Məhkəmə qərarları › İş №e-2(012)-74/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-74/2025

19.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-74/2025 19.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixli RX ******* saylı olan torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən ona məxsus olan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən İddiaçı məxsus 0,08 ha torpaq sahəsinin 56 kv.metr, yəni 0,0056 ha hissəsində Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş fərdi yaşayış evinin Cavabdeh hesabına sökülməsi və həmin torpaq sahəsinin boşaldılaraq əvvəlki vəziyyətə qaytarılması, 100 manat dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçının Abşeron rayon, Qobu qəsəbəsi ərazisində mülkiyyətində 0,08 ha torpaq sahəsi vardır. X2 adına həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən ƏMDK yanında DƏDRX tərəfindən RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2017ci il tarixli çıxarış verilmişdir. Bu torpaq sahəsinə dair ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi Dairəsi tərəfindən A 150821 nömrəli, xx.xx.2017-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Daha sonra bağışlama müqaviləsi əsasında həmin torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən ƏMDK yanında DƏDRX tərəfindən RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2017-ci il tarixli çıxarış Asiya Qafarovanın nəvəsi İddiaçı adına verilmişdir. 2023-cü ilin əvvəlində İddiaçı və qardaşı Nümayəndə1 torpaq sahəsinə baş çəkdikdə torpaq sahəsinə girilərək qanunsuz tikinti işlərinin aparıldığını görmüş, tikintinin sahibini maraqlandıqda həmkəndlisi Cavabdeh olduğunu öyrənmiş, Cavabdeh və sonuncunun oğluna tikintinin qanunsuz olduğunu, tikintinin bir hissəsinin onun torpaq sahəsinə girdiyini bildirmiş, Cavabdeh və oğlu isə tikintini dayandıracaqlarını və qanunsuz tikilini sökəcəklərini bildirmişlər. İddiaçı və qardaşı Nümayəndə1 2023-cü ilin avqust ayında torpaq sahəsini yoxlamaq üçün getdikdə tikintinin davam etdiyini, hətta torpaq sahəsində 2 mərtəbəli ev tikildiyini görmüşdür. Cavabdeh iradını bildirdikdə, sonuncu tikintini sökməyəcəyini, torpaq sahəsindən çıxmayacaqlarını bildirmişdir. İddia ərizəsinə əlavə edilmiş peyk görüntülərindən görünür ki, Cavabdeh məxsus qanunsuz tikili faktiki İddiaçı qanuni mülkiyyətində olan torpaq sahəsinin üzərində tikilmişdir. Müəyyən edilmişdir ki, qanunsuz tikilinin İddiaçı mülkiyyətində olan torpaq sahəsindəki hissəsi eni 3,5 metr, uzunluğu 16 metr olmaqla, ümumilikdə 56 kv.metrdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və onun rədd olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxsləri dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan RX ******* saylı, xx.xx.2017-ci il tarixli reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən 0.08 ha torpaq sahəsi İddiaçı adına qeydə alınmışdır. Onun adına A 150750 saylı xx.xx.2017-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-332/2-5818/2024 saylı mütəxəssis rəyindən görünür ki, **********25 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi sxemdə göstərilmişdir. **********25 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları ilə Cavabdeh məxsus tikilinin (fərdi yaşayış evinin) koordinatlarının üst-üstə düşən hissəsi 0,0050 ha (50 kv.metr) təşkil edir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/6215 saylı xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-332/2-5818/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, **********25 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi mütəxəssis rəyinə əlavə olunmuş sxemdə göstərilmişdir. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, **********25 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları ilə Cavabdeh məxsus tikilinin (fərdi yaşayış evinin) koordinatlarının üst-üstə düşən hissəsi 0,0050 ha (50 kv.metr) təşkil edir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/510/2025 saylı xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-32/2- 3920/2025 nömrəli mütəxəssis məktubuna əsasən qeyd olunur ki, **********25 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları ilə Cavabdeh məxsus tikilinin (fərdi yaşayış evinin şimal istiqaməti) koordinatları ilə üst- üstə düşən hissəsi 0,0050 ha (50 m2) təşkil edir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından RX ******* saylı, xx.xx.2017-ci il tarixli reyestrindən çıxarışa və A 150750 saylı xx.xx.2017-ci il tarixli torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0.08 ha torpaq torpaq sahəsinin naturada öz yerində olduğu, lakin 50 kv.m hissəsinin cavabdeh tərəfindən istifadə olunduğu müəyyən olunmuşdur. Mütəxəssis və ekspertiza rəylərinə əsasən təsdiq olunur ki, İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları ilə Cavabdeh məxsus tikilinin (fərdi yaşayış evinin şimal istiqaməti) koordinatları ilə üst- üstə düşən hissəsi 0,0050 ha (50 m2) təşkil edir. İddiaçıya məxsus hüquq müəyyənedici sənədlər hazırda qüvvədədir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Mülki Məcəllənin 27.2-ci maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Həmin Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Eyni zamanda, İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Beləliklə, işin hallarına əsasən cavabdehin iddiaçının mülkiyyətinə müdaxiləsi nəticəsində sonuncunun davamlı şəkildə torpaq sahəsi üzərində maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilər. Eyni zamanda, məhkəmə hesab edir ki, cavabdehin mübahisəli əmlaka (zəbt edilmiş hissəyə) dair heç bir hüquqları müvafiq orqanda qeydə alınmadığından onun bu daşınmaz əmlakdan istifadəsi qəbuledilməzdir. Mübahisəli 50 kv.metr torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz tikilinin mövcudluğu iş materialları ilə, habelə mütəxəssis və ekspert rəyləri ilə təsdiq olunur. Bununla belə, iddianın digər 6 kv.metr torpaq sahəsinə dair hissəsi iş materialları ilə təsdiq olunmadığından iddianın bütünlüklə təmin edilməsi mümkün deyildir. Məhkəmə araşdırması zamanı iddiaçının mülkiyyət hüquqlarının 56 deyil, cəmi 50 kv.metr hissədə pozulması öz təsdiqini tapır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğu üçün qismən təmin edilməli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində RX ******* saylı, xx.xx.2017-ci il tarixli reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsinin 50 kv.metrində Cavabdeh tərəfindən inşa olunmuş tikili onun hesabına sökülməli və həmin ölçüdə torpaq sahəsi boşaldılaraq əvvəlki vəziyyətə qaytarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. RX ******* saylı, xx.xx.2017-ci il tarixli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsinin 50 kv.metrində Cavabdeh tərəfindən inşa olunmuş tikili (fərdi yaşayış evinin şimal istiqaməti) cavabdehin hesabına sökülsün və həmin ölçüdə torpaq sahəsi boşaldılaraq əvvəlki vəziyyətə qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi və mütəxəssis rəyinə görə ödənilmiş 95 manat pul Cavabdeh tutularaq İddiaçı qaytarılsın. Ekspertiza tədqiqatı üçün tələb olunan cəmi 100 manat pul cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar