Məhkəmə qərarları › İş №e-2(013)-1566/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-1566/2025

23.06.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-1566/2025 23.06.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı əmrin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı 17-2-1/3-1-450/2024 nömrəli əmrin ləğv edilməsi və işə bərpa edilməsi, həmçinin məcburi iş buraxma müddətində əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddianı müdafiə etdiyini, özünün xx.xx.2024-cü il tarixdə, 06 ay müddətinə bağlanmış əmək müqaviləsinə əsasən Cavabdeh MMC-də hüquqşünas kimi işə başladığını, xx.xx.2024-cü il tarixindən etibarən isə, kadrlar üzrə aparıcı mütəxəssis vəzifəsinə təyin edildiyini, xx.xx.2024cü il tarixdə cavabdeh təşkilatın onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən xitam verildiyini, hal bu ki, əmək müqaviləsinin bitməsinə hələ iki ay qalmasına baxmayaraq ona qarşı qərəzli ayrı-seçkiliyin edildiyini, belə ki, eyni vəzifədə çalışan digər əməkdaşların müqavilə müddətinin davam etdirildiyini, lakin onun lazimi təhsil səviyyəsinin, təcrübəsinin, işini yüksək səviyyədə icra etməsi üçün yüksək peşəkarlıq və bacarıqlarının olmasına baxmayaraq, onun işinə qərəzli şəkildə ayrıseçkilik edilməklə, qanunsuz olaraq xitam verildiyini, hətta işindən uzaqlaşdırılmadan öncə ona heç bir xəbərdarlığın edilmədiyini, bu barədə təşkilatın rəhbərliyinə müraciət etsə də, işdən uzaqlaşdırılması barədə ona heç bir tutarlı səbəb göstərilmədiyini və məhkəmə müraciət etməyi barədə tövsiyyələr verildiyini, hüquqlqrının kobud şəkildə pozulduğunu bildirdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X3 izahatında iddianın əsasız olduğunu, "xxxx" MMC ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinin müddətli əsaslarla bağlandığını, müqavilə müddətinin xx.xx.2025-ci il tarixində başa çatmalı olduğunu, İddiaçı Cəmiyyətin Kadrlarla iş, hüquq və sənəd dövriyyəsi şöbəsində Böyük məsləhətçi olaraq işə başladığını, müqavilənin xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə kimi 3 aylıq müddətə bağlandığını, daha sonra, iddiaçının işlədiyi şöbənin adı Kadrlarla iş şöbəsi olaraq dəyişmiş və Cəmiyyətin müvafiq əmrinə əsasən, sözügedən müqaviləyə edilmiş xx.xx.2024-cü il tarixli dəyişiklik ilə Kadrlar üzrə aparıcı mütəxəssis vəzifəsinə təyin edildiyini, sözügedən müqavilənin xx.xx.2024-cü il tarixində xx.xx.2024-cü il tarixinədək uzadıldığını, daha sonra, xx.xx.2024-cü il tarixədək bir daha uzadıldığını, bundan sonra, işəgötürən işçini xx.xx.2024-cü il tarixində bitən əmək müqaviləsinin müddətinin uzadılmayacağı və həmin gün əmək müqaviləsinə xitam veriləcəyi barədə xx.xx.2024-cü il tarixli bildirişlə xəbərdar edildiyini, göründüyü kimi, iddiaçı ilə əmək münasibətlərinə qanunvericiliyinin tələbləri çərçivəsində xitam verildiyini bildirərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını, təqdim edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC-nin direktoru Leysan Məmmədov ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixdə bağlanmış Əmək müqaviləsindən görünür ki, həmin müqavilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 3 ay müddətinə bağlanmışdır. İş materiallarında olan "xxxx" MMC-nin direktoru Leysan Məmmədov ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixdə bağlanmış Əmək müqaviləsindən görünür ki, həmin müqavilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 3 ay müddətinə bağlanmışdır. Məhkəmə qeyd edir ki, "xxxx" MMC-nin adı həmin MMC-nin ümumi Yığıcağıın 06 may 2024-cü il tarixli qərarı ilə adı dəyişdirilərək Cavabdeh MMC olmuşdur. İş materiallarında olan Cavabdeh MMC-nin direktoru X5 ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixdə bağlanmış Əmək müqaviləsindən görünür ki, həmin müqavilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 6 ay müddətinə bağlanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 17-2-1/3-1-450/2024 nömrəli «Əmək müqaviləsinə xitam verilməsi haqqında» əmrdə göstərilmişdir ki, “Kadrlar şöbəsi” bölməsində “Kadrlar üzrə aparıcı mütəxəssis” vəzifəsində işləyən İddiaçı haqqında xx.xx.2024-cü il tarixində bitən əmək müqaviləsinin müddəti uzadılmayacaq və həmin gün əmək müqaviləsinə xitam veriləcək. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci və 83-cü maddələrini rəhbər tutaraq əmr edilmişdir: “Kadrlar şöbəsi” bölməsində “Kadrlar üzrə aparıcı mütəxəssis” vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xxxxxxx000800 nömrəli əmək müqaviləsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” əmək müqaviləsinin müddətinin qurtarması səbəbindən xx.xx.2024-cü il tarixdən xitam verilsin. İşçinin xx.xx.2024cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər istifadə edilmiş 23 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi maliyyə şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh MMC-nin direktoru X5 həmin hüquqi şəxsin işçiləri X4 işdən çıxararkən işəgötürən tərəfindən son-haqq hesab düzgün müəyyən edilmədiyinə və İddiaçı əmək müqaviləsinin müddəti bitmədən xitam verildiyinə görə Azərbaycan Respublikası İXM-nin 192.4 və 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh MMC-nin direktoru X5 Azərbaycan Respublikası İXM-nin 192.4 və 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati inzibati xətanı törətdiyinə görə barəsində İXM-nin 192.6-cı maddəsi ilə 1700 manat inzibati cərimə edilmişdir. Məhkəmə iddia üzrə mübahisə predmetləri ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 5-ci maddəsinə əsasən, əmək müqaviləsi (kontraktı)– işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 44-cü maddəsinin 1-ci bəndinə əsasən, Əmək müqaviləsi bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda kağız daşıyıcıda, digər hallarda isə elektron sənəd formasında bağlanılır. 45-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 45-ci maddəsinin 6-cı bəndinə əsasən Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Elektron sənəd formasında bağlanılan əmək müqavilələrində dəyişiklik edildikdə, ilkin əmək müqaviləsi yenidən tərtib olunaraq təsdiq edilir. 68-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: b) əmək müqaviləsinin müddətinin qurtarması; 73-cü maddəsinin 1-ci bəndinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 73-cü maddəsinin 2-ci bəndinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Məhkəmə qeyd edir ki, qanunvericilik fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsinin təmin qaydalarının minimum həddini imperativ qaydada müəyyən edərək, işçini daha çox qorumuş və əmək müqavilələrində də işçinin qanunda göstərilən hüquqlarının daha əlverişsiz vəziyyətə salan müddəaların göstərilməsini, qanunda göstərilməyən əsaslarla və qaydada əmək müqaviləsinin ləğvini qadağan etmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh MMC-nin direktoru X5 ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixdə bağlanmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 6 ay müddətinə bağlanmışdır. Qeyd olunan əmək müqaviləsində göstərilən müddət qurtardıqda, yəni xx.xx.2024-cü il tarixdən sonra sözügedən tərəflər əmək münasibətləri davam etdirmişdir və tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmədiyi üçün həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə, yəni 06 ay müddətinə xx.xx.2025-ci il tarixədək uzadılmış hesab olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300.1-ci maddəsinə görə əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı barəsində verilmiş Cavabdeh MMC-nin direktoru X2 23 dekabr 2024-cü il tarixli, 17-2-1/3-1-450/2024 saylı əmri ləğv edilməli və İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Cavabdeh MMC-nin MMC-nə kadırlar üzrə aparıcı mütəxəssis vəzifəsinə bərpa olunmalıdır. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı barəsində verilmiş Cavabdeh MMC-nin direktoru X2 23 dekabr 2024-cü il tarixli, 17-2-1/3-1-450/2024 saylı əmri ləğv edilsin. İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Cavabdeh MMC-nə kadırlar üzrə aparıcı mütəxəssis vəzifəsinə bərpa olunsun. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar