Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-639/2022 23.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə və evdən çıxarılma tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə və evdən çıxarılma tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin uşaqları ilə birgə uzun müddət sahibliyində və istifadəsində olan Abşeron rayonu, Hökməli qəsəbəsi, Aşağı 28 May küçəsində yerləşən nömrəsiz evdən çıxarılması, onun ailə üzvləri ilə birgə fərdi evə köçürülməsi, uzun müddət sahibliyində və istifadəsində olan torpaq sahəsindən cavabdehlərin çıxarılması, zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması, fərdi evdə olan əşyaların yararsız hala salındığı, qırıldığı üçün ona dəymiş 6000 manat ziyanın əvəzi, evdən kənarda qaldığı müddətdə kirayəyə çəkilmiş 3000 manat xərc, vəkil xidməti üçün ödənilmiş 201 manat pul olmaqla, cəmi 9201 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ailəsi ilə birgə ona məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi, Aşağı 28 May küçəsində yerləşən nömrəsiz evdə yaşayırdı. Həmin fərdi evin yerləşdiyi boş torpaq sahəsini o, əmisi Maraqlı şəxs2 dəyərini ödəməklə almışdır. Həmin torpaq sahəsinin onun adında olmasına dair vergi ödəyicisi kimi Hökməli Bələdiyyəsinə ödənişlər etmişdir. Bu torpaq sahəsində öz vəsaiti ilə fərdi ev tikərək 2009cu il tarixdən orada ailəsi və mərhum atası ilə birgə yaşamağa başlamışdır. Bu illər ərzində onun sahibliyində və istifadəsində olan fərdi evdə yalnız atası və ailəsi ilə birgə yaşamağını təsdiq edən şahidlər var. Mübahisəli evin tikilməsində qayınatası usta kimi çalışmış, evin tikilməsində kömək etmişdir. X3 06 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. O öldükdən sonra qardaşı Cavabdeh1 və qardaşının arvadı Əlizadə (Mirzəyeva) Gülnar Sahib qızı həmin evə gələrək mərhum atasının dəfn mərasimini yola vermək adı ilə orada müvəqqəti yaşamağa başladılar. Atası dəfn edildikdən bir müddət sonra qardaşı və onun arvadı evi tərk etmək istəməmiş, həmin evdə atasının yaşamasını bəhanə edərək bu evin ona vəsiyyət olunmasını bildirmiş, orada yaşamağa davam etmişlər. Bundan sonra onların arasında mübahisə yaranmış, cavabdeh onu evdən qovmağa çalışmışdır. Cavabdeh evlə bağlı onun barəsində polis orqanlarına şikayət etmişdir. Abşeron rayon İcra Hakimiyyəti Başçısının Hökməli qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 3339 saylı, xx.xx.2021-ci il tarixli arayışına əsasən onun ailəsi ilə birlikdə Hökməli qəsəbəsi, Yeni yaşayış massivi küçəsində mübahisəli evdə yaşaması təsdiq olunur. Həmin fərdi evin bütün qaz və işıq sərfiyyatı onun adına müqavilə bağlamaqla rəsmiləşdirilmiş, qaz, işıq borcları ödənilmişdir. Abşeron Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında onun həmin evdə atası ilə uzun müddət yaşaması, cavabdehlərin isə ora gəlib atasının dəfnindən sonra məskunlaşaraq orada yaşaması öz təsdiqini tapmış, cavabdehlər atasının vəfatından sonra bu evə köçərək yaşamalarını özləri etiraf etmişlər. Hal-hazırda o, cavabdehlərin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində evindən və orada olan əmlakından məhrum edilmiş, əşyaları yararsız hala salınmış, kirayədə qalmağa məcbur olmuşdur. Bu evdən başqa onun yaşamağa yeri yoxdur. Cavabdehlərin öz evləri olduğu halda onun evində yaşamaları qanunsuz və əsassızdır. Cavabdehlərin evi qardaşı Eldarın ümumi həyətində atasının sağlığında hamılıqla köməklik edərək inşa olunmuşdur. Cavabdehlər onun inşa etdiyi evdən və orada olan daşınar əmlakdan qanunsuz istifadə etməklə ona maddi ziyan vurmuşlar. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İştirak etdikləri məhkəmə iclasında İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdilər. İştirak etdikləri məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2, habelə Cavabdeh1 vəkili Vəkil2 iddianı qəbul etmədilər və onun rədd olunmasını xahiş etdilər. Cavabdeh1 əlavə etdi ki, mübahisəli torpaq sahəsi və ev atasına məxsus olmuşdur. Atasının ölümündən bir müddət əvvəl o və arvadı bu evdə yaşamağa başlamış və ona qulluq etmişlər. İddiaçı isə bu evdə 2015-ci ildən yaşamır və onun bu əmlaka dair heç bir hüququ yoxdur. İddiaçının başqa yerdə evi var və onun iddia tələbi əsassızdır. İştirak etdiyi məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayon Hökməli Bələdiyyəsinin nümayəndəsi X18 bildirdi ki, tərəfləri tanımır. Qanunsuz tikililərin sənədləşdirilməsi üzrə sübutların toplanılması ilə bağlı bələdiyyə işçiləri mübahisəli tikilidə olmuşlar. Bu zaman orada İddiaçı olmuş və o, mübahisəli əmlakla bağlı bələdiyyəyə vergi ödəyicisi kimi uçota alınmışdır. Mübahisəli əmlak isə sənədsiz tikinti kimi qeydə alınmışdır. Qeyd edilən yoxlama müddətində mübahisəli evdə İddiaçı yaşamışdır. Mübahisəli tikili bələdiyyə mülkiyyətində olan torpaq sahəsində yerləşir. Torpağa görə bələdiyyəyə vergini İddiaçı ödəyir. Cavabdeh1 isə torpağa görə vergini hazırki mübahisədən sonra ödəmişdir. Mübahisənin həllini isə məhkəmənin mülahizəsinə buraxır. İştirak etdiyi məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs2 göstərdi ki, mübahisəli evdə Cavabdeh1 yaşamayıb. Orada yalnız İddiaçı ailə üzvləri və atası ilə yaşamışdır. Mübahisəli evin yerləşdiyi torpaq sahəsi onun adına olmuşdur. Sonradan bu sahəni o, qardaşı oğlu Vüsala vermişdir. Vüsal evdən atasının sağlığında atasının təkidi ilə çıxmışdı. Belə ki, qardaşı Sabir hepatit xəstəsi, Vüsalın arvadı isə hamilə olduğu üçün Sabir demişdir ki, sağlamlıq baxımından evdə tək qalsın. Vüsal bu evdə 2020-ci ilədək yaşamış, arvadı bu evə gəlin köçmüş və atasına da Vüsal qulluq etmişdir. Cehiz əmlakı da bu evdə idi. Yaşar isə atasına hərdən gəlib baş çəkirdi. Qardaşlar arasında mübahisə Sabir öləndən sonra onun baş daşının qoyulması mövzusunda düşmüşdür. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. X9 məhkəmə iclasında göstərdi ki, o, Cavabdeh2 atasıdır. Gülnar Yaşarla evləndikdən sonra 1 il yarım kirayədə qalmış, sonradan onun evində yaşamışlar. Eldar demişdir ki, onlar ev inşa edəcəklər, lakin evi tikmədilər. O, öz vəsaiti ilə 2020-ci ilin aprel ayında Gülnarla Yaşar üçün ev tikməyə başlamışdır. Onlar 2020-ci ilin 4 may tarixində həmin evə köçdülər. Gülnarla Yaşar 2020-ci ilin 8 may tarixində mübahisəli evə getmişlər. Sabir Əlizadə xəstə idi. Sonra o öldü. Onun yas mərasimində Gülnar və üç qardaş iştirak etmişlər. Sabirin ölümündən 6 gün sonra qardaşlar arasında dava düşdü. Eldar dedi ki, Gülnar onları saymır, Yaşar polisə də şikayət etmişdir. Evi qayınata tikib, qızı və əri il yarım orada yaşayıblar, 2010-cu ildə isə həmin evi tərk ediblər. Həmin vaxt İddiaçı subay idi, o, 2014-2015-ci ildə evlənib. Vüsal 2015-ci ildən bu günə qədər Bakıxanov qəsəbəsində yaşayır. X39 üçün tikdirdiyi evə 6000 manat vəsait sərf olunub. Bunun 3000 manat hissəsi qızı Gülnarın puludur. Gülnarı evdən Vüsalla Eldar qovublar. X10 məhkəmə iclasında göstərdi ki, mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi 4000- 5000 manat müqabilində əldə edilmişdir. Sabir Əlizadə ölən günədək mübahisəli evdə yaşamış, ona Vüsal və ailəsi baxmışdır. Lakin ölənə yaxın Yaşargil evə gəldilər və Vüsalgil oradan çıxdılar. Bu evin tikilməsində Cavabdeh1 heç bir fəaliyyəti olmamışdır. X5 məhkəmə iclasında göstərdi ki, 2015-ci ildən Eldar və Vüsalla dostluq etmişdir. 2017-ci ilin yazında evin pəncərəsini dəyişmişdir. O zaman evdə Vüsal və ailəsi, həmçinin atası Sabir yaşayırdı. X4 məhkəmə iclasında göstərdi ki, mübahisəli torpaq sahəsi qaynı Orucun istifadəsində olmuşdur. Torpaq sahəsi ona Abşeron rayon İcra Hakimiyyəti tərəfindən verilmişdir. İddiaçı torpaq sahəsini Orucdan 5000 manat müqabilində almışdır. Oradakı tikilini isə özü tikmişdir. O vaxt usta işləyirdi. 15 günə daş hörgü işlərini görmüş, pulunu isə Vüsal vermişdir. Sabirin ölümündən 3 gün öncə Vüsal qardaşı Yaşara dedi ki, gəlib atasına qulluq etsin. Mübahisəli ev 2008-ci ildə tikilmişdir. X7 məhkəmə iclasında göstərdi ki, o, taxta-qapı ustasıdır. 2008-ci ildən Vüsalı tanıyır. Ailəvi gediş-gəlişləri olmuşdur. Sabir Allahverdiyevi bir neçə dəfə həkimə aparmışdır. Atasına Vüsal və ailəsi baxır, xərclərini Vüsal çəkirdi. X2 məhkəmə iclasında göstərdi ki, 9 ildir ki, həmin ərazidə yaşayır. Sabir Əlizadə mübahisəli evdə tək yaşamışdır. O öləndən sonra isə burada Yaşar və ailəsi yaşayırlar. X8 məhkəmə iclasında göstərdi ki, 2017-ci ildən həmin ərazidə yaşayır. X38 avtobus sürücüsü idi. Evin hasarı 2021-ci ilin yayında inşa edilmişdir. Sabir Əlizadə mübahisəli evdə tək yaşamışdır. X11 məhkəmə iclasında göstərdi ki, hər iki tərəfin qardaşıdır. Mərhum atasına Vüsal və ailəsi baxıb. Yaşar üçün 2019-cu ildə öz həyətində 2 otaqlı ev tikmişdir, çünki o, qayınatasıgildə qalırdı. Atasının yas mərasimindən sonra Yaşar və ailəsi evdən çıxmaq istəmirdilər. Cavabdehlər polisə müraciət edib, onun və Vüsalın barəsində şikayət etdilər. Elə o vaxtdan da Vüsal bu evi məcbur qalaraq tərk etmişdir. X12 məhkəmə iclasında göstərdi ki, 2017-ci ildə böyük qardaş Eldar mübahisəli evdən çıxmışdır. İddiaçı ailə qurmuş və burada yaşamışdır. 2014-cü ildən orada qonşudurlar. Yaşar isə atası öləndən sonra orada yaşayıb. Vüsalı evdən o qovub. Bu zaman Vüsalın arvadının cehizlərini çölə tökmüşdülər. İş materiallarında olan Hökməli bələdiyyəsi Yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnamələrin surətlərindən görünür ki, YVÖK (yerli vergi ödəyicisinin kodu) 3107152HQOBA olan Hökməli qəsəbəsi üzrə vergi ödəyicisi Cavabdeh1dur. İş materiallarında olan Hökməli bələdiyyəsi Yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnamələrin surətlərindən görünür ki, YVÖK (yerli vergi ödəyicisinin kodu) 31071xxxxxxx olan Hökməli qəsəbəsi üzrə vergi ödəyicisi İddiaçıdur. İş materiallarında olan Abşeron RİHB-nin Xırdalan şəhəri üzrə X1 və Maraqlı şəxs2 göndərdiyi xx.xx.2008-ci il tarixli, 101 saylı məktubdan görünür ki, əsaslı təmir edilməsi planlaşdırılan transformator binasında məskunlaşmış məcburi köçkünlər Ə.Ə.Şükürov və Maraqlı şəxs2 hər birinə Hökməli Bələdiyyəsi tərəfindən 300 kv.metr torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan AA 169613 saylı vəsiqənin surətindən görünür ki, Əlizadə X19 rayonundan köçkün düşmüşdür. Məskunlaşdığı ünvan Bakı şəhəri Nizami rayonudur. İş materiallarında olan Abşeron RİHB-nin Hökməli qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilən 3339 saylı xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Əlizadə X23 rayonu, Hökməli qəsəbəsində (yeni yaşayış massivi) qeydiyyatsız (arvadı və iki uşağı ilə birlikdə) yaşayır. İş materiallarında olan Abşeron RİHB-nin Hökməli qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilən 793 saylı xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Əlizadə X23 rayonu, Hökməli qəsəbəsində (Şamaxı 19-cu km) qeydiyyatsız (arvadı və iki uşağı ilə birlikdə) yaşayır. İş materiallarında olan Abşeron RİHB-nin Hökməli qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilən 36 saylı xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Əlizadə X24 rayonu, Hökməli qəsəbəsində (yeni yaşayış massivi) qeydiyyatsız yaşayır. Atası S.Allahverdiyev ölən günə kimi onunla birlikdə yaşayıb, dəfn xərcini çəkmişdir. İş materiallarında olan AKX-03001xx-xx-2021 saylı 25 may 2021-ci il tarixli müqavilənin surətindən görünür ki, Aşağı Güzdək qəsəbəsi Yeni məhəllə ünvanında abonent İddiaçı ilə “Azəriqaz” İB arasında müqavilə imzalanmışdır. İş materiallarında olan elektrik enerjisinin alqı-satqısı barədə birtipli müqavilənin surətindən görünür ki, Aşağı Güzdək qəsəbəsi Yeni məhəllə ünvanında abonent İddiaçı ilə enerji təchizatçısı "xxxx" ASC arasında müqavilə imzalanmışdır. İş materiallarında olan ölüm haqqında AZ-İİ 163998 saylı şəhadətnamənin surətindən görünür ki, X15 06 dekabr 2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan QMKİD Komitəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı və ailə üzvlərinin (arvadı və övladları) faktiki yaşayış ünvanı Komitənin elektron bazasında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qənbərov küçəsi 4, Maşınqayırma Kollecinin yataqxanası kimi qeyd olunmuşdur. İş materiallarında olan Abşeron RİHB-nin Hökməli qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilən 3535 saylı xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Əlizadə X23 rayonu, Hökməli qəsəbəsində (yeni yaşayış massivi) 2009-cu ildən hazırki vaxtadək qeydiyyatsız yaşayır. İş materiallarında olan Bakı Texniki Kolleci tərəfindən verilən 027 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qənbərov küçəsi 4, Maşınqayırma Kollecinin yataqxanasında müvəqqəti qeydiyyatda olsa da, hazırda orada yaşamır. İş materiallarında olan Cəbrayıl rayon İHB-nin Dağ Tumas kənd İƏD üzrə Nümayəndəliyinin 13 saylı xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X6 ölən günə kimi ailə üzvlərinin tərkibi oğlu İddiaçı, gəlini R.H.Əlizadədən və nəvəsi F.İddiaçı ibarət olmuşdur. İş materiallarında olan QMKİD Komitəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1 məcburi köçkün kimi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qənbərov küçəsi 4, Maşınqayırma Kollecinin yataqxanasında müvəqqəti qeydiyyatdadır. İş materiallarında olan Abşeron RİHB-nin Hökməli qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilən 15 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı 2009-cu ildən atası ilə birlikdə Hökməli qəsəbəsi Yeni yaşayış massivində özünə məxsus fərdi evdə yaşayıb və Nümayəndəliyin təsərrüfat kitabında qeydiyyatdadır. Araşdırma zamanı məlumat verildi ki, İddiaçı X3 vəfat etdikdən sonra qardaşı Cavabdeh1 və qardaşının həyat yoldaşı Cavabdeh2 ilə ev barədə münaqişələri olub və həmin evdən İddiaçı çıxarıblar. İş materialları və tərəflərin izahatları ilə müəyyən olunur ki, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən mübahisəli evin hüquqmüəyyənedici sənədi yoxdur. Bu, işin mübahisəsiz halıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh1 qardaşdırlar. Onlar və mərhum ataları Cəbrayıl rayonundan məcburi köçkün kimi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qənbərov küçəsi 4, Maşınqayırma Kollecinin yataqxanasında məskunlaşmışlar. Hökməli Bələdiyyəsi tərəfindən onların əmisinə məskunlaşdığı yerin dəyişdirilməsi məqsədilə 300 kv.metr torpaq sahəsi ayrılmış, tərəflərin atası Sabir Allahverdiyev isə orada mübahisə predmetini təşkil edən tikilini inşa etdirmişdir. İş materialları ilə müəyyən edilir ki, Sabir Allahverdiyev ölənə kimi (06 dekabr 2020-ci il) burada yaşamış, onun ölümündən sonra mübahisəli tikili üstündə tərəflər arasında münaqişə yaranmışdır. Hazırda İddiaçı mübahisəli evin onun vəsaiti ilə tikildiyini iddia edib, ailə üzvləri ilə oraya köçürülməsini və qardaşının və onun ailə üzvlərinin isə oradan çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh1 isə bildirir ki, iddiaçının bu evə heç bir aidiyyəti yoxdur, çünki o, 2015-ci ildən burada yox, başqa ünvanda yaşayır. Təsvir olunanlara və hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə mübahisə ilə əlaqədar, ilk növbədə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli «V.Q.Teryoxinin şikayəti ilə əlaqədar qərarı»na istinad etməyi zəruri hesab edir. Konstitusiya Məhkəməsinin qərarda ifadə olunmuş mövqeyinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşayaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcudluğu əmlak sahibinin hüquqlarının mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri bilir ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. O, mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bunlara əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi İddiaçı Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən mübahisəli evə köçürülməsi hissəsində əsaslı hesab edilməlidir. Bununla belə, məhkəmə qeyd etməyi lazım bilir ki, iddia tələbi cavabdehlərin övladları ilə birgə həmin mübahisəli yaşayış evindən çıxarılması hissəsində aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, mübahisəli evin hüquqmüəyyənedici sənədləri mövcud olmasa da, həmin ev faktiki olaraq mövcuddur, hazırda yaşayış sahəsi kimi istifadə olunur və həmin evdən yaşayış sahəsi kimi istifadə etmək baxımından iddiaçı ilə cavabdehlərdən hər hansı birinin üstünlük hüququ olmamaqla cavabdehlərin də normal şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Mülki Məcəllənin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 27.3-cü maddəsinə görə əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.6-cı maddəsinə əsasən, hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən, əmlakdan istifadə hüququ da mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə görə, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Məhkəmə hesab edir ki, nə qədər ki torpaq sahəsi və ev Sabir Allahverdiyevin vəsaiti hesabına əldə edilib, iddiaçı və cavabdeh bir neçə ildən artıqdır ki, həmin evdən ailə üzvü kimi istifadə edərək yararlanıblar, onların həmin tikiliyə münasibətdə iqtisadi maraqları formalaşmışdır. Məhkəmə hesab edir ki, hazırda cavabdeh daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış həmin tikilidən (iqtisadi dəyərdən) istifadə etdiyi halda, bərabərlik prinsipinə uyğun iddiaçı da oradan istifadə edə bilər, çünki qüvvədə olan Mənzil Məcəlləsinin anoloji (istər xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış və ya alınmamış yaşayış sahəsindən istifadəni tənzimləyən) normaları da buna imkan verir. Qüvvədə olan Mənzil Məcəlləsinin 30.1, 30.2. 30.3 və 30.4-cü maddələrinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Yenə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 68.1-ci və 68.2-ci maddələrinə görə, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Qeyd edildiyi kimi, mübahisə predmeti olan yaşayış evi hər hansı şəxsin adına qeydə alınmadığından, tərəflərin bu evin tikintisində iştirakı istisna edilmədiyindən onların hər ikisinin bu evlə bağlı hüquqları bərabər hesab edilməlidir. Mübahisəyə bu baxımdan yanaşıldığında isə həmin mübahisəli evə köçürülməsi barədə İddiaçı iddia tələbinin əsaslı olması, digər tərəfdən isə Cavabdeh1 oradan çıxarılması barədə iddia tələbinin əsassız olması şübhə doğurmur. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və iddiaçı Əlizadə X23 rayonu, Hökməli qəsəbəsi, Aşağı 28 May küçəsində yerləşən qanunsuz tikiliyə köçürülməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı iddia tələbinin digər hissələrini əsaslandıran sübutları məhkəməyə təqdim etməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Əlizadə X23 rayonu, Hökməli qəsəbəsi, Aşağı 28 May küçəsində yerləşən qanunsuz tikiliyə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-639/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-639/2022
23.05.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver