Məhkəmə qərarları › İş №e-2(012)-627/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-627/2024

31.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-627/2024 31.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakın naturada bölünməsi, bu mümkün olmadıqda kompensasiyanın ödənilməsi, razılıq olmadıqda isə əmlakın açıq hərracda satılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı əmlakın naturada bölünməsi, bu mümkün olmadıqda kompensasiyanın ödənilməsi, razılıq olmadıqda isə əmlakın açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Ağstafa rayonu, Poylu kəndində yerləşən 0.1304 ha torpaq sahəsinin və üzərində ümumi sahəsi 67 kv.m olan fərdi yaşayış sahəsinin 7/8 hissəsinin naturada bölünməsi mümkün olmadıqda, paylı mülkiyyət hüququ ilə ona məxsus 7/8 hissəsinin dəyəri şəklində 35000 manat kompensasiyanın digər mülkiyyətçidən alınıb ona verilməsi, razılıq əldə edilmədikdə əmlakın hərracda satılması tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, Ağstafa rayonu, Poylu kəndində yerləşən 0.1304 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 67 kv/m olan fərdi yaşayış sahəsi paylı mülkiyyət hüququ ilə 7/8 hissəsi İddiaçı, 1/8 hissədə isə Cavabdeh mülkiyyətindədir. Buna dair xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrə ilə qeyd edilməklə çıxarış verilmişdir. Lakin iddiaçı həmin əmlaka dair mülkiyyət hüququ tanınmasına baxmayaraq, həmin əmlaka dair sərəncam vermək hüququndan məhrum olunmuşdur. Bu səbəbdən paylı mülkiyyət hüququ ilə 7/8 hissədə mülkiyyətində olan Ağstafa rayonu, Poylu kəndində yerləşən 0.1304 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 67 kv/m olan fərdi yaşayış sahəsinin naturada bölünməsi, naturada bölgü mümkün olmadıqda, paylı mülkiyyət hüququ ilə iddiaçıya məxsus 7/8 hissəsinin dəyəri şəklində 35000 manat məbləğdə kompensasiyanın digər mülkiyyətçidən alınıb iddiaçıya verilməsi, razılıq əldə edilmədikdə əmlakın hərracda satılması tələbinə dair iddia qaldırmaq məcburiyyətindədir. Onu da qeyd edir ki, hazırda iddiaçı mülkiyyət hüququ ilə özünə məxsus əmlakdan istifadə edə bilmir və mülkiyyət hüququndan məhrum olmuşdur. Göstərilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında iştirak etmiş Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, ekspert rəyinə əsasən, əmlakın naturada bölgüsü mümkün olmamışdır. Belə ki, həmin ev kənd evidir, həmçinin cavabdehin anası da orada yaşayır. İddiaçı tələbində əmlakın naturada bölgüsü mümkün olmadıqda, 35000 manat məbləğində kompensasiyanın verilməsini xahiş etmişdir. Lakin evin qiymətləndirilməsi olmamış və bu barədə Əmlak Komitəsindən sənəd alınmamışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələbi ilə bağlı münasibətini araşdırıb, mülki iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində verilmiş xx.xx.2023-cü il tarixli çıxarışın surətindən müəyyən olunur ki, Ağstafa rayonu, Poylu kəndində yerləşən 0.1304 ha torpaq sahəsinin və üzərində ümumi sahəsi 67 kv.m olan fərdi yaşayış sahəsinin 1/8 hissəsi Cavabdeh, 7/8 hissəsi isə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********51-10301 reyestr nömrəsi ilə qeydə alınmışdır. -Ağstafa rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(015)-1166/2018 saylı qətnaməsindən görünür ki, X3 miras qalmış Ağstafa rayonu Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli 17 №-li qərarı ilə Ağstafa rayonunun Poylu kəndində yerləşən JN-434 A kodu 50209018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə verilmiş 0.13 ha torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş bir mərtəbəli ümumi sahəsi 37.1 kv.m olan ikiotaqlı yaşayış evinin, həmçinin Ağstafa rayonu Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli 17 №-li qərarı ilə Ağstafa rayonunun Poylu kəndində yerləşən JN-434 A kodu 50209018 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə verilmiş 0.15 ha pay torpaq sahəsinin vəsiyyətnamə üzrə 4/8 hissədə, qanun üzrə 1/8 hissədə, cəmi 5/8 hissədə İddiaçı, 1/8 hissədə X2 vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi Ağstafa rayonunun Notariat Kontoruna həvalə edilmiş, X3 miras qalmış Ağstafa rayonu Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli 17 №-li qərarı ilə Ağstafa rayonunun Poylu kəndində yerləşən JN-434 A kodu 50209018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə verilmiş 0.13 ha torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş bir mərtəbəli ümumi sahəsi 37.1 kv.m olan ikiotaqlı yaşayış evinin, həmçinin Ağstafa rayonu Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli 17 №-li qərarı ilə Ağstafa rayonunun Poylu kəndində yerləşən JN-434 A kodu 50209018 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə verilmiş 0.15 ha pay torpaq sahəsinin birinci dərəcəli vərəsələr X1 payına düşən 1/8 hissədə və X4 payına düşən 1/8 hissədə onların vərəsələri tərəfindən pay tələb edilmədiyindən həmin hissə açıq saxlanılmışdır. -Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/2313 saylı rəyindən görünür ki, Ağstafa rayonu, Poylu kəndində yerləşən mübahisəli fərdi yaşayış evinin tərəflər arasında (1/8 və 7/8) paylara uyğun olaraq təcrid mənzillər şəklində iki hissəyə bölünməsi, İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9. bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. Ağstafa rayonu, Poylu kəndində yerləşən mübahisəli torpaq sahəsinin üzərində fərdi yaşayış evinin və yardımçı tikililərin inşa edildiyini və torpaq sahəsinin qalan üç tərəfdən qonşu torpaq sahələri ilə əhatə olduğunu, və həmin tikilinin planlı yerləşməsini nəzərə alaraq, Ağstafa rayonu, Poylu kəndində yerləşən mübahisəli 0.1304 ha torpaq sahəsinin naturada tərəflərin paylarına (1/8 və 7/8) uyğun şəkildə iki hissəyə naturada bölünməsi (ayrılması) texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Ağstafa rayonu, Poylu kəndində yerləşən mübahisəli torpaq sahəsinin və fərdi yaşayış evinin tərəflərin paylarına uyğun olaraq bölgüsü mümkün olmadığından qərardadın ikinci sualı üzrə tədqiqat aparılmamışdır. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-37/2-1517/2024 saylı cavab məktubundan görünür ki, tərəflər ərazidə iştirak etmədiyinə görə baxışın keçirilməsi və müraciətə münasibətin bildirilməsi mümkün olmamışdır. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəlləsi adlandırılacaq): 213.1. maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 220.1. maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.6. maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarında göstərilir ki, nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində verilmiş xx.xx.2023-cü il tarixli çıxarışa əsasən, Ağstafa rayonu, Poylu kəndində yerləşən 0.1304 ha torpaq sahəsinin və üzərində ümumi sahəsi 67 kv.m olan fərdi yaşayış sahəsinin 1/8 hissəsi Cavabdeh, 7/8 hissəsi isə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********51-10301 reyestr nömrəsi ilə qeydə alınmışdır. Paylı mülkiyyət hüququ üzrə tərəflərə məxsus olan Ağstafa rayonu, Poylu kəndində yerləşən 0.1304 ha torpaq sahəsinin və üzərində ümumi sahəsi 67 kv.m olan fərdi yaşayış sahəsinin paylar üzrə əvvəlcə naturada bölünməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, lakin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/2313 saylı rəyinə əsasən, daşınmaz əmlakın paylara uyğun naturada bölünməsi texniki cəhətdən mümkün olmadığı müəyyən olunmuşdur. Plenum Qərarındakı hüquqi mövqeyə istinad edərək məhkəmə qeyd edir ki, əmlakın naturada bölünməsi mümkün olmadığından iddiaçının sonrakı mərhələ olaraq, ayrılan mülkiyyətçi kimi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən alınması hüququ yaranmış və iddiaçı tələbində bunu göstərmişdir. Lakin, paylı mülkiyyətin mülkiyyətçiləri arasında qarşılıqlı razılıq əsasında əmlakın bölünməsi mümkün olmadığından iddiaçının əmlakın açıq hərracdan satılaraq onun payına uyğun pulun ödənilməsi tələbinə dair məhkəmə qaydasında müdafiə hüququ yaranmışdır. Belə ki, məhkəmə gedişatında cavabdeh tərəflər paylara uyğun pul kompensasiyasının iddiaçıya verilməsi ilə razılaşmamışdı. Beləliklə Məhkəmə hesab edir ki, Ağstafa rayonu, Poylu kəndində yerləşən 0.1304 ha torpaq sahəsinin və üzərində ümumi sahəsi 67 kv.m olan fərdi yaşayış sahəsinin 7/8 hissəsinin naturada bölünməsi mümkün olmadığından, paylı mülkiyyət hüququ ilə iddiaçıya məxsus əmlakın 7/8 hissəsinin dəyəri cavabdeh tərəfindən ödənilmədiyindən, mübahisəli əmlak açıq hərraca çıxarılaraq satılmalı, satışdan əldə edilmiş pul məbləği iddiaçının 7/8 payına uyğun olaraq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu tələb edilmədiyindən məhkəmə hesab edir ki, bu hissəyə qiymət verilməsi zərurəti aradan qalxmışdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanları və Mülki Prosessual Məcəllənin 4, 7, 88 və 216-236-cı maddələrinin tələblərinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Ağstafa rayonu, Poylu kəndində yerləşən 0.1304 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 67 kv.m olan fərdi yaşayış sahəsi açıq hərracdan satılsın, satışdan əldə edilən pul vəsaiti İddiaçı 7/8 hissədə, Cavabdeh 1/8 hissədə paylarına mütənasib surətdə bölünsün. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar