Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-5872/2024 16.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Teymurov Ayaz Yunus oğlunun katibliyi, Cavabdeh MMC-nin vəkili-nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Trufin Vitaliynin Cavabdeh MMC-yə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa və iş buraxmaya görə pul tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Trufin Vitaliy Cavabdeh MMC-yə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa və iş buraxmaya görə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 02.09.24. tarixli, 2024-26 T/HR saylı əmri ləğv edilməsi, öz vəzifəsinə bərpa olunmağı və məcburi iş buraxmaya görə vəzifəsinə uyğun əmək haqqının hesablanıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı Trufin Vitaliy iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehin Cavabdeh MMC-in 02.09.24. tarixli, 2024-26 T/HR saylı əmrinin ləğv edilməsi, öz vəzifəsinə bərpa olunmağı və məcburi iş buraxmaya görə vəzifəsinə uyğun əmək haqqının hesablanıb ona ödənilməsi, həmçinin əmək müqaviləsinin müddətsiz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, cavabdehin 02 sentyabr 2024-cü il tarixli 2024-26 T/HR saylı əmrilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Müqavilə 1 il müddətinə bağlansa da, dəfələrlə müqavilə müddətləri dəyişdirilmişdir. 4 il tutduğu vəzifədə çalışmış və məlum olduğu kimi, ƏM-nin 45-ci maddəsinin 5-ci hissəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Bundan başqa, onun əmək vəzifələri müddətsiz əmək müqaviləsi bağlanılmasının zəruriliyini təsdiq edir. Lakin cavabdeh təşkilat əsassız olaraq əmək müqaviləsini müddətli bağlamışdır. Cavabdeh MMC-də işlədiyi dövrdə, rəhbərliyin göstərişi ilə (bu rəsmi sənədlərdə də öz əksini tapir) "xxxx" MMC-nin də hüquq işlərini, yəni faktiki olaraq o şirkətin də hüquq departamentinin rəisi vəzifələrini 3 il müddətində icra etmişdir. Buna görə onunla əmək müqaviləsi bağlanmamışdır və heç bir əmək haqqı ödənilməmişdir. İşəgötürənin ona qarşı bu əsassız addımları onun Konstitusiya ilə təsbit edilmiş “ƏMƏK HÜQUQU”-nun pozulmasıdır. Əmək müqaviləsinə əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verildikdə həmin Məcəllənin 73cü maddəsinə əsasən Müqavilənin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. İşəgötürən onu müəyyən edilmiş müddət ərzində kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə xəbərdar etməmişdir. Onunla olan əmək müqaviləsinə xitam verilməsi haqqında məlumat ona yalnız xx.xx.2024-cü il tarixində müvafiq sənədə imza etdirməklə təqdim edilmişdir. Belə ki, əmək müqaviləsinin müddətinin bitməsi ilə bağlı xəbərdarlıq adlanan sənəd ona xx.xx.2024-cü il tarixində müvafiq xanaya imza etdirməklə təqdim edilmişdir. Maraqlısı odur ki, elə həmin gün də ona əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin surəti təqdim edilmişdir. Hər iki sənədə diqqət yetirildikdə, müəyyən etmək olur ki, həmin sənədlər məhz xx.xx.2024-cü il tarixində ona təqdim edilmişdir. Bu fakt həmin sənədlərdə olan onun imzamsı da təsdiq edilir. Digər diqqətə layiq məsələ ondan ibarətdir ki, cavabdeh tərəfin onun işdən azad olunmağı haqqında 2024-26T/HR saylı əmrində tarix xx.xx.2024-cü il göstərilir. Həmin əmrin ona təqdim edilməsi tarixi isə xx.xx.2024-cü ildir. Anlaşılan odur ki, əmr həqiqətdə xx.xx.2024 tarixində deyil, xx.xx.2024 tarixində verilmişdir. Bu da əmrin qanunsuz olmasına dəlalət edir.Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Cavabdeh MMC-nin vəkili-nümayəndəsi Vəkil2 məhkəməyə iddia tələbinə etiraz ərizəsi ünvanlamışdır. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında imzalanmış 9 oktyabr 2020-ci il tarixli əmək müqaviləsinin 2.1-ci bəndinə əsasən, tərəflər qarşılıqlı razılıq əsasında əmək müqaviləsinin 28 sentyabr 2021-ci il tarixinədək qüvvədə olmaqla müddətli olaraq bağlanmasını razılaşdırmışlar. Əmək müqaviləsinə sonuncu dəfə 16 aprel 2024-cü il tarixdə dəyişiklik edilmiş və müqavilənin 31 avqust 2024-cü ilədək qüvvədə qalması razılaşdırılmışdır. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin (bundan sonra – Miqrasiya Məcəlləsi) 63.5-ci maddəsinə əsasən, hüquqi şəxslər işə cəlb etdikləri əcnəbilərlə iş icazəsinin qüvvədə olduğu müddətə əmək müqaviləsi bağlamalıdırlar. Beləliklə, iddiaçı ilə müddətsiz əmək müqaviləsinin bağlanması və ya bağlanmış müddətli əmək müqaviləsinin müddətsiz müqaviləyə çevrilməsi ümumiyyətlə mümkün deyildir. Tərəflər arasında imzalanmış əmək müqaviləsini və ona edilmiş dəyişiklikləri nəzərdən keçirdikdə məlum olur ki, əmək müqaviləsi iddiaçının iş icazəsinin qüvvədə olduğu müddətə bağlanmış, və hər dəfə iş icazəsinin müddəti uzadıldıqca əmək müqaviləsinin müddəti də həmin müddətə uyğun olaraq uzadılmışdır. Beləliklə, tərəflər arasında əmək müqaviləsinin müddətli bağlanması Əmək Məcəlləsinin 47-ci maddəsində nəzərdə tutulmuş əsaslardan ikisinə (“f” və “ğ” bəndləri) uyğundur. Əmək Məcəlləsinin 73cü maddəsinə əsasən, müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda (müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə) müddətsiz hesab olunur. İddiaçı əmək müqaviləsinin müddətinin bitməsi ilə bağlı 19 avqust 2024-cü il tarixli xəbərdarlıq məktubunun ona yalnız 29 avqust 2024-cü il tarixdə təqdim edildiyini irəli sürərək, müqaviləyə xitam verilməsinin qanunsuz olduğu iddia edir. Lakin İddiaçı xəbərdarlıq məktubunun ona məhz 29 avqust 2024-cü il tarixində verilməsini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. İddiaçının həmin məktubun üzərində 29 avqust 2024cü il tarixini qeyd etməsi xəbərdarlıq məktubunun İddiaçıya məhz həmin tarixdə təqdim edildiyini sübut etmir. Xəbərdarlıq məktubu 19 avqust 2024-cü il tarixdə cavabdeh tərəfindən imzalanmış və Əmək Məcəlləsi ilə nəzərdə tutulmuş müddətdə iddiaçıya təqdim edilmişdir. Bundan əlavə, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı iddiaçıya həmçinin 22 avqust 2024-cü il tarixli elektron poçt məktubu ilə də xəbərdarlıq edilmişdir. İddiaçının əmək müqaviləsinin müddətsiz hesab edilməsi barədə tələbi ümumiyyətlə qanunsuz və əsassızdır. Miqrasiya Məcəlləsinin tələblərinə əsasən, iddiaçı əcnəbi şəxs olduğu üçün, onunla əmək müqaviləsi müddətsiz bağlana bilməz, yalnız iş icazəsinin qüvvədə olduğu müddətə bağlana bilər. Əmək müqaviləsinin müddətsiz hesab edilməsi üçün, tərəflər arasında əmək münasibətlərinin fasiləsiz olaraq 5 il davam etməsi tələb olunur. Tərəflər arasında əmək münasibətləri 9 oktyabr 2020-ci ildə başlamış, 4 il tamam olmadan isə müddətli müqaviləyə xitam verilmişdir. İddianın təmin edilməməsi, iddiaçının 9 oktyabr 2020-ci il tarixli 690 saylı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı cavabdehin 2024-26 T/HR saylı əmrinin ləğv olunması, işə bərpa edilmə, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi və əmək müqaviləsinin müddətsiz hesab edilməsi barədə iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı Trufin Vitaliyinin vəkili-nümayəndəsi Vəkil1 məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh MMC-nin vəkili-nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməyərək onun rədd edilməsini xahiş etdi. O bildirdi ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xəbərdarlıq iddiaçının rəsmi email ünvanına göndərilmişdir. Email adresinin həmin şəxsə məxsus olması ilə bağlı İT şöbəsindən arayış və ətraflı açıqlamanın olduğu sənədi təqdim edilmişdir. Bundan əlavə iddiaçı biletlərin alınması ilə bağlı mesaj yazıb və bu da iddiaçının işlə bağlı məsələlərdən xəbərdar olması anlamına gəlir. Əmək Məcəlləsinin tələbi bu şəxsə aid edilməməlidir. Miqrasiya Məcəlləsində bununla bağlı qeyd var. Yəni iş icazəsi ilə bağlı müraciət olunmayıb və iddiaçı bundan xəbərdar olub. Ölkədə olmayıb deyə bildiriş şəxsən verilməyib. 5 avqustdan 25 avqusta qədər əmək məzuniyyətində olub. İddiaçı şirkətdə baş hüquq məsləhətçisi vəzifəsində çalışıb. Sonda iddia tələbinin əsassız olduğunu qeyd edərək, onun təmin edilməməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında Trufin Vitaliyinin vəkili-nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək, bildirdi ki, əmək müqaviləsinin bitməsinə 1 həftə qalmış xəbərdarlıq edilməli idi. Amma həmin vaxt iddiaçı məzuniyyətdə olub. Məzuniyyətdən gələn kimi bildirişi təqdim edərək, müqaviləyə xitam veriləcəyi bildirilib. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikasıəmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi səbəbini bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 690 №-li əmək müqaviləsindən görünür ki, Cavabdeh MMC ilə Trufin Vitaliy arasında əmək müqaviləsi bağlanmış, razılaşmaya görə xx.xx.2020-ci il tarixindən DMX tərəfindən xx.xx.2020-ci il tarixində verilmiş 00531136 nömrəli işləmə icazəsi əsasında xx.xx.2021-ci il tarixinədək bağlanmışdır. İşçiyə hər ay 5928,49 manat məbləğində aylıq vəzifə maaşı təyin edilmişdir. İş materiallarında olan əmək müqaviləsinə əlavə sazişlərdən görünür ki, Cavabdeh MMC ilə Trufin Vitaliy arasında əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməsinə dair müxtəlif vaxtlarda saziş imzalanmışdır. Sonuncu belə saziş xx.xx.2024-cü il tarixdə imzalanmış və müqavilənin 2.1 yarımbəndinin birinci cümləsi “Bu Əmək müqaviləsi xx.xx.2020-ci il tarixdə qüvvəyə minir və Azərbaycan Respublikasının qanunvericiliyində və bu Müqavilədə göstərilən əsaslarla xitam verilmədiyi halda xx.xx.2024-cü il tarixinədək qüvvədə qalacaqdır.” redaksiyasında verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 2024-26 T/HR saylı əmrin surətindən görünür ki, Cavabdehndə Hüquq məsələləri üzrə departamentin rəhbəri vəzifəsində çalışan Vitaliy Trufin əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xx.xx.2024-cü il tarixindən xitam verilməsi, işçiyə Azərbaycan Respublikasının Qanunvericiliyində nəzərdə tutulmuş qaydada son ödəniş hesablanması, əmrin icrasına nəzarət inzibati Məsələlər və personal üzrə X2 Borisviçə verilməsi əmr edilmişdir. İş materiallarında olan Rojkov Rustam B. <Rustam.RElektron ünvan 1> emailindən Trufin Vitaliy <Vitaliy.TElektron ünvan 2> emailinə göndərilmiş mətndən görünür ki, xx.xx.2024-ci il müqaviləsinə Əlavənin 1-ci bəndinə əsasən, onun müddəti fəaliyyət 31 avqust 2024-cü il tarixdə başa çatır. Cavabdeh MMC ilə Trufin Vitali arasında bağlanmış uzatma imkanı olmadan müqavilənin müddəti başa çatır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 8-ci maddəsinin 4-cü bəndinə əsasən, əgər son gün müddət qeyri-iş gününə düşürsə, müddətin bitdiyi gün ondan sonrakı iş günü hesab olunur. Buna görə son iş günü xx.xx.2024 olacaq. Ofisdə olan kimi bütün lazımi sənədləri tərtib etmək üçün kadrlar şöbəsinə yaxınlaşmaq tövsiyyə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 1682 saylı arayışdan görünür ki, Cavabdeh şirkətində xx.xx.2020-ci il tarixində yaradılmış <Vitaliy.TElektron ünvan 2> elektron ünvanı həqiqətən Vitaliy Trufın adlı işçisinin ixtiyarında idi. Vitaliy Trufinin Cavabdeh məhdud məssuliyyətli cəmiyyəti ilə əmək müqaviləsinə xitam verilmə səbəbi əsasında xx.xx.2024-ci il tarixində <Vitaliy.TElektron ünvan 2> elektron ünvanı bağlanmışdır. İş materiallarında olan ünvan asının xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, mediasiyanın tətbiqi barədə təklif xx.xx.2024-cü il tarixdə göndərilmişdir. Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, Trufin Vitaliy xx.xx.2020-ci il tarixli əmək müqaviləsi və ona edilmiş əlavələrə əsasən Cavabdeh MMC-də Hüquq məsələləri üzrə departamentin rəhbəri vəzifəsinə təyin edilmiş və xx.xx.2024-cü il tarixli, 2024-26 T/HR saylı əmrlə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqavilsəinin müddətinin qurtarması) əmək müqavilsəni xitam verilmişdir. Trufin Vitaliy həmin əmrlə xx.xx.2024-cü il tarixdə tanış olmuş, əmrin ləğv edilməsi tələbi ilə bağlı mediasiya təşkilatına xx.xx.2024-cü il tarxidə, məhkəməyə isə xx.xx.2024-cü il tarxidə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Məcəllənin 68.2-ci maddəsinin “b” bəndinə əsasən, əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin qurtarmasına görə xitam verilə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən, müddətli əmək müqaviləsinə müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. İş materiallarından görünür ki, tərəflər arasında imzalanmış xx.xx.2020-ci il tarixli müddətli əmək müqaviləsi işçi və işəgötürən tərəfindən bəyənilmiş və mübahisələndirilməmişdir. Həmin müqaviləyə tərəflərin qarşılıqlı razılaşması əsasında müxtəlif vaxtlarda əlavələr edilmişdir. Ən son xx.xx.2024-cü il tarixdə dəyişiklik edilmiş və müqavilənin xx.xx.2024-cü il tarixədək qüvvədə qalması razılaşdırılmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, müqavilənin müddətinin başa çatması əsası ilə həmin müqaviləyə xitam verilməsi barədə Cavabdeh MMC-nin 02.09.24. tarixli, 2024-26 T/HR saylı əmri qanunidir. Bu əmrin ləğv edilməsi üçün iş materiallarında hər hansı əsas mövcud deyildir. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmr verilərkən Cavabdeh MMC tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmamış, bu xüsusda əmək qanunvericiliyində nəzərdə tutulmuş bütün tələblər yerinə yetirilmişdir. İşin bu halları məhkəməyə təqdim edilən sənədlərlə sübut olunur. İş materialları ilə iddiaçının Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinin təsiri dairəsinə düşməsi öz təsdiqini tapmamışdır. Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmrin ləğv edilməsi və işə bərpa olunma barədə əsas tələb təmin edilmədiyindən, iddianın məcburi iş buraxmaya görə vəzifəsinə uyğun əmək haqqının hesablanıb ödənilməsi və əmək müqaviləsinin müddətsiz hesab edilməsi hissəsi də təmin edilə bilməz. Belə ki, Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinə görə müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmadığından və iddiaya etirazın dəlilləri işin məhkəmə baxışında tədqiq olunan sənədlərlə öz təsdiqini tapdığından, Trufin Vitaliynun Cavabdeh MMC-yə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa və iş buraxmaya görə pul barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Trufin Vitaliynun Cavabdeh MMC-yə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa və iş buraxmaya görə pul barədə iddia tələbi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №e-2(012)-5872/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-5872/2024
16.12.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver