Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-842/2025 19.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh ailə üzvləri ilə birlikdə ona mülkiyyət hüququ ilə məxsus olan Abşeron rayonu, Masazır kəndi, İstiqlaliyyət küçəsi, 16C saylı evin 51 saylı mənzilindən çıxarılmaları və mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixdə verilmiş çıxarışa əsasən Abşeron rayonu, Masazır kəndi, İstiqlaliyyət küçəsi, ev 16C, 51 nömrəli mənzilin mülkiyyətçisidir. O, mənzili əldə etdiyi müddətdən bu günə kimi mənzil boşaldılmır və mülkiyyət hüququ pozulur. Abşeron rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli 5q/2-33603/2024 saylı sorğuya cavabında göstərilir ki, onun mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, İstiqlaliyyət küçəsi, 16C saylı evin 51 saylı mənzildə xx.xx.1966-cı il tarixdə Naxçıvan MR-da anadan olmuş Cavabdeh yaşayır. Cavabdeh ona məxsus mənzili boşaltması ilə əlaqədar 27 may 2024cü il tarixdə pretenziya (xəbərdarlıq) göndərilmişdir. Orada cavabdehə təklif etmişdir ki, mükiyyətindəki mənzili boşaldaraq ona təhvil verməlidir. Uzun müddət keçməsinə baxmayaraq, Cavabdeh tərəfindən bu məktuba cavab verilməmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və onun rədd olunmasını xahiş etdi. O qeyd etdi ki, mənzildə başqa şəxslə borc məsələsinə görə yaşayır və iddiaçını tanımır. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan notarial qaydada təsdiq edilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndi, İstiqlaliyyət küçəsi, 16C saylı evin 72,5 kv.metrlik 51 saylı mənzili İddiaçı mülkiyyətindədir. İşdə olan Abşeron rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli 5q/2-33603/2024 saylı məktubundan görünür ki, Abşeron rayonu, Masazır kəndi, İstiqlaliyyət küçəsi, 16C saylı evin 51 saylı mənzildə xx.xx.1966-cı il tarixdə Naxçıvan MR-da anadan olmuş Cavabdeh yaşayır. İşdə olan xx.xx.2024-cü il tarixli MAPS arayışından görünür ki, xx.xx.1966-cı il tarixdə Naxçıvan MR-da anadan olmuş Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, mübahisəli mənzilə dair iddiaçının adına xx.xx.2023-cü il tarixli reyestrdən çıxarış verilmişdir. Hazırda İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, İstiqlaliyyət küçəsi, 16C saylı evin 51 saylı mənzilindən cavabdehin və ailə üzvlərinin çıxarılması, habelə həmin mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə görə yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Həmin Məcəllənin 29.2-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi mülki qanunvericiliklə, bu Məcəllə ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsini kirayə müqaviləsi, əvəzsiz istifadə və ya digər qanuni əsaslarla fiziki və ya hüquqi şəxslərin istifadəsinə vermək hüququna malikdir. İş materiallarından görünür ki, mübahisəli yaşayış sahəsinin xx.xx.2023-cü il tarixdən mülkiyyətçisi olan İddiaçı ilə cavabdeh arasında hər hansı kirayə müqaviləsi bağlanmamış, əvəzsiz istifadə və ya digər qanuni əsaslarla onlar arasında hər hansı münasibət yaranmamışdır. Belə olan halda, cavabdehin heç bir hüquqi əsas olmadan mübahisəli mənzildə yaşaması mülkiyyətçi kimi İddiaçı hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Halbuki, mülkiyyət hüququ qanunla qorunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən görünür ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X1 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülki Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etdi ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq Məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, xx.xx.1996, § İİ, B, h63.) Beləliklə, məhkəmə qeyd etdi ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Qeyd edildiyi kimi, iş materiallarından görünür ki, mübahisəli mənzil hazırda İddiaçı mülkiyyətindədir. Hazırda bu yaşayış sahəsində Cavabdeh yaşaması onun mülkiyyət hüquqlarını pozur, bu isə qanunla qadağandır. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh həmin mənzildən çıxarılmalı və bu yaşayış sahəsi mülkiyyətçiyə təhvil verilməlidir. Bununla belə, iddianın cavabdehin ailə üzvlərinin də mübahisəli mənzildən çıxarılmaları hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, bu hissədə tələb konkret şəxslərə qarşı yönəlmədiyindən iddia təmin oluna bilməz. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğu üçün qismən təmin edilməli, Abşeron rayonu, Masazır kəndi, İstiqlaliyyət küçəsi, 16C saylı evin 51 saylı mənzilindən Cavabdeh çıxarılmalı, bu mənzil iddiaçıya təhvil verilməli, qalan hissə də isə iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı mülkiyyətindəki Abşeron rayonu, Masazır kəndi, İstiqlaliyyət küçəsi, 16C saylı evin 51 saylı mənzilindən Cavabdeh çıxarılsın və həmin mənzil İddiaçı təhvil verilsin. Qalan hissədə iddia təmin olunmasın. Cavabdeh 100 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-842/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-842/2025
19.03.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver