Məhkəmə qərarları › İş №e-2(012)-5450/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-5450/2025

06.11.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-5450/2025 06.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, Ərizəçi (maraqlı şəxs X3) imtina məktubunun qanunsuz hesab edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin maraqlı şəxsin üzərinə qoyulması tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi (maraqlı şəxs X3) imtina məktubunun qanunsuz hesab edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin maraqlı şəxsin üzərinə qoyulması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 16 saylı notariat ofisinin xx.xx.2025-ci il tarixli 296 saylı imtina məktubunun qanunsuz hesab edilməsi, ərizəçinin bibisi X1 miras qalmış ünvan 1 ünvanda mülkiyyətdə olan 0.066780 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 161 kv. metr fərdi yaşayış evinin və ünvan 2 ünvanda yerləşən 37.3 kv. metr mənzilin ¼ hissəsinə dair, Ərizəçi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi öhdəliyinin Bakı şəhəri 16 saylı notariat ofisinin xüsusi notariusu X2 üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, lakin onun vəkili-nümayəndəsi Vəkil xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə ərizə ilə müraciət edərək, sübutların siyahısında dəqiqləşdirmə aparılması zərurəti ilə əlaqədar hazırlıq iclasının təxirə salınmasını xahiş etmişdir. Belə olan halda məhkəmə mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs X3 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən gəlməmişdir. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, mülki iş materiallarından – xx.xx.2024-cü il tarixli, ********** saylı qəbzdən göründüyü kimi ərizəçi tərəfindən ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu Abşeron Rayon Məhkəməsinin hesabına ödənilməli olduğu halda Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hesabına ödənilmişdir. Mülki Prosessual Məcəllənin: 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 108.1.1-ci maddəsinə əsasən iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilməlidir. 150.0.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. 259.0.12-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, ərizə baxılmamış saxlanılır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, mövcud iddia ərizəsi üzrə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödəmiş olmasına baxmayaraq, qanunla müəyyən edilmiş qaydada ödəmədiyindən, habelə məhkəmə araşdırması zamanı ərizəçiyə xx.xx.2025-ci il tarixdə ərizə ilə sözügedən nöqsanları aradan qaldırılması təklif edilməsinə baxmayaraq, ərizəçi tərəfindən həmin nöqsan aradan qaldırılmadığından, yəni qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədiyindən, hazırki ərizə baxılmamış saxlanılmalı, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. Həmçinin Mülki Prosessual Məcəllənin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, dövlət rüsumu geri qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, hazırki ərizə baxılmamış saxlanıldığından iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Ərizəçi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 267 və 268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizəçi (maraqlı şəxs X3) imtina məktubunun qanunsuz hesab edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin maraqlı şəxsin üzərinə qoyulması tələbinə dair mülki iş baxılmamış saxlanılsın. Ərizəçi hazırki mülki iş (e-2(012)-5450/2025 saylı mülki iş) üzrə ödəmiş olduğu 100 (yüz) manat məbləğində dövlət rüsumu (********** saylı qəbz əsasında) dövlət büdcəsinin vəsaiti hesabından ərizəçiyə qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar