Məhkəmə qərarları › İş №e-2(012)-5243/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-5243/2023

02.10.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-5243/2023 02.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Abbasova Məlahət Aslan qızı, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏNETDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və övladları xx.xx.2009cu il təvəllüdlü X2, xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X1 gəlin köçdüyü və nikah pozulanadək yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 11-ci küçə, 48 ünvanında yerləşən, ümumi sahəsi 1213,8 kv.metr olan torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. İddia ərizəsindən görünür ki, onu iddiaçının adından nümayəndəsi Nümayəndə imzalamışdır. İddiaçının Nümayəndə verdiyi AR-İİ 885777 saylı, xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, bu etibarnamə ona vəkil olduğuna görə verilmişdir. Lakin iş materiallarından hazırki mübahisə üzrə onun adına hər hansı orderin verilməsi görünmür. Başqa sözlə, iddia ərizəsi buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Mülki Prosessual Məcəllənin 66-cı maddəsinə görə Azərbaycan Respublikasının ərazisində mülki prosesdə vəkil kimi Azərbaycan Respublikasında müəyyən olunmuş qaydada səlahiyyəti təsdiq olunmuş vəkillər iştirak edirlər. Həmin Məcəllənin 69.1-1-ci maddəsinə görə fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa, iddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən öncə mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət olunmasına dair məlumatı əks etdirən sənədi iddia ərizəsinə əlavə etməmişdir. İddia ərizəsindən görünür ki, mübahisə üzrə cavabdehlərdən Cavabdeh1 iddiaçının keçmiş əri olmuşdur. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1-ci maddəsinə görə ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. MPM-nin 152.1.6-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bundan başqa, işdən görünür ki, İddiaçı hazırki iddia ərizəsini verərkən müvafiq ödəmə sistemi vasitəsilə ********** saylı qəbzlə Abşeron Rayon Məhkəməsinə iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumunu xx.xx.2023-cü ildə ödəmişdir. Mülki-Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, dövlət rüsumu geri qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, hazırki iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, habelə iş üzrə iddiaçının ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evinə köçürülmə tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı hazırki mülki iş (e-2(012)-5243/2023 saylı mülki iş) üzrə ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu (********** saylı qəbz) dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar