Məhkəmə qərarları › İş №e-2(012)-5066/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-5066/2025

12.12.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-5066/2025 12.12.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Rəhimli Zərnişan Ağarəhim qızının katibliyi ilə, İddiaçı cavabdeh Abşeron rayonu Ceyranbatan qəsəbə Uşaq İncəsənət Məktəbinə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Abşeron rayonu Ceyranbatan qəsəbə Uşaq İncəsənət Məktəbinə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu Ceyranbatan qəsəbə Uşaq İncəsənət Məktəbinin direktoru Nümayəndə xx.xx.2025-ci il tarixli, 64 saylı əmrinin ləğv edilməsi, onun həmin məktəbə xor müəlliməsi vəzifəsinə bərpa edilməsi və qanunsuz olaraq işdən çıxarılması ilə əlaqədar məcburi iş buraxma müddətinə görə əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1986-cı ildən xx.xx.2025-ci ilə kimi “Abşeron rayonu, Abşeron rayon Ceyranbatan qəsəbə Uşaq İncəsənət Məktəbi” bölməsində “Xor müəllimi” vəzifəsində işləmişdir. O, həmin məktəbdə işlədiyi müddət ərzində həmişə işinə məsuliyyətlə yanaşmış, daim nizamlı olmuş, əmək funksiyalarını vaxtında və vicdanla yerinə yetirmişdir. Rəhbərlik tərəfindən bir dəfə də olsun cəzalandırılaraq nizam məsuliyyətinə cəlb olunmamış, daim kollektivin hörmət və ehtiramını qazanmışdır. xx.xx.2025-ci ildə isə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən onun bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məlumat üçün bildirir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən islahatlar çərçivəsində musiqi və incəsənət sahəsində təhsilin keyfiyyətnin aparılması və müəllim heyyətinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə müəllimlərin atestasiya prosesi həyata keçirilməyə başlanılmış, bu məqsədlə o, da atestasiya olunacağı barədə xəbərdarlıq məktubuna imza etməklə müvafiq bildirişi alaraq xəbərdar edilmişdir. Daha sonra xx.xx.2025-ci il tarixində Bakı Xoreoqrafiya Akademiyası daxilində atestasiya keçirilmiş və nəticədə guya atestasiya komissiyasının qərarı ilə onun “iş fəaliyyətinə uyğun olmaması” barədə qərar qəbul edilmiş və müvafiq atestasiya vərəqəsi doldurulmuşdur. Bildirir ki, 12 fevral 1994-cü ildə, 16 oktyabr 2009-cu ildə və 15 mart 2015-ci ildə o, üç dəfə atestasiyadan keçmişdir. Bu onun dördüncü atestasiya idi. Halbuki onun vəzifədə (peşədə) üç dəfə atestasiya olunaraq tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilmişdir. Ona görə də o, atestasiyadan keçirilməli deyildi. Bundan əlavə o, 1993, 2004 və 2011-ci ildə ixtisas artırma kursunda iştirak etmişdir və ona bu barədə vəsiqə verilmişdir. Onun eyni vəzifədə 38 il stajı var. Bundan əlavə o, 13 mart 2023-cü ildən “şəkərli diabet İİ tip orta ağır forma” diaqnozu ilə dispanser qeydiyyatndadır. Əmək Məcəlləsinin 79-cu maddəsinə görə işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə işəgötürən tərəfindən Əmək müqaviləsinin ləğv olunması qadağan edilmişdir. Ona görə də hesab edir ki, əmr qanunsuz və əsassızdır və ləğv olunmalıdır. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil iddianı müdafiə etdilər və onun təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdeh Abşeron rayonu Ceyranbatan qəsəbə Uşaq İncəsənət Məktəbinin nümayəndəsi X3 iddianı qəbul etmədi və onun təmin edilməməsini xahiş etdi. Məhkəmə işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Abşeron rayonu Ceyranbatan qəsəbə Uşaq İncəsənət Məktəbinin xx.xx.2025-ci il tarixli, 64 nömrəli əmrindən görünür ki, Abşeron rayonu Ceyranbatan qəsəbə Uşaq İncəsənət Məktəbində xor müəlliməsi vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) bəndinə əsasən xx.xx.2025-ci il tarixdən xitam verilmişdir. İş materiallarında olan işçilərin attestasiyası haqqında 02 saylı xəbərdarlıq bildirişindən görünür ki, İddiaçı attestasiya ilə bağlı bildiriş göndərilmiş, İddiaçı xx.xx.2024-ci il tarixdə bildirişlə tanış olmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli attestasiya vərəqəsindən görünür ki, İddiaçı attestasiya ilə əlaqədar verilmiş suallara cavab verə bilməmiş, attestasiya olunan tutduğu vəzifəyə uyğun deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2009-cu ildə verilmiş Fəxri Fərmandan görünür ki, Uşaq xor kollektivlərinin Vİ Respublika müsabiqəsində fərqləndiyinə görə Abşeron rayonu Ceyranbatan qəsəbə Uşaq İncəsənət Məktəbinin xor kollektivi təltif edilmişdir. İş materiallarında olan Azərbaycan Mədəniyyət İşçiləri X2 Respublika Komitəsi tərəfindən xx.xx.2012-ci ildə verilmiş Fəxri Fərmandan görünür ki, Abşeron rayonu Ceyranbatan qəsəbə Uşaq İncəsənət Məktəbinin yaranmasının 30 illiyi münasibəti ilə məktəbin müəllimi İddiaçı təltif edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2013-cü ildə verilmiş Fəxri Fərmandan görünür ki, Abşeron rayonu Ceyranbatan qəsəbə Uşaq İncəsənət Məktəbi “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş Uşaq xor kollektivlərinin Vİİİ respublika müsabiqəsi”ndə müvəffəqiyyətlə çıxış etdiyinə görə təltif edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2017-ci ildə verilmiş Fəxri Fərmandan görünür ki, Uşaq xor kollektivlərinin İX Respublika müsabiqəsində müvəffəqiyyətlə çıxış etdiyinə görə Abşeron rayonu Ceyranbatan qəsəbə Uşaq İncəsənət Məktəbinin xor kollektivi təltif edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Sumqayıt Regional Mədəniyyət İdarəsi tərəfindən 2018-ci ildə verilmiş Fəxri Fərmandan görünür ki, Abşeron rayonu Ceyranbatan qəsəbə Uşaq İncəsənət Məktəbinin müəllimi İddiaçı 2018/2019 tədris ilində göstərdiyi uğurlu fəaliyyətinə görə təltif edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Abşeron Rayon Mədəniyyət və Turizm Şöbəsi tərəfindən verilmiş Fəxri Fərmandan görünür ki, Ceyranbatan qəsəbə Uşaq İncəsənət Məktəbinin xor müəllimi İddiaçı pedoqoji işində səmərəli fəaliyyətinə görə təltif edilmişdir. İş materiallarında olan X1 İttifaqı Abşeron Rayon Komitəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş Fəxri Fərmandan görünür ki, rayonun mədəni-ictimai həyatında səmərəli fəaliyyətinə görə İddiaçı təltif edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən “Şəkərli diabet İİ tip orta ağır forma” diaqnozu ilə Sumqayıt 2 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsinin endokrinoloji kabinetində dispanser qeydiyyatındadır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.2025-ci il tarixədək Abşeron rayonu Ceyranbatan qəsəbə Uşaq İncəsənət Məktəbinin xor müəllimi vəzifəsində işləmişdir. İşlədiyi müddətdə dəfələrlə fəxri fərmanlarla təltif edilmişdir. xx.xx.2025-ci il tarixli attestasiyadan uğurla keçə bilmədiyi üçün onunla bağlanmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin c bəndinə əsasən xx.xx.2025-ci il tarixdən xitam verilmişdir. Hazırda iddiaçı 38 il eyni vəzifədə işləməklə, 3 dəfə attestasiyadan uğurla keçdiyini əsas gətirərək, cavabdeh Abşeron rayonu Ceyranbatan qəsəbə Uşaq İncəsənət Məktəbinin ƏM-nin 70-ci madəsinin c bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli, 64 nömrəli əmrinin ləğv olunması, işə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin Əmək Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin “c” bəndinə əsasən, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71.3-cü maddəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən, işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. Həmin Məcəllənin 65.3-cü maddəsinə əsasən, işəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. Həmin Məcəllənin 65.5-ci madəsinə əsasən, attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.6-cı maddəsinə əsasən, attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. Həmin Məcəllənin 65.7-ci maddəsinə əsasən, attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər. Həmin Məcəllənin 66-cı maddəsinə əsasən, eyni vəzifədə (peşədə) azı üç dəfə attestasiya olunaraq tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilmiş işçilərin attestasiyası keçirilmir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən, attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 67.6-cı maddəsinə əsasən, attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilən və ya başqa vəzifəyə (peşəyə) keçirilən işçinin iddiası əsasında fərdi əmək mübahisəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada yalnız məhkəmələrdə baxılır. Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci bəndinin 4-cü hissəsinə əsasən, işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Əmək Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75- ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək Məcəlləsinin 84-cü maddəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada-təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Məhkəmə qeyd edir ki, əmək hüququnun mühüm təminatlarından biri işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarının məhdud siyahısının qanunvericiliklə müəyyən edilməsidir. Qanunvericilik qanuni əsaslar olmadan işçilərlə əmək müqaviləsini ləğv etməyi qadağan edir. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları isə Əmək Məcəlləsinin 70-ci maddəsində təsbit edilmişdir. Həmin maddədə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin altı əsası nəzərdə tutulmuş və işçinin peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlməməsi ilə əmək müqaviləsinin ləğv edilməsi bu əsaslardan biri kimi müəyyən edilmişdir. Buna baxmayaraq iddiaçının eyni vəzifədə 3 dəfə attestasiyadan uğurla keçməklə tutuduğu vəzifəyə uyğun olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən qüvvədə olan əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Belə ki, İddiaçı 3 dəfə attestasiya olunmasına baxmayaraq, ƏM-nin 66-cı maddəsinin 8-ci bəndinin tələbi pozularaq Abşeron rayonu Ceyranbatan qəsəbə Uşaq İncəsənət Məktəbinin xx.xx.2025-ci il tarixli, 64 nömrəli əmri əsasında məktəbin xor müəlliməsi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin c bəndinə əsasən xx.xx.2025-ci il tarixdən xitam verilmişdir. Belə olduğu təqdirdə əmək müqaviləsinə əsassız olaraq ƏM-nin 70-ci maddəsinin c bəndinə əsasən xitam verilərkən ƏM-nin 66-cı maddəsinin 8-ci bəndinin tələbi ciddi şəkildə pozulduğundan Abşeron rayonu Ceyranbatan qəsəbə Uşaq İncəsənət Məktəbinin xx.xx.2025-ci il tarixli, 64 nömrəli əmri ləğv edilməli və İddiaçı əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməlidir. Azərbaycan Respublikası Əmək Məcələsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı cavabdeh Abşeron rayonu Ceyranbatan qəsəbə Uşaq İncəsənət Məktəbi tərəfindən İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin olunmalı, Abşeron rayonu Ceyranbatan qəsəbə Uşaq İncəsənət Məktəbinin xx.xx.2025-ci il tarixli, 64 nömrəli əmri ləğv edilməli, İddiaçı əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməli, xx.xx.2025-ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı cavabdeh Abşeron rayonu Ceyranbatan qəsəbə Uşaq İncəsənət Məktəbi tərəfindən İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Abşeron rayon Ceyranbatan qəsəbə Uşaq İncəsənət Məktəbinin xx.xx.2025-ci il tarixli, 64 nömrəli əmri ləğv edilsin və İddiaçı əvvəlki iş yerinə və vəzifəsinə (xor müəlliməsi) bərpa edilsin. Məcburi iş buraxma müddəti üçün əmək haqqı cavabdeh Abşeron rayonu Ceyranbatan qəsəbə Uşaq İncəsənət Məktəbi tərəfindən İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar