Məhkəmə qərarları › İş №e-2(012)-5613/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-5613/2025

22.09.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-5613/2025 22.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlu, İddiaçı Cavabdeh1 MMC və "xxxx" ASC-yə qarşı faktiki əmək münasibətlərinin tanınması, işə bərpa və kompensasiya tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri Xırdalan şəhərində, məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 MMC və "xxxx" ASC-yə qarşı faktiki əmək münasibətlərinin tanınması, işə bərpa və kompensasiya tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-dən (Cavabdeh 1), "xxxx" ASC-dən (Cavabdeh 2) və “Carlsberg Group” şirkətlər qrupundan (Cavabdeh 3) və Alius Antulisdən (Cavabdeh 4) iddiaçı ilə Cavabdeh1 MMC, "xxxx" ASC və “Carlsberg Group” şirkətlər qrupu arasında faktiki əmək münasibətlərinin tanınması və qanunsuz olaraq faktiki əmək münasibətlərinə xitam verildiyinə görə hüquqşünas vəzifəsinə işə bərpa edilməyi üçün Cavabdeh1 MMC, "xxxx" ASC və “Carlsber Group” şirkətlər qrupu ilə müddətsiz əmək müqavilələrinin bağlanılması barədə (hər əmək müqaviləsi üzrə aylıq əmək haqqı 2500 manat məbləğində olmaq şərti ilə), xidmət göstərilməli olduğu və 30 aprel 2021-ci il tarixli SAA/CA21 saylı hüquqi xidmətlərin göstərilməsinə dair müvafiq Müqavilənin sonuna kimi olan dövr üçün (qalıq 10 ay x 2500 manat) hesablanmış 25000 manat məbləğində kompensasiyanın, münasibətlərin sırf əmək olmasına baxmayaraq və xidmətlərə görə aylıq ödənişi VÖEN-ə bağlı olan bank hesabına köçürüldüyü üçün rüblük vergi və digər icbari olan dövlət ödənişlərini ödəməyinə görə illik hər rübdə 550 manat olmaqla ümumilikdə isə 30 aprel 2021-ci il tarixdən ödənilmiş cəmi 3300 manat (2 il ərzində) və 2024-cü ilin yanvar ayından etibarən isə (vergilər qalxıb 20% olandan) hesablanmış və ödənilməmiş vergilər və digər icbari dövlət ödənişləri üçün 5400 manat məbləğində, cəmi 8700 manat məbləğində kompensasiyanın, xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Cavabdeh 2 şirkəti üçün hüquqi xidmət göstərməyinə əsaslanaraq hesablanmış və ödənilməmiş 102500 manat (41 ay müddətində - aylıq 2500 manatdan) məbləğində kompensasiya məbləğinin, Cavabdeh 3 üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək hüquqi xidmət göstərməyinə əsaslanaraq hesablanmış və ödənilməmiş 102500 manat (41 ay müddətində - aylıq 2500 manatdan) məbləğində kompensasiya məbləğinin, mənəvi ziyana və zərərə görə əlavə olaraq 60000 manat məbləğində kompensasiya məbləğinin, 2-ci dərəcəli əlil olaraq qısaldılmış iş vaxtına əsasən əlavə işlədiyi saatlara görə hesablanmış və ödənilməmiş 30740.16 manat məbləğində vəsaitin, 2-ci dərəcəli əlil olaraq məzuniyyət haqqı kimi hesablanmış və ödənilməmiş 39375 manat məbləğində vəsaitin, Abşeron 1 saylı Mediasiya təşkilatına ödədiyi 61 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 149-cu maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır (149.1). İddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı (149.2.1), iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehlərin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehlərin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) (149.2.2), iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehlərə verildikdə isə onların hər birinə qarşı yönələn tələb (149.2.3), müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlərlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat (149.2.4), “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat (149.2.4-1), ərizəyə əlavə edilən sənədlərin siyahısı (149.2.5) göstərilməlidir. Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir (149.4). İddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsində Cavabdeh1 MMC, "xxxx" ASC, “Carlsberg Group” şirkətlər qrupu və Alius Antulis cavabdeh qismində göstərilmiş, lakin onlardan ikisi - “Carlsberg Group” şirkətlər qrupu və Alius Antulis haqqında məlumatlar natamam qeyd edilmiş, cavabdeh Alius Antulisin şəxsiyyətini müəyyən etməyə əsas verən hər hansı sübut təqdim edilməmiş, bu səbəbdən cavabdehin şəxsiyyətini müəyyən etmək mümkün olmamış, həmçinin iddia ərizəsinin elektron qaydada (elektron kabinet vasitəsilə) yüklənməsinə baxmayaraq, iddiaçı tərəfindən cavabdehlərdən ikisi - “Carlsberg Group” şirkətlər qrupu və X1 Məhkəmə İnformasiya Sisteminə cavabdeh qismində əlavə edilməmiş, bununla da iddia ərizəsi Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyindən sözügedən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin: 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə iş materiallarından görünür ki, İddiaçı hazırkı iddianı verərkən əməyin ödənilməsi və əmək fəaliyyət ilə bağlı digər tələblər üzrə dövlət rüsumu ödəməkdən azad olduğunu irəli sürərək qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunu ödəməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, işə bərpa və əməkhaqqı tələbləri dövlət rüsumundan azad olsa da, onlarla yanaşı irəli sürülən kompensasiya vəsaitləri əmək mübahisəsinin predmeti ilə funksional bağlılığı olmayan mülki xarakterli tələblər hesab edilir. Buna görə də həmin hissələr üzrə dövlət rüsumunun ödənilməsi prosessual baxımdan əsaslıdır. Bundan əlavə iddia ərizəsinin məzmunundan da görünür ki, tərəflər arasında əmək müqaviləsi deyil, hüquqi xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Mülki Prosessual Məcəllənin: 108.1.1-ci maddəsinə əsasən, iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. 108.3-cü maddəsinə əsasən, dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.4-cü maddəsinə görə iddia qiyməti 100000 manatdan ******* manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0.1 %-i miqdarında dövlət rüsumu ödənilməlidir. Məhkəmə sözügedən normanın tələbinə əsasən hesab edir ki, hazırki tələb üzrə iddianın qiymətinin 368815.16 manat təşkil etməsi, bu baxımdan iddia ərizəsinin verilməsinə görə qanunla müəyyən edilmiş qaydada və məbləğdə (658.82 manat) dövlət rüsumu ödənilmədiyindən və sübut qismində dövlət rüsumunun ödənilməsini təsdiq edən heç bir sənəd əlavə edilmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Həmçinin, Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 149, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ İddiaçı Cavabdeh1 MMC və "xxxx" ASC-yə qarşı faktiki əmək münasibətlərinin tanınması, işə bərpa və kompensasiya tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra onun ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar