Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-748/2023 05.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinə zəruri avtomobil yolunun verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinə zəruri avtomobil yolunun verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsinə gedib-gəlmək üçün Cavabdeh məxsus olan 0,035 ha torpaq sahəsindən zəruri avtomobil yolunun verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsində X1 məxsus olan 0,065 ha torpaq sahəsinin 0,03 hissəsini o, qalan 0,035 ha hissəsini isə Cavabdeh xx.xx.2012-ci il tarixdə Abşeron rayonu notariusu R.K.Hümmətovun notariat kontorunda alqı-satqı yolu ilə almışdır. Torpaq sahəsini alarkən satıcı ilə cavabdehə düşən torpaq sahəsindən ona zəruri yolun verilməsini razılaşmışlar. Həmin vaxt cavabdeh də bu razılaşmaya etiraz etməmişdir. Onlar aldıqları torpaq sahəsini dövlət reyestrində qeyd etdirməklə müvafiq çıxarış almışlar. Bir neçə ay bundan öncə, mülkiyyətində olan torpaq sahəsində ailəsilə birgə yaşamaq üçün fərdi yaşayış evi tikdirmək niyyətilə getdikdə görmüşlər ki, cavabdeh ona məxsus olan torpaq sahəsinə girmək üçün darvazanı iddiaçıya məxsus olan torpaq sahəsinin girişini bağlamaqla qoymuşdur. Mülkiyyətində olan torpaq sahəsinin olmasına baxmayaraq cavabdeh ümumi istifadədə olan küçəyə çıxış yolunun qarşısını bağlamışdır. Torpaq sahəsinə daş maşınlarının, başqa maşınların girişini və hətta piyada girişini belə tam məhdudlaşdırmışdır. Cavabdeh bütün vasitələrlə torpaq sahəsinə girişə qərəzli şəkildə maneçilik yaradır. Bunun nəticəsində isə onun hüquqları kobud şəkildə pozulur. Ona məxsus olan torpaq sahəsinə başqa hissədən zəruri yolun verilməsi mümkün deyildir. Qanunda göstərildiyi kimi, hər kəs mülkiyyətində olan torpaq sahəsindən maneəsiz istifadə etməlidir, lakin cavabdehin hərəkəti nəticəsində o, xüsusi mülkiyyətindən mərhum olmuşdur. Torpaq sahəsinə daxil ola bilmir, orada təyinatına uyğun olaraq fərdi yaşayış evi tikdirə bilmir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə etdiyini bildirdi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etmədiyini bildirdi. O bildirdi ki, özü üçün zəruri yolu dəyərini ödəməklə almışdır. İddiaçı isə öz torpaq sahəsinə gedən yolu daş hasara almaqla kəsmişdir. İştirak etdiyi məhkəmə iclasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi X2 bildirdi ki, iddiaçı ilə cavabdeh torpaq sahələrini birgə istifadə etmişlər. Onlar üçün müvafiq bələdiyyə tərəfindən ümumi istifadə üçün yol verilməmişdir. Nümayəndə İdarənin xx.xx.2023-cü il tarixli rəyini təsdiq etdiyini bildirdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; - RX ******* saylı, xx.xx.2012-ci il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Onun adına xx.xx.2012-ci il tarixli, AA 044165 saylı torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur. - RX ******* saylı, xx.xx.2012-ci il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,035 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. Orada yerləşən fərdi yaşayış evinə dair onun adına xx.xx.2021-ci il tarixli, 9036 saylı texniki pasport tərtib olunmuşdur. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-2/3-32/2-2755/2023 saylı mütəxəssis rəyindən görünür ki, RX ******* saylı, xx.xx.2012-ci il tarixli reyestrdən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsinə gedən yol elektron məlumat bazasında göstərilmədiyindən sualın cavablandırılması mümkün olmamışdır. Ümumi istifadədə olan yol sxemdə göstərilmişdir. - Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/2076 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 14 mart 2023-cü il tarixli 3-2/3-32/2-2755/2023 nömrəli mütəxəssis rəyinə əsasən, RX ******* saylı, xx.xx.2012-ci il tarixli reyestrdən çıxarışla İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsinə gedən yol elektron məlumat bazasında göstərilmədiyindən sualın cavablandırılması mümkün olmamışdır. Ümumi istifadədə olan yol mütəxəssis rəyinə əlavə olunmuş sxemdə göstərilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX ******* nömrəli çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsi xx.xx.2012-ci il tarixdən İddiaçı, RX ******* nömrəli çıxarışa əsasən isə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,035 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. İddiaçı iddia edir ki, mülkiyyətində torpaq sahəsinin olmasına baxmayaraq cavabdeh ümumi istifadədə olan küçəyə çıxış yolunun qarşısını bağlamışdır. Torpaq sahəsinə avtomobillərin və piyada girişini tam məhdudlaşdırmışdır. Cavabdeh bütün vasitələrlə onun torpaq sahəsinə girişinə qərəzli şəkildə maneçilik yaradır. Bunun nəticəsində isə onun hüquqları kobud şəkildə pozulur. Ona məxsus olan torpaq sahəsinə başqa hissədən zəruri yolun verilməsi mümkün deyildir. Cavabdeh isə iddia tələbini qəbul etmir. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs kostitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı servitutlar da əmlak hüquqları sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 239-cu maddəsinə görə fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Həmin Məcəllənin 255.1-ci maddəsinə görə servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. Həmin Məcəllənin 255.4-cü maddəsinə görə servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. Həmin Məcəllənin 255.8-ci maddəsinə görə daşınmaz əşya müəyyən şəxsin xeyrinə servitutla yüklü edilə bilər. Bu cür yüklülük şəxsi servitut adlanaraq ondan ibarət olur ki, mülkiyyətçidən başqa, həmin şəxs binadan və ya onun bir hissəsindən özü və ya ailəsi üçün mənzil kimi istifadə edə bilir. Şəxsi servitut başqa şəxslərə verilmir. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə görə bələdiyyə avtomobil yolların şəhərlərin və rayon mərkəzlərinin məhəllədaxili yolları, habelə kənd və qəsəbələrinin ərazisində yerləşən və onların mülkiyyətində olan küçələr, keçidlər, ictimai nəqliyyat xətləri, digər yollar və yol qurğuları aiddir. Bələdiyyə yolları bələdiyyə qurumlarının ərazisi hüdudlarında avtomobil və başqa nəqliyyat əlaqələrini təmin edir. Həmin Qanunun 13-cü maddəsinə görə ümumi istifadədə olan bələdiyyə yollarının yerləşdiyi torpaq sahələri də bələdiyyə mülkiyyətinə aid edilir. Ümumi istifadədə olan avtomobil yollarının torpaq sahələrində müvafiq icra hakimiyyəti orqanının və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun razılığı olmadan və ya verilmiş razılıq şərtləri pozulmaqla inşa edilmiş hər cür tikili və qurğular qanunsuz hesab edilir. Qanunsuz tikili və qurğuların inşasına yol vermiş hüquqi və fiziki şəxslər, onları bu Qanunla və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz qüvvəsi və (və ya) vəsaiti hesabına sökməlidir. Torpaq Məcəlləsinin 54-cü maddəsinə görə servitut - bir və ya bir neçə qonşu (özgə) torpaq sahələrindən məhdud istifadə hüququdur. Torpaq sahəsi üzərində servitutla bağlı münasibətlər bu Məcəllə və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nizama salınır. Servitut-torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında razılaşma ilə, yaxud məhkəmənin qərarı ilə müəyyən edilə bilər. Torpaq mülkiyyətçisinin, istifadəçisinin və icarəçisinin öz sahəsinə xidmət göstərmək üçün qonşu torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinə servitut qoyulmasını tələb etmək, o cümlədən məhkəmə qaydasında tələb etmək hüququ vardır. Torpaq sahəsinə aşağıdakı servitutlar müəyyən edilə bilər: torpaq sahəsindən piyada və ya nəqliyyat vasitəsilə keçmək; torpaq sahəsindən fərdi, kommunal, mühəndis, elektrik və digər xətt və şəbəkələrin çəkilməsi və təmiri üçün istifadə etmək; torpaq sahəsində drenaj işləri aparmaq; torpaq sahəsində su toplamaq və içməli su götürmək (mal-qaranı suvarmaq); torpaq sahəsindən mal-qaranı keçirmək; yerli şəraitə və adətlərə uyğun olaraq, özgənin torpaq sahəsində ot biçmək və mal-qara otarmaq; torpaq sahəsindən axtarış, tədqiqat və digər işlərin aparılması üçün müvəqqəti istifadə etmək; qonşu sahədə dayağı olan və ya müəyyən hündürlükdə qonşu sahəsinə keçən tikililər və qurğular ucaltmaq; qonşu sahədə müəyyən hündürlükdən artıq olan tikililərin və qurğuların ucaldılmasını qadağan etmək; torpaq sahəsində qoruyucu meşə əkinləri və zolaqları salmaq və digər təbiətqoruyucu obyektlər yaratmaq; qanunvericiliyə zidd olmayan hallarda torpaq sahəsi üzərində digər servitutlar. Servitutlar, onların müəyyən edildiyi torpaq sahəsinə mümkün qədər az məhdudiyyətlər yaradan üsullarla həyata keçirilməlidir. Qanunvericilikdə başqa hallar nəzərdə tutulmamışdırsa, üzərində servitut müəyyən edilən torpaq sahəsinin mülkiyyətçisinin həmin servitutdan istifadə edən şəxsdən müvafiq ödəniş tələb etmək hüququ vardır. Kənd əhalisinin və onların birliklərinin xeyrinə müəyyən edilən kənd təsərrüfatı servitutlarına görə ödəniş tutulmur. Servitutlar müvəqqəti və daimi ola bilər. Torpaq sahəsi üzərində hüququn formasından asılı olmayaraq, bütün torpaq sahəsinə servitut müəyyən edilə bilər. Servitutlar qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməlidir. Torpaq sahəsi başqa şəxslərə keçdikdə, qanunvericiliklə müəyyən edilmiş servitutlar saxlanılır. Müəyyən edilmiş servitutun əsasları sonradan aradan götürülərsə, torpaq mülkiyyətçisinin tələbinə görə həmin servitut dayandırıla bilər. Üzərində servitutun müəyyən edilməsi nəticəsində torpaq sahəsindən məqsədli təyinatına görə istifadə edilməsi mümkün olmadığı hallarda, həmin sahənin mülkiyyətçisinin bu servitutun məhkəmə qaydasında dayandırılmasını tələb etmək hüququ vardır. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 fevral 2003-cü il tarixli Qərarın 20-ci bəndinə görə torpaq sahəsinə tətbiq edilən servitutların təqribi dairəsi Torpaq Məcəlləsinin 54-cü maddəsinin 4-cü hissəsində müəyyən edilmişdir. Servitut barədə razılaşma olmadıqda, onun şərtləri məhkəmənin qətnaməsi ilə müəyyən edilə və yaxud dayandırıla bilər. Servitut verilməsi haqqında müqavilə yazılı formada tərtib edilməli, notariat qaydasında təsdiq olunmalı və dövlət qeydiyyatından keçirilməlidir. Həmin qaydaya əməl olunmaması servitutun etibarsızlığına səbəb olur. Məhkəmə işin müəyyən edilən faktiki hallarına hüquqi qiymət verib hesab edir ki, mübahisə predmeti olan torpaq sahəsi bələdiyyə mülkiyyətində deyil, cavabdehin mülkiyyətindədir və onun bu sahəyə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Bu sahədən iddiaçıya dəyəri ödənilmədən zəruri yolun verilməsi mövcud qanunvericiliyin tələblərinə ziddir. Qanunvericiliyə görə iddiaçı cavabdehlə servitut barədə razılaşma olmadıqda, onun şərtlərinin tətbiq edilməsilə bağlı məhkəməyə müraciət edə bilər. Hazırki halda isə İddiaçı Cavabdeh qarşı torpaq sahəsinə zəruri avtomobil yolunun verilməsi barədə tələbinin hüquqi əsası yoxdur və buna görə də təmin oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Qeyd edildiyi kimi, mübahisələndirilən torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. Hazırki halda iddiaçının mülkiyyətində olan torpaq sahəsinə dair hüquq müəyyənedici sənədi ona indiki iddianı qaldırmağa hüquqi əsas vermir. Başqa sözlə, iddiaçı ona hüquqi əsas verən rəsmi sənəddəki torpaq sahəsinə bitişik cavabdehin mülkiyyətində olan sahədən servitut əldə etməklə oraya zəruri yolun verilməsini təmin edə bilər. MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşılarsa, aydın olur ki, hazırki iş üzrə iddiaçı mülkiyyətində olan torpaq sahəsinə bitişik cavabdehin mülkiyyətində olan mübahisəli torpaq sahəsindən ona zəruri yolun verilməsi barədə Cavabdeh qarşı iddia vermək üçün subyektiv hüquqa malik olmamışdır. Yuxarıda sadalanan hallara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Halbuki, MPM-nin 77-ci maddəsinə görə hazırki mübahisə üzrə sübutetmə yükü onun üzərinə düşürdü. İddia təmin edilmədiyindən mülki iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və mütəxəssis tədqiqatının aparılması üçün ödənilmiş vəsait iddiaçının özünə aid edilməli, iddiaçıdan ekspertiza tədqiqatının dəyəri kimi 50 manat pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinə zəruri avtomobil yolunun verilməsi barədə iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu və mütəxəssis tədqiqatının aparılması üçün ödənilmiş vəsait iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri kimi 50 manat pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-748/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-748/2023
05.06.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver