Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-6226/2024 07.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Habil Yunis oğlu Əhmədov İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsini və iddia ərizəsinə əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM : İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 105 NFPK nömrəli kredit müqaviləsinə əsasən yaranmış 7859,84 manat əsas, 176,83 manat faiz, 0,16 manat cərimə borcu olmaqla, cəmi 8036,83 manat kredit borcunun, ipoteka predmetinə tutma yönəldilməsi üçün tərəflərindən ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının, eləcə də iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 100,37 manat dövlət rüsumunun ipoteka ilə yüklü edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllə ünvanında yerləşən 27 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına yuxarıda qeyd olunmuş borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələblərinə cavab vermir. Həmin qanunun 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Məhkəmənin elektron bazasından çıxarılmış cavabdehin şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, cavabdehlər Cavabdeh1 Bərdə şəhəri, Koroğlu küçəsi, ev 24, Cavabdeh2 isə ünvan 2 ünvanında qeydiyyatdadır. Göründüyü kimi cavabdehlərin hər ikisi başqa rayonun inzibati ərazində qeydiyyatdadırlar. Odur ki, iddiaçı hazırki tələb üzrə cavabdehlərdən birinin qeydiyyatda olduğu yerin məhkəməsinə, yəni, Bərdə Rayon Məhkəməsi yaxud Yevlax Rayon Məhkəməsinə müraciət etməlidir. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Həmin Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmçinin həmin Qanunun 3-cü maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikası vətəndaşının yaşayış yerinin müəyyən edilməsi barədə sənəd yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Həmin Qanununun 5-ci maddəsində qeyd edilir ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi ; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Beləliklə Cavabdehlər Abşeron rayon inzibati əraszisində qeydiyyatda olmadığından iddia ərizəsi iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə eyni zamanda, qeyd edir ki, Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. 114.2. maddəsinə əsasən, bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə - dövlət rüsumu geri qaytarılır. Məhkəmə qeyd edir ki, hazırki iddia ərizəsinin geri qaytarılması barədə ərizə daxil olduğundan ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 35.1, 152.1.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİM :
İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı ASC tərəfindən xx.xx.2024-cü il tarixdə, **********20 saylı qəbz əsasında ödənilmiş 100,37 manat (yüz manat otuz yeddi qəpik) məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Habil Əhmədov