Məhkəmə qərarları › İş №e-2(012)-669/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-669/2023

23.02.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-669/2023 23.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun övladı X4 ilə bərabər ünvan 1 ünvanında yerləşən evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdehlə 29 noyabr 2016-cı il tarixdə rəsmi nikaha girərək ailə qurmuşdur. Rəsmi nikahları Abşeron rayon qeydiyyat şöbəsində AZ-İİ seriyalı 163165 saylı nikah haqqında şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Birgə nikahlarından 08 may 2016-cı il təvəllüdlü X5 anadan olmuşdur. Ailə qurduqdan sonra iddiaçı cehiz əşyaları ilə bərabər ünvan 2 ünvanda yerləşən 2 mərtəbəli 6 otaqdan ibarət 185,42 kv.m sahəsi olan fərdi yaşayış evinə gəlin köçmüşdür. O, gəlin köçəndən sonra həmin evdə qaynatası Təyyar Ağayevlə bərabər yaşamışlar. Ev qaynatası tərəfindən tikilmişdir. Lakin qaynı X6 adına rəsmiləşdirilmişdir. Oğlu dünyaya gələndən sonra qaynatası hər zaman bu evin nəvəsi Xoşbəxtin olduğunu demişdir. Qaynı Abbas da baxmayaraq ki, ev onun adına olmuş, heç vaxt buna etiraz etməmiş və bu gün də mənzildə onun və oğlunun da haqqı olduğunu söyləmişdir. 11 yanvar 2020-ci ildə qaynatası qaynı Abbasa evi yoldaşının adına rəsmiləşdirməyi təklif etmişdir. Abbas heç bir etiraz etməmişdir. Onlar ailəlikcə bərabər Sumqayıt “ASAN xidmət” mərkəzinə getmişlər və Abbas evi Əbülfəzə bağışlamışdır. Qaynatası 2021-ci ildə vəfat etdikdən sonra evdə o, cavabdeh və oğlu yaşamağa başlamışlar. Oğlu anadan olduqdan sonra Hökməli Uşaq poliklinikasında qeydiyyata alınmışdır. Sonuncu dəfə oğlu ilə bərabər istirahət etmək üçün atası evinə qonaq getmişlər. Təxminən bir həftə qaldıqdan sonra atası onları Bakıya gətirmişdir. Evə girmək istərkən həyətin darvazalarının kilidlərinin dəyişdirildiyini görmüşlər və yaşadıqları həyətə girə bilməmişlər. Cavabdehə nə qədər zəng etsələr də, cavab verməmişdir. Bu günə qədər də cavabdeh onu oğlu ilə bərabər yaşadıqları evə buraxmır. Həmçinin qeyd edir ki, o, gəlin köçəndə həmin evin divarları beton örtükdən ibarət olmuşdur. Çox əziyyət çəkmişlər. Ailə büdcələrinə israfçılıq etmədən qənaətlə və çox çətinliklə mənzilin yaxşılaşdırılması üçün təmir işləri də aparmışlar. O, bir cavan ailə olaraq çox istəklərindən imtina edərək hesab etmişdir ki, yaşamaq üçün evləri var və vaxtlıvaxtında təmirinə, sökülüb-dağılan yerlərinə nəzarət etmək lazımdır ki, ev yararsız vəziyyətə düşməsin. Lakin bu gün cavabeh tərəfindən evə buraxılmırlar. Onun bütün düzəni pozulmuşdur. Övladına və ona aid bütün əşyaları həmin evdə qalmışdır. Gündəlik geyimlərinin heç birini götürə bilməmişlər. Bundan başqa oğlunun sağlamlıqla bağlı, məsələn həkim müayinəsindən keçmək və peyvəndlərinin vaxtlı-vaxtında vurulması və digər məsələlər də ərazi üzrə qeydiyyatda olduğu üçün onları da edə bilmirlər. Bu da həm uşağın psixologiyasına və dərslərinə, həm də səhhətinə təsir edir. Yaşamalarına yerləri olmadığı və mənzilə ehtiyacları olduğu üçün uşağı ilə bərabər haqqları olan mənzilə köçürülməlidirlər. Göstərilənlərə əsasən İddiaçı övladı X4 ilə bərabər ünvan 1 ünvanında yerləşən evə köçürülmələri barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edib iddia ərizəsində göstərilənləri təsdiq etdi və əlavə olaraq izahatında bildirdi ki, cavabdehin izahatından və şahid ifadəsindən göründüyü kimi təmsil etdiyi şəxs rəsmi nikaha daxil olduğu vaxtdan cehiz əşyaları ilə birlikdə mübahisəli evə gəlin köçmüşdür. İddiaçı cavabdeh tərəfindən aldadılaraq atası evinə qonaq getmək adı ilə evdən çıxarılan günədək həmin evdə yaşamışdır. Bu gündə iddiaçı və onun azyaşlı övladına məxsus əşyalar həmin evdə yerləşir. Təmsil etdiyi şəxs dəfələrlə sözügedən ünvana getsə də, qapının açarının dəyişdirildiyini və qapının bağlı olduğunu görmüşdür. İddiaçı evdən cehiz əşyalarını və ya geyim əşyalarını götürmək istəsə də, cavabdeh buna imkan verməmişdir. Tərəflər arasındakı münasibətlərin pozulmasına səbəb cavabdehin özündən yaşca böyük başqa bir qadınla qeyri-rəsmi ailə həyatı qurmasıdır. İddiaçı gəlin köçəndən sonra evin təmirinin yaxşılaşdırılmasında iştirak etmiş, qaynatasının qulluğunda durmuşdur. Məhkəmə hazırlıq iclasında cavabdeh evdə təmir-tikinti işlərinin aparıldığını, iddiaçının atasının qulluğunda durduğunu etiraf etmişdir. Şahid cavabdehin doğma qardaşıdır. Onun ifadəsi də bu halları təsdiq edir. Həmçinin cavabdehin mərhum atası sağlığında evin nəvəsi Xoşbəxtə aid olduğunu demişdir. Bu səbəbdən də Abbas Ağayev evi normal ailə olduqlarından qardaşı Əbülfəzin adına keçirilməsinə etiraz etməmişdir. Həmçinin tərəflər hazırda nikahdadırlar, bir ailə üzvüdürlər. Qanunvericiliyə, Konstitusiyaya və Mənzil Məcəlləsinə əsasən tələbləri əsaslıdır. Göstərilənlərə əsasən İddiaçı övladı X4 ilə bərabər ünvan 1 ünvanında yerləşən evə köçürülmələri barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddia ərizəsində yazılanları böyük bir hissəsi uydurma və həqiqətə uyğun deyildir. 2005-ci il tarixdə İddiaçı övladı X4 ilə birlikdə köçürülməsini iddia etdiyi ünvan 2 ünvanındakı evin yerləşdiyi torpaq sahəsi alınmış və 2011-ci il tarixdə mərhum anasının adına rəsmiləşdirilmişdir. Daha sonra 2014-cü il tarixdə anası vəfat etmiş, vəfatından 6 ay sonra 2015-ci ilin fevral ayında atasının məsləhəti ilə torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi qardaşı X6 adına rəsmiləşdirilmişdir. Bundan bir neçə il sonra isə o, ailə həyatı qurmuşdur. 2020-ci il tarixdə sonradan əmlak üstündə mübahisə olmasın deyə atası ilə məsləhətləşməklə ev qardaşı Abbas tərəfindən Sumqayıt “ASAN xidmət” mərkəzinin notariat ofisində ona hədiyyə edilməklə adına rəsmişləşdirilmiş və həmin fərdi yaşayış evinə dair adına çıxarış verilmişdir. Sözügedən fərdi yaşayış evi ailəsi tərəfindən öz zəhməti və vəsaiti hesabına tikilmişdir. Bu səbəbdən də hazırda iddiaçının uşağı ilə birlikdə həmin evə köçürülməsinə etiraz edir. Verilmiş suallara cavabında qeyd edir ki, iddiaçı cehiz əşyaları ilə birlikdə sözügedən fərdi yaşayış evinə gəlin köçmüşdür. Fərdi yaşayış evi hər mərtəbəsində 3 otaq olmaqla 2 mərtəbədən ibarətdir. İddiaçı ilə ilk əvvəl münasibətləri normal olsa da, sonradan pozulmuş və ayrılmaq qərarına gəlmişdir. Artıq 1 il 8 aydır ki, bir evdə yaşamırlar. Sonuncu dəfə iddiaçı 2022-ci ilin aprel ayında öz valideynləri ilə birlikdə atasının ildönümünə bir neçə gün qalmış evə gəlmişdir. Atasının ildönümündən 6 ay əvvəl isə iddiaçı ona valideynlərinin yanına getmək istədiyini bildirmişdir. O, da öz növbəsində iddiaçıya icazə vermişdir. 2021-ci ilin aprel ayında iddiaçı evə geri qayıtdıqda o, qarşı tərəfin valideynlərinə aralarındakı münasibətlərin artıq baş tutmadığını, buna görə də aralarında söz-söhbətlər və anlaşılmazlıq olduğunu bildirərək, qızını götürüb aparmalarını demişdir. Bundan sonra isə o, iddiaçının atasına zəng edərək qızı ilə birlikdə mediasiya təşkilatına müraciət etmələrini, normal formada nikah qeydini ləğv etdirmələrini təklif etsə də, atası və daha sonra isə qızı təklifi ilə razılaşmamışdır. O, artıq nikahın pozulması ilə bağlı mediasiya təşkilatına müraciət etmiş və həmin təşkilatdan cavab gözləyir. Evin giriş açarlarını dəyişmişdir. Səbəb isə işi ilə əlaqədar rayonda ezamiyyətdə olduğu vaxtlarda iddiaçının ondan icazəsiz istədiyi vaxt evə gəlib-getməsi olmuşdur. İddiaçıya məxsus yataq dəsti, xalça, qab-qacaq dəsti və paltarlar, övladına məxsus nənəsi tərəfindən alınmış bir yataq dəsti hazırda evdədir. Atasının vəfatından əvvəl iddiaçı ilə münasibətləri normal olmuşdur. Deyilənlərin böyük bir qismi böhtan və yalandır. Həmçinin iddiaçıya uşağa baxa bilməyəciyini, bu səbəbdən də uşağı saxlamaq üçün onu verməyi xahiş etmişdir. Lakin iddiaçı bununla razılaşmamışdır. Bundan sonra iddiaçı ilə ər-arvad münasibətləri baş tutmayacaqdır. Bu səbəbdən də ilkin olaraq nikahın pozulması üçün müraciət etmişdir. Həmçinin sözügedən ev ona hədiyyə olunmuşdur. Qanunvericiliyin tələbinə əsasən həddiyə şəklində əldə edilmiş əmlak bölünə bilməz və ondan kiməsə pay verilə bilməz. O, vəfat etdikdən sonra təbii olaraq sözügedən ev vərəsəlik qaydasında övladına qalacaqdır. Lakin buna baxmayaraq, iddiaçı və övladının hazırda qeyd olunan mənzilə köçürülmələrinə etiraz edir. Göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, tərəflərin hər ikisini tanıyır. Cavabdeh qardaşı, İddiaçı isə qardaşı Əbülfəzin həyat yoldaşıdır. Onlar arasındakı münasibətlərdən və baş verən hadisələrdən xəbəri vardır. Verilmiş suallara cavabında qeyd edir ki, ünvan 2 ünvanındakı ev onun adına vərəsəlik qaydasında keçmişdir. Atasının istəyi ilə qeyd olunan evi qardaşı Əbülfəzə bağışlamışdır. İddiaçı 2016cı il tarixdən gəlin köçdüyü gündən sözügedən evdə yaşayır. İddiaçı ilə olan ailə münasibətlərinin pozulmasının günahkarı qardaşıdır. Atası vəfat etdikdən sonra həmin evə getməmişdir. Səbəb isə cavabdeh ilə aralarında yaranan söz-söhbət olmuşdur. Sözügedən ev 2 (iki) mərtəbəlidir. Birinci mərtəbə 1 qonaq otağı, 2 yataq otağı, 1 mətbəx, 1 ümumi istifadədə olan yerdən, ikinci mərtəbədə isə 1 qonaq otağı, 2 yataq otağı və 1 ümumi istifadədə olan yerdən ibarətdir. İddiaçı qeyd olunan evə gəlin köçəndən sonra həmin evdə təmir-tikinti işləri aparılmışdır. Sağlığında atası ilə iddiaçının münasibətləri yaxşı olmuş və iddiaçı atasının qulluğunda durmuşdur. X2 2014-cü il tarixdə vəfat etmiş və onun vəfatından sonra atasının istəyi ilə sözügedən ev, Xutor qəsəbəsində yerləşən evləri və Abşeron rayonu, Xırdalan şəhərində yerləşən hazırda yaşadığı ev qardaşı Əbülfəzin və atasının imtinası ilə vərəsəlik qaydasında adına rəsmiləşdirilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahid ifadəsini dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən 29 noyabr 2016-cı il tarixdə verilmiş AZ-İİ seriyalı 163165 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X7 29 noyabr 2016-cı il tarixdə Abşeron rayon qeydiyyat şöbəsində rəsmi nikah bağlamaqla evlənmişlər və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 29 noyabr 2016-cı il tarixdə 330 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Ağayev, arvada Ağayeva soyadı verilmişdir. Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisində reyestrdə 4Ə-64 nömrə ilə qeydə alınmış xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş **********78-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 185,43 kv.m olan 6 otaqlı fərdi yaşayış evini və həmin ünvanda yerləşən 0.05 ha torpaq sahəsini qardaşı Cavabdeh bağışlamışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.05 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Fərdi yaşayış evinə dair daşınmaz əmlakın texniki pasportun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Cavabdeh məxsus ünvan 2 saylı evin texniki pasportu tərtib edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarını qeyd edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından asılı olmayaraq, yaxud əmanətin kimi adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı əmlak hesab edilir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsıni qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Bu hüququn hansı növ məhdud əşya hüququ olduğunun müəyyən edilməsi məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli Qərarına əsasən Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan "istifadə hüququ" notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur:- yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır;- yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tərəflərin verdikləri izahatlardan, şahid ifadəsindən və iş materiallarında olan sənədlərdən müəyyən edilmişdir ki, İddiaçı övladı X5 ilə birlikdə köçürülməsini tələb etdiyi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh ilə İddiaçı birgə nikahda olduqları müddətdə xx.xx.2020-ci il tarixli, 4Ə-64 reyestr nömrəli bağışlama müqaviləsi əsasında X8 tərəfindən qardaşı Cavabdeh hədiyyə edilmiş və həmin müqavilə əsasında Cavabdeh adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X1 adına isə sözügedən fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi X2 2014-cü il tarixdə vəfat etdikdən sonra miras əmlak kimi vərəsəlik qaydasında 02 fevral 2015-ci il tarixdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri qeydiyyata alınmışdır. İddiaçının iddia ərizəsində və məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkilinin izahatında qeyd etdiyi sözügedən evin Təyyar Abbasova məxsus olmasıvə onun tərəfindən nəvəsi X3 verilməsi barədə dəlillər işdə olan sübutlarla təsdiq olunmur. Eyni zamanda iddia tələbi ilə əlaqədar məhkəmə qeyd edir ki, iddiaçı mübahisəli fərdi yaşayış evini 2021-ci ildə tərk edib getmiş, həmin vaxtdan özünə başqa yaşayış sahəsi seçmiş, həmin vaxtdan iddiaçı ilə cavabdeh arasında ər-arvad münasibətləri pozulmuş, cavabdehin iddiaçı ilə bundan sonra barışmaq, bir ailə kimi yaşamaq və birgə təsərrüfat aparmaq fikri yoxdur. Göründüyü kimi tərəflər arasındakı nikah 2021-ci il tarixdən formal xarakter daşıyır, iddiaçının həmin evə istifadə hüququ mövcud deyildir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilməsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar