Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-528/2024 18.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, 6624 manat pul və ödənilmiş 86 manat dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC 2011-ci il tarixdən beynəlxalq yükdaşıma xidməti ilə məşğuldur. Şirkət fəaliyyətə başladığı müddətədən etibarən beynəlxalq standartlara uyğun olaraq yükdaşımanı quru yolu ilə həyata keçirir. MMC-nin direktoru Nümayəndə1dur. "xxxx" MMC ilə Cavabdeh arasında 14/14 №-li, xx.xx.2021-ci il tarixli müqavilə imzalanmışdır. Müqavilənin tərkib hissəsi olan DAF XF 105.460 markalı, ** BD *** dövlət qeydiyyat nişanlı, XLRTE47MS8E818372 şəxsi nömrəli olan yük avtomobili cavabdehin mülkiyyətində və istifadəsində olmuşdur. Belə ki, tərəflər arasında bağlanan müqaviləyə əsasən, cavabdeh MMC-nin rəsmi müqavilərlə təsdiq etdiyi beynəlxalq yük daşımaları xidmətini yerinə yetirməklə məşğuldur. Həmçinin, həmin müqavilənin 3.8-ci maddəsi ilə cavabdehin Azərbaycan Respublikası qanunvericilik aktlarına riayət etməsi, həmçinin bu bənddə göstərilən öhədlik və borclarına MMC-nin heç bir məsuliyyət daşımaması ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Belə ki, cavabdeh yuxarıda qeyd olunan müqavilə öhdəlikləri üzrə xidməti vəzifəsini yerinə yetirərkən Dağıstan Respublikası Gömrük İdarəsində **********/2022 №-li aktla 360.000 (üç yüz altımış min) rubl,yəni 6624 (altı min altı yüz iyirmi dörd) AZN manat məbləğində cərimə olunmuşdur. Cavabdeh tərəfindən Gömrük İdarəsinə təqdim olunan sənədlər əsasında sözügedən cərimə "xxxx" MMC-nin adına qeydiyyata alınmışdır. Lakin MMC ilə cavabdeh arasında bağlnamış müqavilə şərtlərinə əsasən, yazılmış cərimənin MMC-yə heç bir adiyyatı yoxdur, qanunla nəzərdə tutulmuş öhdəliklər cavabdeh tərəfindən icra olunmalı, həmçinin bütün məsuliyyət cavabdehə məxsusdur. Hüquqmüəyyənedici sənədlərdən görünür ki, cavabdeh bununla bağlı üzərinə öhdəlik götürərək öz imzası ilə bunu təsdiq etmişdir. Buna baxmayaraq üzərinə götürdüyü öhdəlikdən boyun qaçırır, cərimə olunmasını MMC-yə aid edərək şirkət qarşısında olan borcunu ödəməkdən imtina edir. Bunun nəticəsi olaraq MMC-nin direktoru Nümayəndə1 tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixdə pretenziya qaydasında məktub göndərilmişdir. SS805555896AZ nömrəli xəbəmaməli məktubu ilə göndərilən məktub cavabdeh tərəfindən qəbul edilmişdir. Lakin cavabdeh məsuliyyətini dərk etmir, MMC-nin adına yazılmış həmin cəriməni ödəmir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 iddia ərizəsini müdafiə edərək ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Mənəfov X1 rayonu, Xırdalan şəhəri Bülbül küçəsi, ev 7 ünvanında kəndində qeydiyyatda olsa da, faktiki olduğu yer məlum olmadığından, məhkəmə bildirişləri cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə Abşeron rayon Abadlıq və Kommunal Xidmətlər İdarəsinə təqdim edilmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinin tələbinə əsasən cavabdehin iştirakı olmadan işə baxmışdır. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin iddia tələbinə dair münasibətini və mülki iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -"xxxx" MMC ilə daşıyıcı Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 14/14 saylı müqavilənin surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan “DAF XF 105.460” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı yük avtomobili və Koegel markalı, ** ZX *** dövlət qeydiyyat nişanlı yarımqoşqu ilə Beynəlxalq yük daşımaları xidmətini yerinə yetirməyi öhdəlik götürmüşdür. Müqavilənin 3.8-ci bəndinə əsasən, Azərbaycan Respublikasının vergi, nəqliyyat və sosial müdafiə, fövqalədə hallar, ekologiya, daxili işlər və digər sahələrdəki bütün qanunvericilik aktlarına riayət edir. Müstəqil olaraq müvafiq icra hakimiyyəti orqanları qarşısında tam məsuliyyət və cavabdehlik daşıyır. “Daşıyıcı”nın bu bənddə göstərilən öhdəliklərinə və borclarına “Firma” heç bir məsuliyyət daşımır. -Federal Gömrük Xidməti Şimali-Qafqaz Gömrük İdarəsi Dağıstan Gömrüyü tərəfindən qəbul edilmiş 10801-000-149/2022 nömrəli inzibati xəta haqqında iş üzrə inzibati cəzanın təyin edilməsi barədə 15 fevral 2021-ci il tarixli qərarından görünür ki, daşıyıcı “X5 Forwarder” MMC Rusiya İXM-nin 12.21.1-ci maddəsinin 3-cü hissəsi ilə nəzərdə tutulan inzibati hüquq pozuntusunun törədilməsində təqsirli bilinib, ona 360000,00 rubl məbləğində inzibati cərimə şəklində inzibati cəza təyin edilmişdir. Həmin qərardan görünür ki, “X5 Forwarder” MMC-də sürücü kimi işləyən X4 xx.xx.2021-ci il tarixdə Ukraynadan Azərbaycan Respublikasına qrafitin beynəlxalq avtomobil daşınmasını həyata keçirməklə ** ZX *** dövlət nömrə nişanlı, Koegel markalı yarımqoşqusu ilə ** BD *** dövlət nömrə nişanlı “DAF” markalı yük avtomobili ilə X2 gömrük postunun (DG MGP) gömrük nəzarəti zonasına daxil olmuşdur. Həmin qərardan daha sonra görünür ki, gömrük nəzarəti həyata keçirilərkən VQKA “Rubej-M” nəqliyyat vasitələrinin iri qabaritli xarakteristikalarının avtomatik təyin edilməsi kompleksinin tətbiqi ilə çəki parametrlərinin faktiki nəzarəti zamanı (23 avqust 2021-ci il tarixli 88455830 nömrəli, 23 avqust 2022-ci il tarixinədək qüvvədə olan yoxlama şəhadətnaməsi, tərəzi №46586) göstərilən nəqliyyat vasitəsinin üçüncü və dördüncü oxlarına icazə verilən yüklənmənin müvafiq olaraq 1980 kq və 2190 kq aşması ilə ifadə olunan pozuntu aşkar edilmişdir. Yəni, sürücü X3 ağır yüklərin beynəlxalq daşıması üçün xüsusi icazəsi olmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli 14/14 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, daşıyıcı Cavabdeh mülkiyyətində olan “DAF XF 105.460” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı yük avtomobili və Koegel markalı, ** ZX *** dövlət qeydiyyat nişanlı yarımqoşqu ilə Beynəlxalq yük daşımaları xidmətini yerinə yetirməyə öhdəlik götürmüşdür. Cavabdehin mülkiyyətində olan həmin yük avtomobili ilə sürücü X4 xx.xx.2021-ci il tarixdə Ukraynadan Azərbaycan Respublikasına qrafitin beynəlxalq avtomobil daşınmasını həyata keçirərkən, X2 gömrük postunun (DG MGP) gömrük nəzarəti zonasına daxil olmuş, gömrük nəzarəti həyata keçirilərkən göstərilən nəqliyyat vasitəsinin üçüncü və dördüncü oxlarına icazə verilən yüklənmənin müvafiq olaraq 1980 kq və 2190 kq aşması ilə ifadə olunan pozuntu aşkar edilmişdir. Yəni, sürücü X3 ağır yüklərin beynəlxalq daşıması üçün xüsusi icazəsi olmamışdır. Bu səbəbdən də daşıyıcı “X5 Forwarder” MMC Federal Gömrük Xidməti Şimali-Qafqaz Gömrük İdarəsi Dağıstan Gömrüyünün 10801-000-149/2022 nömrəli, 15 fevral 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə inzibati cəzanın təyin edilməsi barədə qərarı ilə Rusiya İXM-nin 12.21.1-ci maddəsinin 3-cü hissəsi ilə nəzərdə tutulan inzibati hüquq pozuntusunun törədilməsində təqsirli bilinərək 360000,00 rubl məbləğində inzibati cərimə edilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 3.8-ci bəndinə uyğun olaraq Cavabdeh yaranmış pozuntu ilə bağlı tam məsuliyyət üzrə cavabdehlik daşıdığından, müqavilənin həmin bəndinə görə iddiaçı heç bir məsuliyyət daşımadığından, iddiaçı dəymiş 6624 manat maddi ziyanın cavabdehdən məhkəmə qaydasında tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə tələb ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2.-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. Mülki iş materiallarına əlavə olunmuş Federal Gömrük Xidməti Şimali-Qafqaz Gömrük İdarəsi Dağıstan Gömrüyünün 10801-000-149/2022 nömrəli, 15 fevral 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə inzibati cəzanın təyin edilməsi barədə qərardan müəyyən olunduğu kimi, baş vermiş pozuntu nəticəsində iddiaçıya 6624 manat maddi ziyanın vurulması öz təsdiqini tapmışdır. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin izahatını, mülki iş materiallarına əlavə olunmuş sübutları və qanunvericiliyin tələblərini paralel şəkildə qiymətləndirib belə qənaətə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 6624 manat pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 86 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh dəymiş maddi ziyana görə 6624 (altı min altı yüz iyirmi dörd) manat və ödənilmiş dövlət rüsumuna görə 86 (səksən altı) manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Habil Əhmədov