Məhkəmə qərarları › İş №e-2(012)-5598/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-5598/2023

27.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-5598/2023 27.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər üzrə pul tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı qarşı icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər üzrə pul dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, məcburi icra tədbirləri zamanı tələbkar İddiaçı ASC tərəfindən ödənilmiş 1963.5 manat icra ödənişi, 1402 manat icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər (hərracın keçirilməsi xərci), cəmi 3365.5 manat pulun və 53.66 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(012)-3640/2017 saylı qətnaməsi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh, X4, X5, X6 qarşı girovlu istehlak krediti müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilərək, xx.xx.2014-cü il tarixli, 127621-CNS-6140 saylı “Girovlu istehlak krediti müqaviləsi” üzrə xx.xx.2016-cı il tarixinə 15494.12 ABŞ dolları məbləğində əsas borc, 4687.19 ABŞ dolları məbləğində faiz borcu, 37.80 ABŞ dolları məbləğində cərimə, cəmi 20219.11 ABŞ dolları məbləğində ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun İddiaçı ASC-nin xeyrinə tutulması, cavabdehə məxsus Abşeron rayonu, Saray qəsəbəsində 118.3 kv.m. ümumi, 75.8 kv.m yaşayış sahəsi, 42.5 kv.m. yardımçı sahədən ibarət olan 4 otaqlı fərdi yaşayış evinin açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitdən 20219.11 ABŞ dolları məbləğdə ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun İddiaçı ASC-nin hesabına keçirilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(105)-2431/2018 saylı qətnaməsi ilə (sədrlik edən hakim T.Quliyev) cavabdeh X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəlmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli 17/758İ232 saylı sifariş məktubuna əsasən borclu Cavabdeh məxsus Abşeron rayonu, Saray qəsəbəsində 118.3 kv.m. ümumi, 75.8 kv.m yaşayış sahəsi, 42.5 kv.m. yardımçı sahədən ibarət olan 4 otaqlı fərdi yaşayış evinin hərrac təşkilatçısı “X1 Mərkəzi” MMC vasitəsi ilə açıq hərraca çıxarılmışdır. Lakin təkrar hərracın baş tutmaması səbəbindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka predmeti ipoteka saxlayana təklif olunmuşdur. Hərrac təşkilatçısı “X1 Mərkəzi” MMC-nin 09 mart 2020-ci il tarixli 87 saylı “Hərracın yekunları barədə Protokolu”na əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq, Cavabdeh məxsus Abşeron rayonu, Saray qəsəbəsində 118.3 kv.m. ümumi, 75.8 kv.m yaşayış sahəsi, 42.5 kv.m. yardımçı sahədən ibarət olan 4 otaqlı fərdi yaşayış evini ipoteka saxlayan İddiaçı ASC tərəfindən əldə edilmişdir. 12 mart 2021-ci il tarixli ********* saylı ödəniş tapşırığı ilə müəyyən olunur ki, İddiaçı ASC tərəfindən “X1 Mərkəzi” MMC-nin "xxxx" ASC-də olan hesabına Cavabdeh məxsus Abşeron rayonu, Saray qəsəbəsində 118.3 kv.m. ümumi, 75.8 kv.m yaşayış sahəsi, 42.5 kv.m. yardımçı sahədən ibarət olan 4 otaqlı fərdi yaşayış evinin hərrac xidmətinin dəyəri olaraq 1402 (min dörd yüz iki) manat ödənilmişdir. 12 mart 2021-ci il tarixli ********* saylı ödəniş tapşırığı ilə müəyyən olunur ki, İddiaçı ASC tərəfindən X2 hesabına Cavabdeh icra işi ilə əlaqədar Abşeron rayon İcra və Probasiya şöbəsinə 1963.50 (min doqquz yüz altmış üç manat 50) manat məbləğində icra ödənişi ödənilmişdir. Qeyd olunan ödəniş tapşırıqlarından göründüyü kimi, 1402 (min dörd yüz iki) manat məbləğində hərracın keçirilməsi xərci və 1963.50 (min doqquz yüz altmış üç manat 50) manat məbləğində icra ödənişi borclu Cavabdeh əvəzinə tələbkar İddiaçı ASC tərəfindən ödənilmişdir.Halbuki, qüvvədə olan qanunvericiliyinin tələbinə əsasən həm icra ödənişi, həm də icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər (hərracın keçirilməsi xərcləri) borclu tərəfindən ödənilir. Göründüyü kimi, borclu Cavabdehməcburi icra tədbirləri zamanı icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərcləri ödəməməklə qanunvericiliklə üzərinə düşən öhdəliyi icra etməmiş, həmin ödənişləri onun əvəzinə tələbkar ödəmiş və bunun nəticəsində borclu Cavabdeh tərəfindən tələbkar İddiaçıASC-nə maddi zərər yetirilmişdir. Hesab edirlər ki, məcburi icra tədbirləri zamanı tələbkar İddiaçı ASC tərəfindən ödənilmiş icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilməlidir. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, ərizə xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və xx.xx.2023-cü il tarixdə məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -“X1 Mərkəzi” MMC-nin 09 mart 2020-ci il tarixli 87 saylı “Hərracın yekunları barədə Protokolu”ndan və əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, Abşeron Rayon İcra və Probasiya Şöbəsinin 17/758İ232 saylı, xx.xx.2021-ci il tarixli sifariş məktubuna əsasən, Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(012)-3640/2017 saylı icra vərəqəsinə əsasən, Cavabdeh məxsus Abşeron rayonu, Saray qəsəbəsində 118.3 kv.m. ümumi, 75.8 kv.m yaşayış sahəsi, 42.5 kv.m. yardımçı sahədən ibarət olan 4 otaqlı fərdi yaşayış evini ilkin satış qiyməti 44000 manat, əmlakın ipoteka saxlayan tərəfindən alış qiyməti 28050 manat olmaqla “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq, ipoteka saxlayan İddiaçı ASC tərəfindən əldə etmişdir. - 12 mart 2021-ci il tarixli ********* saylı ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən “X1 Mərkəzi” MMC-nin "xxxx" ASC-də olan hesabına fərdi yaşayış evinin hərrac xidmətinin dəyəri olaraq 1402 (min dörd yüz iki) manat pul ödənilmişdir. -12 mart 2021-ci il tarixli ********* saylı ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən X2 hesabına Cavabdeh icra işi ilə əlaqədar Abşeron rayon İcra və Probasiya şöbəsinə 1963.50 (min doqquz yüz altmış üç manat 50) manat məbləğində icra ödənişi ödənilmişdir. -DƏDRX tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 118.3 kv.m. ümumi sahədən ibarət olan 35 saylı fərdi yaşayış evi İddiaçı ASC-nin xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. -xx.xx.2023-cü il tarixli pretenziyadan görünür ki, bank tərəfindən borcalana ödənilmiş 1963.50 manat icra ödənişi, 1402 manat məbləğində icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclərin (hərracın keçirilməsi xərci) 5 iş günü müddətində qaytarılmadığı təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən İddiaçı ASC – adlı quruma, VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə qeydə alınmış və xx.xx.2021-ci il tarixli, **********922300 nömrə ilə çıxarış verilmiş, əvvəlki qanuni təmsilçi Borodin Evgeny, hazırki qanuni təmsilçi isə X7. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh Abşeron rayonu Saray qəsəbəsində qeydiyyatdadır. İşin araşdırılan hallarından və tədqiq olunmuş sənədlərdən təsdiq olunur ki, cavabdeh icra sənədi üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, bu səbəbdən də tələbkar İddiaçı ASC-yə icra ödənişinə görə 1963.5 manat, icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclərə (hərracın keçirilməsi xərci) görə 1402 manat, cəmi 3365.5 manat borcu yaranmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən, icra məmuru icraata başlamaq haqqında qərar qəbul edir, icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Həmin bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır. Həmin Qanunun 79.1-ci maddəsinə görə icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir. Həmin Qanunun 79.2.1-ci maddəsinin tələbinə əsasən borclunun əmlakının satılması icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə aiddir. Həmin Qanunun 81.1-ci maddəsinin tələbinə əsasənicra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər borcludan tutulur. Tutulmuş məbləğ icra xidməti icra məmurlarının xüsusi fonduna köçürülür. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun tələbindən göründüyü kimi, icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün təyin edilmiş müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra edildiyi halda, icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclərin ödənilməsi borclunun öhdəliyinə aid edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 443.2-ci maddəsinin tələbinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 53.66 manat dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə, tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, ərizə təmin edilməli, Cavabdeh məcburi icra tədbirləri zamanı tələbkar İddiaçı ASC tərəfindən ödənilmiş 1963.5 manat icra ödənişi, 1402 manat icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər (hərracın keçirilməsi xərci), cəmi 3365.5 manat pul və 53.66 manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Cavabdeh məcburi icra tədbirləri zamanı tələbkar İddiaçı ASC tərəfindən ödənilmiş 1963.5 (min doqquz yüz altmış üç manat əlli qəpik) manat icra ödənişi, 1402 (min dörd yüz iki) manat icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər (hərracın keçirilməsi xərci), cəmi 3365.5 (üç min üç yüz altmış beş manat əlli qəpik) manat pul və 53.66 (əlli üç manat altmış altı qəpik) manat dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar