Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-1149/2024 10.07.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçılar İddiaçı, X4, X5, X7 və X1 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı öhdəliyin icrasının cavabdehin üzərinə qoyulması tələbi barədə mülki işə 10 iyul 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Ağdam rayonunun Mahrızlı kəndində yerləşən mülkiyyət hüququ əsasında ona məxsus olan yaşayış evinin həyətyanı sahəsindən keçən iki ədəd yüksək gərginlikli elektrik dirəyinin həmin ərazidən çıxarılması öhdəliyinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulması, Ağdam rayonunun Mahrızlı kəndində yerləşən mülkiyyət hüququ əsasında ona məxsus olan yaşayış evinin həyətyanı sahəsindən keçən iki ədəd yüksək gərginlikli elektrik dirəyinin keçdiyini nəzərə alaraq xx.xx.2022-ci il tarixdən hesablanmaqla həmin işıq dirəklərinin çıxarılacağı günədək hər ay ona 150 manat kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, Ağdam rayonunun Mahrızlı kəndində ona və ailə üzvlərinə məxsus həyətyanı torpaq sahəsi və yaşayış evi var. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyətə basdırılmış iki ədəd yüksək gərginlikli elektrik dirəyi mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsinə təhlükə yaradır. Torpaq sahəsinin qərb tərəfindən keçən 10 kv-luq elektrik hava xəttinin qorunma zolağı ona mülkiyyətində olan əmlakın 653,3 kv.metr hissəsinə düşür. Elektrik dirəklərinin həyətindən çıxarılması üçün Ağcabədi Regional «ASAN Xidmət» Mərkəzinə müraciət etmiş, müraciətinə əsasən həyətinə baxış keçirilib akt tərtib edilərək elektrik dirəklərinin həyətindən çıxarılması üçün 1760 manat xərcin onun tərəfindən ödənilməli olduğu ona bildirilmişdir. Göstərilən səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi – həmin Cəmiyyətin hüquqşünası X6 məhkəməyə ərizə ünvanlayaraq iddianın cavabdehin olduğu yerə görə verilməli olduğundan hazırki iddia ərizəsinin mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçılar X4, X5, X7 və X2 məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir səbəb göstərmədən məhkəmə baxışına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin və iddiaçılar X4, X5, X7 və X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş "xxxx" ASC-nin İddiaçı və digərlərinə ünvanladığı xx.xx.2023-cü il tarixli 13-13/2-2/16-Kol-6629-5/2023 saylı və xx.xx.2023-cü il tarixli 13- 13/2-2/06-V-1669-5/2023 saylı məktubların surətindən görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş «Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi» Qaydalarının 17-ci bəndinə əsasən elektrik şəbəkələrinin yerini dəyişməklə və yaxud zədələnmədən mühafizə etmək zərurəti ilə işi yerinə yetirən müəssisələr bu işləri elektrik şəbəkələrinin mülkiyyətçisi və yaxud istismarçısı ilə razılaşdıraraq öz vəsaiti hesabına görməlidirlər. «ASAN Kommunal» Mərkəzi vasitəsi ilə "xxxx" ASC-yə ünvanlanan ərizədə iddiaçılara məxsus torpaq sahəsinin yüksək gərginlikli elektrik verilişi xəttinin mühafizə zonasında yerləşməsini iddiaçılar tərəfindən etiraf edilmiş və həmin dayaqların iddiaçıların şəxsi hesabına ərazidən çıxarılması ilə bağlı müraciətinin icra edilməsi məqsədi ilə yekun dəyəri 1759,66 manat olan smeta dəyəri tərtib edilərək iddiaçılara təqdim edilmişdir. Yekun smeta dəyəri ödənildikdən sonra iddiaçıların müraciətinin icrasının təmin ediləcəyi bildirilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN 217 A kod 60909058 olan şəhadətnamənin və texniki pasportun surətindən görünür ki, Ağdam Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 01 saylı qərarı ilə İddiaçı, X4, X5, X7 və X3 mülkiyyətinə Ağdam rayonunu Mahrızlı kəndində 0,33 ha torpaq sahəsi verilmişdir. Torpaq sahəsinin qərb tərəfindən keçən 10 kv-luq elektrik hava xəttinin qorunma zolağına mülkiyyətdə olan torpaq sahəsinin 653,3 kv.metr hissəsinə düşür. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlardan məlum olduğu kimi Ağdam Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 01 saylı qərarı ilə İddiaçı, X4, X5, X7 və X3 mülkiyyətinə Ağdam rayonunu Mahrızlı kəndində 0,33 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus iki ədəd elektrik dirəyi basdırılmışdır. Torpaq sahəsinin qərb tərəfindən keçən 10 kv-luq elektrik hava xəttinin qorunma zolağına mülkiyyətdə olan torpaq sahəsinin 653,3 kv.metr hissəsinə düşür. Göründüyü kimi iddiaçıların mülkiyyətinə verilmiş torpaq sahəsindən cavabdeh heç bir hüquqi əsas olmadan istifadə edir. Belə olan halda iddianın torpaq mübahisəsinə aid hissəsi təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.1-ci maddəsində göstərilmişdir ki, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 139.3-cü maddəsində göstərilmişdir ki, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67-ci maddəsinin 3-cü bəndində göstərilmişdir ki, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Həmin maddənin 4-cü bəndinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət zəmanət vermir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. İddianın Ağdam rayonunun Mahrızlı kəndində yerləşən mülkiyyət hüququ əsasında İddiaçı məxsus olan yaşayış evinin həyətyanı sahəsindən keçən iki ədəd yüksək gərginlikli elektrik dirəyinin keçdiyini nəzərə alaraq xx.xx.2022-ci il tarixdən hesablanmaqla həmin işıq dirəklərinin çıxarılacağı günədək hər ay ona 150 manat kompensasiyanın ödənilməsi öhdəliyinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulması tələbinə dair hissəsi ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Cavabdehin əsassız varlanması, iddiaçıya zərər vurması, pul ödəməsi barədə üzərinə hər hansı bir öhdəlik götürməsi məhkəmə baxışında müəyyən olunmamışdır. Cavabdehin iddiaçı qarşısında öhdəliyinin yaranması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsində nəzərdə tutulan əsaslardan heç biri mövcud olmamışdır. Məhz həmin səbəbdən məhkəmə belə hesab edir ki, iddianın həmin hissəsi təmin oluna bilməz. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddiaçıya zərər vurması məhkəmə baxışında təsdiq olunmamışdır. İddiaçı tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları məhkəmədə tam həcmdə sübut edə bilməmiş, qanunvericilik isə həmin vəzifəni tərəfin üzərinə qoymuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Ağdam rayonunun Mahrızlı kəndində yerləşən mülkiyyət hüququ əsasında İddiaçı məxsus olan yaşayış evinin həyətyanı sahəsindən keçən iki ədəd yüksək gərginlikli elektrik dirəyinin həmin ərazidən çıxarılması öhdəliyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulsun. İddianın Ağdam rayonunun Mahrızlı kəndində yerləşən mülkiyyət hüququ əsasında İddiaçı məxsus olan yaşayış evinin həyətyanı sahəsindən keçən iki ədəd yüksək gərginlikli elektrik dirəyinin keçdiyini nəzərə alaraq xx.xx.2022-ci il tarixdən hesablanmaqla həmin işıq dirəklərinin çıxarılacağı günədək hər ay ona 150 manat kompensasiyanın ödənilməsi öhdəliyinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulması tələbinə dair hissəsi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №e-2(013)-1149/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-1149/2024
10.07.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver