Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-5333/2022 28.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh mülkiyyətçiyə məxsus ünvan 1 ünvanında yerləşən 04 saylı evə yaşayış-istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 64 kv.m, köməkçi sahəsi 23.2 kv.m olan 3 otaqlı 04 saylı ev xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Həmin mənzildə qeydiyyatda olan Cavabdeh mülkiyyətçinin oğludur. Cavabdeh ailə qurmuş, ailəsi ilə birlikdə daimi yaşamaq üçün başqa ünvana köçmüşdür. Belə ki, iddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.1 ha olan torpaq sahəsinin 0.05 ha sahəsini Cavabdeh bağışlamışdır. Həmin torpaq sahəsində tikilmiş evdə cavabdeh ailəsi ilə birlikdə yaşamış, bir müddət keçdikdən sonra isə həmin evi sataraq başqa ünvana köçmüşdür. Tərəflər öz aralarında belə razılığa gəlmişlər ki, iddiaçı cavabdehə mülkiyyətində olan torpaq sahəsinin 0.05 ha sahəsini bağışlayacaq, cavabdeh isə iddiaçıya məxsus olan evdən qeydiyyatdan çıxacaqdır. Lakin cavabdeh həmin mənzildə yaşamasa da pasport qeydiyyatında qalmışdır. Cavabdehin həmin mənzildə formal qeydiyyatda qalması mülkiyyətçinin mülkiyyət hüququna əsassız müdaxilə edir. Mübahisənin məhkəmədən kənar qaydada həlli mümkün deyildir. Belə ki, bağışlama müqaviləsi bağlandıqdan sonra qeydiyyatdan çıxması ilə bağlı dəfələrlə cavabdehə müraciət edilsə də, cavabdeh iddiaçının müraciətini nəzərə almamışdır. Cavabdehin hər gün bir bəhanə ilə ailədə söz-söhbət yaratması iddiaçını təngə gətirmişdir. Ona görə də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş və hesab edir ki, cavabdehin hər hansı bir kompensasiya tələbi də ola bilməz, çünki iddiaçının cavabdehə ödəməli olduğu kompensasiya verdiyi torpaq sahəsi ilə əvəz edilməli və cavabdehin mənzildən istifadə hüquqlarına xitam verilməlidir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, sözügedən mübahisəli mənzil hüquqlarını müdafiə etdiyi İddiaçı məxsusdur, cavabdeh iddiaçının övladı olmaqla artıq uzun müddətdir ki, həmin evdə yaşamır və hazırda, evdən köçərək Sumqayıt şəhəri Kotec qəsəbəsində yerləşən Bağlar massivində sənədsiz evdə ailə üzvləri ilə birlikdə yaşayır. Lakin cavabdeh hazırki evdə formal olaraq qeydiyyatdadır. İddiaçının verdiyi məlumata görə, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi olmuş, iddiaçı iki övladı olduğundan həmin torpaq sahəsini yarı şəkildə olmaqla övladlarına vermək istəyir. Belə ki, iddiaçı sağlığında miras əmlak olaraq torpaq sahəsini övladlarının arasında bölmək istəyir. Cavabdeh həmin evi sataraq Sumqayıt şəhərində sənədsiz ev almışdır. Bu səbəbdən də, iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Belə ki, iddiaçı cavabdehə əmlak verməsi qənaətinə gəldiyindən digər övladına da əmlak vermək istəyir. Məhkəmədən kənar qaydada, iddiaçı oğlu olan cavabdehlə danışıq etmiş, lakin cavabdeh aldığı ev sənədsiz olduğundan hara qeydiyyata düşəcəyini bilmir. Bununla belə, tərəflər arasında ata-oğul münasibəti olmaqla münasibətləri gərgin deyildir. Bildiyi qədərilə, cavabdeh məhkəmə bildirişlərini alır, məhkəmə iclaslarından məlumatlıdır, lakin məhkəmə iclasına gəlməyəciyini bildirmişdir. İddiaçı evi cavabdehə bağışlamışdır. Belə ki, bir həyətin içində olsa da, bağışlanmış ev ayrıdır. Başqa sözlə, torpaq sahəsində iki tikili mövcuddur. Əsas məqsəd cavabdehi qeydiyyatdan çıxartmaqdır. Cavabdeh həmin evi satmış, çıxarış isə cavabdehdədir. Bu səbəbdən də, həmin çıxarışı təqdim etməsi mümkün deyildir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən, təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 4.1. maddəsinə əsasən, bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə İcra Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli sərəncamdan çıxarışdan görünür ki, vətəndaşların mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli 488 nömrəli sərəncamı ilə Saray Qəsəbə İcra Hakimiyyətinin sərəncamına verilmiş 34.7 ha torpaq sahəsinin 6-cı küçəsindəki 04 nömrəli sahədə İddiaçı 0.10 ha həyətyanı sahənin ayrılması və həmin sahədə ona mənzil tikməyə icazə verilməsi qərara alınmışdır. -Hədiyyə verən İddiaçı ilə hədiyyə alan Cavabdeh arasında bağlanmış, 4Ə-707 reyestr nömrəli xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, hədiyyə verən Abşeron rayonu Saray qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.1 ha olan torpaq sahəsinin tam mülkiyyət hüququ üzrə ona məxsus olan 0.05 ha hissəsini oğlu olan Cavabdeh mülkiyyətinə vermiş, tərəflər bağışlanan daşınmaz əmlakı qiymətləndirməmişlər. -Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu Saray qəsəbəsi E.Hümbətov küçəsində yerləşən 3 otaqlı 4 saylı yaşayış sahəsi İddiaçı Nəcmətdin oğlunun adına 10968 saylı reyestr kitabında 1459 nömrəsi ilə qeydə alınmış və qeydə alınmasına əsas Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə Nümayəndəsinin xx.xx.1992-ci il tarixli 20 saylı Qərarı əsasında olmuşdur. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AA № 625587 saylı plan və ölçünün notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0.05 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir və həmin sənədin tərtib edilməsinə əsas 4Ə-707 reyestr nömrəli xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi olmuşdur. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0.05 ha torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********18 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı, X5, Cavabdeh və X1 rayonu Saray qəsəbəsi E.Hümbətov küçəsi 4 saylı evdə qeydiyyatdadır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı və Aslanov X6 rayonu Saray qəsəbəsi E.Hümbətov küçəsi 4 saylı evdə qeydiyyatdadır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar və iddiaçının izahatı əsasında müəyyən olunmuşdur ki, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.1 ha torpaq sahəsində inşa edilmiş 4 saylı fərdi yaşayış evi İddiaçı mülkiyyətində olmaqla bu barədə ona Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən qeydiyyat vəsiqəsi verilmişdir. Həmin torpaq sahəsində iki tikili inşa edilmiş və sözügedən torpaq sahəsinin yarısı, yəni, 0.05 ha hissəsi daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında hədiyyə verən İddiaçı tərəfindən hədiyyə alan Cavabdeh bağışlanmış və bu barədə xx.xx.2021-ci il tarixdə notarial qaydada təsdiq olunmuş 4Ə-707 reyestr nömrəli müqavilə bağlanmışdır. Hazırda, iddiaçı onun mülkiyyətində olan torpaq sahəsinin yarısını hədiyyə şəklində cavabdehə verdiyindən onun mənzilində qeydiyyatda olan, lakin həmin mənzili tərk edərək başqa yerə köçdüyünü iddia etdiyi oğlu - Cavabdeh istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 152.1. maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki iş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsi tərəflərin iştirakı ilə Sumqayıt “Asan” Xidmət mərkəzi Notariat Ofisində 4Ə-707 reyestr nömrəsi ilə təsdiq edilmiş, hədiyyə alan torpaq sahəsini xüsusi mülkiyyətinə qəbul etməklə həmin əmlak üzərində mülkiyyət hüquqları təsdiq olunmuş, başqa sözlə, torpaq sahəsinin hədiyyə verilməsi ilə cavabdeh “zənginləşmişdir”. Mülki Məcəllənin; 666.1. maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 666.2. maddəsinə əsasən, bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Beləliklə, bağışlama müqaviləsi qanunvericiliyin tələblərinə uyğun şəkildə bağlanmışdır. İddia ərizəsindən isə göründüyü kimi isə, iddiaçı ona xüsusi mülkiyyət hüququ əsasında məxsus olan 0.1 ha torpaq sahəsinin 0.05 ha hissəsini cavabdehə bağışlamaqla və cavabdehin həmin torpaq sahəsini sataraq başqa yerə köçdüyünü iddia etməklə onun istifadə hüququna xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı oğluna pay torpaq sahəsinin bağışlanması müqabilində oğlunun fərdi yaşayış evinə istifadə hüququnun itirilməsini xahiş etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, qanunvericiliyin tələblərindən göründüyü kimi, Abşeron rayonu Saray qəsəbəsində 0.05 ha torpaq sahəsi iddiaçı tərəfindən cavabdehə bağışlanmış və bu bağışlama hər hansı bir qarşılıq olmadan cavab xidməti ilə şərtləndirilməmişdir. Başqa sözlə, bağışlama qanunun tələblərinə əsasən, hədiyyəni qəbul edən şəxsi zənginləşdirdiyindən və bu hal, iddiaçını cavabdeh qarşısında istifadə hüququna xitam verərkən kompensasiya ödəmək vəzifəsindən azad etmədiyindən iddia tələbi əsaslı deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» xx.xx.2001-ci il tarixli Qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Göründüyü kimi, hazırki iş üzrə Cavabdeh İddiaçı oğlu olmaqla sonuncunun ailə üzvüdür. Mülki Prosessual Məcəllənin 217.2.-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında xx.xx.1999-cu il tarixli Qərarı”nda göstərmişdir ki, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Məhkəmə qanunvericiliyin, həmçinin, Plenum Qərarının tələblərinə istinad edərək qeyd edir ki, göründüyü kimi, qanunvericilik mülkiyyətçinin ailə üzvü hesab olunan şəxsin qanunvericiliklə müəyyən edilmiş müddətdən artıq daimi yaşamaq üçün başqa ünvana köçməsi sübuta yetirildiyi təqdirdə istifadə hüququna xitam verilməsini nəzərdə tutmuşdur. Lakin hazırki iş üzrə iddiaçı cavabehin uzun müddətdir ki, onun mülkiyyətində olan mənzildə deyil, başqa ünvanda yaşadığını qeyd etsə də, sonuncunun daimi olaraq başqa yerə köçməsini sübuta yetirəcək mötəbər sübutlarını məhkəməyə təqdim etməmiş, yalnızca mənzilin onun mülkiyyətində olmasını təsdiq edən çıxarışı və cavabdehin həmin mənzildə qeydiyyatda olmasına dair arayışı təqdim etməklə kifayətlənmişdir. Halbuki, sübutetmə yükü iddiaçının öz üzərinə düşdüyü halda, iddiçı tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli Qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X2 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5№li Qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Məhkəmə həmçinin, qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir...Beləliklə, göstərilənlərə əsasən belə nəticəyə gəlinir ki, yaşayış sahəsinin mülkiyyətçisinin razılığı ilə onun mülkiyyətində olan yaşayış yeri üzrə qeydiyyata alınma həmin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını ehtiva etmir. Belə ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olub-olmamasından asılı etməmişdir. Mövcud qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması əsasları ilə yanaşı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarını da nəzərdə tutmuşdur. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən. Göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. İddia ərizəsinin mahiyyətindən göründüyü kimi, iddiaçı mübahisəli fərdi yaşayış evinə cavabdehin istifadə hüququnun itirilməsini xahiş etsə də, əsas məqsədin cavabdehin qeydiyyatdan çıxarmaq olduğunu da istisna etməmişdir. Məhkəmə isə Plenum Qərarına istinad edərək, bununla bağlı bildirir ki, şəxsin mənzildən qeydiyyatdan çıxarılması onun istifadə hüququna xitam verilməsi ilə bağlı məhkəmə qətnaməsi olduğu halda mümkündür. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında Cavabdeh iddiaçının mülkiyyətində olan mənzili tərk edərək daimi yaşamaq üçün başqa ünvana köçməsi öz təsdiqini tapmadığından və iddia tələbi iddiaçı tərəfindən sübuta yetirilmədiyindən məhkəmə iddia ərizəsinin təmin edilməməsi qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-5333/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-5333/2022
28.11.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver