Məhkəmə qərarları › İş №e-2(012)-718/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-718/2025

12.02.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-718/2025 12.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi cəlb edilməklə) mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi cəlb edilməklə) mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və övladları xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X4 Abşeron rayonu, X11 yerləşən 3 otaqlı mənzilə köçürülmələri barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlərdən Cavabdeh2 ilə 25 aprel 2016-cı il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuş və həmin nikah Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 969 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Birgə nikah münasibətlərindən xx.xx.2017-ci il təvəllüdlü X14 və xx.xx.2019-cu il təvəllüdlü X8 adlı iki övladları dünyaya gəlmişdir. Ailə qurduqdan sonra bir müddət mehriban yaşasalar da, sonradan bir-birilərini başa düşməmiş və aralarında sözsöhbət yaranmağa başlamışdır. Söz-söhbətin yaranmasının səbəbi də xasiyyətlərinin və fikirlərinin üst-üstə düşməməsidir. Bu səbəbdən də nikahları kağız üzərində qalmışdır. Ona görə də iddiaçı aralarında olan nikah münasibətlərinin pozulması barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Nikahın pozulması üçün məhkəməyə müraciət etməmişdən əvvəl iddiaçı cavabdehi ilkin mediasiya sessiyasında iştiraka dəvət etmiş, cavabdeh bu təklifini qəbul etmiş və Sumqayıt 1 saylı Mediasiya Təşkilatında mediatorun iştirakı ilə aşağıdakı şərtlərlə 22 aprel 2024-cü il tarixli, MŞS/MT030/2024-00809 saylı barışıq sazişi imzalanmışdır: “1. X1 və Cavabdeh2 barışmaq üçün vaxt verilmədən aralarında Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə 969 nömrə akt qeydi ilə qeydə alınmış nikahın pozulmasına razıdırlar. Ailə qanunvericiliyin əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvisində həll ediləcəkdir. 2. X5 və Cavabdeh2 birgə nikahdan olan övladları xx.xx.2017-ci il təvəllüdlü X14 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi anası - X2 yanında yaşamasına razıdırlar. 3. Cavabdeh2 övladları xx.xx.2017-ci il təvəllüdlü X14 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanması üçün hər ay hər uşağa 500 (beş yüz) manat olmaqla ümumilikdə 1.000 (bir min) manat sabit pul məbləğində alimenti xx.xx.2024-cü il tarixdən etibarən hər ayın sonuncu günündən gec olmayaraq X3 ödəmək barədə öhdəlik götürür. 4. X5 övladları xx.xx.2017-ci il təvəllüdlü X14 və xx.xx.2019-cu il təvəllüdlü X4 ataları Cavabdeh2 ilə yetkinlik yaşına çatana kimi sərbəst şəkildə görüşmələrinə etiraz etmir və buna şərait yaradacağı barədə öhdəlik götürür.” Belə ki, onlar 22 aprel 2024-cü il tarixli, MŞS/MT030/2024-00809 saylı barışıq sazişində uşaqların yaşayış yerinin müəyyən olunması, aliment və uşaqların ünsiyyət hüququ ilə bağlı mübahisələri könüllü olaraq həll etmişlər, nikahın pozulması məhkəmənin səlahiyyətində olduğundan iddiaçı aralarında olan nikah qeydinin pozulması üçün məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3476/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş, iddiaçı ilə Cavabdeh2 arasında Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində xx.xx.2016-cı il tarixdə bağlanmış 969 nömrə ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. Cavabdeh2 22 aprel 2024-cü il tarixli, MŞS/MT030/2024-00809 saylı barışıq sazişinin şərtlərinin könüllü icrasından imtina etdiyindən, iddiaçı onun təsdiq edilməsi üçün məhkəməyə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6869/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddiaçı ilə maraqlı tərəf Cavabdeh2 arasında Sumqayıt 1 saylı Mediasiya Təşkilatında bağlanmış 22 aprel 2024-cü il tarixli, MŞS/MT030/2024-00809 saylı barışıq sazişinin təsdiq olunması qət edilmişdir. Digər Cavabdeh1 keçmiş qayınanasıdır və o 2-ci qrup Çernobıl əlilidir. Qayınanası Çernobıl əlili olduğu üçün o Sumqayıt Şəhər İcra Hakimiyyətinin 28 dekabr 2021-ci il tarixli sərəncamı əsasında 5 nəfər ailə tərkibi ilə (özü, oğlu Cavabdeh2, iddiaçı X5, övladları X14 və X8) uçota alınmış, onlar Agentlik tərəfindən xx.xx.2023-cü il tarixində Abşeron rayonu, X11n təhvil-təslim aktı əsasında 3 (üç) otaqlı mənzil ilə təmin olunmuşlar. İddiaçı və övladları üçün həmin mənzildə yaşamaq üçün otaq ayrılmasına baxmayaraq, cavabdehlər onu həmin mənzilə buraxmamışlar. Ona görə də məcbur olub övladları ilə birlikdə kirayə mənzildə yaşayır. Halbuki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə vəkil sorğusu göndərilmiş, həmin qurumun xx.xx.2024-cü il tarixli, 3-17-3/2-29766/2024 saylı cavab məktubunda aşağıdakılar qeyd olunmuşdur: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən imtiyazlı şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 20 iyun 2014-cü il tarixli 569 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli sərəncamlarına əsasən həyata keçirilir və həmin Sərəncamlarda 2023-cü il yanvarın 1-dək yeri: icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çemobıl AES-də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mərhələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi tapşırığı verilmişdir. 2-ci qrup Çernobıl əlili X15 qızı Sumqayıt Şəhər İcra Hakimiyyətinin 28 dekabr 2021-ci il tarixli sərəncamı əsasında 5 nəfər ailə tərkibi ilə (özü, oğlu Cavabdeh2, gəlini X5, iki nəvəsi X14 və X8) uçota alınmışdır. “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 459 nömrəli qərarına əsasən sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq 16 kvadratmetr müəyyən edilmişdir. Adı çəkilən qərara münasibətdə uçota alınmış və yuxarıda qeyd edilmiş imtiyazlı şəxs, həmçinin onun ailə üzvləri Agentlik tərəfindən xx.xx.2023-cü il tarixində Abşeron rayonu, X11n təhvil-təslim aktı əsasında 3 otaqlı mənzil ilə təmin edilmişdir.” Göründüyü kimi Cavabdeh1 və ailə üzvləri kimi iddiaçı və övladları yaşayış sahəsinə ehtiyacı olan qisimdə uçota alınmış və onlara xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, X11n təhvil-təslim aktına əsasən 3 (üç) otaqlı mənzil ayrılmışdır. İddia tələbi təmin olunmalı, Çernobıl əlili kimi Cavabdeh1 verilmiş və mənzil verilərkən iddiaçının və övladlarının da uçota alındığı Abşeron rayonu, X11 yerləşən 3 (üç) otaqlı mənzilə köçürülməlidir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən İddiaçı və övladları xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X4 Abşeron rayonu, X11 yerləşən 3 otaqlı mənzilə köçürülmələri barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edib izahatında göstərdi ki, İddiaçı ilə cavabdehlərdən Cavabdeh2 2016-cı il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşlar və həmin nikahı rəsmiləşdirmişlər. Həmin nikahdan 17 fevral 2017-ci il təvəllüdlü X14 və 23 may 2019-cu il təvəllüdlü X8 adlı iki övladları dünyaya gəlmişdir. Tərəflər arasında yaranmış mübahisədən sonra nikahın pozulması ilə bağlı məhkəməyə müraciət edilmişdir. Lakin məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya təşkilatına müraciət edilmiş və orda tərəflər arasında barışıq sazişi bağlanmışdır. Həmin barışıq sazişi ilə həmin vaxtı tərəflər arasında olan mübahisə öz həllini tapmışdır. 20 iyun 2024-cü il tarixdə tərəflər arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuşdur. Daha sonra barışıq sazişinin alimentlə bağlı hissəsi Cavabdeh2 tərəfindən icra edilmədiyindən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı məhkəməyə müraciət edilmiş, barışıq sazişi məhkəmə qaydasında təsdiq edilmişdir. Cavabdehlərdən Cavabdeh1 2-ci qrup Çernobıl əlili olduğuna görə onun dövlət tərəfindən mənzillə təmin olunması ilə bağlı müraciət edilmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyətinin sərəncamı əsasında 5 nəfər ailə tərkibi ilə, yəni özü, oğlu, gəlini və nəvələri uçota alınmış və daha sonra Abşeron rayonu ərazisində 3 otaqlı mənzillə təmin olunmuşlar. Tərəflər arasında olan nikah pozulduqdan sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin mənzilə köçərək yaşamağa başlamışlar. Təklifinə baxmayaraq, cavabdehlər iddiaçını yaşamaq üçün mənzilə buraxmamışlar. İddiaçı da məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Hətta iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl məsələ ilə bağlı mediasiya təşkilatına da müraciət etmiş, lakin cavabdehlər onun mənzilə köçməsi ilə razılaşmamışlar. Cavabdeh1 təkbaşına dövlət tərəfindən cəmi 32 kv.m yaşayış sahəsi ayrılardı. Lakin İddiaçı və onun 2 övladı da nəzərə alınmaqla 80 kv.m yaşayış sahəsi ayrılmışdır. Ona görə də iddiaları əsaslıdır, iddiaçı və övladları onlara ayrılmış yaşayış sahəsinə köçürülməli və orda yaşamalıdırlar. Verilmiş suallara cavabında qeyd edir ki, İddiaçı ailə həyat qurduqdan sonra ünvan 1 ünvanına gəlin köçmüşdür. Qeyd olunan mənzil Cavabdeh1 məxsus olmuşdur. Həmin mənzilin dövlət və ya xüsusi mülkiyyətdə olması ilə bağlı onda hər hansı məlumat yoxdur. Lakin sözügedən mənzilin verilməsi vaxtı tərəflərin mülkiyyətində hər hansı bir torpaq sahəsi və ya mənzil olmamışdır. Qeyd edilən mənzildə iddiaçı bir gündə olsun yaşamamışdır. Çünki cavabdeh tərəf onun orda yaşamasına icazə verməmişlər. Sözügedən mənzil sosial mənzil kateqoriyasına aid mənzildir. Dövlət tərəfindən müqavilə ilə ailə üzvlərinin sayına görə verilir. Xüsusi mülkiyyətə verilən mənzillərə aidiyyəti yoxdur. Ailə üzvlərinin həmin mənzildən uçotdan çıxarılana qədər ordan istifadə etmək hüquqları vardır. Sözügedən mənzil 2023-cü il tarixdə verilmişdir. Lakin cavabdehlər həmin mənzildə 2024-cü ilin iyun ayında nikah pozulduqdan sonra 2024-cü ilin iyul ayından yaşamağa başlamışlar. Göstərilənlərə əsasən İddiaçı və onun övladları xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X4 Abşeron rayonu, X11 yerləşən 3 otaqlı mənzilə köçürülmələri barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı cavabdehlərdən Cavabdeh1 oğlu Cavabdeh2 ilə ailə həyatı qurmuş və ünvan 1 ünvanına gəlin köçmüşdür. Cavabdeh1 2-ci qrup Çernobıl əlili kimi mənzillə təmin edilmişdir. Mənzillə təmin edilən zaman Cavabdeh1 ailə üzvləri, yəni oğlu Cavabdeh2 və onun ailə üzvləri nəzərə alınmışdır. Daha sonra Cavabdeh2 ilə İddiaçı nikahı pozulmuş, bununla da tərəflər arasında hər hansı qohumluq münasibətləri qalmamışdır. Konstitusiya Məhkəməsinin bu barədə müvafiq qərarı mövcuddur. Həmin qərarda qeyd edilmişdir ki, ailə münasibətlərinə xitam verildikdən mənzilə hüquq saxlanılmır. Həmçinin iddiaçı bir gündə olsun həmin mənzildə yaşamamışdır. Qeyd edilən mənzil 2023-cü il tarixdə Cavabdeh1 təhvil verilmişdir. Mənzil veriləndə tərəflərin ailə üzvləri olduğu düşünülmüş və buna görə də qeyd olunan kvadratmetr sahədə mənzil ayrılmışdır. İddiaçı 1 (bir) gündə olsun sözügedən mənzildə yaşamadığından, tərəflər arasında qohumluq münasibətlərinə xitam verildiyindən, iddiaçının həmin mənzilə hər hansı hüququ mövcud olmadığına görə iddia əsassızdır və təmin edilə bilməz. Verilmiş suallara cavabında qeyd edir ki, iddiaçı mənzildə yaşayaraq hüquq əldə edə bilər. Mənzil verilən zaman tərəflərin ailə münasibətləri normal olmuşdur. Həmin dövrdə tərəflər orda yaşaya bilərdilər. Lakin yaşamamışlar. Çernobıl əlili kimi ailə üzvlərinin sayına görə Cavabdeh1 artıq kvadratmetr sahədə mənzil verilmişdir. Bu o demək deyildir ki, iddiaçı həmin mənzilə yaşamaq hüququ əldə etmiş və orda yaşamaq hüququ vardır. Konstitusiya məhkəməsinin qərarına əsasən qohumluq münasibətlərinə xitam verildiyindən iddiaçı orda yaşasaydı belə, həmin mənzilə olan yaşamaq hüququnu itirmiş olardı. Tərəflər nikah münasibətləri pozulan günə kimi ünvan 1 ünvanında yaşamışlar. Hazırda Cavabdeh1 sözügedən mənzildə yaşayır. Digər Cavabdeh2 həmin mənzildə yaşamır. Mənzil təmirli vəziyyətdə Cavabdeh1 təhvil verilmişdir. İddiaçı və övladları heç bir vaxt həmin mənzildə yaşamamışlar. Eyni zamanda həmin mənzilə yaşayış hüququ əldə etməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsi, Mənzil Məcəlləsinin 30-cu maddəsində mənzildə yaşayan digər qohumlar göstərilmişdir. İddiaçı ilə ailə münasibətlərinə xitam verildiyindən, həmçinin iddiaçı və övladları həmin mənzildə heç vaxtı yaşamadıqlarına və nəticə etibarı ilə yaşayış sahəsinə istifadə hüququ əldə etmədiklərinə görə mənzilə köçürülə bilməzlər. Sadəcə Cavabdeh1 mənzil verilən zaman oğlu Cavabdeh2 ailə üzvlərinin də sayı nəzərə alınaraq artıq yaşayış sahəsi verilmişdir. İddiaçı ilə ailə münasibətlərinə xitam verildiyindən və onun həmin mənzilə hər hansı bir hüququ yaranmadığından iddia əsassızdır. Həmçinin “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi haqqında” Qanuna görə yaşayış sahəsinə ehtiyacı olan uçota alınmış əlilliyi olan şəxs vəfat etdikdə həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır. Yəni müvafiq icra hakimiyyətinin sərəncamı ilə uçota alınmaqla ailə üzvlərindən kimə yaşamaq üçün mənzil verilmişdirsə, onun həmin mənzildə uçotu saxlanılır. Həmin şəxsin əlil olub-olmamasının həmin mənzildə yaşamasına maneçiliyi yoxdur. Uçotda kimlər varsa, həmin şəxslər mənzildə yaşaya bilərlər. İcra hakimiyyətinin sərəncamı qüvvədədirsə, imtiyazlı şəxs uçota alınmış şəxsi mənzildən və uçotdan çıxara bilməz. Mənzil Məcəlləsində mənzildən uçotdan çıxarılmanın da öz şərtləri mövcuddur. Belə ki, uçota alınmış şəxslərə evlərin, ipoteka ilə evlərin, bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması halında onlar mənzildən uçotdan çıxarılırlar. Bu məsələ Mülki Məcəllənin normaları ilə deyil, Mənzil Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. Ehtiyacı olan şəxslərə Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş adambaşına kvadratmetr sahə nəzərə alınmaqla mənzil verilir. Nə qədərki, icra hakimiyyətinin sərəncamı qüvvədədir, şəxsin mənzildən və ya uçotdan çıxarılması mümkün deyildir. Mənzildə uçota alınmaqla yaşayan şəxs digər ailə üzvünü də həmin mənzilə köçürməyi istəyə bilər. Bunun üçün müvafiq icra hakimiyyətinə məktubla müraciət etmək lazımdır. Həmin mənzildə yaşamaq üçün əlavə olaraq 16 kv.metr sahə mövcud olduqda icra hakimiyyətinin müvafiq sərəncamı ilə həmin şəxs də uçota alınır. Əgər qeyd olunan 16 kv.metrlik əlavə sahə yoxdursa, mənzil verilmiş şəxsin ora əlavə şəxsi köçürməsi mümkün deyildir. Bunun üçün müvafiq icra hakimiyyətinin sərəncamı lazımdır. Mənzil Məcəlləsinə əsasən ailə münasibətlərinə xitam verilsə belə, şəxsin mənzilə olan uçotu saxlanılır və onun ordan çıxarılması mümkün deyildir. Göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı ilə 2016-cı il tarixdə ailə həyatı qurmuşlar. 2024-cü ilin may ayında isə nikahları pozulmuşdur. İddiaçının köçürülməsini iddia etdiyi mənzil hazırki iş üzrə cavabdeh olan anası Cavabdeh1 məxsusdur və 2024-cü il tarixdə Çernobıl əlili kimi dövlət tərəfindən ona verilmişdir. Nə iddiaçı, nə də ki o, heç vaxt həmin mənzildə yaşamamışlar. İddiaçının yaşamağa yeri vardır. Belə ki, iddiaçı ilə aralarındakı razılığa əsasən o, 1.000 manat məbləğində aliment ödəyir. Həmin məbləğin 400 manat hissəsi kirayə pulu qismində ödənilir. 600 manatı isə uşaqların saxlanılması üçün nəzərdə tutulmuşdur. O, 1.000 manat aliment məbləğini yaşayış sahəsi və uşaqların dolanışığını təmin etmək məqsədi ilə iddiaçıya vermişdir. Bu barədə iddiaçı ilə aralarında barışıq sazişi də bağlanmışdır. Verilmiş suallara cavabında qeyd edir ki, iddiaçı ilə aralarında olan nikah pozulduqdan sonra anası həmin mənzilə köçüb yaşamağa başlamışdır. Sözügedən mənzil Çernobıl əlili kimi anasına verilmişdir və həmin mənzil ona məxsusdur. Bu halda iddiaçının qaynanasına məxsus evdə yaşaması üçün əsas yoxdur. Əvvəllər iddiaçı ilə aralarında hər hansı mübahisə olmamışdır. Həmin dövrdə də ailə üzvlərinin sayı nəzərə alınmaqla anasına qeyd edilən mənzil verilmişdir. Həmin vaxtı ailə kimi köçüb həmin mənzildə yaşamağı planlaşdırmışlar. Lakin sonradan iddiaçının öz səhvi nəticəsində ailə dağılmışdır. Bu halda isə iddiaçının anasına məxsus həmin mənzilə köçüb yaşaması məntiqsizdir. O, iddiaçını və övladlarını yaşayış sahəsi ilə təmin etmək məqsədi ilə 1.000 manat aliment məbləği ödəyir. İddiaçı ilə razılaşmaları belə olmuşdur. Həmin məbləğdən 400 manatı iddiaçı tərəfindən kirayə haqqı kimi ödənilir. Əks təqdirdə o, iddiaçıya dövlət müəyyən etdiyi minimum yaşayış məbləği həddində aliment ödəyərdi. Anası Cavabdeh1 hazırda həmin mənzildə tək yaşayır. Anası Çernobıl əlilidir və daima nəzarətə ehtiyacı vardır. Qeyd edilən mənzil Çernobıl əlili kimi anasına verilmişdir. Anası da istədiyi sayda şəxslərlə birlikdə həmin mənzildə yaşaya bilər. Anasının həmin evdə tək yaşaması ilə bağlı əvvəlcədən mənzili verən müvafiq quruma məlumat verilməmişdir. Sözügedən mənzil Çernobıl əlili kimi anası Cavabdeh1 verilmiş və mənzil ona məxsusdur. O və iddiaçı həmin mənzildə yaşamamışlar. Onlar daim kirayələrdə yaşamışlar. İddiaçını və uşaqlarını yaşayış sahəsi ilə təmin etmək məqsədi ilə 1.000 manat məbləğində pul ödəyirki, həmin pulla da kirayə mənzil tutulmuşdur. Hətta İddiaçı adına mənzildə almışdır. Lakin iddiaçı həmin mənzili də satmış və satışdan ona hər hansı məbləğ verməmişdir. Həmin məbləği də o, iddiaçıdan istəməmiş və mübahisələndirməmişdir. İddiaçının uşaqları ilə birlikdə hazırda anasına məxsus mənzilə köçürülməsini istəməsi absurd məsələdir. Çünki anası həm əlil, həm də daimi müalicəyə ehtiyacı olan bir şəxsdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X9 izahatında göstərdi ki, Cavabdeh1 imtiyazlı şəxs olduğu üçün qeyd edilən mənzil ona təhvil verilmişdir. Mənzil Məcəlləsinin tələbinə əsasən ailə üzvlərinin sayı uçota alınmaqla imtiyazlı şəxs müvafiq sahədə mənzillə təmin edilir. Cavabdeh1 5 nəfər ailə üzvü olduğu üçün 3 otaqlı mənzillə təmin edilmişdir. Həmin şəxslərin mənzildə yaşamaları üçün 3 otaqlı mənzil verilmişdir. Hazırda isə iddiaçının uşaqları ilə birlikdə mənzilə köçürülüb-köçürülməməsi məhkəmənin mülahizəsindən asılıdır. Verilmiş suallara cavabında qeyd edir ki, sözügedən mənzil şəxsin mülkiyyətinə deyil, istifadəsinə müddətsiz verilmişdir. 2009-cu il tarixə kimi mülkiyyətə verilən mənzillər olmuşdur. Lakin həmin tarixdən sonra mənzil ancaq vətəndaşın istifadəsinə verilir. Mənzillər sosial mənzillər hesab edilir və dövlətə məxsusdur. Sosial mənzillər şəhid ailələrinə, gözdən əlillərə, birinci və ikinci Qarabağ müharibəsi iştirakçılarına və sair şəxslərə yalnız istifadə etmək məqsədi ilə verilir. Müvafiq icra hakimiyyəti sərəncamında neçə nəfər qeyd edirsə, həmin şəxslərin sayına uyğun mənzil verilir. Şəxslərin uçotdan çıxarılması məsələsi də müvafiq icra hakimiyyətinin səlahiyyətinə aiddir. Təmsil etdiyi təşkilat yalnız verilmiş sərəncamın icrasını həyata keçirir. Sərəncamda neçə nəfər qeyd edilirsə, onların sayına uyğun olaraq müvafiq mənzil sahəsi ilə təmin edilir. Ailə Məcəlləsinə əsasən gəlin ailə üzvü hesab edilmir. Lakin icra hakimiyyəti gəlini ailə üzvü kimi qeydə alaraq sərəncam verir. Sərəncam da inzibati akt olduğu üçün tərəflərindən icra edilir. Mənzil verilmiş imtiyazlı şəxs öldükdə mənzil istifadə etmək üçün digər ailə üzvünə qalır və həmin ailə üzvləri orda yaşamaqda davam edirlər. Uçot icra hakimiyyətinin sərəncamı əsasında aparılır. İmtiyazlı şəxs öldükdən sonra onun ailə üzvləri orda yaşamaqda davam edirlər. Çünki mənzil akt əsasında həmin şəxslərə verilmişdir. İmtiyazlı şəxs öldükdən sonra uçotda olan ailə üzvlərinin mənzildə uçotda saxlanılması və ya çıxarılmasını tənzimləyən konkret qanunvericilik müddəası yoxdur. Sosial mənzillər vətəndaşın yaşayış sahəsi ilə təmin edilməsi məqsədi ilə verilir. Göstərilənlərə əsasən mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməməlidir. İş materiallarına əlavə olunan Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 25 fevral 2017-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 914529 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 17 fevral 2017-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh2, ana qrafasında X5 göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında 25 fevral 2017-ci il tarixdə 1229 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunan Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 12 iyun 2019-cu il tarixdə verilmiş AZ-İV seriyalı 300127 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 23 may 2019-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh2, ana qrafasında X5 göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında 12 iyun 2019-cu il tarixdə 3710 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-3476/2024 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X2 Cavabdeh2 qarşı nikahın pozulmasına dair iddia tələbi təmin edilmiş, iddiaçı Teymurova (Əbilova) Aysel Fəxrəddin qızı ilə Cavabdeh2 arasında Sumqayıt “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsində xx.xx.2016-cı il tarixdə bağlanmış, 969 nömrəsi ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. İş materiallarına əlavə olunan 1 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 14 avqust 2024-cü il tarixdə verilmiş AZ-İ seriyalı 495528 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 və X5 arasında olan nikah ləğv edilmişdir və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 270 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına Əbilova soyadı verilmişdir. İş materiallarına əlavə olunan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən verilmiş 16 oktyabr 2024-cü il tarixli, 3-17-3/2-29766/2024 saylı məktubundan görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən imtiyazlı şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 20 iyun 2014-cü il tarixli 569 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamlarına əsasən həyata keçirilir və həmin Sərəncamlarda 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020- 2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mərhələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi tapşırığı verilmişdir. 2-ci qrup Çernobıl əlili X15 qızı Sumqayıt Şəhər İcra Hakimiyyətinin 23 dekabr 2021-ci il tarixli Sərəncamı əsasında 5 nəfər ailə tərkibi ilə (özü, oğlu Cavabdeh2, gəlini X5, iki nəvəsi X14 və X8) uçota alınmışdır. “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 459 nömrəli Qərarına əsasən Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir. Adı çəkilən qərara münasibətdə uçota alınmış və yuxarıda qeyd edilmiş imtiyazlı şəxs, həmçinin onun ailə üzvləri Agentlik tərəfindən xx.xx.2023-cü il tarixində Abşeron rayonu, X11n təhvil-təslim aktı əsasında 3 otaqlı mənzil ilə təmin edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin 28 dekabr 2021-ci il tarixli sərəncamı əsasında 2-ci qrup Çernobıl əlili olan hazırki iş üzrə Cavabdeh1 5 nəfər ailə tərkibi ilə - Cavabdeh1 özü, oğlu Cavabdeh2, gəlini X5, iki nəvəsi X14 və X8 “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 459 nömrəli Qərarına əsasən uçota alınmışdır. Daha sonra qeyd olunan qərara əsasən uçota alınmış imtiyazlı şəxs - Cavabdeh1 Agentlik tərəfindən xx.xx.2023-cü il tarixində Abşeron rayonu, X11 təhvil-təslim aktı əsasında hazırki 3 otaqlı mübahisəli mənzil ilə təmin edilmişdir. Həmçinin tərəflərin mübahisəsiz izahatlarından görünür ki, imtiyazlı şəxs Cavabdeh1 2024-cü ilin iyul ayından həmin mənzildə yaşamağa başlamışdır. Hazırda isə iddiaçı iddia ilə məhkəməyə müraciət edərək, keçmiş qaynanası - hazırki iş üzrə Cavabdeh1 imtiyazlı şəxs kimi verilmiş mübahisəli Abşeron rayonu, X11 yerləşən 3 otaqlı mənzilə o və onun övladları uçota alındığından, onların yaşaması üçün hər birinə 16 kv.metr sahə ayrıldığından həmin mənzilə köçürülmələrini xahiş edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mübahisəli mənzildən istifadə hüququnun yaranması üçün heç bir hüquqi əsas mövcud deyildir. İddiaçının keçmiş qaynanası - Cavabdeh1 imtiyazlı şəxs kimi mübahisəli mənzil verilən zaman uçota alınmalarına istinad etməsi də, onun və övladlarının bu mənzildən istifadə hüququnun yaranmasına əsas hesab edilə bilməz. Belə ki, hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər. Yuxarıda sadalan normalara və işin hallarına əsaslanmaqla məhkəmə hesab edir ki, qeyd edilən mənzil imtiyazlı şəxs - 2-ci qrup Çernobıl əlili kimi X13 qızına yaşamaq üçün verildiyindən, iddiaçı ilə cavabdehlər arasında olan ailə münasibətlərinə xitam verildiyindən, iddiaçının mübahisəli mənzilə dair heç bir hüququ olmadığından, iddiaçı mübahisəli əmlaka dair hər hansı hüququnun olmasına dair sübutlarını məhkəməyə təqdim edə bilmədiyindən onun və uşaqlarının həmin mənzilə köçürülməsi barədə tələb təmin edilməməlidir. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən, əmlakdan istifadə hüququ da mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə görə, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 27.2-ci maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmə həmçinin qeyd edir ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçının mübahisəli yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün də heç bir hüquqi əsas yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələbərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, şərh olunanlara məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi cəlb edilməklə) mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyinə görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərci və dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi cəlb edilməklə) mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilməsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar