Məhkəmə qərarları › İş №e-2(012)-526/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-526/2023

16.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-526/2023 16.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı zaminlik müqaviləsinə əsasən aparılmış kredit ödənişlərinin geri tələb edilməsinə dair mülki işə 16 yanvar 2023-cü il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı zaminlik müqaviləsinə əsasən aparılmış kredit ödənişlərinin geri tələb edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 17-A-1-0-2486-13 saylısaylı zaminlik müqaviləsinə əsasən zamin tərəfindən ödənilmiş 5963 manat məbləğində pul və ödənilmiş 79.63 manat dövlət rüsumuna görə pul İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 20 iyun 2013-cü il il tarixdə "xxxx" İKB-nin (Yelo Bank ASC) 6 saylı filialı ilə Cavabdeh arasında 17-A-1-0-2486-13 saylı Kredit Müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsinə əsasən Cavabdeh 24 ay müddətinə, illik 22 % оlmaqla 5766 manat məbləğində kredit verilmişdir. Kreditin təyinatı 1999-cu il buraxılışlı, “Mercedes Benz C180” markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı, WDB2020181A772129 ban, **********9001 mühərrik nömrəli, gümüşü metal rəngli avtomobilin alınması olmuşdur. Verilmiş kreditin təminatı olaraq “Mercedes Benz C180” markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmişir. Həmçinin, kreditin təminatı olaraq "xxxx" İKB-nin (Yelo Bank ASC) 6 saylı filialı ilə borclu Cavabdeh və zamin İddiaçı MMC arasında 20 iyun 2013-cü il tarixli 17-A-1-0-2486-13 saylı zaminlik müqavilə bağlanmışdır. Borcalan kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca yerinə yetirmədiyi üçün, həmin öhdəliyin icrası barədə kreditor zaminə borcun ödənilməsi təklifini irəli sürülmüş və zamin İddiaçı MMC öz hesabından borclunun Banka ödənilməli olan borcundan silinməsinə dair razılıq verilmişdir. Nəticədə İddiaçı MMC tərəfindən Cavabdeh 20 iyun 2013-cü il tarixli 17-A-1-0-2486-13 saylı kredit müqaviləsi üzrə Banka olan borcundan ümumilikdə 5963 manat ödənilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədiyi bildirdi. Qeyd etdi ki, onun kredit borcu restruktruzasiya olunmuş, qalan məbləği də ödəmişdir. Onun borcu qalmamışdır. İddia tələbində qeyd olunan avtomobil etibarnamə əsasında başqa şəxsə satılmışdır. Odur ki, hazırki iddia tələbi əsassızdır və rədd edilməsini xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, "xxxx" İKB-nin (Yelo Bank ASC) 6 saylı filialı ilə Cavabdeh arasında 20 iyun 2013-cü il tarixli, 17-A-1-0-2486-13 saylı kredit müqaviləsi bağlanmışdır. Qeyd edilən kredit müqaviləsinin təminatı olaraq 20 iyun 2013-cü il tarixli ipoteka müqaviləsi və İddiaçı MMC-ilə zaminlik müqaviləsi bağlanmışdır. Zamin İddiaçı MMC arasında bağlanmış 20 iyun 2013-cü il tarixli 17-A-1-0-2486-13 saylı zaminlik müqaviləsi üzrə İddiaçı MMC tərəfindən Cavabdeh "xxxx" İKB ASC-də olan 17-144290-1 hesabına ümumilikdə 5963 manat məbləğində ödəniş həyata keçirilmişdir. Cavabdeh tərəfindən İddiaçı MMC-nə qaytarılmayan məbləğ 5963 manat təşkil edir. Həmçinin e- 2(012)-5580/2022 saylı mülki işə iştirakları olmadan baxmağı xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işin materiallarından olan 20 iyun 2013-cü il tarixli, 17-A-1-0-2486-13 saylı Kredit Müqaviləsindən müəyyən edilir ki, "xxxx" İKB-nin 6 saylı filialı tərəfindən Cavabdeh 24 ay müddətinə, illik 22 % olmaqla 5766 manat məbləğində kredit verilmişdir. Mülki işin materiallarından olan 19 dekabr 2022-ci il tarixli arayışdan müəyyən edilir ki, "xxxx" İKB-nin 6 saylı filialı ilə Cavabdeh arasında bağlanmış 20 iyun 2013-cü il tarixli, 17-A-1-0-2486-13 saylı kredit müqaviləsi üzrə ümumilikdə 5963 manat məbləğində kredit ödənişi həyata keçirilmişdir. Hal-hazırda Cavabdeh İddiaçı MMC-nə borcu 5963 manat təşkil edir. Mülki iş materiallarında olan 06 iyun 2022-ci il tarixli xəbərdarlı məktubunun surətindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh ödənilmiş 5963 manat məbləğində pulun İddiaçı MMC-yə ödənilməsi tələb olunmuş, əks təqdirdə borcun məhkəmə qaydasında tələb olunacağı barədə xəbərdarlıq edilmişdir. Mülki iş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz C180” markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2013-cü il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. Mülki iş materiallarında olan xx.xx.2010-xx.xx.2022-ci il tarixlərə olan hesabdan çıxarışdan görünür ki, Cavabdeh tərəfindən İddiaçı MMC-nin hesabına sonuncu 20.11.19cu il tarixdə 865.20 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, cavabdeh bankla arasında bağlanmış kredit müqaviləsinə əsasən 24 ay müddətinə, illik 22%-lə 5766 manat məbləğində kredit götürmüş, ona məxsus avtomobil ipoteka ilə yüklü edilmişdir. İddiaçı ilə bank arasında zaminlik müqaviləsi bağlanmış və iddiaçı cavabdehin öhdəlikləri üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh banka olan borcunu ödəyə bilmədiyi üçün iddiaçı öz hesabına banka ödənilməli olan borc məbləğinin silinməsi barədə bankla razılığa gəlmişdir. İddiaçı banka ödənişlər etmiş, qalıq 5963 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. İddiaçı hazırda həmin məbləğin ona ödənilməsi barədə iddia qaldırmışdır. Tərəflər arasında bağlanılmış zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən Zamin Kreditor qarşısında Borclunun bu müqavilənin 1.2-ci bəndində göstərilən müqavilədən irəli gələn öhdəliyinin icra edilməsi üçün bu müqavilə ilə müəyyən edilmiş həcmdə cavabdehdir. Müqavilənin 2.5.2-ci bəndinə əsasən müştərinin öz öhdəliklərinin yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi haqqinda Bankın xəbərdarlığını aldıqdan sonra Borcalanın Bank qarşısında öhdəliklərini tam və yaxud qismən yerinə yetirərək, tələb olunan məbləği Banka ödəyə bilər. Həmin müqavilənin 2.5.5-ci bəndinə əsasən Zaminliklə təmin edilmiş öhdəliyi yerinə yetirdikdən sonra bu öhdəlik üzrə Kreditorun Borcalana qarşı olan hüquqlarını tələbin təmin edildiyi həcmdə əldə etmək zaminin hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Həmin məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə.və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar”. Həmin Məcəllənin 475.1 -ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, 20 iyun 2013-cü il tarixli, 17-A-1-0-2486-13 saylı zaminlik müqaviləsinə əsasən İddiaçı MMC tərəfindən ödənilmiş cavabdehin banka olan borcundan 5963 manat məbləğində pulun "xxxx" İKB ASC-yə (Yelo Bank ASC) ödənilməsi sübutdur. Ona görə də, məhkəmə hesab edir ki, Cavabdeh 5963 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, dövlət rüsumu üçün ödənilmiş olan 79.63 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 20 iyun 2013-cü il tarixli, 17-A-1-0-2486-13 saylı zaminlik müqaviləsinə əsasən "xxxx" İKB ASC-yə (Yelo Bank ASC) ödənilmiş 5963 manat və dövlət rüsumu üçün 79.63 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar