Məhkəmə qərarları › İş №e-2(012)-562/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-562/2025

19.03.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-562/2025 19.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, Cavabdeh MMC-nin vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı ödənilməyən əmək haqqının və son haqq-hesabın ödənilməsi, məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi, əmək kitabçasının və şəxsi əşyalarının qaytarılması tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ödənilməmiş son haqq-hesab məbləğinin, məcburi işburaxma müddətinə görə xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilədək müddət üçün ümumilikdə 6450 manat maddi və 30000 manat məbləğində mənəvi ziyanın ödənilməsi, əmək kitabçasının, CM, CPM, bu məcəllələrin komentariyalarının, müxtəlif qanunvericilik toplularının, bədii kitablar və bir sıra digər şəxsi əşyalarının geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Cavabdeh ilə onun arasında əmək müqaviləsi bağlanmışdır. Cavabdeh MMC ilə əmək müqaviləsi bağlandıqdan sonra, o, hər zaman vəzifə öhdəliklərini vicdanla yerinə yetirərək, heç bir pozuntuya yol verməmişdir. 21 noyabr 2023-cü il tarixdə işdə olduğu zaman, rəhbərliyin təzyiqi nəticəsində, özünü qəfil pis hiss etməsilə əlaqədar olaraq, səhər saatlarında TTX-nin 103 qaynar xəttinə zəng vurub, həkim heyətinin gəlməsini xahiş etmişdir. 14 saylı TTX-nin həkim briqadası gələrək, onu müayinə edib və səhhətində problemlərin olduğunu bildirdikdən sonra, qeydiyyatda olduğu poliklinakaya müraciət etməsi tövsiyə olunmuşdur. Baş vermiş hadisə barəsində işdə rəhbərliyə məlumat vermiş və icazə aldıqdan sonra, poliklinikaya gedərək, orada müayinədən keçmişdir. Müayinə zamanı ona bildirilmişdir ki, bir neçə gün evdə ambulator şəkildə müalicə olunmasına ehtiyac vardır və bununla əlaqədar olaraq ona xx.xx.2023-cü il tarixdən əmək qabiliyyətinin olmamasına dair vərəqə açılmışdır. Bu barədə Cavabdeh MMC rəhbərliyinə məlumat vermiş və işə çıxmamışdır. xx.xx.2023-cü il tarixdə evdən distant işləmək istədikdə, şirkətin rəsmi İT-ə məlumatlarına öz şifrəsi ilə daxil olmaq istəyərkən, bunu edə bilmədiyi məlum olmuşdur. Bundan sonr İT-nin əməkdaşı ilə əlaqə saxlamış və həmin əməkdaş bildirmişdir ki, artıq işdən azad olunmuşdur. Bu səbəbdən də, onun İT girişinə qadağa qoyulub. Əsassız işdən çıxarılması barədə məlumat alandan sonra, hüquqşünasla məsləhətləşmiş və baş vermiş pozuntu ilə bağlı cavabdehə mediasiya təklifini göndərməsini tövsiyə etmişdir. O, xx.xx.2023-cü il tarixli mediasiya təklifini cavabdehə göndərmişdir. xx.xx.2023-cü il tairixdə işə gəldiyi zaman, mühafizəçi tərəfindən işə buraxılmamışdır. Bu barədə ona göstəriş verildiyini, artıq bu şirkətdə işləmədiyini ona bildirmişdir. Həmin vaxt işlədiyi otağa daxil olub şəxsi-əşyalarını götürmək istədiyini və ona son haqq-hesabın, işdən çıxması barədə əmrin və əmək kitabçasının verilməsini tələb etsə də, onu heç bir şəxs dinləməmiş, inzibati binadan kənarlaşdırılmışdır. Onun səhhətində olan ciddi problemlərin müalicəsi ilə əlaqədar olaraq 21 noyabr 2023-cü il tarixdə icazə alaraq həkimə getdiyi və xx.xx.2023-cü il tarixdən tibbi məzuniyyətdə olduğu zaman, barəsində qanunsuz əmr verilmişdir ki, bunun nəticəsində, tibbi məzuniyyətdə olduğu dövrdə Cavabdeh MMC-nin əməkdaşı Cavabdeh MMC-in İnsan Resursları və İnzibati İdarəetmə direktoru X3 tərəfindən heç bir əsas olmadan, əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh MMC ilə bağlanmış əmək müqaviləsi üzrə öz üzərinə düşən öhdəliklər onun tərəfindən heç bir pozuntuya yol verilmədən icra olunmuşdur. Buna baxmayaraq, tibbi məzuniyyətdə olduğu dövrdə, işlədiyi müəssisənin rəhbərinin qeyri-qanuni əməllərə yol verməsi və əsassız yerə müqaviləyə xitam verilməsi onu çox narahat etmişdir. Müqaviləyə xitam verildikdən sonra, Cavabdeh MMC-dən əmək kitabçasını, son haqq-hesabın verilməsini, işdən çıxması barədə əmrin dəfələrlə şifahi qaydada tələb etməsinə baxmayaraq, hazırki vaxta qədər bu tələblər təmin edilməmişdir. Nəticədə, məcburiyyət qarşısında qalaraq, cavabdehə rəsmi qaydada pretenziya təqdim etməklə, pozulmuş hüquqlarının bərpa edilməsini onlardan xahiş etsə də, yazılı pretenziyanın heç bir nəticəsi olmamışdır. Pozulmuş hüquqlarla bağlı eyni zamanda, X4 Xidmətinə müraciət etsə də, bunun da bir nəticəsi olmamışdır. Verilmiş mediasiya təklifindən sonra o, ərizə ilə Bakı 6 saylı Mediasiya təşkilatına müraciət etmiş və mediasiya prosesinin xx.xx.2024-cü il tarixinə təyin olunmasına baxmayaraq, cavabdehin əməkdaşları mediasiya prosesində iştirak etməmişlər. Buna baxmayaraq, ona Bakı 6 saylı Mediasiya Təşkilatından arayış verilmişdir. İşlədiyi dövrdə o, aylıq 2000 manat məbləğində əmək haqqı, 150 manat məbləğində benzin pulu alırdı. Eyni zamanda, o, gündəlik naharla təmin olunurdu ki, buna da hər gün üçün əlavə olaraq 10-15 manat məbləğində vəsait sərf etmirdi. İşdən çıxarıldığı vaxtdan 2024-cü ilin fevral ayının 22-dək o, işsiz qalmış, sonradan isə digər işə qəbul olunmuşdur. İşsiz qaldığı müddətdə, məcburiyyət qarşısında qalaraq, özünün və ailəsinin saxlanılması üçün hər ay dost və tanışlardan borc almış, eləcə də bir sıra şəxsi əyalarını satmışdır. Cavabdehin ons qarşı etdiyi bu qanunsuz əməlləri nəticəsində, sarsıntılar keçirmişdir ki, bu da ona mənəvi zərərin dəyməsinə səbəb olmuşdur. Hətta işsiz qaldığı müddətdə əsəblərinin gərgin olması, eyni zamanda əmək kitabçasının verilməməsi səbəbindən daim evdə dava-dalaş baş vermişdir. Bunların hamısının səbəbkarı isə birbaşa cavabdeh və onun qanunsuz hərəkətləri olumuşdur. Göründüyü kimi, cavabdeh ona işləmədiyi dövr üçün aylıq 2150 manat olmaqla xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilədək 6450 manat maddi ziyan vurmuşdur. Eyni zamanda, o, dostları və tanışları, ailə üzvlərinin qarşısında aciz qaldığından, dəfələrlə borc pul götürmək məcburiyyətində qaldığından, cavabdeh ona 30000 manat məbləğində mənəvi zərər vurmuşdur ki, bu məbləğ də onun tərəfindən ödənilməlidir. Onun işlədiyi xidməti otaqda CM, CPM, bu Məcəllələrin komentariyaları, müxtəlif qanunvericilik toplusu, bədii kitablar və bir sıra digər şəxsi-əşyaları qalmışdır ki, onların da geri qaytarılmasının təmin olunması zəruridir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh MMC-nin vəkili-nümayəndəsi Vəkil iddia tələbini qəbul etməyərək onun rədd edilməsini xahiş etdi. O bildirdi ki, hazırki mübahisə üzrə iddia müddəti də ötürülmüşdür. Nümayəndə mübahisəyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə dəfələrlə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 Xidmətinin X1 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İş materiallarında olan TQS 027 saylı ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə şikayətlə TTY-yə müraciət etmişdir və həmin tarixdə iş yerinə 14 saylı TTY-nin briqadası getmişdir. Müalicə təyin edilmiş, həmin gün poliklinikaya müraciət etmişdir. İşdə olan SN 00008 ******* saylı əmək qabiliyyətinin olmaması barədə vərəqədən görünür ki, İddiaçı xx.xx.2023-cü ildən əmək qabiliyyətsiz hesab edilmişdir. İşə başlamalı olan tarix xx.xx.2023-cü ildir. İşdə olan xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, İddiaçı işəgötürən Cavabdeh MMC-nin törətdiyi hüquqpozmaların nəticələrinin aradan qaldırılması və əmələ hüquqi qiymət verilməsi üçün zəruri köməklik göstərib bu barədə məlumat verilməsi barədə X4 Xidmətinə müraciət etmişdir. İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, tərəflər arasındakı əmək mübahisəsi ilə bağlı İddiaçı xx.xx.2023-cü il tarixdə müvafiq mediasiya qurumuna müraciət etmişdir. İşdə olan ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli, 191K saylı əmrlə Cavabdeh MMC-də menecer vəzifəsinə təyin edilmiş və xx.xx.2023-cü il tarixli 096KX saylı əmrlə 68.2-ci maddənin “b” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 191K saylı əmrin surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-də menecer vəzifəsinə təyin edilmişdir. onunla tam maddi məsuliyyət haqqında müqavilə də imzalanmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli 096KX saylı əmrin surətindən görünür ki, Cavabdeh MMC-də menecer vəzifəsində işləyən İddiaçı həmin tarixdən Əmək Məcəlləsinin68.2-ci maddənin “b” bəndinə əsasən tutuğu vəzifədən azad edilmiş, xx.xx.2022-xx.xx.2023-cü iş ili üçün 28 təqvim günü məzuniyyət günləri üçün pul övözinin ödənilməsi qərara alınmışdır. Əmrə əsas kimi müqavilənin bitmə vaxtı göstərilmişdir. Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, İddiaçı xx.xx.2022-ci il tarixli, 191K saylı əmrlə Cavabdeh MMC-də menecer vəzifəsinə təyin edilmiş və xx.xx.2023-cü il tarixli 096KX saylı əmrlə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Hazırda İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ödənilməmiş son haqq-hesab məbləğinin, məcburi işburaxma müddətinə görə xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilədək müddət üçün ümumilikdə 6450 manat maddi və 30000 manat məbləğində mənəvi ziyanın ödənilməsi, əmək kitabçasının, CM, CPM, bu məcəllələrin komentariyalarının, müxtəlif qanunvericilik toplularının, bədii kitablar və bir sıra digər şəxsi əşyalarının geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsasən əmək müqaviləsi üzrə öhdəliklərin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrinə daxildir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən, işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 110.2-ci maddəsinə görə əlavə iş yerində əvəzçiliklə işləyən işçilərin də bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Həmin Məcəllənin 110.3-cü maddəsinə görə işçilərin bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz. Həmin Məcəllənin 83-cü maddəsi əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydasını müəyyən edir. Belə ki, həmin maddəyə əsasən, əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. İş materiallarından görünür ki, Cavabdeh MMC-də menecer vəzifəsində işləyən İddiaçı əmək müqaviləsinin bitməsi müəyyən edilmiş və o, bu əsasla işdən azad edilmişdir. İş materialları ilə İddiaçı işəgötürən tərəfindən əmək kitabçasının, son haqq hesabın verilməməsini (əmək haqqı və məzuniyyət haqqı) təsdiq edən mötəbər sübutlar mövcud deyildir. İşdən görünür ki, tərəflər arasındakı əmək müqaviləsinə xitam verildikdən sonra işəgötürən tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş vəzifələr tam yerinə yetirilmişdir. Göstərilənlərlə yanaşı məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən maddi və ya mənəvi zərərin əvəzinin tutulması, şəxsi əşyaların qaytarılması hissəsində də sübuta yetmədiyi üçün təmin edilməməlidir, çünki İddiaçı əmək münasibətlərinin pozulması nəticəsində cavabdeh tərəfindən ona hər hansı məbləğdə zərərin vurulması, şəxsi əşyalarının cavabdehə məxsus inzibati binada qalması ilə bağlı vermiş olduğu iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmasıdır və mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Bundan başqa, işdən görünür ki, cavabdeh tərəf hazırki mübahisə üzrə iddia müddətinin tətbiq edilməsi ilə bağlı məhkəməyə ərizə təqdim etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən, həmin maddənin birinci hissəsində göstərilən haldan başqa, qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, qanunvericiliyə görə əgər şəxs qanunsuz olaraq işdən çıxarıldığını iddia edirsə, hüquqlarının bərpası üçün 1 ay müddətində məhkəməyə müraciət etməlidir. İşdən görünür ki, hazırki iddia müddətinin axımı xx.xx.2023-cü il tarixindən, yəni iddiaçı ilə cavabdeh arasında bağlanılan əmək müqaviləsinin xitam olunması ilə başlamışdır. İddiaçı mübahisə ilə bağlı xx.xx.2023-cü il tarixdə müvafiq mediasiya təşkilatına müraciət etmiş və mediasiya sessiyası xx.xx.2024-cü il tarixinə təyin edilmişdir. xx.xx.2024-cü ildə iddiaçıya Mediasiya Təşkilatı tərəfindən ilkin mediasiya sessiayasında iştirak etməmək barədə arayış verilmişdir. İş materialları ilə müəyyən olunur ki, hazırki iddia ərizəsi məhkəməyə elektron qaydada xx.xx.2024-cü il tarixdə verilmiş, bununla da mübahisə üzrə iddia müddəti ötürülmüşdür. Beləliklə, iddiaçı cavabdehin öhdəliklərinin yerinə yetirilməsi barədə iddianı xx.xx.2024-cü il tarixdən 1 ay ərzində qaldırmalı olduğundan, məhkəmə hesab edir ki, o, vaxtında məhkəməyə müraciət etməmişdir, yəni əmək mübahisəsi üzrə iddia müddətinin keçməsi barədə cavabdehin dəlili əsaslıdır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Belə olan halda, məhkəmə hesab edir ki, qeyd olunan mübahisə ilə bağlı iddiaçı iddia müddətini ötürmüşdür. Ona görə də bütün hallarda iddia təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı ödənilməyən əmək haqqının və son haqq-hesabın ödənilməsi, məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi, əmək kitabçasının və şəxsi əşyalarının qaytarılması barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar