət reyestrində qeydə alınmamışdır. İddiaçı oğluna cavabdehlə yaşamaq üçün öz mənzilləri olmadığına görə, müvəqqəti olaraq orada yaşamaları üçün icazə vermişdir. İddiaçı onlarla birlikdə yaşamamış və ailəsinə məxsus olan digər mənzildə ayrıca yaşamışdır. Cavabdeh onunla ailə üzvü kimi yaşamamışdır və heç zaman birgə təsərrüfatları olmayıb. Cavabdehin son dövrlərdə oğlu ilə faktiki olaraq ər-arvad münasibətləri mövcud deyildir, ayrılıqda yaşayırlar. Yəni iddiaçıya məxsus olan mənzildə hazırda yalnız cavabdeh yaşamaqdadır. Cavabdeh heç bir əsaslı səbəb olmadan onun oğluna qarşı «nikahın pozulması, uşağın onun yanında saxlanması və aliment tələbinə dair» iddia ərizəsi ilə 25 aprel 2025-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh iddiada ərizəsində qeyd etmişdir ki, barışmaq, gələcəkdə birgə ailə həyatlarının qorunub saxlanması mümkün deyildir. Nəticədə Cavabdeh iddiasında təkid etmişdir və barışıq olmamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 iyun 2025-ci il tarixli, 2(005)-2580/2025 saylı qətnaməsi ilə tərəflər arasında 5 saylı Bakı ASAN xidmət Qeydiyyat Şöbəsində xx.xx.2015-ci il tarixdə bağlanmış 2533 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, birgə nikahdan anadan olmuş xx.xx.2016-cı il təvəllüdlü X2 anasının yanında saxlanılması, xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün X1 hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə minimum aylıq əmək haqqının 0,615 misli məbləğində aliment tutularaq iddiaçı Cavabdeh ödənilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi, mülki iş üzrə ödənilmiş 50 manat dövlət rüsumu və 60 manat mediasiya xərcinin cavabdeh X1 tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh ona məxsus olan mənzili boşaltmır və evə olan mülkiyyət hüquqları pozulmaqdadır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh iştirak etdiyi məhkəmə iclasında iddianı qəbul etmədi və onun təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 may küçəsi, 37 nömrəli evin 116 saylı mənzili İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)-2580/2025 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, iddiaçı Cavabdeh və cavabdeh X4 arasında 5 saylı Bakı ASAN xidmət Qeydiyyat Şöbəsində xx.xx.2015-ci il tarixdə bağlanmış 2533 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, birgə nikahdan anadan olmuş xx.xx.2016-cı il təvəllüdlü X2 anası (iddiaçı) Cavabdeh yanında saxlanılması, xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün X1 hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə minimum aylıq əmək haqqının 0,615 misli məbləğində (hazırda 246 manat) alimentin tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, reyestrdən çıxarışdan görünür ki, mübahisəli mənzil xx.xx.2022-ci il tarixdən İddiaçı mülkiyyətindədir. Cavabdeh isə iddiaçının oğlu ilə boşandıqdan sonra həmin mənzildə yaşayır. Hazırda İddiaçı Cavabdeh əşyaları ilə birlikdə onun xüsusi mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 may küçəsində yerləşən 37 saylı evin 116 saylı mənzilindən çıxarılması, mənzilin boşaldılmaqla ona təhvil verilməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdən görünür ki, cavabdeh mübahisəli mənzildə yaşasa da, onun istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, bu barədə mötəbər sübutlar təqdim edilməmişdir. Belə olan halda cavabdehin mübahisəli mənzildə yaşaması əmlakın mülkiyyətçisi kimi İddiaçı hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Halbuki, mülkiyyət hüququ qanunla qorunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən görünür ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X3 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülki Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etdi ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq Məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, xx.xx.1996, § İİ, B, h63.) Beləliklə, məhkəmə qeyd etdi ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Qeyd edildiyi kimi, iş materiallarından görünür ki, mübahisəli mənzil hazırda İddiaçı mülkiyyətindədir. Hazırda mübahisəli əmlakda cavabdehin yaşaması onun mülkiyyət hüquqlarını pozur, bu isə qanunla qadağandır. Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh əşyaları ilə birlikdə İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 may küçəsində yerləşən 37 saylı evin 116 saylı mənzilindən çıxarılmalı, mənzil boşaldılmaqla İddiaçı təhvil verilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh əşyaları ilə birlikdə İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 may küçəsində yerləşən 37 saylı evin 116 saylı mənzilindən çıxarılsın və mənzil boşaldılmaqla İddiaçı təhvil verilsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar