Məhkəmə qərarları › İş №e-2(012)-851/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-851/2024

22.04.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-851/2024 22.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı, onun vəkili-nümayəndəsi Nümayəndə, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı evə köçürülmə barədə iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı evə köçürülmə barədə iddia qaldıraraq, onun və birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X11, xx.xx.2011ci il təvəllüdlü X12 və xx.xx.2015-ci il təvəllüdlü X9 gəlin köçdüyü və nikah pozulanadək yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 11-ci küçə 48 ünvanındakı ümumi sahəsi 1213,8 kv.metr olan torpaq sahəsində yerləşən özbaşına tikili sayılan fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlə xx.xx.2009-cu ildə ailə qurub Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində bağlanmış nikaha daxil olmuş və nikah 46 saylı akt qeydi ilə qeydiyyata alınmışdır. Nikaha daxil olduqdan sonra adət-ənənəyə uyğun cavabdehin qeydiyyatda olduğu və yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 11-ci küçə 48 ünvanındakı ümümi sahəsi 1213,8 kv.metr olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə gəlin köçmüş və cehiz əşyalarını da həmin evə aparmışdır. Hal-hazırda cehizləri həmin evdədir və cavabdehlər əşyalarından istifadə edərək onları yararsız vəziyyətə salır, bəzilərini isə ümumiyyətlə məhv etmişlər. Birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X11, xx.xx.2011-ci il təvəllüdlü X12 və xx.xx.2015-ci il təvəllüdlü X13 da gəlin köçdüyü həmin evdə dünyaya gəlmiş və qovulduğu günə kimi həmin evdə yaşamışlar. Abşeron Rayon Məhkəməsinin 2(012)- 2251/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 ilə olan nikah pozulmuşdur. Təxminən 8 ay sonra Abşeron Rayon Məhkəməsinin 2(012)-278/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə o və azşyaşlı uşaqları xx.xx.2009-cu il təvəllüdlü X11, xx.xx.2011-ci il təvəllüdlü X12 və xx.xx.2015-ci il təvəllüdlü X9 gəlin köçdüyü Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 11-ci küçə 48 ünvanındakı ümumi sahəsi 1213,8 kv.metr olan torpaq sahəsindən əşyaları ilə birlikdə çıxarılması və torpaq sahəsinə girişinə qadağa qoyulması qət edilmişdir. Hal-hazırda o, azyaşlı uşaqları ilə kirayədə yaşayır və çox çətin vəziyyətdədir. Heç bir yerdə işləmir və sosial yardım almır. Cavabdeh1 uşaqlar üçün alimenti də vaxtlı-vaxtında və tam ödəmir. İcra məmuru onun barəsində heç bir tədbir görmür. Onun isə azyaşlı uşaqları ilə yaşamağa başqa yeri yoxdur, hazırki maddi vəziyyəti kirayədə yaşamağa icazə vermir və güclə aldığı cüzi məbləğdə alimentlə uşaqların ehtiyaclarını çətinliklə ödəyir. Cavabdeh isə geniş, hər cür imkanı olan fərdi yaşayış evində rahat yaşayır və uşaqlarını düşünmür. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək məhkəmədən İddiaçı və uşaqları, xx.xx.2009-cu il təvəllüdlü X11, 27.09.201 l-ci il təvəllüdlü X12 və xx.xx.2015-ci il təvəllüdlü X9 Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 11-ci küçə 48 ünvanındakı ümümi sahəsi 1213,8 kv.metr olan torpaq sahəsində yerləşən özbaşına tikili sayılan fərdi yaşayış evindən istifadə hüququnun tanınması, həmin evə köçürülmələri və ödənilmiş 50 manat dövlət rüsumunun və 50 manat mediasiya xərcinin əvəzinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra, iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək məhkəmədən İddiaçı və uşaqları, xx.xx.2009-cu il təvəllüdlü X11, xx.xx.2011-ci il təvəllüdlü X12 və xx.xx.2015-ci il təvəllüdlü X9 Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 11-ci küçə 48 A ünvanındakı ümümi sahəsi 1213,8 kv.metr olan torpaq sahəsində yerləşən özbaşına tikili sayılan fərdi yaşayış evinə istifadə hüququnun tanınması, həmin evə köçürülmələri və ödənilmiş 50 manat dövlət rüsumunun və 50 manat mediasiya xərcinin əvəzinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd edilən tikintiyə məhkəmə və tərəflərin iştirakı ilə yerində baxış keirilmişdir. Mübahisəli əmlaka məhkəmə tərəfindən yerli baxış keçirildikdən sonra iddiaçı yenə də MPM-nin 53-cü maddəsinə istinad edərək məhkəmədən onun və azyaşlı uşaqlarının mübahisəli evdən istifadə hüququnun tanınması, onların bu evə köçürülmələri, evin istifadə qaydalarının müəyyən edilməsi, daş hasarın və bağlanmış qapının cavabdehin hesabına açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı, habelə onun vəkili-nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh2 və iştirak etdiyi məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etmədilər və onun rədd olunmasını xahiş etdilər. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Xırdalan Bələdiyyəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəməməsinin səbəbləri barəsinə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən, işə Xırdalan Bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Quşçuluq yaşayış massivi, 11ci küçə, 3 otaqlı, yaşayış sahəsi 70 kv.m, köməkçi sahəsi 102.5 kv.m olan 48 saylı ev Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 66 nömrəli qərarı əsasında Cavabdeh2 adına 22541 saylı reyestr kitabında 1147 nömrəsi ilə qeydə alınmışdır. İşdə olan torpaq sahəsinin plan ölçüsündən görünür ki, 1:500 miqyas ölçüdə olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 11-ci küçə 48 ünvanında yerləşən torpaq sahəsinin ölçüsü torpaq - 965.4 kv.m, tikililər altı ölçüsü 248.4 kv.m olmaqla cəmi 1213.8 kv.m təşkil edir. İşdə olan Abşeron Rayon Məhkəməsinin 2(012)-2251/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh1 ilə X4 arasında xx.xx.2009-cu il tarixdə Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsində bağlanmış 46 saylı akt qeydli nikah pozulmuş, birgə nikahdan anadan olmuş xx.xx.2009-cu il təvəllüdlü X11, xx.xx.2011-ci il təvəllüdlü X12 və xx.xx.2015-ci il təvəllüdlü X9 anası X2 yanında qalması, xx.xx.2009-cu il təvəllüdlü X7, xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq Cavabdeh1 hər ay hər uşaq üçün 150 (yüz əlli) manat olmaqla cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində alimentin X2 xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-278/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, X2 azyaşlı uşaqları xx.xx.2009-cu il təvəllüdlü X11, xx.xx.2011-ci il təvəllüdlü X12 və xx.xx.2015-ci il təvəllüdlü X13 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 11-ci küçə 48 ünvanında yerləşən ümumi sahəsi 1213.8 kv.m olan torpaq sahəsindən öz əşyaları ilə birlikdə çıxarılmaları və onların həmin torpaq sahəsinə girişinə qadağa qoyulması qət edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-1789/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1 ədəd güzgülü şkaf, 1 ədəd kamod, 1 cüt divan-kreslo, 1 ədəd stol və 6 ədəd stul, 1 ədəd yazı masası stolu, 1 ədəd yataq dəsti, 5 ədəd çilçıraq, 5 ədəd xalça, 1 ədəd ikimərtəbəli uşaq çarpayısı, 1 ədəd “Aziz” markalı soyuducu, 1 ədəd paltaryuyan maşın, 1 ədəd mətbəx mebeli, 10 ədəd yorğan və 7 ədəd döşək əşyalarının alınaraq İddiaçı qaytarılması qət olunmuşdur. İşdə olan Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2558/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, iddia təmin edilmiş, İddiaçı, xx.xx.2009-cu il təvəllüdlü X11, xx.xx.2011-ci il təvəllüdlü X12 və xx.xx.2015-ci il təvəllüdlü X9 Cavabdeh2 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 11-ci küçə 48 ünvanındakı evdən qeydiyyatdan çıxarılmaları vəzifəsi Abşeron rayon Polis İdarəsinə həvalə olunmuşdur. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 6 saylı DOST Mərkəzinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı Nazirliyin Mərkəzləşdirilmiş Elektron X5 və Məşğulluq Altsisteminə əsasən qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 6 saylı DOST Mərkəzinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı Nazirliyin Mərkəzləşdirilmiş Elektron X3 Yardım Altsisteminə əsasən ünvanlı dövlət sosial yardım almır. İşdə olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cəmiyyətdə işləyən Cavabdeh1 31 may 2023-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) tutduğu vəzifədən azad edilmişdir. İşdə olan "xxxx" ASC-nin abunə haqqında saldosundan görünür ki, ünvan 3 ünvanının abonenti Cavabdeh1dur. İşdə olan "xxxx" ASC-nin abonent kartından görünür ki, ünvan 4 ünvanının abonenti Cavabdeh1dur. İşdə olan Xırdalan Bələdiyyəsinin **********1176 saylı tədiyyə bildirişindən görünür ki, ünvan 5 ünvanındakı torpaq sahəsinə görə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək vergi ödəyicisi Cavabdeh2 31,82 manat borcu vardır. İşdə olan Xırdalan Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Əkpərov X1 hesabına xx.xx.2023-cü il tarixdə 31,82 manat vəsait ödəmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, 4 nəfər Xırdalan sakini Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Y/M, 11-ci küçə, 48 saylı evi Cavabdeh2 öz vəsaiti hesabına inşa etmişdir. İşdən görünür ki, mübahisəli tikintinin yerləşdiyi torpaq sahəsinə və tikintiyə dair heç bir hüquqmüəyyənedici sənəd mövcud deyil, yəni ev hazırda özbaşına tikinti sayılır. Doğrudur, torpaq sahəsinə dair Cavabdeh2 adına torpaq sahəsinin plan ölçüsü tərtib edilmişdir, lakin həmin əmlak dövlət reyestrində qeydiyyatdan keçməmişdir. İddiaçı iddia edir ki, mübahisəli ev onun və keçmiş ərinin vəsaiti hesabına inşa edildiyindən o və azyaşlı uşaqları oraya köçürülməlidirlər. Mülki Məcəllənin 180-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Mübahisə ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hər şeydən əvvəl məhkəmə hesab edir ki, mübahisənin obyektiv və düzgün həlli üçün mübahisəli əmlakın hüququ statusu müəyyən edilməlidir. İş materialları ilə müəyyən edilir ki, mübahisəli tikintinin yerləşdiyi torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evinə dair mülkiyyət hüquqları qeydə alınmasa da, həmin torpaq sahəsinə dair Cavabdeh2 adına plan və ölçü tərtib edilmişdir, yəni torpaq sahəsi onun sahiblik və istifadəsində olmuşdur. Daha öncə qeyd edildiyi kimi, mübahisəli daşınmaz əmlak hər hansı şəxsin adına dövlət reyestrində qeydiyyata alınmamışdır. İşin faktiki hallarından məlum olur ki, mübahisəli tikintiyə faktiki sahibliyi həyata keçirən və ondan istifadə edən Cavabdeh2 mübahisəli daşınmaz əmlaka dair qanuni gözlənti hüququ istisna edilmir. İddiaçı isə köçürülməsini xahiş etdiyi yaşayış sahəsini əri ilə birgə nikah zamanı birgə vəsait hesabına inşa edilməsi barədə mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Mövcud qanunvericiliyə görə, mülkiyyət hüququ dövlət qeydiyyatına alınmayan yaşayış sahəsindən istifadə hüququnun tanınması və istifadə qaydalarının müəyyən edilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən görünür ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X6 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən, əmlakdan istifadə hüququ da mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə görə, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 27.2-ci maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. İşin faktiki hallarından da göründüyü kimi, mübahisəli tikintinin iddiaçının özü və ya əri tərəfindən inşa edilməsi barədə işdə hər hansı mötəbər sübut yoxdur. Eyni zamanda, bu tikinti ilə bağlı İddiaçı hər hansı iqtisadi marağının (tikintidə iştirak etməsi və s.) olması iş materialları ilə öz təsdiqini tapmır, mübahisəli tikintinin inşa edilməsində iddiaçının vəsaitinin xərclənməsi barədə işdə hər hansı sübut mövcud deyildir. Bundan başqa, Abşeron Rayon Məhkəməsinin 2(012)-278/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, X2 azyaşlı uşaqları - xx.xx.2009cu il təvəllüdlü X11, xx.xx.2011-ci il təvəllüdlü X12 və xx.xx.2015-ci il təvəllüdlü X13 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 11-ci küçə 48 ünvanında yerləşən ümumi sahəsi 1213.8 kv.m olan torpaq sahəsindən öz əşyaları ilə birlikdə çıxarılmaları və onların həmin torpaq sahəsinə girişinə qadağa qoyulması qət edilmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı bu qətnaməni mübahisələndirməmiş, hazırda köçürülməsini xahiş etdiyi tikintinin yerləşdiyi torpaq sahəsinə onun girişinin qadağan olunması ilə faktiki razılaşmışdır. Bu qətnamədən sonra isə o, özünə məxsus cehiz əmlakları hazırki iş üzrə cavabdehlərdən tələb etmiş, məişət əşyalarının Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 11-ci küçə 48 ünvanında yerləşən evdən çıxarılaraq ona təhvil verilməsini tələb etmişdir. Hazırda onun cavabdehlərdən Cavabdeh1la vaxtilə nikahda olması faktından istifadə etməklə qeyd edilən iddianı qaldırması hüquqdan sui-istifadə kimi dəyərləndirilməlidir, bu isə qanunla qadağandır. Beləliklə, şərh olunanlara məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı evə köçürülmə barədə iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı mübahisəli əmlaka dair hər hansı hüququnun olmasına dair sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Eləcə də, məhkəmə iddiaçının mübahisəli evə köçürürlməməsi nəticəsinə gəldiyindən hesab edir ki, daş hasarın və bağlanmış qapının cavabdehin hesabına açılması barədə tələb də əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməldir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı evdən istifadə hüququnun tanınması, evə köçürülmə, evin istifadə qaydalarının müəyyən edilməsi, daş hasarın və bağlanmış qapının cavabdehin hesabına açılması barədə iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar