Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-5628/2023 30.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı, onun vəkili-nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən və yaşayış evindən çıxarılma və torpaq sahəsinə və yaşayış evinə köçürülmə tələbinə dair mülki işə Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan Abşeron rayonu, Fatmayı kəndində yerləşən evdən çıxarılmasına, ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə qeyri-rəsmi nikah münasibətində olmuş, bu münasibətdən 2 uşaq - xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X3 doğulmuşdur. Uzun bir müddət cavabdehlə yaxşı ailə münasibətləri olsa da, bu münasibətlər sonradan pisləşmişdir. 4 ildir ki, birgə təsərrüfat aparmırlar. Cavabdeh ona və uşaqlarına şiddət göstərmişdir. Onu döyərək fiziki zorakılıq etmişdir. Buna görə artıq onların heç bir qarşılıqlı münasibəti qalmamışdır və uşaqlarına tək başına baxır. Yuxarıda göstərdiyi hallar artıq davamlı və təhlükəli hal aldığından o, Abşeron Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək 30 günlük qısamüddətli mühafizə orderi verilməsini xahiş etmişdir. Müraciətindən qısa müddət sonra Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən ona qısamüddətli mühafizə orderi verilmişdir. Onlar məcburi vəziyyətdə eyni evdə yaşayırlar, bu isə vəziyyəti daha da çətinləşdirir. Hazırda torpaq sahəsi onundur və bu barədə reyestrdən çıxarış almışdır. Cavabdeh evi tərk etməsini desə də, o, evi tərk etmək istəmir, əksinə həmin evdən onu və övladlarını qovur. Lakin başqa yaşayış yeri olmadığı üçün birlikdə yaşamağa məcburdurlar. Cavabdeh bu səbəblərə görə ona şiddət göstərmişdir. Cavabdeh ona məxsus olan yaşayış sahəsindən çıxarılmalıdır. Bu səbəbdən hazırki tələblə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək məhkəmədən cavabdehin iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Fatmayi kəndində yerləşən evdən və torpaq sahəsindən çıxarılmasına və 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı yenə də iddianın artırılması barədə məhkəməyə ərizə vermiş və cavabdehin iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Fatmayi kəndində yerləşən evdən və torpaq sahəsindən çıxarılmasına, cavabdeh iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Fatmayi kəndində yerləşən evdən və torpaq sahəsindən çıxarıldıqdan sonra iddiaçı və azyaşlı övladlarının həmin ev və torpaq sahəsinə köçürülməsinə, həmçinin 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun vəkili-nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və onun təmin edilməsini xahiş etdilər. Məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə MPMnin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan RX ******* saylı, xx.xx.2017-ci il tarixli və RX ******* saylı, xx.xx.2017-ci il tarixli reyestrdən çıxarışlardan görünür ki, Abşeron rayonu, Fatmayi kəndində yerləşən 0,10 ha və 0,02 ha torpaq sahələri İddiaçı mülkiyyətindədir. İşdə olan AZ-T 043556 və AZ-İV 031686 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin nikah münasibətlərindən xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X4 doğulmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X4 birinci dərəcəli əlildir. İşdə olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X5 birinci dərəcəli əlildir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı və cavabdeh qeyri-rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və birgə nikahlarından 2 övladları doğulmuşdur. Hazırda tərəflər arasında münasibətlər kəskinləşmişdir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı mülkiyyətindəki Abşeron rayonu, Fatmayi kəndində yerləşən cəmi 0,12 ha torpaq sahəsində fərdi yaşayış evi inşa edilmişdir. Ev hər hansı şəxsin adına qeydə alınmamışdır. Lakin işdəki fotoşəkillərdən görünür ki, ev yaşamağa yararlıdır. Evin kommunal xidmətlərlə təchiz olunması məqsədilə İddiaçı ilə müvafiq qurumlar arasında müqavilələr imzalanmış, ona abonent kodu verilmişdir. Məhkəmə qeyd edir ki, mübahisəli evə dair reyestrdən çıxarış mövcud olmasa da, iddiaçının onun mülkiyyətində olan torpaq sahəsində yerləşən həmin əmlaka dair qanuni gözlənti hüququ vardır. Bununla belə, mübahisəli yaşayış sahəsinin tərəflərin birgə vəsaiti hesabına əldə edilməsi barədə işdə hər hansı mötəbər sübut mövcud deyildir. Qeyd edildiyi kimi, iddiaçı özünün torpaq sahəsində yerləşən evin faktiki mülkiyyətçisidir, belə ki Avropa İnsan Hüquqları Məhkəməsinin «Akimova Azərbaycana qarşı» iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında hətta orderli mənzilin hüquqi əsas olmadan tutulması mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarxli Qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Qeyd edildiyi kimi, tərəflər arasında mübahisəli əmlakla bağlı münasibətlər 2017-ci ildə (torpaq sahələrinin iddiaçının adına qeydə alındığı tarix) yarandığından məhkəmə hesab edir ki, bu mübahisə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müvafiq normaları ilə həll edilməlidir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər. İş materialları ilə müəyyən olunur ki, cavabdeh münasibətlər korlandıqdan sonra da mübahisəli evdə yaşamaqdadır. Yuxarıda sadalan normalara və işin hallarına əsaslanmaqla məhkəmə hesab edir ki, qeyd edilən ev iddiaçının faktiki mülkiyyətində olması səbəbindən və cavabdehin mübahisəli evə dair heç bir hüququ olmadığından onun həmin evdən və torpaq sahəsindən çıxarılması barədə tələb təmin edilməlidir. Məhkəmə iddia tələbinin iddiaçının uşaqları ilə birlikdə mübahisəli evə və torpaq sahəsinə köçürülməsi hissəsi ilə bağlı qeyd edir ki, cavabdehin əmlaklardan çıxarılması hissəsində iddia tələbi təmin edildiyindən, iddiaçının həmin əmlaklar üzərində əvvəlki hüquqları bərpa edildiyindən və ona həmin əmlaklarla bağlı heç bir maneə yaranmadığından İddiaçı uşaqları ilə birlikdə həmin əmlaklara köçürülməsinə heç bir zərurət yoxdur və bu barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 27.2-ci maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Həmin Məcəllənin 27.3-cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Həmin Məcəllənin 152.1 və 152.5-ci maddələrinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırki işdə bütün hallar mövcuddur, yəni iddiaçı mübahisəli evdə yaşayıb və keçmiş əri onu yaşadığı evdən qanuni əsas olmadan məhrum edib. Qüvvədə olan qanunvericiliyə görə iddiaçının mübahisəli evə dair gözlənilən mülkiyyət (gözlənti) hüququ mövcuddur ki, cavabdehin bu yaşayış sahəsində məskunlaşması buna maneçilik törədir. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı öz tələbinin əsasları kimi istinad etdiyi halları qanunla nəzərdə tutulmuş qaydada qismən sübut edə bilmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Fatmayi kəndində yerləşən ümumilikdə 0,12 ha (RX ******* saylı, xx.xx.2017-ci il tarixli və RX ******* saylı, xx.xx.2017-ci il tarixli reyestrdən çıxarışlara əsasən) torpaq sahəsindən və orada yerləşən yaşayış evindən çıxarılmalı, qalan hissədə isə iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Fatmayi kəndində yerləşən ümumilikdə 0,12 ha (RX ******* saylı, xx.xx.2017-ci il tarixli və RX ******* saylı, xx.xx.2017ci il tarixli reyestrdən çıxarışlara əsasən) torpaq sahəsindən və orada yerləşən yaşayış evindən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-5628/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-5628/2023
30.12.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver