Məhkəmə qərarları › İş №e-2(012)-930/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-930/2023

07.03.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-930/2023 07.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Abiyev Elnur Elman oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddialar üzrə cavabdeh İddiaçı, ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 vəkili-nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Əbülfəz qızına qarşı mənzildən çıxarma tələbinə dair ilk, Cavabdeh2 İddiaçı qarşı istifadə hüququnun tanınması, Cavabdeh1 İddiaçı qarşı birgə nikah dövründə əldə olunmuş əmlakda payların müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə 07 mart 2023-cü il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Əbülfəz qızına qarşı mənzildən çıxarma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, oğlu Cavabdeh2 və onun ailəsi Cavabdeh3, X13 və X5 mülkiyyət hüququ ona məxsus olan ünvan 2-də yerləşən fərdi yaşayış evindən çıxarılmasının təmin edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, 1989-cu ildə Cavabdeh1 ilə nikaha daxil olmuşdur. Bu nikahlarından 2 övladları - xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh2 və 1990-cı il təvəllüdlü X6 anadan olmuşdur. Oğlu Cavabdeh2 Cavabdeh3 ilə nikaha daxil olduqdan sonra onlarla birlikdə yaşamağa başlamışdır. Həmçinin, oğlu Cavabdeh2 və Cavabdeh3 Əbülfəz qızının nikah münasibətlərindən anadan olan 2 övladı - X13 və X14 da onlarla birlikdə yaşamışdır. O, təxminən 2013-cü ildə ailəsi ilə birlikdə yaşamaq məqsədi ilə ünvan 2-də yerləşən fərdi yaşayış evini tikdirmiş və onlar, həyat yoldaşı, oğlu və onun ailəsi birlikdə bu mənzildə yaşamışlar. Bu evin xüsusi mülkiyyət hüququ ona məxsusdur. Bu hüquq daşınmaz əmlakın dövlət reyestrində 254 nömrəli reyestr kitabının 70 nömrəli vərəqində 2022-ci ildə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış da bunu sübut edir. Lakin təxminən 2018-ci ildə Cavabdeh1 ilə olan nikahlarına münasibətləri pisləşdiyi və mübahisələri yarandığı üçün xitam versələr də, yenə də hamısı birlikdə ünvan 2-də yerləşən fərdi yaşayış evində yaşamağa davam etmişlər. Sonra isə o, 2021-ci ildə Sumqayıt şəhəri, 6-cı mikrorayon, Qızıl-Qum, “Rende-2” blok 2, mənzil 79-da yerləşən yaşayış evini mülkiyyət hüququ Cavabdeh1 məxsus olmaqla almışdır. Həmin evdə gələcəkdə keçmiş həyat yoldaşı və oğlunun ailəsi ilə birlikdə yaşayacağını düşündüyü üçün bu evin mülkiyyət hüququnu Cavabdeh1 məxsus olaraq almışdır. Lakin, həmin vaxt keçmiş həyat yoldaşı, oğlu və onun ailəsi bu evə köçərək yaşamadıqları üçün bu evi kirayəyə vermişdir. Lakin, Cavabdeh1 ilə münasibətləri sonradan 2022-ci ilin iyun ayında bir daha pozulmuş və mübahisələri yaranmağa başlamışdır. Buna görə də, artıq onların birlikdə yaşadıqları ünvan 2-də yerləşən fərdi yaşayış evində birlikdə yaşamağa davam etmələri mümkünsüz olmuşdur. Buna görə də, bir neçə dəfə Cavabdeh1, oğlu və onun ailəsinə Sumqayıt şəhəri, 6-cı mikrorayon, Qızıl-Qum, “Rende-2” blok 2, mənzil 79-da yerləşən mülkiyyət hüququ Cavabdeh1 məxsus olan fərdi yaşayış evini onların yaşamağı üçün aldığı və oraya köçərək yaşamalarını, o isə onların hal-hazırda yaşadığı mülkiyyət hüququ ona məxsus olan ünvan 2-də yerləşən fərdi yaşayış evinə köçərək orada yaşamağını təklif etsə də, Cavabdeh1 bunu qəbul etməmişdir. Lakin o, Sumqayıt şəhəri, 6-cı mikrorayon, Qızıl-Qum, “Rende-2” blok 2, mənzil 79-da yerləşən mülkiyyət hüququ Cavabdeh1 məxsus olan fərdi yaşayış evini məhz bu vəziyyətdə onların orada yaşamaları üçün almışdır. Cavabdeh-qarşılıqlı iddiaçı Cavabdeh2 İddiaçı qarşı istifadə hüququnun tanınması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 2-də yerləşən fərdi yaşayış evindən istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh Zülfəliyev İddiaçı oğludur. O, 2013-cü ildən etibarən ünvan 2-də yerləşən fərdi yaşayış evində yaşayır. Həmçinin, həmin fərdi yaşayış evinin tikilmə xərclərində iştirak etmişdir. İddiaçı öz iddia ərizəsində göstərmişdir ki, o, təxminən 2013-cü ildə ailəsilə birlikdə yaşamaq məqsədi ilə ünvan 2-də yerləşən fərdi yaşayış evini tikdirmişdir və onlar, həyat yoldaşı, oğlu və onun ailəsi birlikdə bu mənzildə yaşayırdılar. Bu evin xüsusi mülkiyyət hüququ İddiaçı məxsusdur. Bu hüquq daşınmaz əmlakın dövlət reyestrində 254 nömrəli reyestr kitabının 70 nömrəli vərəqində 2022-ci ildə qeydiyyata alınmışdır. Göründüyü kimi İddiaçı etiraf edərək bildirmişdir ki, qeyd olunan mübahisəli fərdi yaşayış evinə çıxarış 2022-ci ildə verilsə də, həmin evdə yaşayış 2013-cü ildən etibarən olmuşdur. 2013-cü ildə fərdi yaşayış evinin çıxarışı olmadığı üçün, sadəcə torpaq sahəsinin çıxarışı olduğu üçün ilkin iddia üzrə cavabdehlər qeydiyyata düşmələri mümkün olmamışdır. O, uzun müddətdir ünvan 2-də yerləşən fərdi yaşayış evində yaşayır və yaşaması üçün başqa yaşayış sahəsi yoxdur. Cavabdeh-qarşılıqlı iddiaçı Cavabdeh1 İddiaçı qarşı birgə nikah dövründə əldə olunmuş əmlakda payların müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş daşınmaz əmlak olan ünvan 2-nin 1/2 hissəsində ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı onun, 1/2 hissəsinə ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh Zülfəliyev İddiaçı keçmiş arvadıdır. İddiaçı ilə 30 iyun 1989-cu ildə nikaha daxil olmuş, ailə qurduqdan sonra uzun müddət səmimi ailə münasibətlərində yaşamalarına baxmayaraq, daha sonra tərəflər arasında nikah münasibətləri pisləşmiş və nikah məhkəmə qaydasında pozulmuşdur. 14 sentyabr 2019-cu il tarixli nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. 2013-cü ildən etibarən ünvan 2-də yerləşən fərdi yaşayış evində yaşayır. Həmçinin, həmin fərdi yaşayış evinin tikilmə xərclərində bütün ailə üzvləri iştirak etmişdir. İddiaçı öz iddia ərizəsində göstərmişdir ki, o, təxminən 2013-cü ildə ailəsi ilə birlikdə yaşamaq məqsədi ilə ünvan 2-də yerləşən fərdi yaşayış evini tikdirmiş və birlikdə bu mənzildə yaşamışlar. Bu evin xüsusi mülkiyyət hüququ ona məxsusdur. Bu hüquq daşınmaz əmlakın dövlət reyestrində 254 nömrəli reyestr kitabının 70 nömrəli vərəqində 2022-ci ildə qeydiyyata alınmışdır. Göründüyü kimi İddiaçı etiraf edərək bildirmişdir ki, qeyd olunan mübahisəli fərdi yaşayış evinə çıxarış 2022-ci ildə verilsə də həmin evdə yaşayış 2013-cü ildən etibarən olmuşdur. Yəni, qeyd olunan fərdi yaşayış evi birgə nikah dövründə əldə edilmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddialar üzrə cavabdeh İddiaçı Cavabdeh1 və Cavabdeh2 ona qarşı qaldırdıqları qarşılıqlı iddialarına etiraz verərək, əmlakın bölünməsi barədə tələb üzrə 3 illik iddia müddəti ötürüldüyündən bu mübahisəyə iddia müddətinin tətbiq edilməsi və hər iki qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Etirazında qeyd etmişdir ki, mübahisəli fərdi yaşayış evi 2022-ci ilin 10 yanvarında onun adına qeydiyyata alınsa da, bu evin yerləşdiyi 0,025 ha torpaq sahəsi 2013-cü ildə atasının Sumqayıt şəhərində yerləşən mənzilin satışından əldə edilmiş vəsait hesabına 3013-cü ildə alınmış və elə həmin ildə də bu ev həmin vəsait hesabına inşa edilmişdir. Atası da bu evdə yaşamış və elə burada da vəfat etmişdir. Belə ki, X3 öz mülkiyyətində olan Sumqayıt şəhəri, 1-ci mkr., ev 29-4B, mənzil 58-i 2013-cü ildə Nazim adlı şəxsə 57000 manata satmış və bu alqı-satqı müqaviləsi Sumqayıt şəhəri, 45-ci məhəllədə yerləşən Notariat Ofisində (Əbülfəz adlı notarius) təsdiq edilmişdir. Əldə edilmiş 57000 manat vəsaitin 12000 manatına hazırda mübahisələndirilən evin yerləşdiyi 0,025 ha torpaq sahəsi alınmış, qalan 35000 manatı isə evin tikintisinə sərf edilmiş, hələ atasının əlavə vəsaiti də buraya xərclənmişdir. O, İİ qrup əlil olduğuna görə heç bir yerdə işləməmişdir. Uzun müddətdir ki, yalnız taksi fəaliyyəti ilə məşğul olub ailəsini dolandırmışdır. Taksi sürücüsünün və İİ qrup əlil adamın Saray qəsəbəsində bu cür əmlak əldə etməsi inandırıcı deyildir və bunun sübuta ehtiyacı yoxdur. Eyni zamanda, həmin dövrdə evli olduğu İradə xanım da heç bir yerdə işləməmişdir. Hazırda onun bu evi birgə nikah zamanı əldə edilmiş hesab etməsi və bu evə hüquq qazanması yolverilməzdir və hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Mübahisəli əmlak zaman baxımından birgə nikah dövründə əldə edilən kimi görünsə də, tərəflərin birgə vəsaiti hesabına əldə edilməmişdir. Cavabdeh1 bu gəlirlərin haradan alınması barədə heç bir sənəd təqdim etməmişdir. Bundan başqa, bacısının da Sumqayıt şəhərindəki evinin satışından əldə edilmiş vəsaitlə Saray qəsəbəsində mübahisəli evə bitişik 0,035 ha torpaq sahəsi alınmış və orada başqa ev inşa edilmişdir. Bacısı xəstəlikdən vaxtsız vəfat etmişdir, onun əmlakını sataraq İradə xanımın adına pulunu tam ödəmək şərtilə Sumqayıt şəhəri, 6-cı mkr., Rəndə 2 MTK, 2-ci blok, mənzil 79 almışdır. Onların keçmiş ailə olaraq şifahi razılaşmaları belə olmuşdur ki, Saraydakı ev ona və anasına qalır, İradə və Zaur isə Sumqayıtdakı evdə yaşayırlar. Bunun sübutu isə boşanmış olsa da, keçmiş arvadının adına mənzil almağıdır. Lakin, hazırda onlar bu razılaşmanı pozmuşlar və onun etibarından sui-istifadə edərək bu cür tamahkar iddialar qaldırırlar. Qarşı tərəf iddia qaldırarkən qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Belə ki, hazırda qüvvədə olan qanunvericiliyə görə bu cür iddialar boşanmadan sonra 3 il ərzində (Ailə Məcəlləsi 36.9-cu maddə) qaldırılmalıdır. O, Cavabdeh1 ilə 2018-ci ildə boşanmışdır və bu barədə şəhadətnamə xx.xx.2019-cu il tarixdə verilmişdir. Keçən 3 il ərzində ona qarşı heç bir iddiası olmamışdır. Bunun yeganə səbəbi isə qeyd etdiyi kimi, boşanmadan sonra bacısının Saraydakı evini satıb onun adına mənzil almağı olmuşdur. Hazırkı iddia xx.xx.2023-cü il tarixdə qaldırılmışdır, bu isə onun ilk iddia qaldırmağından sonra baş vermişdir. Göründüyü kimi, iddia müddəti ötürülüb və hər bir halda qarşılıqlı iddia rədd olunmalıdır. Cavabdeh2 qeydiyyat ünvanı Sumqayıt şəhərində 4-cü məhəllədədir. Ona və anasına zəruri olan yaşayış sahəsi vermiş, onları evsiz, yaşayış sahəsiz qoymamışdır, yəni hər ikisinin zəruri yaşayış sahələri var. Zaur da övladı olması faktından sui-istifadə edərək onun ilk iddiasından sonra ona qarşı absurd tələb irəli sürmüşdür. Hazırda Cavabdeh1 ona alınmış mənzildə qeydiyyatdadır və mənzil onun mülkiyyətindədir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddialar üzrə cavabdeh İddiaçı iddia tələbini müdafiə edərək, təmin edilməsini, qarşılıqlı iddia tələblərinin rədd edilməsini xahiş etdi iddia ərizəsinin və iddia müddətinin tətbiq edilməsi barədə verdiyi vəsatətin məzmununa uyğun izahat verdi. İlkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 vəkili-nümayəndəsi Vəkil2 ilkin iddianın əsassız olduğundan təmin edilməməsini, qarşılıqlı iddiaların təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh-qarşılıqlı iddiaçı Cavabdeh2 ilkin iddianı qəbul etməyib qarşılıqlı iddianın məzmununa uyğun izahat verdi. Həmçinin, izahatında bildirdi ki, onlar ailəliklə 2013-cü ilədək Sumqayıt şəhərində ata babalarına məxsus mənzildə yaşamışlar, həmin mənzili 57000 manata satmış və həmin pulla indi yaşadıqları Saray qəsəbəsindəki evi tikdirmişlər. Həmin vaxtdan da, ailəliklə orada yaşamışlar. Ata-anası arasında nikah ləğv edilsə də, sonradan barışmışlar yenə birlikdə yaşamışlar, son vaxtlar onların münasibəti pozulmuşdur. Yaşadıqları evin tikilməsin də o da müəyyən qədər pul xərcləmişdir. Məhkəmə iclasında şahid X7 ifadəsində göstərdi ki, tərəflərin qonşusudur. Onlar 2008-ci ildə, tərəflər isə 2013-cü ildə Abşeron rayonu Saray qəsəbəsində yaşamağa başlamışlar. Evin tikilməsinin, tərəflərin ora köçməsinin şahidi olmuşdur. Ev tikilib qutarmamış Rəsulun atası vəfat etmişdir. Bir qonşu kimi mərhuma keçirilən yas mərasimində iştirak etmişdir. Bir neçə nəfər yığışaraq lotereya oynamağa başladıqda Zaur da ona yaxınlaşaraq evin ikinci mərtəbəsini düzəltməyə pul lazım olduğunu, onlara qoşulmaq istədiyini bildirmişdir. Lotereya 1 il ərzində davam etmişdir. Sonra Zaura çatası pulu Zaurun özünə vermişdir. İradənin dediyinə görə verilən pul evin ikinci mərtəbəsinin inşasına xərclənmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarında olan sənədləri araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə ilkin iddia qismən, Cavabdeh1 tərəfindən verilən qarşılıqlı iddia rədd, Cavabdeh2 tərəfindən verilən qarşılıqlı iddia isə təmin edilməlidir. Mülki işin materiallarında olan ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 0,025 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına ********** qeydiyyat nömrəsi, **********06-10301 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 254 nömrəli reyestr kitabının 70 nömrəli vərəqində 10.01. 2022-ci il tarixdə qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 11 mart 2016-cı il tarixdə 84 nömrə ilə qeyd edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli Abşeron rayonu Saray qəsəbəsi Əliyar Əliyev küçəsi ev 45-də yaşayan X7, həmin küçədə yerləşən ev 4-də yaşayan X15, həmin küçədə yerləşən ev 5-də yaşayan X21 tərəfindən tərtib Protokoldan görünür ki, Cavabdeh1, İddiaçı, Cavabdeh2, Cavabdeh3 2013-cü il tarixindən bu günə qədər Saray qəsəbəsi Əliyar Əliyev küçəsində yerləşən 2 saylı evdə yaşayırlar. Mülki işin materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, Cavabdeh1 və onun oğlu Cavabdeh2 ailə üzvləri (özü- Cavabdeh1-1965-ci il, oğlu Cavabdeh2 - 1991-ci il, gəlini-Cavabdeh3-1989-cu il, nəvəsi-X13 – 2014-cü il, nəvəsi- 2016-cı il) ilə birlikdə 2013-cü ildən hazıra kimi Saray qəsəbəsi Əliyar Əliyev küçəsində 2 saylı evdə qeydiyyatsız yaşayır. İddiaçı isə sözü gedən ünvanda son bir ilə qədər ailə üzvləri ilə birlikdə yaşamışdır. Hazırda həmin ünvanda yaşamır. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş: -xx.xx.2021-ci il tarixli AN-İ № ******* nömrəli İddiaçı ilə X11 arasında bağlanmış Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinin 0.005 ha hissəsini 1500 manata X2. -xx.xx.2021-ci il tarixli AN-İ № ******* nömrəli İddiaçı ilə X11 arasında bağlanmış Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 343 kv.m olan fərdi yaşayış evinin 0.03 ha torpaq sahəsində yerləşən 175.7 kv.m hissəsini 55500 manata X2. -xx.xx.2013-cü il tarixli AN-İ № ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən görünür ki, X9 ona məxsus olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.17 ha torpaq sahəsinin 0.03 ha hissəsini 3000 manata İddiaçı, 0.03 ha hissəsini 3000 manata X1. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallardan müəyyən edilir ki, İddiaçı 1989-cu ildə Cavabdeh1 ilə nikaha daxil olmuşdur. Bu nikahlarından 2 övladları - 1990-cı il təvəllüdlü X6 və xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh2 anadan olmuşdur. Onlar birgə nikahda olduqları müddətdə ilkin iddiaçının valideynlərinə məxsus Sumqayıt şəhərində yerləşən mənzillərində yaşamışlar. Həmin mənzilin darısqallığı səbəbindən tərəflərin demələrinə görə 2013-cü ildə 57 000 manata satıb, hazırda yaşadıqları Abşeron rayonu Saray qəsəbəsindəki evin yerləşdiyi 03, ha torpaq sahəsini alıb, üzərində yaşayış evini inşa etmişlər. Elə həmin vaxtdan da ailəliklə orada yaşamışlar. Cavabdeh2 Cavabdeh3 ilə nikaha daxil olduqdan sonra onlarla birlikdə yaşamağa başlamışdır. Həmçinin oğlu Cavabdeh2 və Cavabdeh3 Əbülfəz qızının nikah münasibətlərindən anadan olan 2 övladı - X13 və X14 da onlarla birlikdə yaşamışdır. 2018-ci ildə Cavabdeh1 ilə olan nikahlarına münasibətləri pisləşmiş, onlar arasındakı nikah qeydi 11 mart 2016-cı il tarixdə ləğv edilmiş, lakin bir qədər sonra İddiaçı ilə Cavabdeh1 ailə münasibətləri bərpa olunmuş, birlikdə yaşamağa başlamışlar və 2022-ci ilin iyun ayında bir daha pozulmuş və ilkin iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi tərəflərin hazırda yaşadıqları mübahisə predmeti olan Abşeron rayonu, Saray qəsəbəsi, Əliyar Əliyev küçəsi, 2- saylı ev ilkin İddiaçı ilə qarşılıqlı iddiaçı Cavabdeh1 birgə nikahda olduqları müddətdə əldə edilsə də, birgə vəsaitləri hesabına əldə edilmiş əmlak olmadığından, aşağıda qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən ümumi birgə əmlak sayıla bilməz. Bu əsasda Cavabdeh1 İddiaçı qarşı birgə nikah dövründə əldə olunmuş əmlakda payların müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi əsassızdır və təmin edilməməlidir. Məhz bu əsasda ilkin iddiaçının iddia müddətinin tətbiqi barədə vəsatət də əsassızdır və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəllənin 36.3-cü maddəsinə görə mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından asılı olmayaraq, yaxud əmanətin kimi adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı əmlak hesab edilir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ərarvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).Həmin Məcəllənin 37.2 maddəsinə görə ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Məhkəmə ilkin iddia və digər qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, mübahisəli evlə bağlı tərəflər arasında münasibətlər 2013-cü ildə yarandığından onlar arasında yaranan münasibətə həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə və 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən Cavabdeh2 yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvü kimi mübahisəli evdə onunla birlikdə yaşadığından həmin evdən istifadə hüququ əldə etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, ilkin iddia tələbi Cavabdeh2 evdən çıxarılması hissəsində əsassızdır və təmin edilməməlidir. Eyni zamanda, bu əsasda Cavabdeh2 İddiaçı qarşı evdən istifadə hüququnun tanınması hissəsində qarşılıqlı iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə ilkin iddianın digər hissələrinə münasibətdə qeyd edir ki, mübahisənin həlli üçün maddi hüquq normasını tətbiq edərkən işin yuxarıda qeyd olunan faktiki halları və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun müvafiq qərarlarında irəli sürülmüş hüquqi mövqeyi nəzərə alınmalıdır. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Cavabdehlərin yaşadığı ev “qanuni gözlənti” hüququ olmuş və hazırkı mülkiyyətçinin ailə üzvü hesab olunmurlar. Belə ki, ilkin iddiaçıya münasibətdə Müşərrəf Zülfəliyev ailə üzvü olmadığından, cavabdeh İradə Zülfəliyevə isə ailə üzvlüyüni itirdiyindən, Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərində sadalanan şəxslər dairəsinə daxil deyildirlər. Hazırkı iddia üzrə həmin cavabdehlərin mübahisəli evə dair heç bir hüquqi bağlılığı yoxdur.Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün köçmək istədiyi həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Həmçinin, məhkəmə qeyd edir ki, Cavabdeh1 münasibətdə 2021-ci ildə Sumqayıt şəhəri, 6-cı mikrorayon, Qızıl-Qum, “Rende-2” blok 2, mənzil 79-da yerləşən yaşayış evi mülkiyyət hüququ Cavabdeh1 məxsus olmaqla alınmışdır. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1 və Cavabdeh3 Əbülfəz qızına qarşı mənzildən çıxarma tələbinə dair iddiası əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh2 və onun ailəsi Cavabdeh3 övladları X13 və X5 evdən çıxarılması hissəsinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 27.2-ci maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır, belə olan halda, cavabdehlərin uşaqlarının valideynlərinin hansının himayəsində olması barədə sübut olmadığından və habelə uşaqların ataları Cavabdeh2 qarşılıqlı iddia tələbi təmin edildiyindən bu hissədə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Əbülfəz qızına qarşı mənzildən çıxarma tələbinə dair ilk iddiası qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 mülkiyyət hüququ İddiaçı məxsus olan ünvan 2-də yerləşən fərdi yaşayış evindən çıxarılmalı, Cavabdeh2 İddiaçı qarşı istifadə hüququnun tanınması tələbinə dair qarşılıqlı iddiası əsaslı olduğundan təmin olunmalı, mülkiyyət hüququ İddiaçı məxsus olan ünvan 2 ünvanına onun istifadə hüuqu tanınmalı, Cavabdeh1 İddiaçı qarşı birgə nikah dövründə əldə olunmuş əmlakda payların müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehlərdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə işin hallarına əsasən hesab edir ki, ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilməlidiur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Əbülfəz qızına qarşı mənzildən çıxarma tələbinə dair ilkin iddia qismən təmin olunsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 mülkiyyət hüququ İddiaçı məxsus olan ünvan 2-də yerləşən fərdi yaşayış evindən çıxarılsınlar. Cavabdeh2 İddiaçı qarşı istifadə hüququnun tanınması tələbinə dair qarşılıqlı iddiası təmin olunsun. Cavabdeh2 mülkiyyət hüququ İddiaçı məxsus olan ünvan 2 ünvanına istifadə hüuqu tanınsın. Cavabdeh1 İddiaçı qarşı birgə nikah dövründə əldə olunmuş əmlakda payların müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar