Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-669/2025 21.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi ilə, İddiaçı cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativinə və Cavabdeh2 qarşı mənzilin təhvil verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" Mənzil Tikinti Kooperativi ilə xx.xx.2023-cü il tarixdə bağladığı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi vəzifəsinin Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 67 ünvanında yerləşən yaşayış binasının 1-ci bloku, 4-cü mərtəbəsində ümumi sahəsi 92 kv.metr olan 2 otaqlı 11 saylı mənzilin ona təhvil verilməsi və mülkiyyətə yaranan maneənin aradan qaldırılması vəzifəsinin cavabdehə həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, "xxxx" Mənzil Tikinti Kooperativi ilə xx.xx.2023-ci il tarixdə bağladığı müqavilə əsasında Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 67 ünvanında yerləşən yaşayış binasının 1-ci bloku, 4-cü mərtəbəsində ümumi sahəsi 92 kv.metr olan 2 otaqlı 11 saylı mənzili 110000 manat ödəməklə satın almışdır. Mənzilin dəyərini tam şəkildə müqavilə bağlandığı gün, yəni xx.xx.2023-ci il tarixdə ödəmiş, bu barədə ona kassa mədaxil orderi təqdim edilmiş və mənzilin açarı verilmişdir. Bir ildən çoxdur ki, bu əmlaka sahiblik edir. Mütəmadi olaraq mənzilə gedir və orada imkan daxilində təmir işləri görür. Dəqiq vaxtını qeyd edə bilməsə də, bir ay bundan öncə yenidən mənzilə getdikdə qapıda bildiriş görmüşdür və kooperativin idarəçilərindən olan Akif adlı şəxs ona demişdir ki, mənzilə görə ödənişi tam icra etməsə, mənzil başqa şəxsə satılacaqdır. O, mənzilə görə ödənişi tam olaraq yerinə yetirmişdir və bu barədə maliyyə arayışı sübutdur. Bir ildən çoxdur ki, həmin mənzili əldə etmişdir və ona hər hansı borc barədə etiraz bildirilməmişdir. Hal-hazırda mənzildən istifadəsinə MTK tərəfindən məhdudiyyət qoyulmuşdur. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə gedişatında iddiaçı Cavabdeh2 da cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinad etməklə Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 67 ünvanında yerləşən yaşayış binasının 1-ci bloku, 4-cü mərtəbəsində ümumi sahəsi 92 kv.metr olan 2 otaqlı 11 saylı mənzili İddiaçı təhvil verməsi barədə qətnamə çıxarılmasını və Şahid əməllərində dələduzluq cinayətinin əlamətlərinin olmasını nəzərə alaraq barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı və onun vəkili-nümayəndəsi Nümayəndə1 iddia ərizəsini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Cavabdeh "xxxx" MTK-nın vəkili-nümayəndəsi Nümayəndə2 və Cavabdeh2 iştirak etdikləri məhkəmə iclasında iddiaya etiraz etdilər və onun rədd olunmasını xahiş etdilər. Nümayəndə2 əlavə etdi ki, iddiaçı tərəfin təqdim etdiyi müqavilədəki möhür MTK-ya məxsus deyil və saxtadır. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə iclasında şahid kimi ifadə vermiş Şahid göstərdi ki, "xxxx" Mənzil Tikinti Kooperativinin inşa etdiyi Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 67 ünvanında yerləşən yaşayış binasının komendantı işləmişdir. MTK-nın direktoru Cavabdeh2dur. İddiaçını həmin binada mənzil alıcısı kimi tanımışdır. O, mənzil almaq istədiyini ona demiş, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 67 ünvanında yerləşən yaşayış binasının 1-ci bloku, 4-cü mərtəbəsində ümumi sahəsi 92 kv.metr olan 2 otaqlı 11 saylı mənzilin dəyərinin 110000 manat təşkil etdiyini ona bildirmişdir. İddiaçı bu pulu tam şəkildə ona vermiş, həmin puldan 52000 manatı Cavabdeh2 vermiş, qalan 58000 manatı isə özünün işlərinə xərcləmişdir. Borcunu 1 ay ərzində iddiaçıya qaytaracaqdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində inşa edilmiş yaşayış binasının 2 otaqlı, 92 kv.metrlik 11 saylı mənzilini İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür (möhür dördküncdür). - xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 67 ünvanında yerləşən yaşayış binasının 1-ci bloku, 4-cü mərtəbəsində ümumi sahəsi 92 kv.metr olan 2 otaqlı 11 saylı mənzilinə görə "xxxx" MTK-ya borcu yoxdur (möhür dördküncdür). - "xxxx" MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektin 67 ünvanında inşa edilmiş yaşayış binasının 1-ci bloku, 4-cü mərtəbəsindəki 2 otaqlı, 91,99 kv.metrlik 11 saylı mənzilini 55194 manat ödəmək şərtilə Cavabdeh2 təhvil verməyi öhdəsinə götürmüşdür (möhür yumrudur). - xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektin 67 ünvanında inşa edilmiş yaşayış binasının 1ci bloku, 4-cü mərtəbəsindəki 2 otaqlı, 91,99 kv.metrlik 11 saylı mənzilinə görə "xxxx" MTK-ya borcu yoxdur (möhür yumrudur). -"xxxx" MTK-nın xx.xx.2014-cü il tarixli 01 saylı əmrindən görünür ki, Cavabdeh2 MTK-nın direktoru vəzifəsinə təyin edilmişdir. - Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, “Narın" Mənzil Tikinti Kooperativinin (VÖEN: **********) qeydiyyat qovluğunda ona məxsus möhürün əks olunduğu sənəd aşkar edilməmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X2 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 67 ünvanında yerləşən 11 saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməsinə dair məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 646.1-ci maddəsinə görə daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən görünür ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X1 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə görə əmlakdan istifadə hüququ əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə görə əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə görə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Mülki Prosessual Məcəllənin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Məhkəmə ilk öncə qeyd edir ki, ümumiyyətlə, MTK ilə bağlanmış müqavilə alqı-satqı müqaviləsi kimi görünsə də, əslində podrat müqaviləsi hesab olunur və hazırki mübahisə podrat münasibətlərindən əmələ gələn mübahisədir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı onunla "xxxx" MTK arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə istinad edərək, Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 67 ünvanında yerləşən yaşayış binasının 1-ci bloku, 4-cü mərtəbəsində ümumi sahəsi 92 kv.metr olan 2 otaqlı 11 saylı mənzili İddiaçı təhvil verməsi barədə qətnamə çıxarılmasını və Şahid əməllərində dələduzluq cinayətinin əlamətlərinin olmasını nəzərə alaraq barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, bu mənzil (Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektin 67 ünvanında inşa edilmiş yaşayış binasının 1ci bloku, 4-cü mərtəbəsindəki 2 otaqlı, 91,99 kv.metrlik 11 saylı mənzili) "xxxx" MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 55194 manat ödəmək şərtilə Cavabdeh2 təhvil verilmişdir. Mənzilə dair hüquqlar dövlət qeydiyyatına alınmamışdır. Bununla belə, işdə olan kommunal xidmətlərə dair sənədlərdən də görünür ki, mənzil onun faktiki istifadəsindədir və "xxxx" MTK bu mənzilə dair legitim sənəd kimi məhz xx.xx.2019-cu il tarixli müqaviləni tanıyır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçıya qeyd edilən müqaviləni və maliyyə arayışını binada vaxtilə komendant vəzifəsində işləmiş Şahid vermiş, mənzilə görə iddiaçıdan 110000 manat pul almışdır. Məhkəmə araşdırması zamanı "xxxx" MTK-ya məxsus möhürün dəyişdirilməsi və ya yenilənməsi faktı öz təsdiqini tapmadı. Belə olan halda, məhkəmə bu müqaviləni mübahisəli mənzilin əldə edilməsi üçün legitim əqd kimi qəbul etmir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2023-cü il tarixli müqaviləyə istinad edərək cavabdehdən mənzil tələb etməsi əsassızdır və təmin edilə bilməz. Dəyəri tam ödənilməmiş və yüklülükdən azad olunmayan mənzilin bu qaydada, yəni saxta müqaviləyə istinad edilərək tələb edilməsi mövcud qanunvericiliyə ziddir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq, iddia tələblərini əsassız sayır və onun təmin edilməməsi qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən mülki iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativinə və Cavabdeh2 qarşı mənzilin təhvil verilməsi barədə iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-669/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-669/2025
21.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver