Məhkəmə qərarları › İş №e-2(012)-739/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-739/2025

28.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-739/2025 28.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndələri X1 və Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 17212,31 manat pul vəsaitinin və 141,64 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı ASC-yə məxsus plastik kart istifadəçisidir. İddiaçı tərəfindən verilmiş plastik kart cavabdeh tərəfindən istifadə edilmişdir. Belə ki, Cavabdeh ona məxsus kart hesabından, ona aid olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə etmişdir. Cavabdeh həmin kart hesabından (borcluya məxsus kart hesabının № ********************) xx.xx.2023 tarixində “onlayn” ödəniş əməliyyatları aparmış, məbləğin bir qismini ATM-dən məxaric etmiş, həmçinin kart hesabından digər kart hesablarına köçürmələr etmişdir. Nəticədə Cavabdeh banka cəmi 17212,31 manat ziyan vurmuşdur. Tərəflər arasında bağlanmış müqavilənin 3.2-ci maddəsinə əsasən hesaba yanlış daxilolma olduqda, müştəri bu barədə 3 iş günü ərzində banka məlumat verməli və bankın həmin vəsaitin qaytarılması ilə bağlı tələbi daxil olduqda həmin məbləği banka geri qaytarmalıdır. Müştəri tərəfindən geri qaytarılmayan həmin vəsaitlər bank tərəfindən akseptsiz qaydada müştərinin hesabından silinə bilər. Tərəflər arasında bağlanmış müqavilənin 7.2.4-cü maddəsinə əsasən şəxs onun kart hesabına artıq və ya səhvən mədaxil edilmiş pul vəsaitlərindən istifadə edə bilməz və həmin məbləği dərhal banka qaytarmalıdır. Kart hesabından çıxarışın sonuna nəzər yetirilsə, oradan da xüsusi bilik tələb olunmadan müəyyən edilir ki, müştərinin kartına 53,93 manat mədaxil edilib, 37472,36 manat isə məxaric edilmişdir. İlkin qalıq da 20206,12 manat olduğundan buradan tam aydın olur ki, cavabdeh banka 17212,31 manat ziyan vurmuşdur. Pulun qaytarılması barədə bank tərəfindən şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Cavabdeh “Texniki Overdraft” yaranması nəticəsində banka məxsus pul vəsaitindən istifadə etmiş, buna görə də o, qanunsuz əldə etdiyi pul vəsaitini bankın tələbi ilə geri qaytarmalıdır. “Texniki Overdraft” bankla razılaşdırılmadan kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində müştərinin bank qarşısında yaranmış borсudur və müştəri tərəfindən məcburi qaydada ödənilməlidir. Hesab edirlər ki, cavabdehin əldə etdiklərinin bankın tələbi ilə geri qaytarılması norması AR Mülki Məcəlləsinin 6.1.8-ci maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən olan “pozulmuş hüquqların bərpasının təmin edilməsi” prinsipindən qaynaqlanır. Cavabdeh bankın əmlakını heç bir əsas olmadan əldə etməklə, əldə etdiklərini məhrum olana onun tələbi ilə qaytarmadığı halda, sonuncunun mülkiyyət hüquqlarını pozmuş olur. Bu isə həm dövlətdaxili hüquqiaktlar, həm də beynəlxalq konvensiyalarla qadağan olunur. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 20 mart 1952ci il tarixli Əlavə Protokolun 1-ci maddəsində qeyd edilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Analoji norma AR Konstitusiyasının 29-cu maddəsində də nəzərdə tutulmuşdur. Qeyd olunanlara əsasən cavabdeh bankın hesabına əldə etdiklərini geri qaytarmaqla mülki hüquqi vəzifəsini yerinə yetirməlidir. Bunun nəticəsi olaraq cavabdeh hüquqazidd yolla əldə etdiklərindən məhrum olmalı, onlardan əsassız olaraq məhrum olmuş bank isə itirdiklərini əldə etmiş olmalı və qanunçuluq bərpa edilməlidir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçı ASC-nin nümayəndəsi X1 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, İddiaçı ASC ilə Cavabdeh arasında debit kart müqaviləsi bağlanmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixləri arasında kart üzrə əməliyyatlar etmiş, aparılmış əməliyyatlar nəticəsində cəmi 50146,72 manat mədaxil edilmiş, 67359,03 manat isə məxaric edilmişdir. Belə ki, cavabdeh ETOPAZ.AZ saytından istifadə etmiş, oradan həmin karta pullar daxil edilmiş, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə həmin məbləğlərdən imtina edilmişdir. Qeyd edilən məbləğlər cavabdeh tərəfindən çıxarıldığından kart mənfiyə düşmüşdür. Buradan da görünür ki, cavabdeh 17212,31 manat bankın vəsaitindən istifadə etmişdir. İddiaçı bank tərəfindən tələb edilən 17212,31 manat pul vəsaiti bankın öz vəsaitidir. Belə ki, cavabdehin kartında xx.xx.2023-cü il tarixdə cəmi 14 manat vəsait olmuşdur və texniki overdraft yaranması nəticəsində cavabdeh apardığı əməliyyatlarla banka maddi ziyan vurmuşdur. Odur ki, göstərilənlərə əsasən o, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək bildirdi ki, İddiaçı ASC tərəfindən pul vəsaiti səhvən başqa şəxsin — Cavabdeh hesabına köçürülmüşdür. Belə ki, həmin vaxt bankın elektron sistemində problem olmuş, nəticədə pul səhvən cavabdehin kartına köçürülmüşdür. Onlarda olan məlumata əsasən cavabdeh kartına yüklənmiş pulla əməliyyatlar aparmışdır. Belə ki, cavabdeh xx.xx.2023-cü il tarixində kart vasitəsilə ilə əməliyyatlar, xx.xx.2023-cü il tarixdə onlayn ödənişlər aparmış, həmçinin xx.xx.2023-cü il tarixində Abşeron rayonu, Xırdalan şəhəri, Qəzənfər Musabəyov küçəsində yerləşən ATM-dən 2000 manat pul məxaric etmiş, əlavə olaraq ETOPAZ.AZ saytına da ödənişlər etmişdir. Cavabdehin kartına xx.xx.2023-cü il tarixində 2000 manat, ayrı-ayrı vaxtlarda isə 17000 manat pul daxil olmuşdur. Müvafiq ekspert rəyindən də göründüyü kimi texniki overdraftın olması müəyyən olunur. Qeyd edilənlərə əsasən o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, o, overdraftın nə olduğunu belə bilmir və bu barədə heç bir şəxs ilə müqavilə bağlamamışdır. Onun kartında balans artımı olmuş, daha sonra isə kart mənfiyə düşmüşdür. Qeyd edir ki, kart özünə məxsusdur, kredit kartı deyildir və ondan yalnız özü istifadə etmişdir. O, kartından 17000 manatdan artıq pul çıxarmış, bundan 3 gündən sonra onun kartı mənfiyə düşmüşdür. O, kartına yüklənmiş 17000 manat pulu çıxarıb xərcləmişdir. Pul vəsaitinin kartına köçürüldüyü ərəfələrdə onun kartına atasının xəstəliyi ilə əlaqədar yardımlar – pul vəsaitləri köçürülmüşdür. O, kartına köçürülmüş pul vəsaitinin atasının xəstəliyi ilə bağlı köçürüldüyünü zənn etmişdir. O, kartının minusa düşməsi ilə bağlı İddiaçı ASC-yə müraciət etmişdir. İddiaçı ASC ondan tələb etdikləri məbləğ ilə bağlı ETOPAZ.AZ saytına müraciət etməlidir. Belə ki, o, özündə olmayan pulu iddiaçıya qaytara bilməz. Qeyd edir ki, onun kartına mədaxil olunmuş məbləğlər bank tərəfindən çıxılır. Atasının xəstəliyi ilə əlaqədar onun kartına pul vəsaitləri daxil olmuşdur. O, İddiaçı ASC tərəfindən onun kartına göndərilmiş pul vəsaitini çıxarmış, ETOPAZ.AZ saytında uduşdan əldə etdiyi məbləği isə iddiaçıya ödəmişdir. Onun kartına yüklənmiş uduş məbləğinin ETOPAZ.AZ saytı tərəfindən geri çəkilməsi onun təqsiri deyildir. Ekspert rəyində bildirilmişdir ki, sistem xətası nəticəsində onun kartına mədaxil olunmuşdur. İddiaçı ASC tərəfindən pul köçürüldükdən sonra ona bildiriş gəlmişdir. İddiaçı tərəfindən onun kartına səhvən pul köçürülməsi onun təqsiri deyildir. Atası xəstə olarkən həmin pulu kartdan çıxartmış və həmin vaxt pulu sərf etmişdir. Hazırda onun həmin məbləği iddiaçı şirkətə geri ödəməyə imkanı yoxdur. Odur ki, qeyd edilənlərə əsasən o, iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BRCB2374822B299 saylı hesab, kart, kredit üzrə debet kart müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh plastik kart verilmişdir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən hesaba yanlış daxilolma olduqda, müştəri bu barədə 3 iş günü ərzində banka məlumat verməli və bankın həmin vəsaitin qaytarılması ilə bağlı tələbi daxil olduqda həmin məbləği banka geri qaytarmalıdır. Müştəri tərəfindən geri qaytarılmayan həmin vəsaitlər bank tərəfindən akseptsiz qaydada müştərinin hesabından silinə bilər. Bundan əlavə qeyd edilən müqavilənin 7.2.4-cü bəndində göstərilmişdir ki, kart hesabına artıq və ya səhvən mədaxil olunmuş pul vəsaitlərini istifadə etmir və onları dərhal banka geri qaytarır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş kartı üzrə çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixinə İddiaçı ASC-yə vurduğu maddi ziyanın məbləği 17212,31 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 dekabr 2025-ci il tarixli, 9/4655 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək dövrü əhatə edən kart hesabından çıxarış məlumatlarına əsasən aparılan əməliyyatlar üzrə Cavabdeh texniki overdrafta yol verilməsi müəyyən edilir. Belə ki, İddiaçı ASC tərəfindən təsdiq olunmuş formada kart hesabından çıxarışa əsasən hesab üzrə Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək aparılan əməliyyatlarla bağlı mədaxil olunmuş pul vəsaitinin cəmi 50146,72 manat, məxaric olunmuş pul vəsaitinin cəmi isə 67359,03 manat məbləğində olması müəyyən edilir. Qeyd olunur ki, kartlardan istifadə olunması zamanı müəyyən texniki səbəblərdən (kartlar üzrə prosesinq mərkəzləri ilə xidmət göstərən banklar arasında sistem xətası) kart hesablarında overdrafta yol verilə bilməsi halları istisna olunmur. Əgər texniki səbəbdən overdraft yaranarsa, bu müştəri ilə bank arasında bağlanmış müqavilənin müvafiq bəndləri ilə tənzimlənməlidir. Qeyd olunan halda overtrafta yol verilməsi iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin müvafiq bəndlərində nəzərdə tutulmuşdur. Belə ki, İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BRCB2374822B299 saylı debet kart müqaviləsinin 3.2-ci bəndinə əsasən hesaba yalnış daxilolma olduqda, müştəri bu barədə 3 iş günü ərzində banka məlumat verməli və bankın həmin vəsaitin qaytarılması ilə bağlı tələbi daxil olduqda həmin məbləği banka geri qaytarmalıdır. Müştəri tərəfindən geri qaytarılmayan həmin vəsaitlər bank tərəfindən akseptsiz qaydada müştərinin hesabından silinə bilər. Həmçinin tərəflər arasında bağlanmış müqavilənin 7.2.4-cü maddəsinə əsasən şəxs onun kart hesabına artıq və ya səhvən mədaxil edilmiş pul vəsaitlərindən istifadə edə bilməz və həmin məbləği dərhal banka qaytarmalıdır. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BRCB2374822B299 saylı debet kart müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi cavabdehə məxsus kart üzrə 215 halda mədaxil və məxaric əməliyyatlarının aparılması müəyyən edilir. İddiaçı ASC tərəfindən təsdiq olunmuş formada kart hesabından çıxarışa əsasən son əməliyyat tarixinə (xx.xx.2025-ci il tarixə) cavabdehin İddiaçı ASC-yə olan əsas borcu 17212,31 manat təşkil edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BRCB2374822B299 saylı hesab, kart, kredit üzrə debet kart müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh plastik kart verilmişdir. Lakin iddiaçı şirkət tərəfindən yol verilmiş texniki overdraft nəticəsində Cavabdeh məxsus kart hesabına ona aid olmayan pul vəsaiti köçürülmüş, cavabdeh də həmin pul vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə etmiş, nəticədə banka cəmi 17212,31 manat maddi ziyan dəymişdir. Halbuki tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BRCB2374822B299 saylı müqavilənin 3.2-ci və 7.2.4-cü maddələrinə əsasən cavabdeh hesaba yanlış daxilolma olduqda, bu barədə 3 iş günü ərzində banka məlumat vermək və bankın həmin vəsaitin qaytarılması ilə bağlı tələbi daxil olduqda həmin məbləği banka geri qaytarmaq, həmçinin onun kart hesabına artıq və ya səhvən mədaxil edilmiş pul vəsaitlərindən istifadə etməməklə həmin məbləği dərhal banka qaytarmaq öhdəliyini öz üzərinə götürmüşdür. Həmçinin məhkəmə tərəfindən İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, BRCB2374822B299 saylı debet kart müqaviləsi üzrə yaranmış öhdəliklər və onların icrası ilə əlaqədar şübhə və anlaşılmazlıqları aradan qaldırmaqdan ötrü məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 dekabr 2025-ci il tarixli, 9/4655 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək dövrü əhatə edən kart hesabından çıxarış məlumatlarına əsasən aparılan əməliyyatlar üzrə Cavabdeh texniki overdrafta yol verilməsi müəyyən edilimişdir. Belə ki, İddiaçı ASC tərəfindən təsdiq olunmuş formada kart hesabından çıxarışa əsasən hesab üzrə Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək aparılan əməliyyatlarla bağlı mədaxil olunmuş pul vəsaitinin cəmi 50146,72 manat, məxaric olunmuş pul vəsaitinin cəmi isə 67359,03 manat məbləğində olması müəyyən edilir. Qeyd olunur ki, kartlardan istifadə olunması zamanı müəyyən texniki səbəblərdən (kartlar üzrə prosesinq mərkəzləri ilə xidmət göstərən banklar arasında sistem xətası) kart hesablarında overdrafta yol verilə bilməsi halları istisna olunmur. Əgər texniki səbəbdən overdraft yaranarsa, bu müştəri ilə bank arasında bağlanmış müqavilənin müvafiq bəndləri ilə tənzimlənməlidir. Qeyd olunan halda overtrafta yol verilməsi iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin müvafiq bəndlərində nəzərdə tutulmuşdur. Belə ki, İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BRCB2374822B299 saylı debet kart müqaviləsinin 3.2-ci bəndinə əsasən hesaba yalnış daxilolma olduqda, müştəri bu barədə 3 iş günü ərzində banka məlumat verməli və bankın həmin vəsaitin qaytarılması ilə bağlı tələbi daxil olduqda həmin məbləği banka geri qaytarmalıdır. Müştəri tərəfindən geri qaytarılmayan həmin vəsaitlər bank tərəfindən akseptsiz qaydada müştərinin hesabından silinə bilər. Həmçinin tərəflər arasında bağlanmış müqavilənin 7.2.4-cü maddəsinə əsasən şəxs onun kart hesabına artıq və ya səhvən mədaxil edilmiş pul vəsaitlərindən istifadə edə bilməz və həmin məbləği dərhal banka qaytarmalıdır. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BRCB2374822B299 saylı debet kart müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi cavabdehə məxsus kart üzrə 215 halda mədaxil və məxaric əməliyyatlarının aparılması müəyyən edilir. İddiaçı ASC tərəfindən təsdiq olunmuş formada kart hesabından çıxarışa əsasən son əməliyyat tarixinə (xx.xx.2025-ci il tarixə) cavabdehin İddiaçı ASC-yə olan əsas borcu 17212,31 manat təşkil edir. Beləliklə, işin müəyyən edilmiş hallarından göründüyü kimi cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçı şirkətin hesabına əsassız varlandığından məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəaları tətbiq edilməlidir və iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21.2-ci, 21.3-cü, 1091.1-ci, 1091.2-ci və 1092.1-ci maddələri təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.3-cü maddəsinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, Cavabdeh İddiaçı ASC-yə 17212,31 manat məbləğində borcu olması faktı iş materiallarını təşkil edən sənədlər, o cümlədən ekspert rəyi ilə öz təsdiqini tapdığından Cavabdeh 17212,31 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı təşkilatın məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 141,64 manat pul vəsaiti də cavabdehdən alınmalı və iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 17212,31 manat pul vəsaiti və 141,64 manat dövlət rüsumu tutularaq İddiaçı ASCnin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar