Məhkəmə qərarları › İş №e-2(012)-631/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-631/2023

23.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-631/2023 23.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hаkim Əhmədоv Hаbil Yunis оğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) X1 kаtibliyi ilə, İddiaçı «X5»ın Bakı filialının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı «X5»ın Bakı filialı Cavabdeh qarşı borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı «X5»ın Bakı filialı Cavabdeh qarşı borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixli 37 AV saylı kredit müqaviləsinə əsasən, 8925.78 manat əsas, 510.05 manat faiz borcu olmaqla, cəmi 9435.83 manat borcun və ödənilmiş 114.36 manat dövlət rüsumunun tutularaq «X5»ın Bakı filialına verilməsi və tələbin ipoteka ilə yüklü edilmiş **-XM-*** qeydiyyat nişanlı «Lada Vesta» minik markalı avtomobilə yönəldilməsi, avtomobilin hərrac vasitəsi ilə satılması və əldə olunan vəsaitdən borcun ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra, iddiaçı «X5»ın Bakı filialı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələblərinin qalan hissələrdə saxlanılmaq şərtilə, cavabdehdən kredit müqaviləsi üzrə 8925.78 manat əsas, 978.01 manat faiz borcu olmaqla, cəmi 9903.79 manat borcun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı «X5»ın Bakı filialının nümayəndəsi Nümayəndə2 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, «X5»ın Bakı filialı ilə Cavabdeh arasında imzalanmış xx.xx.2020-ci il tarixli 37 AV saylı kredit müqaviləsinə əsasən, sonuncuya illik kreditdən istifadə haqqı 19% ödəmək şərti ilə 36 ay müddətinə 13500 manat kredit verilmişdir. Kredit müqaviləsinin 4.1-ci maddəsinə əsasən, borcalan ssuda hesabında qalıq əmələ gəldiyi gündən 1 ay sonradan başlayaraq hər ayın həmin günü banka ssuda borcu, ssuda hesabının qalığına hesablanmış faizlər də daxil olmaqla 494.36 manat ödəməli idi. Müqavilənin 2.2-ci bəndinə görə borcalan tərəfindən kredit müqaviləsinin hər hansı bir şərti pozulduqda bankın verilmiş krediti hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Müqavilə şərtlərinə uyğun olaraq borcalan xx.xx.2022-ci il tarixə banka kredit borcu üzrə 13361.22 manat ödəniş yerinə yetirməli idi. Lakin həmin tarixə kimi borcalan tərəfindən bankaa 9017.5 manat ödəniş həyata keçirilmişdir. Borcalana kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi üçün dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar olunmuş, lakin borcalan kredit borcunu yerinə yetirməmişdir. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən, kredit vaxtında ödənilmədikdə gecikdirilmiş hər bir gün üçün borcalan banka illik 29% ödəməlidir. xx.xx.2022-ci il tarixə cavabdehin banka olan borcu müqavilə şərtlərinə əsasən hesablanmış faizlərlə birlikdə 9435.83 manat təşkil edir. Bundan 8925.78 manat əsas və 510.05 manat faiz borcu təşkil edir. Cavabdehə dəfələrlə şifahi və yazılı müraciət edilərək kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi tələb olunsa da bu öhdəliklərin yerinə yetirilməsi üçün heç bir tədbir göstərilməmişdir. Cavabdeh ilə bağlanmış kredit müqaviləsinin təminatı olaraq həmin tarixdə onunla 37 Aİ saylı ipoteka müqaviləsi imzalanmışdır. İpoteka müqaviləsinə əsasən, kredit üzrə öhdəliklərin icra olunmasının təminatı kimi **- XM-*** qeydiyyat nişanlı, 2019-cu il buraxılışlı, boz metalik rəngli, mühərrik 0097523, «Lada Vesta» markalı avtomobil ipoteka kimi yüklü edilmişdir. İpoteka müqaviləsinə görə təmin olunan tələblərin həcmi borcun əsas hissəsi, hesablanmış faizlər, borcalan tərəfindən öhdəliklərin yerinə yetirilməməsi səbəbindən ipoteka saxlayana dəyən zərərlər və həmçinin, ipoteka saxlayan tərəfindən ipoteka predmetinə ödənişin yönəldilməsi ilə bağlı çəkilən əlavə xərclərdən ibarətdir. Kredit müqaviləsi üzrə öhdəliklər cavabdeh tərəfindən icra edilmədiyindən iddia tələbinin həcminin artırılması zərurəti yaranmışdır. Hazırda, cavabdehin müqavilə üzrə 8925.78 manat əsas, 978.01 manat faiz borcu olmaqla, cəmi 9903.79 manat borcu yaranmışdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Borcverən «X5»ın Bakı filialı ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2020ci il tarixli 37 AV saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən borcalana avtomobilin alınması məqsədilə 36 ay müddətinə illik 19 faiz ödənilmək şərtilə 13500 manat kredit verilmişdir. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən, kredit və kredit üzrə faizlər vaxtında ödənilmədikdə gecikdirilmiş hər bir gün üçün borcalan banka gecikdirilən məbləğə illik 29 faiz ödəməlidir. -Kredit müqaviləsi üzrə ödəniş planından görünür ki, borcalan xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan dövr ərzində hər ay 494.86 manat, sonuncu ay isə 494.68 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. -xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, bank tərəfindən borcalana kredit vəsaitinə görə 13500 manat pul vəsaiti verilmişdir. -İpoteka saxlayan «X5»ın Bakı filialı ilə ipoteka qoyan Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 37 Aİ saylı ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üsulu kimi mülkiyyətində olan “Lada Vesta” minik markalı ** XM *** dövlət qeydiyyat nişanlı avtomobili bank qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsinin 2.1-ci bəndinə əsasən, ipotekanın predmeti tərəflərin qarşılıqlı razılığı ilə 27000 manat dəyərində qiymətləndirilmişdir. -AD № 836467 saylı xx.xx.2020-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2019-cu il buraxılışlı “Lada Vesta” minik markalı ** XM *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh mülkiyyətindədir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi Qeydiyyat İmtahan şöbəsinin ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən xx.xx.2020-ci il tarixli AA № 141071 saylı çıxarışın surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan “Lada Vesta” minik markalı ** XM *** dövlət qeydiyyat nişanlı avtomobilin ipoteka müqaviləsinə əsasən bank qarşısında ipoteka ilə yüklülüyü qeydə alınmışdır. -«X5»ın Bakı filialının Cavabdeh ünvanladığı xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, bank tərəfindən cavabdehə kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -«X5»ın Bakı filialının Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli 2021-923 saylı ərizədən görünür ki, bank kredit müqaviləsi üzrə öhdəliklər icra edilmədiyindən bank qarşısında təminat qismində qoyulmuş avtomobilə tutmanın yönəldilməsini və bu barədə bildirişin qeydə alınmasını xahiş etmişdir. -xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli 37 AV saylı kredit müqaviləsi üzrə 8925.78 manat əsas, 510.05 manat faiz borcu olmaqla, cəmi 9435.83 manat borcu vardır. -xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli 37 AV saylı kredit müqaviləsi üzrə 8925.78 manat əsas, 978.01 manat faiz borcu olmaqla, cəmi 9903.79 manat borcu vardır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Əzizov X2 rayonu Xırdalan şəhəri 27-ci məhəllə 4A saylı evin 22 saylı mənzilində qeydiyyatdadır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən, həmin müqavilə üzrə Cavabdeh bank qarşısında öhdəliyi yaranmış və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müyyən olunmuşdur ki, «X5»ın Bakı filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 37 AV saylı kredit müqaviləsinə əsasən, 36 ay müddətinə, illik faiz dərəcəsi 19% olmaqla 13500 manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanmış xx.xx.2020-ci il tarixli 37 Aİ saylı ipoteka müqaviləsinə əsasən, cavabdeh mülkiyyətində olan “Lada Vesta” minik markalı ** XM *** dövlət qeydiyyat nişanlı avtomobili bank qarşısında ipoteka ilə yüklü etmişdir. Kredit müqaviləsi üzrə öhdəliklər icra edilmədiyindən iddiaçı bank kredit müqaviləsi üzrə borcun tutulmasına və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlara əsasən, işə əlavə olunmuş arayışdan, həmçinin, işin digər materiallarından görünür ki, kredit borcu barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə, Cavabdeh xx.xx.2020-ci il tarixli 37 AV saylı kredit müqaviləsi üzrə 8925.78 manat əsas, 978.01 manat faiz borcu olmaqla, cəmi 9903.79 manat borcunun yaranması öz təsdiqini tapmışdır. Ona görə də məhkəmə iddiaçının iddia tələbinin 9903.79 manat pul vəsaitinin tutulması hissəsində əsaslı hesab edib təmin edilməsi qərarına gəlir. Mülki Məcəllənin: 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. 319.1 və 319.6-cı maddələrinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında Azərbaycan Respublikası Qanunu”nun (bundan sonra “İpoteka haqqında Qanun” adlanacaq): 6.1. maddəsinə əsasən, ipoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alman daşınar əşya ola bilər. 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34.1.3. maddəsinə əsasən, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Mülki iş materiallarından göründüyü kimi, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üsulu kimi cavabdeh mülkiyyətində olan “Lada Vesta” minik markalı ** XM *** dövlət qeydiyyat nişanlı avtomobili bank qarşısında ipoteka ilə yüklü etmişdir. Belə ki, bankın ipoteka hüququ daşınar əmlakın dövlət reyestrində qeydiyyata alınmış, cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməməsi kredit borcu qaytarılmadığından qanuna və ipoteka müqaviləsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsas yaratmışdır. “İpoteka haqqında Qanun”un 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iddia tələbinin “tələbin ipoteka predmetinə yönəldilməsi” hissəsində qeyd edir ki, iddia ərizəsində cavabdehə məxsus “Lada Vesta” minik markalı ** XM *** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti göstərilmədiyindən tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin şərtlərinə əsasən, tərəflərin qarşılıqlı razılığı ilə ipoteka predmetinin dəyəri 27000 manat müəyyən edilmişdir. Ona görə də məhkəmə ipoteka predmetinin məhz 27000 manat olmaqla açıq hərracdan satılması qənaətinə gəlir. “İpoteka haqqında Qanun”un 47.4-cü maddəsinə əsasən, həmin Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Bu baxımdan, məhkəmə hesab edir ki, ipoteka predmeti olan “Lada Vesta” minik markalı ** XM *** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına iddiaçıya ödənilməli olan borc məbləği ödənildikdən sonra əldə olunmuş pul vəsaitinin qalan hissəsi Cavabdeh qaytarılmalı, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə isə qalan məbləğ Cavabdeh tutulmalıdır. Beləliklə, işin faktiki hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Cavabdeh bankdan aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımi qaydada qaytarmamış, bununla da, kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməmişdir. Ona görə də iddia ərizəsi təmin edilməli, «X5»ın Bakı filialının xeyrinə Cavabdeh xx.xx.2020-ci il tarixli 37 AV saylı kredit müqaviləsi üzrə 8925.78 manat əsas, 978.01 manat faiz borcu olmaqla, cəmi 9903.79 manat borc tutulmalı, tutma ipoteka qoyulmuş Cavabdeh mülkiyyətində olan “Lada Vesta” minik markalı ** XM *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməli, həmin avtomobil açıq hərracdan satılmalı, ipoteka predmetinin ilkin satış qiyməti 27000 manat müəyyən edilməli, satışdan əldə olunmuş pul vəsaitindən ümumilikdə 9903.79 manat borc tutulmalı, iddiaçıya tam ödənildikdən sonra qalan məbləğ Cavabdeh qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi təmin edildiyindən iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 114.36 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutulub iddiaçıya verilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Mülki-Prosessual Məcəllənin 119, 216-220, 222.2, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli 37 AV saylı kredit müqaviləsi üzrə 8925.78 (səkkiz min doqquz yüz iyirmi beş manat yetmiş səkkiz qəpik) manat əsas, 978.01 (doqquz yüz yetmiş səkkiz manat bir qəpik) manat faiz borcu olmaqla, ümumilikdə, cəmi 9903.79 (doqquz min doqquz yüz üç manat yetmiş doqquz qəpik) manat borc və ödənilmiş dövlət rüsumuna görə 114.36 (yüz on dörd manat otuz altı qəpik) manat pul vəsaiti iddiaçı «X5»ın Bakı filialının xeyrinə tutulsun. Cavabdeh mülkiyyətində olan “Lada Vesta” minik markalı ** XM *** dövlət qeydiyyat nişanlı avtomobilə tutma yönəldilsin, həmin avtomobil satış qiyməti 27000 (iyirmi yeddi min) manat olmaqla açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsaitdən cəmi 10018.15 (on min on səkkiz manat on beş qəpik) manat pul vəsaiti iddiaçı «X5»ın Bakı filialının hesabına keçirilsin, borc tam ödənildikdən sonra qalan məbləğ Cavabdeh qaytarılsın. “Lada Vesta” minik markalı ** XM *** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunmuş pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləği Cavabdeh tutulsun. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar