Məhkəmə qərarları › İş №e-2(012)-896/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-896/2022

26.05.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-896/2022 26.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz və əsassız hesab edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının tutulması, maddi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz və əsassız hesab edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının tutulması, maddi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun barəsindəki əmək müqaviləsinə xitam verilməsinə dair əmrin qanunsuz və əsassız hesab edilərək işə bərpa edilməsi, məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi, 2020-ci il oktyabr ayından başlayaraq əmək haqqından qalan 17.020 manatın, əmək haqqının verilməsinin gecikdirilmiş müddəti ərzində iddianın məhkəməyə daxil olduğu günədək hesablanaraq günə iki faiz ödəncin (2 faiz=30 manat) olmaqla, hər həftənin şənbə və bazar günlərini çıxmaq şərtilə 338 günə görə 10.140 manatın, mediasiyaya ödənilmiş 50 manat rüsumun, cəmi 27.210 manat vəsaitin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 02 iyun 2014cü il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış və İddiaçı nəqliyyat şöbə müdirinin müavini vəzifəsinə təyin olunmuş, aylıq əmək haqqı 1.500 manat olmaqla razılaşdırılmışdır. İddiaçının şirkətdə işlədiyi illər ərzində işinə məsuliyyətli yanaşmış, üzərinə götürdüyü vəzifə öhdəliyini layiqincə icra etmişdir. Cari ilin avqust ayında şirkətdə işlərin azlığı, kadr və struktur dəyişikliyi ilə əlaqədar olaraq işçilər ofisə dəvət olunaraq onların əmək müqavilələrinə xitam verilməklə işdən çıxmaları tələb olunmuşdur. İddiaçının əmək müqaviləsi müddətsiz olduğu üçün ona öz xahişi ilə işdən çıxmağı barədə ərizə yazmaq təklif olunmuşdur. İddiaçı isə qanunsuz təkliflə razı olmamış, buna qəti şəkildə etiraz etmiş, həmçinin dövlət başçısının pandemiya dövründə işçilərin çıxarılmasının qanunsuz olduğunu onlara bildirmişdir. Həmçinin iddiaçı son aylara görə ödənilməmiş əmək haqqının verilməsini şirkətdən tələb etmişdir. Həmin dövrdə onlar iddiaçıya işlərin az olması əsası ilə şirkətə hələlik gəlməməyi, iş gördükləri sifarişçilərdən böyük məbləğlərdə vəsaitləri aldıqdan sonra özlərinin onunla əlaqə saxlayıb ödənilməyən dövrlərə görə əmək haqqını artıqlaması ilə ödəyəcəklərini deməklə onu aldatmışlar. Dəfələrlə şirkətə getməsinə və zənglərinə baxmayaraq, iddiaçıya cavab verilməmiş və heç bir ödəniş edilməmişdir. İddiaçı X9 əmək hüquqlarının pozulması barədə (əmək haqqlarının ödənilməməsi barədə) şikayət etmiş, lakin müsbət nəticə əldə edə bilməmiş, heç bir ödəniş edilməmişdir. Yenidən şirkətə getmiş, orada mühafizəçi ofisdə heç kimin olmadığını və bütün işçilərin işdən çıxarıldığını bildirmişdir. Bundan sonra iddiaçı mediasiya prosesinin tətbiqi barədə şirkətə təklif göndərmiş, heç bir müsbət cavab ala bilməmişdir. 15 oktyabr 2021-ci il tarixli, MŞİH 04338 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışla bu fakt öz təsdiqini tapır. 23 noyabr 2021-ci il tarixdə Cavabdehnə ərizə ilə müraciət olunaraq X1 işdən azad olunması barədə əmrin, müvafiq sənədlərin və son haqq-hesabın aparılması barədə müraciət olunmuş, lakin şirkət tərəfindən cavab verilməmişdir. İddiaçı Əmək Müfəttişliyinə etdiyi şikayət ərizəsinin cavabını 24 noyabr 2021-ci il tarixdə aldıqdan sonra məlum olmuşdur ki, şirkət nəinki iddiaçını işdən çıxarmış, onunla olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermişdir. X8 heç bir sənəd təqdim etmədiyi üçün 17 sentyabr 2021-ci il tarixli protokol və onun əsasında qəbul olunmuş qərarla İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi əsasında məsuliyyətə cəlb olunmuşdur. İddiaçının Elektron Hökümət Portalından əldə etdiyi xxxxxxx000105 saylı çıxarışdan görünür ki, onun əmək haqqı 822 manat olaraq sistemə daxil edilmiş, halbuki aylıq əmək haqqı 1.500 manat olmuşdur. Bunu təsdiq edən müxtəlif tarixlərdə olan əmək haqqı ödəniş cədvəllərinin bəziləri işə əlavə edilmişdir. Cədvələ baxmaqla məlum olur ki, iddiaçının aylıq əmək haqqı 1.500 manat olmuşdur. İddiaçı 2020-ci ilin oktyabr ayından hal-hazıradək şirkətdən cəmi 2.480 manat əmək haqqı almış, qalan məbləği isə ala bilməmişdir. Göründüyü kimi şirkət qanunsuzluq edərək əmək haqqı məbləğini elektron sistemə düzgün daxil etməyərək vergi və sosial sığorta haqlarını ödəməkdən yayınmışdır. Artıq 13 aydır ki, iddiaçı əmək haqqını ala bilmir. Şirkətin qanunsuz tələblərini yerinə yetirmədiyi üçün aralarında olan 02 iyun 2014-cü il tarixli müddətsiz əmək müqaviləsinə qanunsuz və əsassız formada xitam verilmiş, bu barədə iddiaçıya məlumat verilməmiş, işdən azad olunma əmri təqdim olunmamış, əmək kitabçası və son haqq-hesab aparılaraq ödənişlər edilməmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək Məcəlləsinin maddi hüquq normalarının tələblərini pozmaqla əmək müqaviləsinə xitam vermişdir. Bu günə kimi, iddiaçıya işdən azad olunmağının hansı əsasla edilməsini təsdiq edən heç bir sübut təqdim olunmamışdır. İşəgötürən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə qanun ilə göstərilən əsaslar əsasında deyil, yalnız öz istəyinə əsasən xitam vermişdir. Bu barədə iddiaçıya məlumat verməyi isə özünə rəva bilməmişdir. İşəgötürən əmək müqaviləsinə xitam verilməsini elektron portalda əsaslandırmamış, işçiyə heç bir sənəd təqdim etməmiş, qeyd olunan hallarla bağlı rəsmi xəbərdarlıq etməmiş və qanunsuz hərəkətlərini davam etdirmişdir. Əmək qanunvericiliyinin tələbinə görə əgər işəgötürən əmək müqaviləsinə xitam vermək istəyirsə bunu əsaslandırmaqla işçini rəsmi xəbərdar etməlidir. Lakin Cavabdeh heç bir əsaslandırma olmadan, müvafiq əmr, digər sənədlər təqdim edilmədən, son haqq-hesab və ödənişlər edilmədən müqaviləyə xitam vermiş, bu azmış kimi iddiaçıya məlumat belə verməmişdir. İddiaçının vəzifəsinə görə aldığı aylıq əmək haqqı 1.500 manat olmuşdur. 2020-ci ilin oktyabr ayı daxil olmaqla iddiaçı hal-hazıradək 13 aya görə 19.500 manat əmək haqqı almalı idi. Lakin həmin məbləğdən cəmi 2.480 manat pul almış, həmin məbləğin 1.500 manatını 2021-ci ilin fevral ayında, qalan məbləği isə cari ilin may ayında kartına köçürülməklə almışdır. Şirkət 17.020 manat əmək haqqını iddiaçıya ödəməkdən yayınır. Mediasiya prosesinin tətbiqi üçün iddiaçı 15 oktyabr 2021-ci il tarixli qəbzə əsasən 50 manat rüsum ödəmişdir. Göstərilənlərə əsasən Cavabdeh İddiaçı barəsindəki əmək müqaviləsinə xitam verilməsinə dair əmrin qanunsuz və əsassız hesab edilərək işə bərpa edilməsi, məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi, 2020-ci il oktyabr ayından başlayaraq əmək haqqından qalan 17.020 manatın, əmək haqqının verilməsinin gecikdirilmiş müddəti ərzində iddianın məhkəməyə daxil olduğu günədək hesablanaraq günə iki faiz ödəncin (2 faiz=30 manat) olmaqla, hər həftənin şənbə və bazar günlərini çıxmaq şərtilə 338 günə görə 10.140 manatın, mediasiyaya ödənilmiş 50 manat rüsumun, cəmi 27.210 manat vəsaitin İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, Cavabdeh İddiaçı barədə olan xx.xx.2021-ci il tarixli, 36 saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmrinin qanunsuz və əsassız hesab edilərək onun işə bərpa edilməsi, məcburi iş buraxmaya görə 2020-ci il oktyabr ayından qətnamə qəbul edilən günə qədər məcburi iş buraxma müddəti nəzərə alınmaqla, aylıq əmək haqqı 1.500 (bir min beş yüz) manat olmaqla, gecikdirilmiş günə görə 2% ödəncin tutulub ödənilməsi, istifadə olunmamış 210 gün məzuniyyət haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, İddiaçı əsassız işdən çıxarılmış, işdən çıxarılma ilə bağlı ona heç bir məlumat verilməmiş, işdən çıxarılma barədə bildiriş göndərilməmiş və işdən azad olunma barədə əmr təqdim olunmamışdır. İddiaçı şirkətdə rəhbər vəzifəli şəxslərdən olmuş və şirkət işçiləri onun mobil nömrəsini bilmişlər. İddiaçı dəfələrlə şirkətə getmiş və ordan ona heç kəsin şirkətdə olmadığını bildirmişlər. Hazırda iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, öz pozulmuş hüquqlarının bərpasını və haqqını tələb edir. Həmçinin İddiaçı Cavabdeh rəhbərliyi ilə yaxın və səmimi münasibətləri olmuşdur. Belə ki, iddiaçının atası da həmin şirkətdə işləmişdir. Ola bilər ki, bu səbəbdən də iddiaçı onunla bağlanmış əmək müqavilələrinin bir nüsxəsini şirkətdən götürməmişdir. İddiaçı ilə cavabdeh şirkət arasında bağlanmış 21 avqust 2017-ci il tarixli əmək müqaviləsinin 2.1-ci bəndində qeyd edilmişdir ki, bu əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə, onların qarşılıqlı razılığı ilə 02 iyun 2014-cü il tarixində müddətsiz bağlanmışdır. Bu müqavilədə ciddi pozuntular olmuşdur. Şirkət bağlanmış müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, 2017ci il tarixli qeyd olunan müqavilədə göstərilmişdir ki, əmək müqaviləsi 2014-cü il tarixdən müddətsiz bağlanmışdır. Əmək müqaviləsi 2014-cü il tarixdən müddətsiz bağlanmışdırsa, bu tarixdən əvvəlki müqavilələr hansı məqsədlə bağlanmışdır bəlli deyildir. Burda işçinin işdən azad edilmə barədə ərizəsi də vardır. Bu ərizədən sonra iddiaçını yenidən işə qəbul edirlər. 2016-cı il tarixli və 2017-ci il tarixli əmək müqavilələrində əmək haqqı 280 manatdır, lakin ondan əvvəlki əmək müqaviləsində isə əmək haqqı 300 manatdır. Bu halda sual olunur. İşçi görəsən niyə 300 manat əmək haqqı olan işdən çıxıb 280 manat əmək haqqı olan işə keçir. Yəni, qeyd olunan əmək müqavilələri formal xarakter daşıyır. Verilmiş suallara cavabında qeyd edir ki, iddiaçının X9 hüququnun pozulması ilə bağlı etdiyi müraciətin tarixini bilmir. Həmin müraciətə cavabda X11 araşdırıb cavab veriləcəyini bildirmişdir. Daha sonra X11 şirkətin əmək müqavilələrini, işdən azad olunma barədə əmri və müvafiq sənədləri təqdim etmədiyini, bununla bağlı Baş prokurorluğa müraciət edildiyini, sənədlər təqdim ediləndən sonra araşdırıb qanuna müvafiq qərar qəbul ediləcəyini bildirmişdir. Daha sonra isə cavab verilmədiyindən o, özü şəxsən 2021-ci ilin sentyabr ayında gedib ərizə yazmış, müraciətə cavabı 2021-ci ilin sentyabr ayında almış, bunun əsasında ona iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə azad edildiyi bildirilmişdir və bundan sonra isə dərhal məhkəməyə müraciət etmişlər. İddiaçının işdən hansı vaxtdan azad olunması barədə məlumatı olmamışdır. Sadəcə iddiaçıya şirkətdən hal-hazırda şirkətin zərərlə işlədiyi, problemləri olduğu, onun narahat olmamasını və əmək haqqının ödəniləcəyi deyilmişdir. İddiaçıya ümumiyyətlə işdən çıxarılması barədə heç bir məlumat verilməmişdir. Onun iddiaçının 16 avqust 2021-ci il tarixdə X3ynar xəttinə işdən haqsız olaraq azad edilməsi və bununla əlaqədar ona kömək edilməsinə dair müraciət etməsi barədə heç bir məlumatı yoxdur. Həmçinin sözügedən müraciətlə əlaqədar iddiaçıya X4 yazılı cavab verilməsi ilə bağlı da xəbəri yoxdur. İddiaçının mediasiyaya müraciətinin tarixinə dair məlumatı və şirkətlə neçə dəfə əmək müqaviləsi bağlamağından da xəbəri yoxdur. İddiaçının əmək hüquqlarının nə vaxtdan pozulduğunu bilməsindən məlumatlı deyildir. Lakin iddiaçı dəfələrlə şirkətə yaxınlaşdığını, hər dəfə ona əmək haqqının ödəniləcəyi və narahat olmaması bildirilmişdir. İddiaçının X9 yazdığı izahat ilə tanış deyildir. Ola bilər ki, iddiaçı X9 yazdığı izahatda işə getməməsini təsdiq etsin. İddiaçı hər hansı bir şirkətə müraciət edərək, əmək haqqının verilməsinin gecikdirilmiş müddətinə faiz borcunun hesablanması ilə əlaqədar mütəxəssis rəyinin alınması üçün elə bir maddi imkanı yoxdur. Digər tərəfdən mütəxəssis qeyd edilən fəaliyyətlə məşğul olmağa lisenziyası olmayan şəxsdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi isə dövlət təşkilatıdır. Həmçinin mütəxəssis rəyi tərəflər arasında mübahisə yarada və işin həllini dayandırmaqla uzada bilər. Pandemiya dövründə iddiaçı işə getməmiş, əksinə şirkət özü iddiaçıya narahat olmamasını, evdə oturmasını, onlara məlumat veriləcəyini, işlərinin hazırda dayandığını, təşkilatlardan külli miqdarda alacaqlarının olduğunu və əmək haqlarının ödəniləcəyini bildirmişdir. İddiaçı nəqliyyat şöbəsinin müdir müavini olmuşdur və onun əmək funksiyalarından xəbəri yoxdur. Eləcə də, İddiaçı göndərilmiş bildirişdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi və işdən azad olunması göstərilmişdir. Lakin işdən azad olunma barədə əmrdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi göstərilmişdir. Həmçinin iddiaçı ilə bağlanmış əmək müqavilələrindən əmək haqqı 280 və 300 manat göstərilmiş, sistemə 822 manat əmək haqqı daxil edilmiş, lakin ödəniş cədvəllərinə imza etməklə 1.500 manat əmək haqqı alınmışdır. Bütün bu ziddiyyətli məqamlar iddianın əsaslı olduğunu sübut edir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq iddiaçı X2 Cavabdehnə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz və əsassız hesab edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının tutulması və maddi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işdə iddiaçı iddia müddətini ötürdüyündən, mübahisəyə iddia müddətinin tətbiq edilərək iddianın rədd olunması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdehnə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz və əsassız hesab edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının tutulması və maddi ziyan tələbinə dair mülki iş üzrə iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün qanunvericiliklə müəyyən olunmuş 1 (bir) aylıq müddət ötürülmüşdür. Bu səbəbdən iddia müddəti tətbiq olunaraq hazırkı iş üzrə iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsində qeyd olunur ki, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 (bir) təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı iddia ərizəsində yalan məlumat verərək qeyd etmişdir ki, “Əmək Müfəttişliyinə etdiyi şikayət ərizəsinin cavabını xx.xx.2021-ci il tarixdə aldıqdan sonra məlum olmuşdur ki, şirkət onunla olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermişdir.” İddiaçı bu cür yalan məlumat verməklə məhkəmənin mövqeyini yayındırmaq fikrindədir. Çünki iddiaçının Əmək Müfəttişliyinə etdiyi elektron şikayət əsasında Əmək Müfəttişliyi tərəfindən şirkətə məktub ünvanlanmış və iddiaçının etdiyi elektron şikayətin surəti də məktuba əlavə edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə Əmək Müfəttişliyinə elektron şikayət edərkən bildirmişdir ki, “Yazıb sizə bildirmək istəyirəm ki, sizə ilk müraciətimdən sonra Cavabdeh direktoru məni haqsız olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad etmişdir. Xahiş edirəm bu haqsızlığa biganə qalmayın.” Göründüyü kimi, iddiaçı xx.xx.2021-ci il tarixdə artıq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunduğu barədə məlumatlı olmuşdur. Bu halda o xx.xx.2021-ci il tarixədək artıq məhkəməyə müraciət etməli idi. Lakin iddiaçı xx.xx.2021-ci il tarixdə, yəni 4 aydan sonra məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsində xx.xx.2021-ci il tarixdə işdən azad olunduğunu bildirməklə müddətin ötürülməsinin qarşısını almağa çalışsa da, onun xx.xx.2021-ci il tarixdə Əmək Müfəttişliyinə etdiyi elektron şikayətdə bu barədə məlumatlı olduğu açıq-aydın görünür. Qeyd edilənlərin nəzərə alınaraq, iddiaçı X2 Cavabdehnə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz və əsassız hesab edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının tutulması və maddi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işdə iddiaçı iddia müddətini ötürdüyündən, mübahisəyə iddia müddətinin tətbiq edilərək iddianın rədd olunması barədə qərar qəbul olunması məhkəmədən xahiş edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyək izahatında bildirdi ki, İddiaçı atası ölən günə kimi təxminən 20-25 il hazırki mülki iş üzrə təmsil etdiyi Cavabdeh direktoru olmuşdur. Təqdim etdikləri əmək müqavilələri də iddiaçı ilə atası arasında bağlanılmışdır. İddiaçının 1.500 manat əmək haqqı alması ilə bağlı təqdim etdiyi sənədlər isə kserosurətdir. Kserosurətlərin nə vaxtdan rəsmi sənəd olması barədə isə onun məlumatı yoxdur. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən sübutetmək yükü tərəflərin üzərinə düşür. Bu səbəbdən də iddiaçı əmək haqqı ilə bağlı qeyd olunan halı sübut etməlidir. Hazırda təmsil etdiyi şirkət fəaliyyət göstərmir və böyük məbləğdə borc öhdəliyi vardır. İddiaçı 16 avqust 2021-ci il tarixdə X3ynar xəttinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi və bununla əlaqədar ona kömək edilməsinə dair elektron müraciət etmişdir. Lakin iddiaçının iddia ərizəsi 4 aya yaxın müddətdən sonra, yəni 14 dekabr 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Göründüyü kimi məhkəməyə müraciət etmək üçün iddia müddəti ötürülmüşdür. Bu səbəbdən də hazırki mübahisəyə iddia müddətinin tətbiq olunaraq iddianın rədd olunması barədə qətnamə çıxarılmalıdır. Verilmiş suallara cavabında qeyd edir ki, o, iddiaçının işdən azad edildiyi 17 iyul 2021-ci il tarixdə Cavabdehndə işləməmişdir. Onda olan məlumata görə işdən azad olunma barədə bildiriş iddiaçıya çatdırılmışdır. İddiaçı işdən azad olunma barədə bildirişi almışdır ki, 16 avqust 2021-ci il tarixdə X3ynar xəttinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi və bununla əlaqədar ona kömək edilməsinə dair elektron müraciət etmişdir. İddiaçının X3ynar xəttinə şikayət etməsi onun əmək müqaviləsinə xitam verilməsi barədə bildirişi almasını təsdiq edir. Cavabdeh Respublikada “Akkord” şirkətindən sonra ikinci böyük şirkət olmuş, iddiaçı həmin şirkətin 40.000.000 manat məbləğində dəyəri olan qarajına rəhbərlik etmiş və şirkət tərəfindən işlədiyi dövrdə ona 2 bahalı texnika hədiyyə olaraq verilmişdir. Onda olan məlumata görə iddiaçı həmin texnikaları hazırda icarəyə vermiş, həmin texnikalar müxtəlif ərazilərdə işləyir. 2016-cı il tarixdə yenidən nə üçün əmək müqaviləsinin bağlanılmasından xəbəri yoxdur. Eləcə də iddiaçı ilə cavabdeh şirkət arasında bağlanılmış əmək müqavilələri hazırki mübahisənin predmeti deyildir. Şirkətdə işləmiş bir neçə şəxsin şikayəti əsasında X11 tərəfindən Cavabdehndə yoxlamalar aparılmış, şirkətin sadəcə əmək haqlarını gecikdirməsi faktı aşkar edilmişdir. Lakin şirkətin ikili mühasibatlıq aparması faktı aşkar olunmamış və təsdiqini tapmamışdır. İşçi işə gəlmədiyi dövrdə ona əmək haqqı ilə bağlı ödəmələr olmuşdur. Həmin ödəmələr ödənilməyən əmək haqqı borcları ilə bağlı olmuşdur. Lakin buna dair sübutları yoxdur. İddiaçı ilə mütəmadi telefon vasitəsi ilə əlaqə saxlanılmış, qarşı tərəf işə gələcəm demişdir. İddiaçının işə gəlməməsi ilə bağlı aktlar tərtib edilmişdir ki, gələcəkdə problem çıxsa bu aktlara hüquqi qiymət verilsin. Şirkət öz üzərinə düşən öhdəliyi yerinə yetirmiş, işçinin işə gəlməməsi ilə bağlı aktlar tərtib etmiş, iddiaçıya işdən azad olunması ilə bağlı bildiriş göndərmiş və bildirişin alınmasını təsdiq edən sənədi elektron sistemə yükləməklə, alınmanı təsdiq edən sənədi məhkəməyə təqdim etmişdir. Hesab edir ki, iddiaçının atası təxminən 20-25 il Cavabdeh direktoru olduğuna görə iddiaçıya güzəşt olunmuşdur ki, öz səhvini başa düşsün və işə gəlsin. Bu səbəbdən də iddiaçını işə gəlmədiyi gündən dərhal sonra işdən azad etməmişlər. Göstərilənlərə əsasən həm iddia əsassız olduğuna, həm də iddia müddəti tətbiq edilərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edirəm. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Cavabdeh 17 iyul 2021-ci il tarixli, 36 saylı işdən azad olunma barədə əmrindən görünür ki, şirkətin nəqliyyat sahəsinin müdir müavini İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndində sadalanan hal) heç bir üzrlü səbəb olmadan xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək işə gəlmədiyinə görə tutduğu vəzifədən/peşədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. İstifadə etmədiyi əmək məzuniyyətinə görə 210 (iki yüz on) təqvim günü üçün pul əvəzi verilməsi əmr edilmişdir. Əsas: xx.xx.2021-ci il tarixli işçinin ünvanına göndərilən məktub və xx.xx.2020-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli tərtib olunmuş aktlar. Mülki işin materiallarına əlavə olunmuş Cavabdeh ilə İddiaçı arasında bağlanmış 02 iyun 2014-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh tərəfindən 02 iyun 2014-cü il tarixdən qaraj müdiri vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin 3.1-ci bəndinə əsasən əmək funksiyası işçiyə izah olunmuşdur. Müqavilənin 5.1, 5.2, 5.3 və 5.5-ci bənlərinə əsasən işçi gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləyir. İş saatı 09:00-da başlanır, saat 17:00-da qurtarır. Nahar vaxtı 12:00dan saat 13:00-dəkdir. İstirahət günləri hər həftənin bazar günləridir. Mülki işin materiallarına əlavə olunmuş Cavabdeh ilə İddiaçı arasında bağlanmış 08 oktyabr 2016-cı il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh tərəfindən 08 oktyabr 2014-cü il tarixdən nəqliyyat sahəsinə müdir müavini vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin 3.1-ci bəndinə əsasən əmək funksiyası, vəzifə borcu işçiyə izah edilmişdir. Müqavilənin 5.1, 5.2, 5.3 və 5.5-ci bənlərinə əsasən işçi gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləyir. İş saatı 09:00-da başlanır, saat 17:00da qurtarır. Nahar vaxtı 12:00-dan saat 13:00-dəkdir. İstirahət günləri hər həftənin bazar günləridir. Mülki işin materiallarına əlavə olunmuş xx.xx.2016-cı il tarixli əmək müqaviləsinə 01 avqust 2017-ci il tarixli 1 saylı əlavənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı aralarında xx.xx.2016-cı il tarixli əmək müqaviləsinin iş və istirahət vaxtını nəzərdə tutan 5ci bəndinə dəyişiklik edilməsi, aşağıdakı redaksiyada ““İşçi” gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləyir. İş saatı 09:00-da başlanır, saat 18:00-da qurtarır. Nahar vaxtı 13:00-dan saat 14:00-dəkdir. İstirahət günləri hər həftənin şənbə və bazar günləridir.” verilməsi barədə razılığa gəlmişlər. Mülki işin materiallarına əlavə olunmuş Cavabdeh ilə İddiaçı arasında bağlanmış 21 avqust 2017-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh tərəfindən nəqliyyat sahəsinin müdir müavini vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi xx.xx.2014-cü il tarixdən müddətsiz bağlanmışdır. Müqavilənin 3.1-ci bəndinə əsasən işçi aşağıdakı: - Şirkətin nəqliyyat ehtiyaclarının ödənilməsi üçün nəqliyyat vasitələrinin davamiyyətinin təmin edilməsi; Nəqliyyat vasitələrinin texniki göstəricilərinin yoxlanılması; Nəqliyyat vasitələrinin aylıq yanacaq sərfiyyatının idarə edilməsi; Nəqliyyat vasitələrinin giriş-çıxış sənədlərinin təmin edilməsi; Nəqliyyat vasitələrinin vaxtaşırı xidməti baxışının keçirilməsi barədə aidiyyatı şəxslərə göstərişlər verilməsi; Nəqliyyat vasitələrinin sazlığını təmin etmək üçün servis xidmətlərinin təkmilləşdirilməsi; Sürücülərin idarə edilməsi üçün dispetçer xidmətinin təmin edilməsi; Sürücülərin nəqliyyat vasitəsinin idarə edilməsinə dair təhlükəsizlik qaydalarına riayət edilməsinə nəzarət edilməsi; Nəqliyyat vasitələrinin lazımi ehtiyyat hissələrinin anbarda saxlanılmasının və idarə olunmasının təmin edilməsi; Nəqliyyat vasitələrinin sazlığının təmin edilməsi; Rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsinin təşkil edilməsi; Rəhbərlik etdiyi fəaliyyət sahəsinin işçiləri arasında iş bölgüsünün aparılması; Rəhbərlik etdiyi fəaliyyət sahəsinin işçiləri ilə fəaliyyət dairəsinə aid olan məsələlərin müzakirə edilməsi, onların həll edilməsi üçün tapşırıqlar verilməsi; Rəhbərlik etdiyi işçilərin işinə nəzarət edilməsi, onlardan verilən tapşırıqları vaxtlı-vaxtında yerinə yetirmələrinin tələb edilməsi; Müəssisədaxili intizam qaydalarına, prosedura və təlimatlara, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi; Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi; Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi; Birbaşa rəhbərinin konkret tapşırıq və sərəncamlarının yerinə yetirilməsinə dair əmək funksiyalarının icrasını öhdəsinə götürmüşdür. Müqavilənin 4.12, 4.13, 4.14 və 4.15-ci bənlərinə əsasən işçi gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləyir. İş saatı 09:00-da başlanır, saat 18:00-da qurtarır. Nahar vaxtı 13:00-dan saat 14:00dəkdir. İstirahət günləri hər həftənin şənbə və bazar günləridir. Mülki işin materiallarında olan Namiq Əlibəyov, Turqut Baxtıyev, Mahir Əsgərov, Həmidov və Mətləb Sadıxov tərəfindən tərtib edilmiş və imzalanmış 01 dekabr 2020-ci il tarixli işçinin üzrsüz səbəb göstərmədən işə gəlməməsi ilə bağlı aktdan görünür ki, Cavabdehndə nəqliyyat sahəsinin müdir müavini vəzifəsində çalışan əməkdaşı İddiaçı işəgötürənə heç bir məlumat vermədən və üzrlü səbəb göstərmədən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində işə gəlməmişdir. Mülki işin materiallarında olan Namiq Əlibəyov, Turqut Baxtıyev, Mahir Əsgərov, Həmidov və Mətləb Sadıxov tərəfindən tərtib edilmiş və imzalanmış 01 fevral 2021-ci il tarixli işçinin üzrsüz səbəb göstərmədən işə gəlməməsi ilə bağlı aktdan görünür ki, Cavabdehndə nəqliyyat sahəsinin müdir müavini vəzifəsində çalışan əməkdaşı İddiaçı işəgötürənə heç bir məlumat vermədən və üzrlü səbəb göstərmədən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində işə gəlməmişdir. Mülki işin materiallarında olan Namiq Əlibəyov, Turqut Baxtıyev, Mahir Əsgərov, Həmidov və Mətləb Sadıxov tərəfindən tərtib edilmiş və imzalanmış 01 aprel 2021-ci il tarixli işçinin üzrsüz səbəb göstərmədən işə gəlməməsi ilə bağlı aktdan görünür ki, Cavabdehndə nəqliyyat sahəsinin müdir müavini vəzifəsində çalışan əməkdaşı İddiaçı işəgötürənə heç bir məlumat vermədən və üzrlü səbəb göstərmədən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində işə gəlməmişdir. Mülki işin materiallarında olan Namiq Əlibəyov, Turqut Baxtıyev, Mahir Əsgərov, Həmidov və Mətləb Sadıxov tərəfindən tərtib edilmiş və imzalanmış 01 iyul 2021-ci il tarixli işçinin üzrsüz səbəb göstərmədən işə gəlməməsi ilə bağlı aktdan görünür ki, Cavabdehndə nəqliyyat sahəsinin müdir müavini vəzifəsində çalışan əməkdaşı İddiaçı işəgötürənə heç bir məlumat vermədən və üzrlü səbəb göstərmədən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində işə gəlməmişdir. Mülki işin materiallarında olan Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 16 iyul 2021-ci il tarixli bildirişin surətindən və qaimədən görünür ki, İddiaçı nəzərinə çatdırılmışdır ki, aralarında bağlanmış 02 iyun 2014-cü il tarixli əmək müqaviləsinə əsasən o Cavabdehndə nəqliyyat sahəsinin müdir müavini vəzifəsinə qəbul edilmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək heç bir üzrlü səbəb olmadan işə gəlməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi rəhbər tutularaq aralarında bağlanmış 02 iyun 2014-cü il tarixli əmək müqaviləsinə xitam verilmiş və o işdən azad edilmişdir. Mülki işin materiallarında olan əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdehndə əmək müqaviləsi üzrə nəqliyyat sahəsinin müdir müavini vəzifəsində işləyən İddiaçı əmək haqqı 822 (səkkiz yüz iyirmi iki) manat təşkil edir. Mülki işin materiallarında olan İddiaçı tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış xx.xx.2021-ci il tarixli müraciətdən görünür ki, İddiaçı müraciətində bildirmişdir ki, “ilk müraciətindən sonra Cavabdeh direktoru onu haqsız olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad etmişdir. Bu haqsızlığa biganə qalmamağı xahiş etmişdir.” Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər idarəsi tərəfindən Cavabdeh rəhbərliyinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********2 nömrəli məktubdan görünür ki, İddiaçı Cavabdehndə əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətə X11 Xidmətinin Bakı şəhər İdarəsində baxılır. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının tələblərinə uyğun olaraq yuxarıda adı qeyd olunan vətəndaşa aid sənədlərin 7 (yeddi) gün ərzində X11 Xidmətinin Bakı şəhər İdarəsinə (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi 87A) təqdim edilməsi xahiş olunmuşdur. Tələb olunan sənədlərin siyahısı kimi əmək müqaviləsinin surəti, işçinin işə qəbul və işdən çıxma ərizələrinin surəti, işçinin işə qəbul və işdən çıxma əmrlərinin surəti, əmək haqqı və son haqq-hesabın hesablanıb ödənilməsi (ödəniş tapşırığı) cədvəllərinin surəti, əmək məzuniyyətindən istifadə edilməsi ilə bağlı əmrlərin surəti, ştat cədvəli, iş vaxtının uçotu cədvəli, tabellərin surəti, əmək kitabçasının qeydiyyat jurnalının surəti, müəssisə rəhbərinin (işəgötürənin) şəxsiyyət vəsiqəsinin surəti, vətəndaşın müraciəti ilə əlaqədar cavab məktubu göstərilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər idarəsi tərəfindən İddiaçı “**********4 saylı, xx.xx.2021-ci il tarixli müraciətə dair” ünvanlanmış məktubundan görünür ki, İddiaçı bildirilmişdir ki, onun Cavabdehndə əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətə X11 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Araşdırma zamanı İddiaçı tərəfindən təqdim olunmuş əməkhaqqı kartına dair bank çıxarışından və izahatdan müəyyən edilmişdir ki, müəssisə tərəfindən İddiaçı müxtəlif aylar üzrə əmək haqqı ödənilməmişdir. Bu səbəbdən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən müəssisənin vəzifəli şəxsi barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Əmək haqlarının ən qısa zamanda hesablanaraq ödənilməsi ilə bağlı müəssisənin rəhbərliyinə müvafiq məktub göndərilmişdir. Müraciətin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq araşdırılması ilə bağlı İddiaçı aid olan sənədlərin təqdim olunması məqsədi ilə Cavabdeh rəhbərliyinə xx.xx.2021-ci il tarixli, **********2 saylı məktub göndərilmiş, lakin bu günə qədər sənədlər təqdim edilməmişdir. Tələb olunan sənədlərin təqdim olunmasına köməklik göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna məktub ünvanlanmışdır. Sənədlər təqdim olunduğu təqdirdə müraciətə yenidən baxılacağı bildirilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək müqaviləsi bildirişi” alt sisteminə baxış keçirilərkən İddiaçıla Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verildiyi müəyyən edilmişdir. Razılaşmadığı təqdirdə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Mülki işin materiallarına əlavə olunmuş Abşeron Rayon Məhkəməsinin icraatında olmuş X12 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsinin MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarında verilmiş şikayət üzrə 3(012)-1450/2021 saylı inzibati xəta haqqında iş üzrə materiallarından çıxarılmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsinin 24 sentyabr 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, vətəndaşlar X5 və İddiaçı əmək və məzuniyyət haqlarının hesablanmasında qanun pozuntusuna yol verilmişdir. Cavabdeh direktoru səlahiyyətlərini icra edən Amirjanov Phaxhri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 1.200 (bir min iki yüz) manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2022-ci il tarixli, 9/1266 nömrəli ekspert rəyindən müəyyən edilir ki, rəyin tədqiqi hissəsində göstərildiyi kimi ekspert qarşısında qoyulmuş sual üzrə Cavabdehndə nəqliyyat sahəsinin müdir müavini vəzifəsində işləmiş və aylıq əmək haqqı 822 manat olan İddiaçı 2020-ci ilin oktyabr ayı daxil olmaqla iddia ərizəsinin məhkəməyə daxil olduğu 14 dekabr 2021-ci il tarixinədək (2021-ci ilin fevral ayında 1.500 manat və 2021-ci ilin may ayında 980 manat karta köçürülmüş məbləğ çıxılmaqla) hər gecikdirilmiş gün üçün əmək haqqına 1 faiz ödəncin məbləği 3205,80 manat məbləğində (822,0 manat (əmək haqqı) x 1% x 30 gün x 13 ay = 3205,80 manat) müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərin birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir; 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; 72-ci maddəsinin «a» bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir; 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz; 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir; 186.2-ci maddəsinin «ç» bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndinə əsasən ləğv etmək kimi intizam tənbeh tədbiri verə bilər. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdehndə nəqliyyat sahəsinin müdir müavini işləmiş İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək heç bir üzürlü səbəb olmadan işə çıxmamışdır. Bununla əlaqədar olaraq xx.xx.2020-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli işçinin üzrsüz səbəb göstərmədən işə gəlməməsi ilə bağlı aktlar tərtib olunmuş, daha sonra isə İddiaçı 16 iyul 2021-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş göndərilmiş, bundan sonra Cavabdeh 17 iyul 2021-ci il tarixli əmri ilə şirkətin nəqliyyat sahəsinin müdir müavini işləmiş İddiaçı heç bir üzrlü səbəb olmadan xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək işə gəlməyərək əmək vəzifələrinin funksiyasını kobud şəkildə pozduğu üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Göründüyü kimi, iddiaçı onun əmək funksiyalarına aid olan tapşırığı yerinə yetirməkdən imtina etmiş, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməyərək əmək vəzifələrinin kobud şəkildə pozulmasına yol vermişdir. İddiaçı işə gəlməməyinin səbəbini şirkətin iddiaçıya işlərin az olması əsası ilə şirkətə hələlik gəlməməsi ilə əlaqələndirsə də, bununla əlaqədar sübutları məhkəmə araşdırması zamanı məhkəməyə təqdim edə bilməmişdir. Əksinə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı heç bir üzrlü səbəb olmadan 10 aya yaxın müddəti bütün iş günü işə gəlməmişdir, ona görə də Cavabdeh tərəfindən İddiaçı əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmaqla ləğv edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi “işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının və həmin əmək haqqına gecikdirilmiş günə görə 2% ödəncin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsində əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə iddia müddətinin tətbiqi barədə Cavabdeh tərəfindən verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İş materiallarından göründüyü kimi əmək müqaviləsinin ləğv edilməsi barədə əmr xx.xx.2021-ci il tarixdə çıxarılmışdır. Əmrin çıxarıldığı dövrə qədər isə İddiaçı 16 iyul 2021ci il tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş göndərilmiş, iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə xx.xx.2021-ci il tarixdə elektron qaydada müraciət edərək Cavabdeh direktorunun onu haqsız olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad etdiyini bildirərək bu haqsızlığa biganə qalmamağı xahiş etmişdir. İddiaçı tərəfindən isə hazırki iddia ərizəsi ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət olunmuşdur. Göründüyü kimi, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi iddia müddəti buraxılmaqla verilmiş, cavabdeh isə məhkəməyə ərizə ilə müraciət edərək iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbinin “əmrin qanunsuz və əsassız hesab edilərək işə bərpa edilməsi” hissəsi ilə əlaqədar hazırki mübahisəyə iddia müddəti tətbiq edilməlidir. Məhkəmə iddia tələbinin 2020-ci il oktyabr ayından başlayaraq əmək haqqından qalan 17.020 manatın, əmək haqqının verilməsinin gecikdirilmiş müddəti ərzində iddianın məhkəməyə daxil olduğu günədək hesablanaraq günə iki faiz ödəncin (2 faiz=30 manat) olmaqla, hər həftənin şənbə və bazar günlərini çıxmaq şərtilə 338 günə görə 10.140 manatın, 210 gün məzuniyyət haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə əlaqədar aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 172.1-ci maddəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir; 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir; 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı xx.xx.2014-cü ildən xx.xx.2021-ci ilədək Cavabdehndə çalışmışdır. İddiaçıya 2020-ci ilin oktyabr ayı daxil olmaqla işdən azad olunduğu 17 iyul 2021-ci il tarixinədək (2021-ci ilin fevral ayında 1.500 manat və 2021-ci ilin may ayında 980 manat karta köçürülmüş məbləğ çıxılmaqla) əmək haqqı ödənilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2022-ci il tarixli, 9/1266 nömrəli ekspert rəyi ilə Cavabdehndə nəqliyyat sahəsinin müdir müavini vəzifəsində işləmiş və aylıq əmək haqqı 822 manat olan İddiaçı 2020-ci ilin oktyabr ayı daxil olmaqla iddia ərizəsinin məhkəməyə daxil olduğu 14 dekabr 2021-ci il tarixinədək (2021-ci ilin fevral ayında 1.500 manat və 2021-ci ilin may ayında 980 manat karta köçürülmüş məbləğ çıxılmaqla) hər gecikdirilmiş gün üçün əmək haqqına 1 faiz ödəncin məbləği 3205,80 manat məbləğində (822,0 manat (əmək haqqı) x 1% x 30 gün x 13 ay = 3205,80 manat) müəyyən edilmişdir. Həmçinin iş materiallarından və tərəflərin mübahisəsiz izahatlarından görünür ki, işdən çıxdıqdan sonra 210 gün məzuniyyət haqqı da cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 2020-ci ilin oktyabr ayı daxil olmaqla işdən azad olunduğu 17 iyul 2021-ci il tarixinədək (2021-ci ilin fevral ayında 1.500 manat və 2021-ci ilin may ayında 980 manat karta köçürülmüş məbləğ çıxılmaqla) ödənilməmiş əmək haqqı, hər gecikdirilmiş gün üçün əmək haqqına 1 faiz ödəncin məbləği olaraq 3.205,80 (üç min iki yüz beş manat, səksən qəpik) manat məbləğində pul və istifadə olunmamış əmək məzuniyyətinə görə 210 (iki yüz on) təqvim günü üçün pul əvəzi tutularaq verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən İddiaçı xeyrinə 2020-ci ilin oktyabr ayı daxil olmaqla işdən azad olunduğu 17 iyul 2021-ci il tarixinədək (2021-ci ilin fevral ayında 1.500 manat və 2021-ci ilin may ayında 980 manat karta köçürülmüş məbləğ çıxılmaqla) ödənilməmiş əmək haqqı, hər gecikdirilmiş gün üçün əmək haqqına 1 faiz ödəncin məbləği olaraq 3.205,80 (üç min iki yüz beş manat, səksən qəpik) manat məbləğində pul və istifadə olunmamış əmək məzuniyyətinə görə 210 (iki yüz on) təqvim günü üçün pul əvəzi tutularaq verilməli, iddia digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilən olan məbləğlər daxildir. İddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiyaya görə ödənilmiş 50 manat məbləğində pul vəsaitinin 25 manat hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Həmçinin iş üzrə keçirilmiş ekspertiza xərcinin tədqiqatının dəyəri olan 100 manatın 50 manatı iddiaçıdan, 50 manatı isə cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən İddiaçı xeyrinə 2020-ci ilin oktyabr ayı daxil olmaqla işdən azad olunduğu 17 iyul 2021-ci il tarixinədək (2021-ci ilin fevral ayında 1.500 manat və 2021-ci ilin may ayında 980 manat karta köçürülmüş məbləğ çıxılmaqla) ödənilməmiş əmək haqqı, hər gecikdirilmiş gün üçün əmək haqqına 1 faiz ödəncin məbləği olaraq 3.205,80 (üç min iki yüz beş manat, səksən qəpik) manat məbləğində pul və istifadə olunmamış əmək məzuniyyətinə görə 210 (iki yüz on) təqvim günü üçün pul əvəzi tutularaq verilsin. İlkin mediasiyaya görə ödənilmiş məbləğin 25 manat hissəsi Cavabdehndən alınaraq İddiaçı ödənilsin. İddia digər hissədə təmin edilməsin. İddiaçı 50 manat və Cavabdehndən 50 manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyinin AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar