Məhkəmə qərarları › İş №e-2(013)-2171/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-2171/2025

06.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-2171/2025 06.10.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Bayramov Elşad Abdulla oğlunun sədrliyi Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, Cavabdehlərdən Cavabdeh2 iştirakı ilə, "xxxx" X4 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı plastik kart üzrə overdraft borcun qaytarılması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Kommersiya Bankı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 10.007,41 manat məbləğində overdraft borcun və dövlət rüsumu kimi ödənilmiş 121 manat məbləğin tutularaq ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri "xxxx" KB ASC tərəfindən onunla əsaslandırılmışdır ki, ASC ilə Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixli, 16/R2019 saylı «ödəniş kartları üzrə xidmət göstərilməsi haqqında müqavilə» bağlanmış, tərəflər arasında bağlanmış həmin müqavilənin 1.1-ci bəndinə əsasən bank müştəriyə ödəniş kartına xidmət göstərilməsini və kartla bağlı olan cari hesab vasitəsilə hesablaşma-kassa əməliyyatlarının aparılması üçün bank xidmətləri göstərilməsini, müştəri isə müqavilənin ayrılmaz hissəsi olan bankın müəyyən etdiyi tarif üzrə ona göstərilən bank xidmətlərinə görə müvafiq haqq ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.4.2-ci bəndinə əsasən «kart vasitəsilə bir qayda olaraq hesabda olan pul vəsaitinin məbləği həddində əməliyyat aparmaq və hesab üzrə texniki overdrafta yol verməmək, X2 razılaşdırılmadan kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində müştərinin bank qarşısında vəzifəsidir və müştəri tərəfindən məcburi qaydada ödənilməlidir». Cavabdeh2 bank təərfindən açılmış plastik kart üzrə cəmi 10.007,41 manat overdrafta yol vermiş və yol verdiyi texniki overdraft məbləğini müqavilə üzrə öhdəliklərini yerinə yetirməməklə, bu günədək geri qaytarmamışdır. Qeyd edilir ki, overdraft borcu xx.xx.2022-ci il tarixli, 30B/21-3 saylı əlavə kredit müqaviləsinin ödənişi üzrə yaranmışdır. Belə ki, "xxxx" KB ASC ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli, 30BRD/21 saylı əsas kredit müqaviləsinin çərçivəsində xx.xx.2022-ci il tarixli, 30B/21-3 saylı əlavə kredit müqaviləsi bağlanmışdır. Həmin kreditin təminatı qismində isə Cavabdeh2 ilə xx.xx.2022-ci il tarixli, 30B/21-3 saylı zaminlik müqaviləsi bağlanmışdır. Beləliklə xx.xx.2025-ci il tarixinə cavabdehlərin iddiaçı qarşısında 10.007,41 manat məbləğində texniki overdraft üzrə icra edilməmiş öhdəliyi vardır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi xahiş olunur. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsi X1 iddia tələblərini müdafiə etdi. Əlavə olaraq qeyd etdi ki, ASC ilə cavabdehlərdən Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixli, 16/R2019 saylı «ödəniş kartları üzrə xidmət göstərilməsi haqqında müqavilə» bağlanmış, bank müştəriyə bank xidmətləri göstərilməsini, müştəri isə ona göstərilən bank xidmətlərinə görə müvafiq haqq ödəməyi öhdəsinə götürmüşdür. 2021-ci ildə müştəriyə ümumilikdə 240.000 manat pul verilmiş, ona məxsus ev borcun təminatı kimi ipoteka ilə yüklü edilmişdir. Cavabdehlər ASC-yə borclu olduğu məbləğdən 10.007.41 manat ödəniş etmiş, lakin həmin məbləğ ASC-nin hesabına oturmamış borclu 24 saat müddətində həmin məbləği kartından çıxarmış və çıxarılan həmin məbləği banka köçürmüş, beləliklə də Cavabdeh2 bank tərfindən açılmış plastik kart üzrə 10.007,41 manat overdrafta yol vermiş və öhdəliklərini yerinə yetirməməklə bu günədək həmin məbləği geri qaytarmamışdır. Yəni həmin məbləğ borcluların borclarından 2 dəfə silinmişdir. Beləliklə də cavabdehlərin ASC-yə 10.007,41 manat məbləğində texniki overdraft üzrə icra edilməmiş öhdəliyi qalmışdır. Cavabdehlərlə aparılan danışıqlar nəticə verməmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. "xxxx" ASC-nin yeni nümayəndəsi Nümayəndə həmçinin məhkəməyə iddia tələbləri ilə bağlı yazılı izahat da ünvanlamışdır. Yazılı izahatda Nümayəndə qeyd edir ki, "xxxx" KB ASC ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli, 30BRD/21 saylı əsas Kredit Müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2022-ci il tarixli, 30B/21-2 saylı Əlavə Kredit Müqaviləsinə əsasən borcalana 24 ay müddətinə illik 16 % ödəmək şərtilə 30.000 AZN məbləğində, xx.xx.2022-ci il tarixli, 30B/21-3 saylı Əlavə Kredit Müqaviləsinə əsasən borcalana 24 ay müddətinə illik 16 % ödəmək şərtilə 80.000 AZN məbləğində kredit verilmişdir. Kreditin təminatı qismində həm ipoteka müqaviləsi, həm də zaminlik müqavilələri bağlanmışdır. Belə ki, xx.xx.2021-ci il tarixli, 30BRD/21 saylı əsas Kredit Müqaviləsinin təminatı qismində bağlanmış xx.xx.2021-ci il tarixli, 30İBRD/21 nömrəli İpoteka Müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2566-cı məhəllə, 137A saylı evin, 360 saylı mənzili ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bundan əlavə "xxxx" KB ASC ilə Cavabdeh2 arasında yuxarıda qeyd olunan hər iki əlavə kredit müqaviləsi üzrə müvafiq olaraq xx.xx.2022-ci il tarixli, 30B/21-2 saylı və 30B/21-3 saylı Zaminlik Müqavilələri bağlanmışdır. Kredit müqavilələri üzrə öhdəliklər yerinə yetirilmədiyindən borclu Cavabdeh1 xx.xx.2023-cü il tarixli Maliyyə Arayışına əsasən 30B/21-2 saylı Əlavə Kredit Müqaviləsinə görə əsas kredit borcu üzrə 16.190,10 AZN, faiz borcu üzrə 81,95 AZN, cəmi 16.272,05 AZN, 30B/21-3 saylı Əlavə Kredit Müqaviləsinə görə əsas kredit borcu üzrə 66.883,23 AZN, faiz borcu üzrə 247,02 AZN, cərimə borcu üzrə 46,53 AZN, cəmi 67.176,78 AZN borcu yaranmışdır. Qanunvericiliyin tələblərinə müvafiq olaraq hər iki əlavə kredit müqaviləsi üzrə yuxarıda qeyd olunan borc məbləğində xx.xx.2023-cü il tarixdə Naftalan Şəhər Notariat Ofisi tərəfindən 2 ədəd İCRA QEYDİ verilmişdir. Həmin icra qeydlərinə əsasən 30B/21-2 saylı Əlavə Kredit Müqaviləsi üzrə cəmi 16.272,05 manat məbləğində, 30B/21-3 saylı Əlavə Kredit Müqaviləsi üzrə isə 67.176,78 manat məbləğində borc müəyyən olunmuşdur. Cavabdeh1 kredit öhdəlikləri üzrə bağlanmış zaminlik müqavilələrinə əsasən zamin Cavabdeh2 da eyni həcmli məsuliyyəti öz üzərinə götürmüşdür. Eyni zamanda məhkəməyə təqdim olunan hesabdan çıxarışdan göründüyü kimi borclu Cavabdeh1 bank hesabları üzərində vergi sərəncamı olduğundan, notariusun icra qeydləri alındıqdan sonra 2023-cü ilin avqust ayından başlayaraq müxtəlif vaxtlarda Cavabdeh1 kredit öhdəlikləri üzrə zamin olan Cavabdeh2 bank hesabları vasitəsilə borc öhdəliyinin icrası üçün pul vəsaitləri ödənilmişdir. Lakin iddia ərizəsində qeyd olunduğu kimi xx.xx.2023-cü il tarixdə Cavabdeh1 kredit öhdəlikləri üzrə zamin Cavabdeh2 plastik kart hesabında olan 10.014,25 manat məbləğində pul vəsaiti bank tərəfindən akseptsiz qaydada tutularaq 30B/21-3 saylı Əlavə Kredit Müqaviləsi üzrə 67.176,78 manat borcundan azaldılmasına baxmayaraq eyni zamanda həmin gün Cavabdeh2 texniki overdrafta yol verərək sözügedən məbləği, yəni 10.000 manatı ödəmə terminalından nağd pul şəklində çıxararaq X3 kassada 30B/21-2 saylı Əlavə Kredit Müqaviləsi üzrə 16.272,05 manat borcundan da azaltmışdır. Göründüyü kimi Cavabdeh1 kredit öhdəlikləri üzrə zamin Cavabdeh2 kart hesabında olan cəmi 10.014,25 manat pul vəsaiti xx.xx.2023-cü il tarixdə 2 dəfə silinmişdir. Yəni kartda olan cəmi 10.014,25 manat 30B/21-3 saylı Əlavə Kredit Müqaviləsi üzrə həm akseptsiz qaydada silinmiş, həm də Cavabdeh2 özünə məxsus plastik kart üzrə texniki overdrafta yol verərək yenidən eyni pul vəsaitini ödəmə terminalından nağdlaşdıraraq 30B/21-2 saylı Əlavə Kredit Müqaviləsi üzrə 10.000 manat məbləğində ödəniş etmişdir. Bununla da Cavabdeh1 30B/21-3 saylı Əlavə Kredit Müqaviləsi üzrə Cavabdeh2 kart hesabından akseptsiz qaydada silinmiş pul vəsaiti növbəti gün artıq həmin hesabda olmadığından Cavabdeh2 plastik kartda yol verdiyi texniki overdraft borcu yaranmışdır. O da bildirilir ki, "xxxx" KB ASC ilə Cavabdeh2 arasında hər iki əlavə kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2022-ci il tarixli, 30B/21-2 saylı və 30B/21- 3 saylı ZAMİNLİK Müqavilələrinin 3.2-ci bəndinin 2-ci hissəsində qeyd olunur ki, "Kredit müqaviləsi üzrə öhdəliklər borclu tərəfindən icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda Borclunun və Zaminin bank hesablarından təmin edilən tələblərini tam həcmdə ödəyə biləcək məbləğdə pul vəsaitini akseptsiz qaydada silmək kreditorun hüququdur." Göründüyü kimi Cavabdeh1 30B/21-3 saylı Əlavə Kredit Müqaviləsi üzrə onlayn qaydada silinmiş pul vəsaiti əslində ödənilməmiş, iş üzrə zamin olan Cavabdeh2 məxsus plastik kartı üzrə overdraft borcu yaratmışdır. Yəni İCRA QEYDİ üzrə banka ödənilməli olan cəmi 83.448,83 (67.176,78 + 16.272,05) manat pul vəsaitindən əslində cəmi 73.441.42 manat pul vəsaiti ödənilmiş, 10.007,41 manat pul vəsaiti isə kartda olmadığından silinməmiş, zaminin overdraft borcunun yaranmasına səbəb olmuşdur. Bununla da həm borclu, həm də zamin kredit öhdəliyinə görə əsassız varlanmışlar. Ona görə də cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı ASC-nin xeyrinə 10.007,41 manat məbləğində yaranmış overdraft borcun və ödənilmiş 121 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş, "xxxx" Kommersiya Bankı ASC-nin yeni nümayəndəsi Nümayəndə eynilə yazılı izahatda qeyd edilənlərə uyğun izahat verdi. Əlavə olaraq qeyd etdi ki, ASC tərəfindən cavabdehlərə 240.000 manat hesab açılıb. 18 noyabr 2021-ci ildə limit açılıb. 05 mart 2022-ci ildə əlavə müqavilə ilə onlara 30.000 manat verilib. 06 iyun 2022-ci ildə isə onlara 80.000 manat da verilib. Cavabdeh1lə ipoteka müqaviləsi bağlanıb, ev borcun təminatı olaraq girov qoyulub. Cavabdehlər borclarını gecikdirdikləri üçün 17 aprel 2023-cü ildə ipoteka predmetinə tutma yönəldilməsi üçün icra qeydi açılıb. Həmin vaxt 30.000 manat götürülən məbləğə görə cavabdehlərin 16.190.10 manat əsas, 81.91 manat faiz borcu ilə birlikdə 16.272.05 manat borcları qalmışdır. 80.000 manat götürülən məbləğə görə isə 65.883.23 manat əsas borc və faiz borcu olaraq 272.02 manat, dəbbə pulu olaraq 46.53 manat, cəmi 67.176.78 manat borcları olmuşdur. Cavabdehlər 2023-cü ilin avqust ayında gəlib borcarını tam ödəmək istəmələrini bildirmişlər. 15 avqust 2023-cü ildə zaminin kartı vasitəsi ilə ASC-yə 10.014.25 manat pul ödənişi edilmiş, lakin həmin gün də zamin tərəfindən həmin məbləğ kartdan çıxarılmışdır. Bundan sonra ev girovdan çıxarılmış, lakin sonradan müəyyən edilmişdir ki, ödənilən həmin məbləğ ASC-yə mədaxil olunmamışdır. Cavabehlər 1-ci dəfə gəlib həmin məbləği kart vasitəsi ilə ödəmişlər, sonra isə həmin məbləğ ASC-yə mədaxil olunmamış kart vasitəsi ilə pulu çıxarıb, ertəsi gün nəğd ödəniş etmişlər. Ona görə də iddia tələblərini əsaslı hesab edir, təmin edilməsini xahiş edir. Cavabdehlərdən Cavabdeh2 iddianı rədd etdi. Göstərdi ki, pul ASC-dən Cavabdeh1 tərəfindən götürülüb və borcun təminatı kimi Samirə məxsus ev girov qoyulub. 1-ci dəfə 80000 manat, 2-ci dəfə 30000 manat pul götürülüb. Həmin məbləği 2 ilə tam olaraq Bakı Şəhərində ödəmişlər, 27 mart 2024-cü ildə evi girovdan çıxarmışlar, bu barədə bank tərəfindən onlara rəsmi arayış verilib. 15 avqust 2023-cü il tarixdə ödəniş etmək üçün banka yaxınlaşmış, debet kartında olan məbləğin borc hesabına çıxılmasını bank kassirindən xahiş etmişdir. Lakin bankın xanım əməkdaşı ona bildirmişdir ki, debet kartdan bank tərəfindən pulun çıxarılması mümkün olmadığından həmin məbləği bank terminalından özü çıxarıb gətirsin. Bundan sonra 10.000 manat məbləği bankın qarşısında olan terminaldan hissə-hissə nağdlaşdırmış və bankın kassasına yaxınlaşmış və kassaya nəğd şəkildə ödəniş etmiş, həmçinin ona bu barədə qəbz də verilmişdir. Sonra bank əməkdaşı ilə sağollaşmış və çıxıb getmişdir. 10.007,41 manatı ödəmişlər, əllərində ödəniş qəbzi var. İddia tələblərində göstərilənlərin heç bir əsası yoxdur. Belə ki, bank əməkdaşları tərəfindən bankın pulları mənimsənilmiş, həmin mənimsənilən məbləğləri bağlamaq üçün belə əməllərə əl atmışlar. Ondan başqa bir neçə şəxslərə münasibətdə də "xxxx" Kommersiya Bankı ASC tərəfindən belə iddialar irəli sürülüb. Qeyd edir ki, onun debet kartından pul məbləğinin silinməsi mümkün olan hal deyil. Bu səbəbdən də pulu terminaldan bank işçisinin tapşırığı ilə nəğdləşdirib sonra kassaya nəgd ödəniş edib. 15 avqust 2023-cü il tarixdə ödəniş etdiyi məbləğ əgər 1 gün müddətində hesabda görünməmişdirsə 27 mart 2024-cü il tarixdə ona borclu olmaması və evin girovdan çıxarılması ilə bağlı bank tərəfindən necə arayış verilə bilərdi ?. Bundan əlavə Bank tərəfindən ev girovdan çıxarıldıqdan sonra, yəni 31 mart 2024-cü il tarixdə debet kartından 10014.25 manatın çıxarılması ilə bağlı onun adından saxta əməliyyat da aparılıb. Halbuki həmin vaxt bankla aralarında olan qarşılıqlı öhdəliklərə artıq xitam verilmiş idi. Bu barədə onun telefonuna gəlmiş çıxarışı da məhkəməyə təqim edir. Dəfələrlə banka gedib məsələni yoluna qoymasını onlara bildirmişdir. Göründüyü kimi bank öz əməkdaşlarının saxtakarlıqla mənimsədiyi pulları vətəndaşlardan almaq istəyir. Hesab edir ki, iddia tələbləri tamamilə əsassız və qanunsuzdur, iddia tələblərini rədd edir. Cavabdehlərdən Cavabdeh1 da iddia tələblərini rədd etdi, digər cavabdehlə oxşar məzmunlu izah verdi. Məhkəmənin bu günə təyin edilmiş iclasına "xxxx" KB ASC-nin nümayəndəsi ərizə ünvanlamış, işə iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdehlərdən Cavabdeh1 isə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işin baxılmasını mümkün bilmişdir. Məhkəmə iş materiallarını öyrənib, tərəfləri, nümayəndələri dinləyib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Sözügedən ASC ilə Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixli, 16/R2019 saylı "ödəniş kartları üzrə xidmət göstərilməsi haqqında müqavilə" bağlanmış, müştəri ödəniş kartına xidmət göstərilməsini və ona göstərilən bank xidmətlərinə görə müvafiq haqq ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" KB ASC ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli, 30BRD/21 saylı əsas kredit müqaviləsi çərçivəsində xx.xx.2022-ci il tarixli, 30B/21-3 saylı əlavə kredit müqaviləsi bağlanmışdır. Borcalan F.Mustafayev ilə ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 30B/21-3 saylı Əlavə Kredit müqaviləsindən görünür ki, bu müqavilə üzrə «Bank» tərəfindən borcalana 80000 manat məbləğində, 24 ay müddətinə, xx.xx.2024-cü il tarixinədək, illik 16 faiz ödəmək şərti ilə verilmişdir. İş materiallarında olan Cavabdeh2 (sonradan «zamin») və F.Mustafayev (sonradan "xxxx") ilə ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 30B/21-3 saylı Zaminlik müqaviləsindən görünür ki, zamin kreditor qarşısında borclunun xx.xx.2022-ci il tarixli, 30B/21-3 saylı Əlavə kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Borcalan F.Mustafayev ilə ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 20/23SU əsas kredit müqaviləsindən görünür ki, borc verən borc alana 543.000 manat məbləğində, illik maksimum 28 faiz, minimum 1 ay, maksimum 120 ay müddətinə, xx.xx.2033-cü il tarixinədək müddət ərzində, bu Müqavilə çərçivəsində Əlavə Kredit Müqavilələri bağlanılmaqla kredit verilmişdir. İddiaçı "xxxx" KB ASC-nin xx.xx.2025-ci il tarixli Maliyyə Arayışından görünür ki, Cavabdeh2 ASC-yə 524375KRRKDJ6214 nömrəli plastik kart üzrə ümumi 10.007,41 manat overdraft borcu yaranmışdır. "xxxx" KB ASC-nin hazırkı cavabdehlərə ünvanladığı 10 iyun 2025-ci il tarixli Pretenziya Məktubundan görünür ki, cavabdehlərin bank qarşısında plastik kart üzrə 10 007.41 manat overdraft borcları yaranmış, həmin borc 06 iyun 2022-ci il tarixli 30B/21-3 saylı əlavə kredit müqaviləsi üzrə yaranmışdır. "xxxx" KB ASC-nin aidiyyəti məhkəmələrə 10 007.41 manat overdraft borcların yaranması səbəbləri barədə arayışından görünür ki, 15 avqust 2023-cü il tarixdə 524375KRRKDJ6214 nömrəli karta 1229, 2124, 3117.25, 4107.25, 5097,25, 6087.25, 7077.25, 8067.25, 9057.25, 10047.25, 10131.25 AZN məbləğlərdə mədaxil olmuş, elə həmin gündə də 10014.25 AZN məxaric edilmişdir. AZE ******** saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx xxxxxx 1989-cu il təvəllüdlüdür, Ağdam rayonunun Sarıhacılı kəndində qeydiyyatdadır. AZE ******** saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, cavabdehlərdən Cavabdeh1 xx xxxxxxxx 1981-ci il təvəllüdlüdür, Naftalan şəhəri, H.Əliyev küçəsi ev 21, mənzil 15-də qeydiyyatdadır. Cavabdehlərin məhkəməyə təqdim etdikləri ödəniş qəbzlərindən görünür ki, 19 noyabr 2021-ci il tarixdən etibarən onlar tərəfindən müxtəlif məblğələrdə ASC-yə kredit ödənişləri edilmişdir. Həmçinin mübahisələndirilən 15 avqust 2023-cü il tarixli Nəğd Ödəniş barədə "xxxx" KB ASCnin 8 saylı Qəbzindən görünür ki, həmin tarixdə Cavabdeh2 tərəfindən bankın hesabına 10.000 manat məbləğində kredit ödənişi edilmiş, ona bu barədə həmin Qəbz verilmişdir. "xxxx" KB ASC-nin çıxarışından görünür ki, ipoteka predmeti girovdan çıxarıldıqdan sonra, **** **** ****6214 nömrəli kart üzrə 31 mart 2024-cü il tarixdə həmin debet kartdan 10014.25 manatın çıxarılması ilə bağlı əməliyyat aparılıb. Həmçinin "xxxx" KB ASC-nin Əməliyyatlar Departamentinin Direktorunun Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı Şəhəri Ərazi İdarəsinə ünvanladığı 27 mart 2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2021-ci il tarixli İpoteka Müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2566-cı məhəllə, 137A saylı evin, 360 saylı mənzili ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmiş, bank qarşısında öhdəlik icra edildiyindən həmin əmlakın ipotekasının dövlət qeydiyyatının ləğv edilməsi xahiş olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində qeyd olunur ki, "Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd olunan Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Sözügedən Məcəllənin 430.1-ci maddəsinə görə əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 527.1-ci maddəsinə görə öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 528-ci maddəsinə görə öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Qeyd olunan Məcəllənin 529.1-ci maddəsinə görə borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Həmin Məcəllənin 529.2-ci maddəsinə görə öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. Məcəllənin 529.3-cü maddəsinə görə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki, ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Həmçinin Məcəllənin 529.4-cü maddəsinə görə borcun alınması barədə tərtib edilmiş, faizlərə dair məlumatlar göstərilməmiş sənəd nəzərdə tutur ki, həm faizlər ödənilmişdir, həm də pul öhdəliyinə tamamilə xitam verilir. Qeyd olunan Məcəllənin 529.5-ci maddəsinə görə borc vaxtaşırı, hissə-hissə ödənilərkən onun sonuncu hissəsinin ödənilməsi barədə sənəd, nə qədər ki, ayrı hal müəyyənləşdirilməyib, ondan əvvəlki hissənin də ödənildiyini ehtimal etməyə əsas verir. Həmin Məcəllənin 529.7-ci maddəsinə görə icra haqqında kreditorun və ya buna vəkil edilmiş şəxsin tərtib etdiyi sənəddə borcun həcmi və növü, borclunun və ya borcu ödəyən şəxsin adı, icranın vaxtı və yeri haqqında məlumatlar göstərilməlidir. Məhkəmə iclasında iştirak etmiş bankın nümayəndələri bildirirlər ki, vəziyyətin belə yaranması cavabdehlərdən /müqavilələr üzrə zamin/ Cavabdeh2 təqsiri ucbatından baş vermiş, Cavabdeh2 debet kartından bankda məbləğ çıxarılmamış o, həmin məbləği kartından çıxarmış, yenidən ödəniş etmiş, bu səbəbdən də borc məbləği 2 dəfə silinmişdir. Bu hal isə onlara 6-7 ay sonra məlum olmuşdur. Cavabdehlərdən Cavabdeh2 isə bildirir ki, bank nümayəndələrinin göstərdikləri tamamilə yalandır. Belə ki, banka yaxınlaşarkən onun debet kartından pulun bank tərəfindən çıxarılması mümkün olmamışdır, bu səbəbdən də bank əməkdaşının tapşırığı ilə həmin məbləği bankın terminalından çıxarmış və dərhal qayıdaraq nəğd şəkildə banka ödəniş etmiş, bundan sonra kartında pul qalmamışdır. Bank onun pul olmayan kartından necə pul çıxara bilərdi ?. Həmçinin bank nümayəndələri bildirirlər ki, ödəniş edilmiş məbləğ 1 gün müddətində kartdan silinməli idi. Əgər 1 gün müddətində əməliyyat aparılmayıbsa, kartdan pul silinməyibsə ona niyə bu barədə dərhal məlumat verilməyib, yalnız 7 ay ötdükdən sonra, öhdəliklər icra edildikdən və ev girovdan çıxarıldıqdan sonra onun telefonuna borclu qalması ilə bağlı məlumat gəlib. Bankın xanım əməkdaşı məhkəməyə gətilisə idi işin bu halını təsdiq edə bilərdi. İşin hallarından göründüyü kimi və məhkəmə araşdırması ilə müəyyən edildi ki, sözügedən kredit müqavilələri üzrə zamin Cavabdeh2 tərəfindən 15 avqust 2023-cü il tarixdə kredit ödənişi edilməsi üçün banka müraciət olunmuş, ona məxsus debet kartdan bank tərəfindən pulun çıxarılmasının mümkün olmaması səbəbindən Cavabdeh2 həmin məbləği bankı qarşısında olan terminaldan çıxarmış və bankın kassasına nəğd şəkildə ödəmiş, bank tərəfindən ona Nəğd Ödəniş barədə "xxxx" KB ASC-nin 8 saylı, 15 avqust 2023-cü il tarixli Qəbzi verilmişdir. Bundan sonrakı müddətlərdə də ödənişlər cavabdehlər tərəfindən davam etdirilmiş, "xxxx" KB ASC-nin Əməliyyatlar Departamentinin Direktoru cavabdehlərə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı Şəhəri Ərazi İdarəsinə borcun ödənilməsi və cavabdehlərdən Cavabdeh1 məxsus, ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmiş əmlakın /evin/ ipotekasının dövlət qeydiyyatının ləğv edilməsi barədə 27 mart 2024-cü il tarixli arayış verilmişdir. Bank nümayəndələri məhkəməyə iddia tələbələri ilə bağlı öz mülahizələrini və gümanlarını bildirirlər, məhkəməyə tələblərinin əsası kimi istinad edilən hər hansı konkret sübutlarını təqdim etmirlər, bu halın, yəni overdraft borcun yaranmasının onlara 6-7 ay sonra məlum olmasını bildirirlər. Həmçinin hazırkı mübahisə tərəfləri aralarında bağlanmış xx.xx.2020-ci il tarixli, 16/R2019 saylı "ödəniş kartları üzrə xidmət göstərilməsi haqqında müqavilə"nin 2.8-ci bəndi nəzərdə tutur ki, müəyyən texniki səbəblərə görə hesabda mövcud olan pul vəsaitindən daha artıq istifadə oluna bilinməsi texniki overdraftın formalaşması ilə nəticələnə bilər. Belə olan halda müştəri bank qarşısında yaranmış borcu 30 gün müddətində ödəməlidir, əks halda bank illik 30 % dərəcəsi ilə cərimə məbləği tələb edə bilər, həmçinin müəyyən edilmiş müddətdə müştəri borcu qaytarmadıqda bank onun kart hesabından akseptsiz qaydada pul silə bilər. Göründüyü kimi Bank tərəfindən texniki overdraftın yaranması bildirilsə də, 15 avqust 2023-cü il tarixdən hazırkı vaxtadək ötən müddət ərzində bu barədə müştəri vaxtında rəsmi olaraq məlumatlandırılmamış, ona yaranmış overdraftın ödənişi ilə bağlı təklif verilməmiş, onun kart hesablarına borc məbləği və cərimə faizləri yazılmamışdır. Beləliklə də müştərilər /əsas borclu və zamin/ bank qarşısında öhdəliklərini tamamilə icra etmişlər, borc məbləği tam ödənilmiş, bu barədə bank tərəfindən borclulara rəsmi arayış verilmiş və ev girovdan çıxarılmışdır. Göründüyü kimi bank əməkdaşlarının səhlənkarlığı və məsuliyyətsiz davranışları ilə pul məbləğlərinin silinməsində səhvlərə yol verilmiş, borclulara aydınlaşdırılması üçün bu barədə vaxtında məlumat verilməmiş, yalnız borc ödənişləri tamamlandıqdan, ipoteka predmeti girovdan çıxarıldıqdan sonra təqsirli olmadıqları halda onların borclu olmaları ilə bağlı mübahisə açılmışdır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddia tərəfinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilməsin. "xxxx" X4 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı onlardan müştərək qaydada plastik kart üzrə overdraft borc olan 10.007,41 (on min yeddi manat qırx bir qəpik) manat məbləğində pulun tutulması tələbinə dair iddiası təmin edilməsin. Dövlət rüsumu kimi ödənilmiş 121 (bir yüz iyirmi bir) manat iddiaçı tərəfə aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar