Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-6464/2025 12.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “X3” MMC-yə (müstəqil tələb irəli sürməyən İİİ şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti) qarşı əmək müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi və məlumatın altsistemə daxil edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X3” MMC-yə qarşı əmək müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi və məlumatın altsistemə daxil edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onunla “X3” MMC arasında bağlanmış əmək müqaviləsinin qüvvədən salınmış hesab edilməsini və bu barədə məlumatların “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2019-cu ildə “X3” MMC ilə əmək müqaviləsini bağlayaraq həmin şirkətdə operator vəzifəsində çalışmağa başlamış, 2020-ci ildə öz təşəbbüsü ilə əmək münasibətlərinə xitam verilməsi məqsədilə işəgötürənə müraciət edilmiş, lakin işdən azad edilməsi barədə əmr verilməmiş və əmək münasibətlərinin başa çatdığını təsdiq edən heç bir sənəd ona təqdim olunmamışdır. xx.xx.2019-cu il tarixdə 1 saylı Bakı DOST Mərkəzinə müraciət edilmiş və müraciəti əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin yanında X5 Xidməti tərəfindən ünvanlanmış cavab məktubunda bildirilmişdir ki, “Əmək və məşğulluq” altsistemində işəgötürənlə bağlanmış əmək müqaviləsinin statusu aktiv olaraq qalmaqdadır. Həmçinin həmin məktubda xx.xx.2015-ci il tarixli, 1410-İVQ nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanuna əsasən, X5 Xidməti tərəfindən yerində müvafiq yoxlamaların və tədbirlərin keçirilməsinin mümkünsüz olduğu qeyd edilmişdir. Həmin məktubda bildirilmişdir ki, “Əmək və məşğulluq” altsistemində dəyişikliklərin edilməsi X5 Xidmətinin səlahiyyətlərindən xaricdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49 və 12-ci maddələrinə əsasən, əmək müqaviləsinin bağlanması və ya ləğv edilməsi barədə bildirişin göndərilməsi, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 iyun 2014-cü il tarixli, 183 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların 3.4-cü bəndinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi barədə bildiriş işəgötürən və ya onun səlahiyyət verdiyi şəxs tərəfindən “Elektron hökumət” portalı üzərindən daxil edilməsi işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanununa müfaviq olaraq mediasiya prosedurunun keçirilməsi üçün Abşeron 1 saylı Mediasiya Təşkilatına müraciət edilmiş, lakin qarşı tərəf mediasiya prosessində iştirak etmədiyini bildirmiş və yekun olaraq X2 İştirak Edilməməsi haqqında arayış təqdim edilmişdir. Daha sonra cavabdehə əmək müqaviləsinin ləğvi və bu barədə məlumatın “Əmək və Məşğulluq” altsistemdə dəyişikliklər edilməsinə dair Pretenziya göndərilmiş, lakin heç bir cavab alınmamışdır. Beləliklə, qanunvericilik əmək müqaviləsinin qüvvədən salınmış hesab edilməsini və bu barədə məlumatların “Əmək və məşğulluq” elektron altsisteminə daxil edilməsini işəgötürənin əsas vəzifəsi kimi müəyyən edir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, məsələnin qanuni yolla həlli üçün yeganə vasitə məhkəməyə müraciət etməkdir. Bununla belə, iddiaçıya əmək müqaviləsinin ləğvi ilə bağlı bildirişi və bu barədə müvafiq məlumatların “Əmək və Məşğulluq” altsisteminə dəyişikliklərin əlavə edilməsi ilə bağlı işəğötürənə müraciət edilməsi, işəgötürən tərəfindən bu vəzifə icra edilməzsə və ya icra edilməsi mümkün olmazsa, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respunlikası X5 Xidmətini prosesə cəlb edilməsi barədə rayon (şəhər) məhkəməsinə müraciət edilməsi tövsiyə edilmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, o, 2019-cu ildə təcrübəçi kimi işə başlamış, pandemiyadan sonra ölkədən getmişdir. Şirkət ölkədə fəaliyyətlərini dayandırdığından, bu baxımdan şirkətə məxsus aktiv “ASAN imza” olmadığından əmək müqaviləsinə xitam verilə bilməmişdir. Cavabdeh “X3” MMC məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən gəlməmişdir. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən mülki işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Müstəqil tələb irəli sürməyən İİİ şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən gəlməmişdir. Belə olan halda məhkəmə mülki işə müstəqil tələb irəli sürməyən İİİ şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Abşeron-Xızı regional şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-17-5/2-M-29900/2024 saylı məktubunda qeyd olunmuşdur ki, İddiaçı Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən adına rəsmiləşdirilmiş aktiv əmək müqaviləsinə xitam verilməsi və bununla bağlı bildirişin ƏMAS-a daxil edilməsi məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə daxil olmuş müraciətinə aidiyyəti üzrə Xidmətin X1 baxılmış, xx.xx.2024-cü il tarixdə 1 saylı Bakı DOST Mərkəzinə təqdim etdiyi izahatında 2019-cu ildən Cavabdeh MMC-də operator vəzifəsində işlədiyi, bir neçə ay işlədikdən sonra əmək müqaviləsinə xitam verilməsi məqsədilə işəgötürənə ərizə ilə müraciət etdiyi, lakin bu vaxtadək xitam verilmədiyi, həmçinin işəgötürənin xarici ölkəyə getdiyi qeyd edilmiş, müraciətin Cavabdeh MMC-nin rəhbərliyinin iştirakı ilə ətraflı dəqiq araşdırılması, müvafiq sənədlərin təqdim olunması və müraciətə rəsmi münasibət bildirilməsi məqsədilə xx.xx.2024-cü il tarixli, 3-17-5/2-21237/2024 nömrəli məktubla müəssisənin ünvanına (SS896369278AZ) tərəfindən rəsmi müraciət edilmiş, məktub xx.xx.2024-cü il tarixdə poçt şöbəsi tərəfindən ünvana çatdırılsa da, işəgötürən tərəfindən münasibət bildirilməmiş və müvafiq sənədlər təqdim olunmamışdır. Tərəflərindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən müəyyən olunmuşdur ki, müraciətçinin Cavabdeh MMC-nin işəgötürəni arasında hal-hazırda əmək müqaviləsi bağlanması ilə bağlı aktiv əmək müqaviləsi bildirişi mövcuddur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 20 oktyabr 2015-ci il tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sahədə aparılan yoxlamalar xx.xx.2025-ci il tarixədək dayandırıldığından müraciətdə göstərilen halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkūn deyildir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin Əmək məşğulluq altsisteminə daxil edilməsi X5 Xidmətinin səlahiyyətləri xaricindədir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsinden sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Bununla yanaşı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 3.4-cü bəndinə əsasən, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Qeyd olunanlara əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X5 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsi məhkəmə tərəfindən qüvvədən salınmış hesab edilməli və əmək müqaviləsinin qüvvədən salınması ilə bağlı məlumatların “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi hūququ X5 Xidmətinə həvalə edilməlidir. -“AZEMİS Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, İddiaçı “X3” MMC-də operator vəzifəsində işləyir və rəsmi əməkhaqqı məbləği 250 manat təşkil edir. -Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə “X3” MMC-də müddətsiz əmək müqaviləsi ilə operator kimi işə qəbul edilmişdir. -İddiaçı tərəfindən “X3” MMC-yə ünvanlanmış ərizədən görünür ki, sonuncudan əmək müqaviləsinin ləğvi barədə rəsmi əmr verilməsi və bu barədə məlumatın müvafiq sistemdə əks etdirilməsi tələb edilmiş, 5 iş günü ərzində tələb olunan tədbirlərin yerinə yetirilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.2019-cu il tarixdən “X3” MMC-də əmək müqaviləsi bağlamaqla həmin tarixdə sözügedən MMC-də əmək fəaliyyətinə başlamış və operator işləmişdir. Hazırda elektron sistemdə iddiaçının “X3” MMC-də işlədiyi görünür və əmək müqaviləsinə xitam verilməmişdir. İddiaçı tərəfindən “X3” MMC-ə əmək fəaliyyətinə xitam verilməsi üçün ərizə ilə müraciət etmiş, lakin MMC tərəfindən hər hansı bir münasibət bildirilməmişdir. İddiaçı növbəti dəfə X5 Xidmətinə müraciət etmiş, həmin Müfəttişlikdən ona məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Ona görə də iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla “X3” MMC arasında bağlanmış əmək müqaviləsinin qüvvədən salınmış hesab edilməsini və bu barədə məlumatların “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflər arasında əmək hüquq münasibətlərindən irəli gələn hazırki iş üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının; 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 12.1-ci maddəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işə götürənin əsas vəzifələrindən biridir. 42.1-ci maddəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 43.2-ci maddəsinə əsasən, əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 43.1-ci maddəsinə əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. 44-cü maddəsinə əsasən, əmək müqaviləsi yazılı formada bağlanır. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. 45.1-ci maddəsinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 45.2-ci maddəsinə əsasən, əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 68.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68.2-ci maddəsinin “a” yarımbəndinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri tərəflərdən birinin təşəbbüsü ola bilər. 69.1-ci maddəsinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsinə xitam verə bilər. 69.2-ci maddəsinə əsasən, ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 3.4-cü bəndinə əsasən,əmək müqaviləsi bildirişinin gücləndirilmiş elektron imza ilə daxil olmqla imkan verən autendifikasiya vastələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökümət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vastəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Məhkəmə qanunvericiliyin normalarına istinad edərək qeyd edir ki, Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş portaldan çıxarışdan göründüyü kimi iddiaçı “X3” MMC-də operator kimi işlədiyi qeyd edilmişdir. İddiaçı öz ərizəsi ilə sözügedən MMC-ə əmək müqaviləsinin xitam verilməsi barədə müraciət etmiş, bununla bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən “X3” MMC-ə rəsmi müraciət edilmiş, məktub xx.xx.2024-cü il tarixdə poçt şöbəsi tərəfindən ünvana çatdırılsa da, işəgötürən tərəfindən münasibət bildirilməmiş və müvafiq sənədlər təqdim olunmamışdır. Bu səbəbdən cavabdeh “X3” MMC tərəfindən İddiaçı ilə bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməsi mümkün olmamışdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının işlədiyi “X3” MMC-dən öz ərizəsi ilə işdən azad olunması mümkünlüyünün olmaması onun iradəsindən asılı hal olmadığından iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1 maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3 maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. İddiaçı ilə cavabdeh “X3” MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xitam verilmiş hesab edilsin. Əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə (“Əmək və Məşğulluq” altsisteminə) daxil edilməsi X5 Xidmətinə həvalə edilsin. Qətnamə tərəflər arasında əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin elektron informasiya sistemində qeydiyyata alınması üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə və Mülki Prosessual Məcəllənin 2 saylı əlavəsinə uyğun olaraq) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №e-2(012)-6464/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-6464/2025
12.01.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver