Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-898/2024 14.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Əmlak Məsələləri Dövlət Reyestr Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə və Abşeron rayon 1 saylı Notariat Kontorunun notariusu X4 qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, miras faktının müəyyən edilməsi faktının təsdiq edilməsi, miras payının müəyyən olunmasına dair vərəsəlik şəhadətnaməsi verilməsi tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-1128A nömrəli xx.xx.2006-cı il tarixli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında verilmiş xx.xx.2020-ci il tarixli **********85 nömrəli çıxarışın ləğv edilməsi, Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0.09 ha torpaq sahəsinin miras əmlak kimi iddiaçı və cavabdehlər Cavabdeh1 oğlu və Əliyeva Südabə Nadir qızı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, həmin torpaq sahəsinin 1/3 hissəsi üzərində İddiaçı oğlunun, 1/3 hissəsi üzərində Cavabdeh1 oğlunun, 1/3 hissəsi üzərində cavabdeh Əliyeva Südabə Nadir qızının miras payının müəyyən olunması, həmin torpaq sahəsinin 1/3 hissəsi üzərində İddiaçı oğlunun, 1/3 hissəsi üzərində Cavabdeh1, 1/3 hissəsi üzərində Cavabdeh2 miras payının müəyyən olunmasına dair vərəsəlik şəhadətnaməsi verilməsi tələbinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0.18 ha torpaq sahəsi xx.xx.1967-ci il tarixdə vəfat etmiş babası Yusif Əli oğluna məxsus olmuşdur. Onun vəfatından sonra onun iki övladı X11 və X19 oğlu 0.09 və 0.09 ha olmaqla mirası faktiki olaraq qəbul etmişlər. 0.09 ha torpaq sahəsinə dair X18 oğlunun vərəsələri X20 oğlu, X3, X21 oğlu, X27 oğlu arasında Abşeron Rayon Məhkəməsində məhkəmə mübahisələri olmuş, onlar mirası qəbul edərək digər hüquqi hərəkətləri həyata keçirmişlər. Atası X19 oğlu babası Yusif Əli oğlunun qanun üzrə birinci dərəcəli vərəsəsi olmuşdur. Atasının üç övladı qardaşları X12, Cavabdeh1 və o,– İddiaçı atasının vərəsələridir. Atasının vəfatından sonra sözü gedən torpaq sahəsini faktiki olaraq qəbul etmişdir. Qardaşı X23 oğlu xx.xx.2002-ci il tarixdə, atası xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. Qanuna əsasən atası vəfat edən zaman onun qanun üzrə birinci növbə vərəsələrindən biri sağ olmadığı üçün vəfat edənin vərəsələri atasından qalan mirası qəbul etməli idi. Qardaşı X23 oğlunun vərəsələri onun həyat yoldaşı Əliyeva Südabə Nadir qızı, X28 oğlu və X7r. Mülki Məcəllənin vərəsəlik normalarına əsasən, babasından qalan mirasın 0.09 ha hissəsinə dair atasının övladlarına bərabər hissələrdə pay düşməli idi. Lakin o, faktiki olaraq qəbul etdiyi torpaq sahəsinə dair vərəsəlik şəhadətnaməsi almaq istəyən zaman mənə notarius tərəfindən qohumluq münasibətlərinin təsdiq edilməməsi səbəbindən imtina verilmişdir. Daha sonra məlum olmuşdur ki, qardaşı X23 oğlunun vərəsələrindən biri – cavabdeh Əliyeva Südabə Nadir qızı 0.09 ha torpaq sahəsinə dair tam mülkiyyət hüququnu müəyyən edən çıxarış almışdır. Bundan sonra vəkillə müqavilə bağlamış və vəkil tərəfindən DƏDRX-nə sorğu verilmişdir. Sorğuya verilən cavaba əsasən müəyyən olunmuşdur ki, Əliyeva Südabə Nadir qızına JN-1128A nömrəli xx.xx.2006-cı il tarixli Torpağın mülkiyyıtı verilməsinə dair Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə əsassız və qanunsuz olaraq verilmiş, digər mülkiyyətçilərin hüquqları kobudcasına pozulmuşdur. Ona görə də hüququnun pozulduğunu bildiyi vaxtdan Məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Əliyeva Südabə Nadir qızına verilmiş JN-1128A nömrəli xx.xx.2006-cı il tarixli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə etibarsız hesab edilməli, onun əsasında verilmiş çıxarış ləğv edilməli və miras əmlak olan Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0.9 ha torpaq sahəsinə dair iddiaçı və cavabdehlər Cavabdeh1 oğlunun və Əliyeva Südabə Nadir qızının Qanuna uyğun olaraq miras payı müəyyən edilməli və vərəsəlik şəhadətnaməsi verilməlidir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Əmlak Məsələləri Dövlət Reyestr Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi və Abşeron rayon 1 saylı Notariat Kontorunun notariusu X8 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Lakin Abşeron rayon 1 saylı Notariat Kontorunun notariusu X8 məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Digər cavabdehlər isə məhkəməyə səbəbini bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etmədi və onun təmin olunmamasını xahiş etdi. O bildirdi ki, mübahisəli torpaq sahəsi ona Aqrar İslahatlar Komissiyası tərəfindən verilib. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etdi və onun təmin edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1128A saylı 30800118 kodlu şəhadətnamənin surətindən görünür ki, Abşeron rayon AİK-nin xx.xx.1999-cu il tarixli, 28 saylı qərarına əsasən Cavabdeh2 Abşeron rayonu, Novxanı kəndində 0,09 ha torpaq sahəsi verilmişdir. - ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Novxanı kəndində 0,09 ha torpaq sahəsi Cavabdeh2 adına qeydə alınmışdır. - AZ-İİ 342409 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Yusif Əli oğlu xx.xx.1967-ci il tarixdə, Abşeron rayonu, Novxanı kəndində, insult səbəbindən ölmüşdür. - AZ-İ 422493 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2010-cu il tarixdə, Bakı şəhərində, kəskin ürək damar çatışmazlığı səbəbindən ölmüşdür. - AZ-İ 034015 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2002-ci il tarixdə, Bakı şəhərində, kəskin ürək damar çatışmazlığı səbəbindən ölmüşdür. - X-ЖГ 301530 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə X1 nikahlarından xx.xx.1932-ci il təvəllüdlü X14 adlı uşaqları anadan olmuşdur. - İ-ИЕ 779964 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə X5 nikahlarından xx.xx.1959-cu il təvəllüdlü İddiaçı adlı uşaqları anadan olmuşdur. - “Notariat hərəkətini aparmaqdan imtina edilməsi haqqında” 13 iyul 2023-cü il tarixli 3174 saylı Qərardan görünür ki, təqdim edilən sənədlərdə İddiaçı doğum haqqında şəhadətnaməsində atasının X14 olması göstərilmişdir. Lakin atasının X6 doğum haqqında şəhadətnaməsində atasını X16 göstərilmişdir. Lakin təqdim edilən ölüm şəhadətnaməsində isə soyad göstərilməmişdir. Beləliklə də miras qoyan Yusif Əli oğlu ilə müraciət edən İddiaçı arasında qohumluq münasibətlərini sübut etmək mümkün olmamışdır. Ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçi İddiaçı Azərbaycan Respublikası Mülki Məcələsinin 1243 və 1246-cı maddələrində nəzərdə tutulmuş qaydada və müddətdə mirası qəbul etməmiş, mirasın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulan müddəti buraxmışdır. Göstərilənlərə əsasən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 40-cı maddəsini rəhbər tutaraq İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat hərəkətini aparmaqdan imtina edilməsi qərara alınmışdır. - “Notariat hərəkətini aparmaqdan imtina edilməsi haqqında” 13 iyul 2023-cü il tarixli 3175 saylı Qərardan görünür ki, təqdim edilən sənədlərdə İddiaçı doğum haqqında şəhadətnaməsində atasının X14 olması göstərilmişdir. Lakin atasının X6 doğum haqqında şəhadətnaməsində anasının X2 olması göstərilmişdir. Lakin təqdim edilən ölüm şəhadətnaməsində isə soyad göstərilməmişdir. Beləliklə də miras qoyan Süsən Seyidverdi qızı ilə müraciət edən İddiaçı arasında qohumluq münasibətlərini sübut etmək mümkün olmamışdır. Ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki ərizəçi İddiaçı Azərbaycan Respublikası Mülki Məcələsinin 1243 və 1246-cı maddələrində nəzərdə tutulmuş qaydada və müddətdə mirası qəbul etməmiş, mirasın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulan müddəti buraxmışdır. Göstərilənlərə əsasən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 40-cı maddəsini rəhbər tutaraq İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat hərəkətini aparmaqdan imtina edilməsi qərara alınmışdır. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,09 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyətinə Abşeron rayon AİK-nin xx.xx.1999-cu il tarixli, 28 saylı qərarına əsasən verilmişdir. Həmin qərara əsasən Cavabdeh2 adına xx.xx.2020-ci il tarixli reyestrdən çıxarış verilmişdir. Hazırda torpaq sahəsi onun mülkiyyətindədir. İddiaçı JN-1128A nömrəli xx.xx.2006-cı il tarixli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında verilmiş xx.xx.2020-ci il tarixli **********85 nömrəli çıxarışın ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etsə də, həmin torpaq sahəsinin onun babasına və atasına aid olmasına dair heç bir mötəbər sübut təqdim etməmişdir. Verilmiş məhkəmə sorğusunun cavabında da mübahisələndirilən JN-1128A nömrəli xx.xx.2006-cı il tarixli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin verilməsinə əsas olan sənəd kimi Aqrar İslahatlar Komissiyasının xx.xx.1999-cu il qərarı göstərilmişdir. Həmçinin İddiaçı doğum haqqında şəhadətnaməsində atasının X14 olması göstərilmişdir. Lakin atası X6 doğum haqqında şəhadətnaməsində atasının (iddiaçının babasının) X16 olduğu göstərilmişdir. Lakin təqdim edilən ölüm şəhadətnaməsində isə soyad göstərilməmişdir. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. 139-1.1.3. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələrdir.
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 324.1. Əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Qeyd edilən hüquq normalarını hazırki işə tətbiq edən məhkəmə hesab edir ki, mübahisələndirilən torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilərkən sadalanan hüquq normalarının pozuntusu halları olmamışdır. Belə olan halda, qeyd edilən şəhadətnamənin etibarsızlığından söhbət gedə bilməz. Həmçinin bu şəhadətnamənin etibarsızlığına dair heç bir əsas olmadığından onun nəticəsində tərtib olunmuş reyestrdən çıxarışın ləğv olunması barədə tələb də təmin oluna bilməz. Belə ki, Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşılarsa, aydın olur ki, hazırki iş üzrə iddiaçının hüququ cavabdehlər tərəfindən pozulmadığından o, hazırki tələblə bağlı iddia vermək üçün subyektiv hüquqa malik olmamışdır. Başqa sözlə, Konstitusiya Məhkəməsinin qərarında qeyd edildiyi kimi iddiaçının hüququ pozulmadığından onun müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu baxımdan məhkəmə hesab edir ki, öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməyən iddiaçının məlum şəhadətnamənin etibarsız hesab edilməsi və reyestrdən çıxarışın ləğv edilməsi barədə tələbi təmin edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında göstərmişdir ki, “konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “Affirmanti, non neganti, incumbit probatio” (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər”. Avropa İnsan Hüquqları Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında göstərmişdir ki, “məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Məhkəmə qeyd edir ki, iddia şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi hissəsində təmin edilmədiyindən digər tələb üzrə torpaq sahəsinin 1/3 hissəsi üzərində İddiaçı oğlunun, 1/3 hissəsi üzərində Cavabdeh1 oğlunun, 1/3 hissəsi üzərində cavabdeh Əliyeva Südabə Nadir qızının miras payının müəyyən olunması, həmin torpaq sahəsinin 1/3 hissəsi üzərində İddiaçı oğlunun, 1/3 hissəsi üzərində Cavabdeh1, 1/3 hissəsi üzərində Cavabdeh2 miras payının müəyyən olunmasına dair vərəsəlik şəhadətnaməsi verilməsi hissəsində də təmin edilə bilməz Beləliklə, məhkəmə işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia təmin olunmamalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən ödənilmiş ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Əmlak Məsələləri Dövlət Reyestr Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə və Abşeron rayon 1 saylı Notariat Kontorunun notariusu X4 qarşı Torpağın mülkiyyə verilməsinə dair Şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, miras faktının müəyyən edilməsi faktının təsdiq edilməsi, miras payının müəyyən olunmasına dair vərəsəlik şəhadətnaməsi verilməsi barədə iddia tələbi təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Mirnəsir Mirhəsənli