Məhkəmə qərarları › İş №e-2(012)-5972/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-5972/2025

12.01.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-5972/2025 12.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh (müstəqil tələb irəli sürməyən İİİ şəxslər "xxxx" ASC, Abşeron Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Abşeron Rayonu Qobu Bələdiyyəsi) qarşı qanunsuz tikilinin sökülməsi, sökülmə işlərinə çəkilən xərclərin cavabdehdən tutulması və torpaq sahəsinin boşaldılaraq əvvəlki vəziyyətinə gətirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh (müstəqil tələb irəli sürməyən İİİ şəxslər "xxxx" ASC, Abşeron Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Abşeron Rayonu Qobu Bələdiyyəsi) qarşı qanunsuz tikilinin sökülməsi, sökülmə işlərinə çəkilən xərclərin cavabdehdən tutulması və torpaq sahəsinin boşaldılaraq əvvəlki vəziyyətinə gətirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Qobu qəsəbəsi, Qobu yolunun sol tərəfindən keçən ikidövrəli 220 kV-luq Yüksək Gərginlikli “3-cü Qobu” və “Səngəçal” hava xətlərinin 20-21 və 177-178 saylı dayaqlarının mühafizə zonasında Cavabdeh tərəfindən qeyri-qanuni inşa edilmiş evin sökülməsi, sökülmə işlərinə çəkilən xərclərin cavabdehdən tutulmasına və həmin tikilinin yerləşdiyi torpaq sahəsinin boşaldılaraq əvvəlki vəziyyətinə gətirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin X3 balansında və istismarında olan Abşeron rayonu, Qobu qəsəbəsi, Qobu yolu ərazisindən keçən ikidövrəli 220 kV-luq Yüksək Gərginlikli “3-cü Qobu” və “Səngəçal” hava xətlərinin 20-21 və 177-178 saylı dayaqlarının mühafizə zonasında (coğrafi koordinatları: 40 4315.00”N 49 7204.12”E) xətlərin bilavasitə yaxınlığında 2023-cü ildə qeyri-qanuni tikili - evin inşa edilməsi faktı aşkar edilmişdir. X3 mütəxəsisləri tərəfindən vətəndaş Cavabdeh xx.xx.2023-cü il tarixdə rəsmi bildiriş təqdim olunmuş, həmin şəxs bildirişə imza atmış və sonralar vətəndaşa dəfələrlə şifahi xəbərdarlıqlar edilmişdir. Qeyd olunan yaşayış evi gərginliyi 220 min volt olan elektrik xəttinin mühafizə zonasında yerləşdiyindən həmin yerdə yaşayan insanların həyat və sağlamlıqlarına dair təhlükəni artırır və elektrik verilişi xəttinə lazımi texniki xidmətin göstərilməsini çətinləşdirir. Həmin evin tikintisi vətəndaş Cavabdeh tərəfindən aparılmışdır və hal hazırda da həmin evdə yaşayır. Dövlət əhəmiyyətli strateji xətt kimi 1962-ci ildə istismara verilmiş 220 kV-luq “Səngəçal” hava xəttinin uzunluğu 54 km təşkil edir. Uzunluğu 21.4 km olan 220 kV-luq “3-cü Qobu” hava xətti isə 2021-ci ildə istismara verilmişdir. İkidövrəli xəttlər olaraq sözügedən ərazisindəki anker dəmir dayaqların üzərindən paralel çəkilmiş “Səngəçal” və “3-cü Qobu” hava xətləri izolyasiyasız naqilli hava elektrik verilişi xətləri kateqoriyasına aiddir. Elektrik şəbəkələrinin istismarçıları tərəfindən elektrik şəbəkələrinin qorunmasının təmin edilməsi, istismar üçün normal şəraitin yaradılması və bədbəxt hadisələrin baş verməsinin qarşısının alınması istiqamətində həyata keçirilən mütəmadi tədbirlər zamanı ölkə qanunvericiliyinin tələblərini pozan şəxslər dəfələrlə xəbərdarlıq olunur, o cümlədən, "xxxx" MMC-nin X3 YGEVX və TX tərəfindən ikidövrəli 220 kV-luq yüksək gərginlikli “3-cü Qobu” və “Səngəçal” hava xətlərinin mühafizə zonasında xətlərin trassası üzrə elektrik şəbəkəsinin istismarına mane olmaqla birbaşa potensial təhlükə mənbəyi törədən qanunsuz evin tikintisinin Cavabdeh məxsus olduğunu müəyyən etmək mümkün olmuşdur. Apardığı tikinti işlərinin qanunvericiliyin tələblərinə zidd olduğu, gərginliyi 220 min Volt olan elektrik xəttlərində baş verə biləcək qəzaların partlayışlarsa, yanğınlara və bədbəxt hadisələrə səbəb ola biləcəyi, qeyd olunan xəttlərin mühafizə zonasında inşa edilmiş bu qanunsuz tikilinin xətlərdə planlı şəkildə aparılan təmir işlərinə imkan vermədiyi, qəza-bərpa işlərinin qısa müddətə başa çatdırılması üçün xüsusi maşın-mexanizmlərdən istifadə olunmasına maneçilik törətdiyi, EVX-nın normal istismarı üçün şəraiti məhdudlaşdırdığı barədə Cavabdeh dəfələrdə xəbərdarlıq edilsə də, vətəndaş müəssisənin qanuni tələblərinə məhəl qoymamışdır. Cavabdeh 2021-2023-cü illərdə qanunsuz evi inşa edərkən xx.xx.2024-cü il tarixədək qüvvədə olmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın və “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 41 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nda nəzərdə tutulmuş mühüm tələbləri kobudca pozmuşdur. Odur ki, göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, vətəndaşlara qarşı mühafizə zonasında tikinti aparılmasına icazə verməmək və ya mövcud tikililərin sökülərək torpaq sahəsinin boşaldılmasına dair öhdəlikləri var. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən gəlməmişdir. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, ev illər öncə tikilmişdir. Evə dair bələdiyyənin sənədi var, həmçinin kommunalla bağlı sənədlər mövcuddur. Tərəflərindən 2021-ci ildə dövlət əmlak komitəsinə müraciət edilmiş, ondan sonra müraciət olunmamışdır. Evin yerində dəyişiklik yoxdur. Hələ ki tikiliyə dair çıxarış alınmamışdır. Müstəqil tələb irəli sürməyən İİİ şəxslər "xxxx" ASC, Abşeron Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Abşeron Rayonu Qobu Bələdiyyəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələri məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən gəlməmişlər. Belə olan halda məhkəmə mülki işə müstəqil tələb irəli sürməyən İİİ şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Abşeron EŞ-nin X4 İstismarı və Təmiri Xidmətinin rəisi Hilal Allahverdiyev, mühəndisləri Elnur Bəkirov və İlham Sadayev tərəfindən imzalanaraq təsdiq edilmiş xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, 220 kV-luq yüksək gərginlikli “3-cü Qobu” və “Səngəçal” hava xətlərinin 20-21 və 177-178 saylı dayaqlararası hissəsində vətəndaş Cavabdeh tərəfindən aparılan qeyri-qanuni tikinti işləri yüksək gərginlikli elektrik verilişi hava xəttinin mühafizə zonasına düşür. Vətəndaşa EVHX mühafizə zonasında qeyri-qanuni tikinti işləri apardığı barədə AR Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 saylı Qərarın tələblərini pozmasına görə cinayət məsuliyyəti yaratdığı, AR Cinayət Məcəlləsinin 222-2-ci maddəsinə müvafiq icazə alınmadan mühafizə zonalarında tikinti və ya quraşdırma işləri apardığına görə cinayət tərkibini yaratdığı üçün müvafiq orqanlar tərəfindən cinayət məsuliyyətinə cəlb ediləcəyi, AR Mülki Məcəlləsinin 180.4-cü maddəsinin tələbinə uyğun olaraq tikilmiş bina və qurğular müvafiq İcra Hakimiyyəti orqanlarının və maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmə qərarı əsasında sökülə biləcəyi bildirilmiş, eyni zamanda tikinti işlərinin dayandırılması və ərazinin boşaldılması barədə vətəndaş Cavabdeh xəbərdarlıq edilmişdir. -İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, sonuncuya inşası davam etdirilən (inşa olunmuş) tikilinin "xxxx" MMC-nin X3 220 kV-luq yüksək gərginlikli “3-cü Qobu” və “Səngəçal” hava xətlərinin 20- 21 və 177-178 saylı dayağın (və ya dayaqlar arası) mühafizə zonasına düşdüyü və AR Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 saylı qərarın müvafiq tələblərinə əsasən qeyri-qanuni hesab edildiyi, qeyd olunan xəttin mühafizə zonasında hər hansı tikili işlərinin aparılmasının qadağan olduğu bildirilmiş, AR Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 saylı Qərarının və mühafizə zonaları ilə bağlı digər qanunvericilik normalarının tələblərinə riayət edilməsini diqqətinizə çatdıraraq, qanunsuz aparılan tikinti işlərinə görə hüquqi məsuliyyət nəzərdə tutulduğundan bu işlərin dərhal dayandırılması təklif olunmuşdur. Həmçinin bildirişdə qeyd olunmuşdur ki, bu Qaydaların məqsədi yüksək gərginlikli elektrik verilişi hava xətlərinin və elektrik şəbəkələrinin qorunmasını təmin etməkdən qəzaların və bədbəxt hadisələrin baş verməsinin qarşısını almaqdan, eləcə də şəbəkənin mühafizə zonalarında işlərin aparılmasını müəyyən etməkdən ibarətdir və tədbiqi məcburidir. Yüksək gərginlikli elektrik verilişi hava xətləri potensial təhlükə daşıyan obyektlər sırasına daxildir. Hava xətlərində yanğınların və bədbəxt hadisələrin baş verməsinə səbəb kimi məsuliyyət mühafizə zonasında tikinti işləri aparan, yaşayan və fəaliyyət göstərən şəxslərin öz üzərinə düşür. Müvafiq Qaydaların tələblərini yerinə yetirməməkdə yüksək gərginlikli hava xətlərinin və elektrik şəbəkələrinin iş rejiminin pozulmasına səbəb olan hallara görə şəxslər məsuliyyət daşıyırlar. Bununla əlaqədar qeyd olunan tələblərə riayət olunmasının vacibliyi, əks təqdirdə isə qanunvericiliyə uyğun qaydada zəruri tədbirlərin görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. -AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR PHŞ-nin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-32/2-17962/2024 saylı məktubu ilə daxil olmuş mütəxəssis rəyindən görünür ki, Cavabdeh tərəfindən naturada tanıdılan torpaq sahəsi və həmin torpaq sahəsinin daxilində yerləşən tikili 220 kV-luq yüksək gərginlikli elektrik xəttinin tam mühafizəsində yerləşir. -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/9972 nömrəli ekspert rəyindən görünür ki, AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR PHŞ-nin 4 saylı Abşeron Ərazi İdarəsinin müvafiq mütəxəssi rəyinə əsasən müəyyən olunur ki, Cavabdeh tərəfindən naturada tanıdılan torpaq sahəsi və həmin torpaq sahəsinin daxilində yerləşən tikilia 220 kV-luq yüksək gərginlikli elektrik xəttinin tam mühafizəsində yerləşir. -“X5 Elektrik Şəbəkəsi” MMC-nin Nizamnaməsinin 8.1-ci bəndinə əsasən, Cəmiyyətin yaradılmasının və fəaliyyətinin əsas məqsədləri qanunla müəyyən edilmiş qaydada və qadağan olunmayan hallarda elektrik stansiyalarında istehsal olunan elektrik enerjisini öz şəbəkəsi vasitəsi ilə ötürməkdən və s. ibarətdir. -Azərbaycan Respublikası Abşeron rayonu X10 xx.xx.2007-ci il tarixli, 06 saylı qərarından görünür ki, Abşeron rayonu Qobu bələdiyyəsi perspektiv inkişaf fondunun alqısatqı predmeti olan torpaq sahəsindən alqı-satqı qaydasında vətəndaş Cavabdeh fərdi mənzil tikmək məqsədilə 0.400 ha torpaq sahəsinin satılması barəsində X9 Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən hazırlanmış sənədlərin nəzərə alınması, vətəndaş Cavabdeh perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən fərdi mənzil tikintisi məqsədilə torpaq sahəsinin satılması, Cavabdeh torpaq sahəsinin normativ qiymətindən az olmamaq şərtilə torpağın nəzərdə tutulmuş satış qiymətinə Qobu bələdiyyəsinin bankındakı xüsusi hesabına 400 manat ödəməsi, ödəmə qəbzini X6 Komitəsinin Abşeron rayon şöbəsinə təqdim etməsi, Torpaq Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsindən xahiş edilməsi, göstərilən nümunədə torpaqların satqısına dair üç nüsxədən ibarət aktının tərtib edilməsi və onun qeydiyyata alınması, torpaqların tikinti işləri aparılarkən nəzərdə tutulmuş tikinti işlərindən əvvəl tikintinin layihəsi tərtib edilsin və memarlıq xidmətindən icazə alınması, tikinti aparılacaq sahədə kommunikasiya qaz, su, neft, kabel, elektrik, telefon xətlərinin mühafizə zonasının qorunması, bu qərarın icrasına nəzarətin bələdiyyə icra aparatına həvalə edilməsi qərara alınmışdır. -Abşeron rayonu Qobu bələdiyyəsinin sədri X2 torpaq alan Cavabdeh, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbə müdiri X1 iştirakı ilə tərtib olunmuş və imzaları ilə təsdiq olunmuş torpaqların alqı-satqısına dair xx.xx.2014-cü il tarixli aktdan görünür ki, Cəlilov X7 rayon Qobu bələdiyyə orqanına 2007-ci il tarixdə torpaq sahəsi almaq barədə müraciət etmiş, ərizəyə Bələdiyyə orqanının iclasında baxılmış və Abşeron rayonu Qobu bələdiyyəsi ərazisindən 0.400 kvm torpaq sahəsinin satılması barədə xx.xx.2007-ci il tarixli, 06 saylı qərarla qəbul edilmişdir. -Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron Rayon Şöbəsinin 7987 saylı, xx.xx.2014-cü il tarixli rəydən görünür ki, Qobu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06 saylı qərarı ilə Cavabdeh ev tikmək məqsədilə satılmış 400 kv.m torpaq sahəsi qanunamüvafiqdir və DT və XK-nin Abşeron rayonu şöbəsi həmin torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verməsinə etiraz etmir. -“X13 Xidməti” PHŞ-nin xx.xx.2025-ci il tarixli, ********* saylı hesab fakturasından görünür ki, 46018147 saylı müqavilə əsasında Cavabdeh adına qeydiyyata alınmış **********000 saylı abonent kodlu sayğaca hesablanmış yekun borc 45.60 manat təşkil edir. -AR Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Abşeron rayonu, Qobu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06 nömrəli qərarı ilə Cavabdeh ayrılmış 0.04 ha torpaq sahəsinin aparılmış elektron-uçot işləri ilə əlaqədar tərtib edilmiş rəqəmsal kadastr xəritəsində qeydə alınmasına köməklik göstərilməsi barədə İqtisadiyyat Nazirliyindən daxil olmuş xx.xx.2020-ci il tarixli müraciətə aidiyyəti üzrə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətində baxılmış, qüvvədə olan Torpaq Məcəlləsinin 67-ci maddəsinin 3-cü bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınmasının məcburi olduğu, həmin Məcəllənin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqların qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınaraq çıxarışla rəsmiləşdirildiyi, torpaq sahəsi üzərində hüquqlarının tanınması məqsədilə torpaq sahəsinin ayrılmasına dair ilkin hüquqmüəyyənedici sənədlərin əsli ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi idarəsinə müraciət edilməsinin məqsədəmüvafiq olduğu, torpaq sahəsi üzərində hüquqları rəsmiləşdirildikdə həmin ərazinin elekton kadastr məlumat bazasında öz əksini tapacağı bildirilmişdir. -“Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün İddiaçı MMC tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mübahisələndirdiyi Abşeron rayonu, Qobu qəsəbəsi, Qobu yolunun sol tərəfindən keçən ünvanda Cavabdeh tərəfindən inşa edilmiş tikili (fərdi yaşayış evi) "xxxx" MMC-nin X3 balansında və istismarında olan ikidövrəli 220 kV-luq Yüksək Gərginlikli “3-cü Qobu” və “Səngəçal” hava xətlərinin 20-21 və 177-178 saylı dayaqlarının mühafizə zonasında yerləşir. Müəyyən edildiyi kimi xüsusi şərtlərlə istifadə olunan ərazi zonasında, yəni mühafizə zonasında inşa edilmiş tikili öz mahiyyəti etibarilə qanuni tikili hesab edilə bilməz. Hazırki iş üzrə cavabdeh nəinki lazımi icazələr almadan, üstəlik şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla fərdi yaşayış evi inşa etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 13-cü maddəsinin İİ bəndinə əsasən, mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinin İİİ bəndinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 155.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir. 155.2-ci maddəsinə əsasən, fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 238.1-ci maddəsinə əsasən, daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 238.4-cü maddəsinə əsasən, başqa məqsədlər üçün istifadəsinə yol verilməyən və ya məhdudiyyət qoyulan kənd təsərrüfatı təyinatlı və digər təyinatlı torpaq sahələri qanunla müəyyənləşdirilir. Mühafizə zonaları “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın və “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 103 nömrəli Qərarına, o cümlədən, “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizə Qaydaları”nın 5-ci bəndinə əsasən müəyyən edilir. Belə ki, həmin Qərara əsasən, mühafizə zonası - elektrik şəbəkələrinin qorunmasını təmin etmək, bədbəxt hadisələrin qarşısını almaq məqsədi ilə elektrik şəbəkələrindən binalara, qurğulara qədər torpaq sahəsi, su səthindən suyun dibinə qədər olan su boşluğu, torpaq və su səthindən hava fəzası şəkilində minimal məsafələrdir. Bu Qaydaların məqsədi gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin qorunmasını təmin etməkdən, qəzaların və bədbəxt hadisələrin baş verməsinin qarşısını almaqdan ibarətdir və elektrik ötürücü xətlərinin, birləşdirici və paylaşdırıcı qurğuların layihələşdirilməsində, quraşdırılmasında, istismarında tətbiqi məcburidir. Həmin Qaydaların 5-ci bəndinin yarımbəndinə göstərilmişdir ki, hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində, aşağıdakı cədvəldə göstərilən məsafələrdə: anker dayaqlarındakı naqillər bağlanan traveslərinin 7.5-8 metr (ortadan hər tərəfə) uzunluğu ilə birlikdə xəttin koridoru- trassası minimal 8+25+8+25=66 metr təşkil edir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 5-ci maddəsinin İİ hissəsinə əsasən, mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir 9-cu maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. 9-cu maddəsinin İİ hissəsinə əsasən, məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqların kateqoriyasında kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə fondu torpaqları, su fondu torpaqları, ehtiyat fondu torpaqlarının bölgüsü aparılmışdır. 22-ci maddəsinin İ hissəsinə əsasən, sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. 22-ci maddəsinin İİ hissəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir. 22-ci maddəsinin İİİ hissəsinə əsasən, zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. 22-ci maddəsinin İV hissəsinə əsasən, təsərrüfat dövriyyəsindən çıxarılan torpaq sahələri xüsusi hüquqi rejimli mühafizə zonaları yaradılacaq müəssisələrə verilir və ya ehtiyat fondu torpaqlarına aid edilir. 22-ci maddəsinin V hissəsinə əsasən, sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir. 46-cı maddəsinin İ hissəsinə əsasən, dövlət mülkiyyətində olan torpaqlara dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yaradılan süni torpaq sahələri; təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarix-mədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşın-sınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; dövlət ehtiyat fondu torpaqları daxildir. 46-cı maddəsinin İİ hissəsinə əsasən, göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. 49-cu maddəsinin İ hissəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ - torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. 62-ci maddəsinə əsasən, elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilə bilər. 111-ci maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111-ci maddəsinin İİ hissəsinə əsasən, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 111-ci maddəsinin İİİ hissəsinə əsasən, torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Göründüyü kimi, sənaye, nəqliyyat, elektrik, rabitə, müdafiə və digər təyinatlı torpaqların tərkibində formalaşan mühafizə zonalarının məqsədi məhz əhalinin təhlükəsizliyinin təmin olunması məqsədi daşıyır. Bu kateqoriya torpaqların təyinatı yaşayış üçün sahələrin salınmasını nəzərdə tutmur və müəyyən edilən mühafizə zonasında yaşayış evinin tikintisi mühafizə zonasının əhəmiyyətini sıfra endirir. Bu isə məhz əhalinin təhlükəsizliyinin təmin edilməsi baxımından yolverilməzdir. Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair˝ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarında deyilir ki, ...˝ Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir˝. İş materialları, həmçinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri“ PHŞ-nin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-32/2-17962/2024 saylı məktubu ilə daxil olmuş mütəxəssis rəyi və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/9972 nömrəli ekspert rəyi ilə müəyyən olunur ki, cavabdeh tərəfindən inşa edilmiş mübahisəli tikili 220 kv-luq Yüksək Gərginlikli “3-cü Qobu” və “Səngəçal” hava xətlərinin 20-21 və 177-178 saylı dayaqlarının mühafizə zonasında yerləşir, fəaliyyəti ilə ərazidə yaşayan insanların gediş-gəlişini istensivləşdirməklə həyat və sağlamlıqlarına təhlükəni artırır, eləcə də elektrik xəttinə lazımi texniki zidmətin göstərilməsini çətinləşdirir. Məhkəmə tərəfindən həmçinin müəyyən edilmişdir ki, qeyd edilən tikili Cavabdeh xüsusi mülkiyyətində olmamaqla qanunsuz tikilmişdir. Odur ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdeh tərəfindən qeyri-qanuni inşa edilmiş tikili cavabdehin hesabına sökülməli və mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi boşaldılaraq əvvəlki vəziyyətinə gətirilməlidir. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır. Beləliklə, məhkəmə qanunvericiliyin qeyd edilən normalarını rəhbər tutub hesab edir ki, iddia təmin edilməli, "xxxx" MMC-nin X3 balansında və istismarında olan Abşeron rayonu, Qobu qəsəbəsi, Qobu yolunun sol tərəfindən keçən ikidövrəli 220 kV-luq Yüksək Gərginlikli “3-cü Qobu” və “Səngəçal” hava xətlərinin 20-21 və 177-178 saylı dayaqlarının mühafizə zonasında Cavabdeh tərəfindən inşa edilmiş tikili (fərdi yaşayış evi) sökülmə xərcləri cavabdehə aid edilməklə cavabdeh tərəfindən sökülməli, mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi boşaldılaraq əvvəlki vəziyyətinə gətirilməli, həmçinin ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" MMC-nin X3 balansında və istismarında olan Abşeron rayonu, Qobu qəsəbəsi, Qobu yolunun sol tərəfindən keçən ikidövrəli 220 kV-luq Yüksək Gərginlikli “3-cü Qobu” və “Səngəçal” hava xətlərinin 20-21 və 177-178 saylı dayaqlarının mühafizə zonasında Cavabdeh tərəfindən inşa edilmiş tikili (fərdi yaşayış evi) sökülmə xərcləri cavabdehə aid edilməklə cavabdeh tərəfindən sökülsün. Mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi boşaldılaraq əvvəlki vəziyyətinə gətirilsin. Ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə və Mülki Prosessual Məcəllənin 2 saylı əlavəsinə uyğun olaraq) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar