Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-871/2023 26.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, onun ünvan 1 ünvanında yerləşən mənzilin bir otağına köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra, İddiaçı nümayəndəsi-vəkili Vəkil Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının köçürülməsini istədiyi ünvanın “ünvan 2i küçəsi dalan-1 ev 3A ünvanında yerləşən mənzil” kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı oğlu, digər Cavabdeh2 isə iddiaçının gəlinidir. ünvan 2i küçəsi dalan-1 ev 3A ünvanında yerləşən 3 otaqlı mənzili iddiaçı həyat yoldaşı Məmmədhüseyn Rəcəbovla birlikdə başqa bir mənzillərini satıb almışlar. Son bir neçə ay bundan əvvələ qədər iddiaçı həmin mənzildə yaşamış, mənzildə ev əşyaları, paltarları, demək olar ki, məişət əşyaları və sair vardır. Cavabdehlərin 2005-ci ildə toyları olmuş, nikahlarından Zülfiyyə və Aysel adlı iki qızları var. Mübahisəli mənzil alındıqdan sonra mənzilə aid ev dəftəri iddiaçının adına keçirilmiş, o vaxtdan da bütün kommunal xidmətlər, qaz, su, işıq, hər birinə aid həmin mənzilə dair abonent kodu iddiaçının adına açılmışdır. Evdə yaşamasa da kommunal xidmətlər iddiaçının adına olduğu üçün iddiaçı aldığı pensiyadan məcbur qalaraq ödənişlər edir. Sonuncu dəfə oğlu və gəlini müxtəlif bəhanələr gətirərək iddiaçı ilə dava-dalaş etməyə başlamış və onu evdən çıxararaq bir daha evə buraxmamışdır. Bu günə qədər də cavabdehlər iddiaçının həyat yoldaşı ilə öz halal zəhməti hesabına aldığı evə buraxmırlar. Hazırda, iddiaçı bir gün bir qohumu, bir neçə gün isə başqa qohum evində qalır. İddiaçının 75 yaşı var. Özünə məxsus əşyaları olan mənzili var ikən bu günki gündə iddiaçını cavabdehlər evinə buraxmır. İddiaçı hesab edir ki, haqqı olan mənzilinə köçürülməli və bu səbəbdən də, məhkəməyə müraciət etmişdir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Vəkil iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, mübahisəli fərdi yaşayış evi iddiaçıya məxsus olmaqla uzun müddətdir ki, iddiaçı orada yaşayır. İddiaçı 2005-ci ildə oğlunu evləndirmişdir. Cavabdehlər iddiaçının həmin evdə yaşamasına maneə yaradır. Buna görə də iddiaçı məcbur olub hazırda, qızının evinə getmişdir. Ev iki otaq və 1 mətbəxdən ibarət olmaqla iddiaçı bir otağa köçürülməsini istəyir. Evin kvadrat metr ölçüsünü bilmədiyi üçün iddia ərizəsində qeyd etməmişdir. Əslində, iddiaçı öz otağına köçürülməsini tələb edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq¸ izahatında göstərmişdir ki, onun otağı balaca deyil, yataq otağının da ölçüsü normaldır. O biri otaq da 5 metr uzunu, 3.5 metr eni olmaqla hansı ki, o, yoldaşı ilə evi alanda həmin yerdə yatıbdurmuşlar. Otaqda onun hər bir əşyası, şifoner, divan, soyuducu, stulları vardır. Həmin otaq ola-ola başqa otağa getmək istəmir. Oğlu və gəlinin hər bir əşyası yataq otağındadır. Cavabdehə məxsus şifoner və iki kreslo onun otağındadır, ona məxsus olan stul isə mətbəxə qoyulmuşdur. Cavabdehlər onun balaca otağa köçməyini istəyir. xx.xx.2022-ci il tarixinə təyin olunmuş məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh1 iddia ərizəsini qəbul edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, 2007-ci ildə o, anası ilə birlikdə həmin evə köçmüşdür. Bakı şəhəri Xətai rayonunda yerləşən iki otaqlı bina evində yerləşən mənzili sataraq hazırki mənzili almışlar. Mənzil alınanda o, evli olmuşdur. Mənzilin sənədi mövcud deyildir. Anası, atası, o özü qeydiyyatda olmuşlar. Anası 6 ay yarım müddətdir ki, səbəbsiz evi tərk etmiş, o, anasından səbəbini soruşmuş, səbəbini isə anası ona deməmişdir. Anasına bir dəfə də olsun, onunla birlikdə yaşamaq istəmədiyini bildirməmişdir. Anasının mənzilə köçürülməsinə qəti şəkildə etiraz etmir. Ona görə də iddia ərizəsini qəbul etməklə bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. xx.xx.2022-ci il tarixinə təyin olunmuş məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh2 iddia ərizəsini qəbul edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, onun qaynanası olan iddiaçı ilə heç bir problemi yoxdur. Onun məktəbli yaşda iki uşağı vardır. Özü xəstəxanada işləyir və qaynanasının mənzilə köçürülməsinə qəti şəkildə etiraz etmir. Belə ki, ev iddiaçının özünə məxsusdur. Ona görə də iddia ərizəsini qəbul etməklə bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələbinə dair münasibətlərini araşdırıb, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -"xxxx" ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətə dair ödənişlər siyahısından görünür ki, İddiaçı məxsus ünvan 3 1 saylı evin 3 A saylı mənzilinə dair sudan istifadəyə görə ödənişlər edilmişdir. -“Azəriqaz” İB tərəfindən verilmiş abonent saldosundan görünür ki, abonent kodu **********00000 olan İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən evə **********9 saylı sayğac quraşdırılmışdır. -"xxxx" ASC tərəfindən verilmiş abunə haqqında saldodan görünür ki, abonent kodu **********2155 olan İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən evə elektrik sayğacı quraşdırılmışdır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı, Cavabdeh1 və Cavabdeh2 ünvan 3, dalan-1, 3A saylı evdə qeydiyyatdadır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: 33-cü maddəsinə əsasən, hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, ünvan 3, dalan-1, 3A saylı ev İddiaçı məxsus olmaqla cavabdehlər, yəni, oğlu Cavabdeh1 və gəlini Cavabdeh2 ilə birlikdə həmin evdə yaşamışlar. Sözügedən fərdi yaşayış evinin qaz, su, işıq kommunal xərclərinin ödənilməsinə dair abonent saldolarından və ödəniş qəbzlərindən göründüyü kimi, İddiaçı adına tərtib olunmuş həmin sənədlər əsasında iddiaçı oğlu və gəlini ilə birlikdə uzun müddət fərdi yaşayış evində yaşamaqla birgə təsərrüfat aparmışlar. Hazırda, cavabdehlər tərəfindən iddiaçıya həmin ünvanda yerləşən fərdi yaşayış evinə daxil olub orada yaşamasına maneələr yaradıldığından iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Özbaşına inşa edilmiş tikililərlə bağlı hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 180.1.-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2.-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddi hüquq normalarının tələbindən müəyyən olunur ki, özbaşına tikili inşa etmiş şəxsin özünün belə həmin tikiliyə hüququnun yaranması qüvvədə olan, bu münasibətləri tənzimləyən normalara əsasən yolverilməzdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla və tərəflərin izahatı əsasında iddiaçının cavabdehlər ilə birlikdə sözügedən fərdi yaşayış evində yaşaması, həmçinin, fərdi yaşayış evinin özbaşına tikili olması, həmin evə dair iddiaçının adına qaz, su, işıq sayğacının qoyulması, həmin sayğaclara görə ödənişlərin edilməsinə dair qəbzlərin olması müəyyən edilmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin: 52.2. maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3. maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 106.3. maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. İşin yuxarıda qeyd edilən faktiki hallarına əsasən, məhkəmə tədqiq olunmuş sübutlar əsasında iddiaçının mənzilə köçürülməsinə dair cavabdehlərin etirafını qəbul edərək, həmin etirafın qanuna zidd olmadığı və ya başqa şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı qənaətinə gəldiyindən, hesab edir ki, iddia tələbi əsaslıdır, ona görə də qismən təmin edilməli, İddiaçı ünvan 2i küçəsi dalan-1 ev 3A ünvanında yerləşən mənzilinə köçürülməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı iddia ərizəsində köçürülməsini istədiyi mənzilin bir otağının sahəsini, yəni, konkret olaraq hansı otağa köçmək istədiyini qeyd etmədiyindən, həmçinin, cavabdehlər tərəfindən iddiaçının iddia tələbi etiraf edildiyindən məhkəmə həmin qeyri-müəyyən tələbi əsaslı hesab etməyərək təmin etmir. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 4, 14, 36, 77, 88, 149, 150 və 216-236-cı maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ:
İddia ərizəsi qismən təmin edilsin. İddiaçı ünvan 2i küçəsi dalan-1 ev 3A ünvanında yerləşən mənzilinə köçürülsün. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov