Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-5534/2025 25.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Cavabdeh qarşı “satmaq öhdəliyi ilə kirayə müqaviləsinə xitam verilməsi, yaşayış sahəsindən çıxarılma, kirayə haqlarının ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu Cavabdeh qarşı “satmaq öhdəliyi ilə kirayə müqaviləsinə xitam verilməsi, yaşayış sahəsindən çıxarılma, kirayə haqlarının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu ilə Cavabdeh arasında bağlanmış 17 sentyabr 2024-cü il tarixli KM5801 nömrəli satmaq öhdəliyi ilə kirayə müqaviləsinə xitam verilməsi, Cavabdeh Fonda məxsus Abşeron rayonu, Saray qəsəbəsi, M.Əsədov küçəsi 1, “Saray H yaşayış kompleksi” ev 19, mənzil 89 yaşayış sahəsindən çıxarılması və mənzilin boşaldılaraq Fonda təhvil verilməsi, satmaq öhdəliyi ilə kirayə müqaviləsinə əsasən ödənilməli aylıq ödənişlər üzrə yaranmış 1122,51 (min yüz iyirmi iki manat əlli bir qəpik) manat məbləğində borc, o cümlədən 100 manat dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı AR İpoteka və Kredit Zəmanət Fondunun nümayəndəsi Nümayəndə təqdim edilmiş barışıq sazişinin təsdiq edilməsini və iş üzə icraata xitam verilməsini xahiş etdi. O, bu barədə məhkəməyə ərizə təqdim etdi. Cavabdeh iddiaçı ilə razılığa gəldiklərini bildirərək, barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə tərələri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barışıq sazişi təsdiq edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. İş materialına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, 26 nömrəli barışıq sazişindən görünür ki, tərəflər aralarındakı mübahisəni məhkəmədən kənar qaydada həll etmək barədə razılığa gəlmişdirlər. Məhkəmə hesab edir ki, tərəflər artıq razılığa gələrək, mövcud mübahisəni məhkəmədən kənar qaydada öz aralarında həll etdiklərindən, tərəflər arasında artıq mübahisə mövcud deyildir. Buna görə də işin məhkəmədə mahiyyəti üzrə baxılmasına hər hansı zərurət və lüzum yoxdur. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd edilən Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə xitam verilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər mövcud mübahisənin həllinə dair öz aralarında razılığa gələrək, mübahisənin məhkəmədən kənar qaydada həllinə dair barışıq sazişi bağladıqlarından və bu barışıq sazişi tərəflərin iradə ifadəsi olduğundan, habelə mübahisə tərəflərinin hər bir iştirakçısı göstərilən barışıq sazişi ilə razı olaraq onun nəticələrini qəbul etdiklərindən və buna görə də barışıq sazişinin təsdiq edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etdiklərindən mahiyyəti üzrə baxılması üçün əsas yoxdur. Buna görə də artıq mövcud olmayan və mübahisə doğurmayan iddiaya mahiyyəti üzrə baxıla bilməz. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Bundan başqa, işdən görünür ki, iddiaçı hazırki iddia ərizəsini verərkən müvafiq ödəniş sistemi vasitəsilə ********** saylı qəbzlə Abşeron Rayon Məhkəməsinə 100 manat məbləğində dövlət rüsumunu xx.xx.2025-ci ildə ödəmişdir. Mülki-Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, dövlət rüsumu geri qaytarılır. “Dövlət rüsumu haqqında” AR Qanununun 5.1.3-cü maddəsinə əsasən, məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, hazırki iş üzrə icraata xitam verilməli, habelə iş üzrə iddiaçının ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və MPM-nin 52, 191 və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixdə bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin. Maddə 2. Barışığın şərtləri 2.1. Tərəflər razılığa gəlirlər ki, bu Saziş imzalandıqdan və Abşeron Rayon Məhkəməsi (bundan sonra - məhkəmə) tərəfindən təsdiq edildiyi tarixdən etibarən Tərəflər arasında bağlanmış 17 sentyabr 2024-cü il tarixli KM5801 nömrəli Satmaq öhdəliyi ilə kirayə müqaviləsi (bundan sonra - kirayə müqaviləsi) üzrə münasibətlər təkrar davam etdirilir və Tərəflər kirayə müqaviləsi üzrə hüquq və vəzifələrini icra edəcəkdir. 2.2. Birinci tərəf təsdiq edir ki, bu Saziş imzalandığı tarixdən etibarən kirayə müqaviləsinin əlavəsi olan ödəniş cədvəli üzrə aylıq ödənişlərini cədvəl üzrə vaxtlıvaxtında həyata keçirəcəkdir. 2.3. Tərəflər təsdiq edir ki, Birinci tərəf 17 noyabr 2025-ci il tarixinədək ümumilikdə ödənilməmiş borcu olan 2020,37 (iki min iyirmi manat, otuz yeddi qəpik) manat vəsaiti İkinci tərəfə nağdsız qaydada ödəmişdir. 2.4. Birinci tərəf təsdiq edir kı, həmçinin kirayə müqaviləsinin əlavəsi olan ödəniş cədvəlinə uyğun olaraq aylıq qaydada kirayə haqqını ödəyəcəkdir. 2.5. Birinci tərəf təsdiq edir ki, bu Sazişin 2.4-cü bəndində qeyd olunan öhdəliklər nəzərdə tutulduğu qaydada icra edilmədikdə və ya gecikdirildikdə İkinci tərəf kirayə müqaviləsinə birtərəfli qaydada xitam verir, o cümlədən ödənilməmiş qalıq borc məbləğindən əlavə qanunvericiliyə uyğun olaraq gecikmə faizi, zərər və əldən çıxmış faydanı ondan tələb edə bilər. 2.6. Birinci tərəf təsdiq edir ki, bu Sazişin 2.4-cü bəndində qeyd olunan öhdəlik onun tərəfindən nəzərdə tutulduğu qaydada icra edilmədikdə və ya gecikdirildikdə, o cümlədən qeyd olunan səbəblərdən İkinci tərəf kirayə müqaviləsinə birtərəfli qaydada xitam verdikdə, Birinci tərəf kirayə müqaviləsi üzrə istifadəsinə verilmiş mənzili boşaldaraq İkinci tərəfə 5 (beş) iş günü ərzində təhvil verir və 10 (on) iş günü müddətində qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılmasını təmin edir. Mənzil təhvil verilmədiyi təqdirdə İkinci tərəf mənzilin boşaldılması və təhvil verilməsi, o cümlədən qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üçün bu Sazişin məcburi icrası üzrə icra sənədi ilə icraya müraciət edir. 2.7. Bu Sazişin imzalanması və məhkəmə tərəfindən təsdiq edilməsi əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız bu Sazişin və Tərəflər arasında bağlanılmış kirayə müqaviləsinin şərtləri etibarlıdır. 2.8. Bu Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini və ya aidiyyəti şəxsləri, filiallarını, törəmələrini, təsisçilərini və onların müvafiq təmsilçilərini, hazırkı və keçmiş direktorlarını, vəzifəli şəxslərini, idarəçilərini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin məhkəmə tərəfindən təsdiq edildiyi ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. 2.9. Tərəflər razılığa gəlirlər ki, bu Saziş təsdiq edilənədək yaranmış məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərcləri tərəflərin özləri qarşılayırlar. 2.10. Bu Saziş icra edilmədiyi təqdirdə məcburi icra üçün Tərəflərdən biri icra sənədinin verilməsi üçün məhkəməyə müraciət edir. Əgər hər hansı tərəf digər tərəfə qarşı bu Sazişin icrası ilə əlaqədar məcburi icra üzrə icra orqanına müraciət edərsə, həmin tərəfin icra ilə əlaqədar tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəyir. 2.11. Bu Saziş məhkəmə qərardadı ilə təsdiq edildiyindən, sazişin məcburi icrası məhkəmənin verdiyi icra sənədinə əsasən həyata keçirilir. 2.12. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. Maddə 3. Digər şərtlər 3.1. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan bu Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Bu Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.2. Tərəflər bu Sazişi imzalayaraq təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla məsləhətləşmək hüququ vardır və onlar bu Sazişin şərt və müddəaları ilə əlaqədar öz vəkilləri ilə məsləhətləşiblər və ya bu Sazişi imzalamaqla bu hüquqlarından imtina edirlər. Tərəflər, həmçinin təsdiq edirlər ki, onlar bu Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.3. Bu Saziş məhkəmə tərəfindən təsdiq edildikdə Birinci tərəf, qanunvericiliklə tələb edildiyi hallar və ya İkinci tərəfin yazılı razılığı olduğu hallar istisna olmaqla, bu Sazişin bağlanılması zamanı əldə edilmiş hər hansı bir məlumatı, sənədləri və ya bu Sazişin məzmununu məxfi saxlamaq və bunu heç kimə açıqlamamaq vəzifələrini bir daha təsdiqləyir. Bu Sazişin məzmununun üçüncü şəxslərə açıqlanmasına görə birinci tərəf məsuliyyət daşıyır. 3.4. Bu Saziş bütün tərəflər tərəfindən imzalanana və məhkəmə tərəfindən təsdiq edilənədək heç bir tərəf üçün məcburi olmayacaqdır, Saziş imzalandığı və məhkəmə tərəfindən təsdiq edildiyi andan qüvvəyə minir. 3.5. Bu Saziş 3 nüsxədə imzalanır, tərəflərin hər birində bir nüsxə qalmaqla, digər nüsxə təsdiq üçün Abşeron Rayon Məhkəməsinə təqdim ediləcəkdir. Hazırki iş üzrə eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. İddiaçı Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Cavabdeh qarşı satmaq öhdəliyi ilə kirayə müqaviləsinə xitam verilməsi, yaşayış sahəsindən çıxarılma, kirayə haqlarının ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu hazırki mülki iş (e-2(012)-5534/2025 saylı mülki iş) üzrə ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu (********** saylı qəbz) dövlət büdcəsinin vəsaiti hesabından iddiaçı Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna (VÖEN **********, Büdcə təsnifat kodu: 142213, Büdcə səviyyə kodu: 1, Xəzinə hesabı: AZ66CTRE********************) qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №e-2(012)-5534/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-5534/2025
25.11.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver