Məhkəmə qərarları › İş №e-2(012)-670/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-670/2023

28.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-670/2023 28.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilə öhdəliyinin icra olunması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Nümayəndə cavabdeh "xxxx" MMC-yə qarşı müqavilə öhdəliyinin icra olunması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, mənzil üçün pay haqqının tam ödənilməsini təsdiq edən maliyyə arayışının mülkiyyətçiyə verilməsi öhdəliyinin "xxxx" MMC-nin üzərinə qoyulması və 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı Nümayəndə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı kimi onun əsl iddiaçı olaraq atası İddiaçı ilə əvəz edilməsini məhkəmədən xahiş etmiş, məhkəmə İddiaçı əsl iddiaçı kimi mülki işə cəlb etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, icraçı "xxxx" MMC ilə payçı İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli müqaviləyə əsasən, Abşeron rayon, Xırdalan şəhəri, Masazır şossesinin şimalındakı 8 mərtəbəli binanın 2-ci blok 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 77.62 kv.m sahədən ibarət 37 saylı mənzil cavabdehə satılmışdır. Müqaviləyə əsasən, mənzilin ümumi dəyəri 42000 manat müəyyən olunmuş, mülkiyyətçi bu məbləği 2 dəfəyə yəni, xx.xx.2010-cu il tarixdə 40000 manat, xx.xx.2010-cu il tarixdə isə 2000 manat ödəmişdir. Əmlakın dövlət qeydiyyatına alınması və bununla bağlı çıxarışın əldə olunması üçün dəfələrlə "xxxx" MMC-nin səlahiyyətli şəxslərinə şifahi müraciətlər edilməsinə baxmayaraq gərəkli sənədlərin mülkiyyətçiyə verilməsi təmin olunmamış, müxtəlif vaxtlarda müxtəlif məbləğdə pul tələb olunmuşdur. "xxxx" MMC üzərinə düşən vəzifə öhdəliklərini yerinə yetirməmiş, yaşayış sahəsinin verilməsi barədə sənədi (mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarını, mənzil üçün pay haqqının tam ödənildiyini təsdiq edən mənzil-tikinti kooperativinin maliyyə arayışını) mülkiyyətçiyə təqdim etməmişdir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, sənədin təhvil verilməsi ilə bağlı dəfələrlə cavabdeh quruma müraciət olunmuş, maliyyə arayışının verilməsi üçün 700 manat pul istənilmişdir. Bu səbəbdən də, o, bu halın qanunsuz olduğunu iddia edərək məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Sənədin təqdim edilməsi ilə bağlı o, şirkətə yazılı formada müraciət etməmişdir. Bina qanuni şəkildə 2018-ci ildə uçota alınmış və həmin tarixdən evin çıxarışları verilmiş, qonşuları həmin sənədi almışdır. O, pulun nə üçün istənildiyini soruşduqda binanın tələbi olduğunu bildirmişlər. Həmin miqdar sabit məbləğ deyildir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -İcraçı "xxxx" MMC ilə payçı İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli 101 saylı müqavilədən görünür ki, icraçı Abşeron rayonu Xırdalan şəhəri Masazır şossesinin şimalında tikilən 8 mərtəbəli yaşayış binasının İİ blok 1-ci mərtəbəsindəki 2 otaqlı ümumi sahəsi 77.62 kv.m olan 37 saylı mənzili alıcıya satmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən, mənzilin hər kv.m-nin dəyəri 541 manat olmaqla mənzilin ümumi dəyəri 42000 manat müəyyən edilmişdir. -Kassa mədaxil orderinin qəbzlərindən görünür ki, İddiaçı mənzilin dəyərindən xx.xx.2010-cu il tarixdə 40000 manat, xx.xx.2010-cu il tarixdə isə 2000 manat ödəniş etmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, İddiaçı Qəbələ rayonu Nohurqışlaq ərazi dairəsi Nohurqışlaq kəndində qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2010-cu il tarixli 101 saylı müqaviləyə əsasən, alıcı Abşeron rayonu Xırdalan şəhəri Masazır şossesinin şimalında tikilən 8 mərtəbəli yaşayış binasının İİ blok 1-ci mərtəbəsindəki 2 otaqlı ümumi sahəsi 77.62 kv.m olan 37 saylı mənzili 42000 manat ödənilmək şərtilə almış, satıcı isə müqavilə üzrə ödənişlər edildikdən sonra mənzili alıcıya təhvil verməyi öz üzərinə götürmüşdür. Göründüyü kimi, müqavilə üzrə alınmış mənzilin dəyəri alıcı tərəfindən ödənilmiş və bu, mülki iş materiallarına əlavə olunmuş ödəniş qəbzləri ilə öz təsdiqini tapmışdır. Mənzilin alıcıya təhvil verilməsi öhdəliyi cavabdeh tərəfindən yerinə yetirilmiş olsa da həmin mənzilə dair iddiaçının borcunun olmamasına dair maliyyə arayışının təhvil verilməsi öhdəliyi yerinə yetirilməmişdir. Bu səbəbdən də, iddiaçı müqavilə əsasında aldığı və hazırda, faktiki sahiblik və istifadəsində olan Abşeron rayonu Xırdalan şəhəri Masazır şossesinin şimalında tikilən 8 mərtəbəli yaşayış binasının İİ blok 1-ci mərtəbəsindəki 2 otaqlı ümumi sahəsi 77.62 kv.m olan 37 saylı mənzilə dair maliyyə arayışının ona təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 385.1 maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, tələbkarın isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1 maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442 maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1 maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli Qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: Məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Bununla yanaşı, Avropa İnsan Hüquqları Məhkəməsinin “Axverdiyev Azərbaycana qarşı” işi üzrə 29 yanvar 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, Ev və mübahisə olunan torpaq sahəsi ərizəçinin “mülkiyyətidirmi”? Məhkəmə təkrarən qeyd edir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır. Beləliklə də, qanunun, həmçinin, Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarlarına istinad edərək məhkəmə qeyd edir ki, iddiaçının müqavilə əsasında aldığı mənzilə münasibətdə “gözlənilən mülkiyyət hüququ” yaranmışdır. Mülki Məcəllənin: 6.1.5 maddəsinə əsasən, müqavilə azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 152.1-152.3-cü maddələrinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2010-cu il tarixli 101 saylı alqı-satqı müqaviləsinə əsasən, Abşeron rayonu Xırdalan şəhəri Masazır şossesinin şimalında tikilən 8 mərtəbəli yaşayış binasının İİ blok 1-ci mərtəbəsindəki 2 otaqlı ümumi sahəsi 77.62 kv.m olan 37 saylı mənzilin dəyərini tam şəkildə ödəmişdir. Lakin müqaviləyə əsasən, ödəniş edildikdən sonra mənzilin dəyərinin ödənilməsinə dair maliyyə arayışının təhvil verilməsi öhdəliyini öz üzərinə götürmüş cavabdeh mənzili təhvil vermiş olmasına baxmayaraq sənədləri təqdim etməmişdir. Mülki Məcəllənin: 567 maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1 maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 568.2. maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Qanunun tələblərindən də göründüyü kimi, hazırki iş üzrə cavabdeh müqavilə üzrə iddiaçı tərəfindən alınmış mənzili təhvil verməsinə baxmayaraq mənzilə dair sənədləri təhvil verməmişdir. Bu səbəbdən də iddiaçının iddia tələbləri əsaslı olduğundan təmin edilməli, xx.xx.2010-cu il tarixli 101 saylı müqaviləyə əsasən, Abşeron rayonu Xırdalan şəhəri Masazır şossesinin şimalında tikilən 8 mərtəbəli yaşayış binasının İİ blok 1-ci mərtəbəsindəki 2 otaqlı ümumi sahəsi 77.62 kv.m olan 37 saylı mənzilin dəyərinin ödənilməsini təsdiq edən maliyyə arayışının təqdim edilməsi öhdəliyi cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulmalıdır. Mülki Prosessual Məcəllənin: 107 maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalananları və Mülki Prosessual Məcəllənin 4, 7, 14, 36, 77, 88, 149, 150 və 216- 236-cı maddələrinin tələblərinə əsaslanaraq, məhkəmə, QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. xx.xx.2010-cu il tarixli 101 saylı müqaviləyə əsasən, Abşeron rayonu Xırdalan şəhəri Masazır şossesinin şimalında tikilən 8 mərtəbəli yaşayış binasının İİ blok 1-ci mərtəbəsindəki 2 otaqlı ümumi sahəsi 77.62 kv.m olan 37 saylı mənzilin dəyərinin ödənilməsini təsdiq edən maliyyə arayışının İddiaçı təqdim edilməsi öhdəliyi cavabdeh "xxxx" MMC-yə həvalə edilsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar