Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-2363/2024 09.12.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbi barədə mülki işə 09 dekabr 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC-nin direktoru X2 rayon məhkəməsinə ünvanladığı ərizəsində göstərmişdir ki, “X1" ASC ağır texnika və yük avtomobillərinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir. Satılmış texnikalara texniki xidmət və ehtiyat hissələrinin təchizatı da şirkətin fəaliyyətinin tərkibinə daxildir. Ehtiyat hissələrinin saxlandığı QSA5 anbarı şirkətdə əmək müqaviləsi ilə çalışan sürücü-ekspeditor Cavabdeh təhkim olunmuşdur. İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə “X3” haqqında müqavilə bağlanmışdır. QSA5 adlı qaynar satış anbarında mal qalıqlarının düzgünlüyünün yoxlanılması məqsədi ilə sözügedən anbar üzrə məsul şəxs Cavabdeh iştirakı ilə 09 mart 2024-cü il tarixində sayım keçirilmiş və "Anbar qalqılarının sayımının nəticələri haqqında" akt tərtib edilmişdir. Həmin aktda öz əksini tapmış cədvələ əsasən Cavabdeh məsuliyyətində olan ümumi dəyəri 677manat olan "2 ədəd GENESİS UNİVERSAL 5W-30, SL/CF 1 litr, 1 adəd LUKOİL LUXE 10W-40 SL/CF 1 litr, 1 ədəd LUKOİL LUXE TURBO DİESEL 10W-40 CF 4 litr, 7 ədəd LUKOİL SUPER 10W-40 SG/CD 1 litr, 10 adəd LUKOİL SUPER 10W-40 SG/CD 4 litr, 2 ədəd LUKOİL SUPER 10W-40 SG/CD 5 litr, 2 ədəd LUKOİL SUPER 15W-40 SG/CD 1 litr, 3 ədəd LUKOİL SUPER 15W-40 SG/CD 5 litr, 3 ədəd LUKOİL SUPER 20W-50 SG/CD 1 litr, 3 ədəd LUKOİL SUPER 20W-50 SG/CD 4 litr, 3 ədəd LUKOİL SUPER 20W-50 SG/CD 5 litr" malları əskik gəlmiş və 677 manat dəyərində mal qalığı yaranmışdır. Həyata keçirilən sayım ilə əlaqədar Cavabdeh 09 mart 2024-cü il tarixində izahat yazaraq qeyd edilən QSA5 anbarında keçirilən sayım nəticəsində yaranan 677 manat borcu olduğunu təsdiq etmişdir. Həmçinin QSA5 anbarı üzrə Cavabdeh satışını həyata keçirməli olduğu ümumi dəyəri 1647,10 manat olan 35 ədad Lukoil Super 10W-40 SG/CD 4L, 6 ədəd Lukoil Super 10W-40 SG/CD 5L, 3 ədəd Lukoil Super 15W-40 SG/CD 1L, 11 ədəd Lukoil Super 15W-40 SG/CD 4L, 8 ədəd Lukoil Super 15W-40 SG/CD 5L, 2 ədəd Lukoil Super 20W-50 SG/CD 4L, 1 ədəd Genesis Armortech 5W-40 SB/CF 4L mallarının satışından sonra əldə edilən məbləği qanunsuz mənimsəmiş, şirkətin kassasına mədaxil etməmişdir. Cavabdeh məhz sözügedən məsələ ilə bağlı 1647,10 kassa borcunun olduğunu xx.xx.2024-cü il tarixli izahatında etiraf etmiş və həmin izahatda yuxarıda qeyd edilən əskik gəlmiş 677 manatlıq mal qalığı və 1647,10 manatlıq kassa borcunu, yəni ümumilikdə 2324,10 AZN-lik borcunu xx.xx.2024-cü il taixinə qədər tam şəkildə ödəyəcəyini qeyd etsə də, tələb edilməsinə baxmayaraq borcun ödənilmədiyini qeyd etməklə vurulmuş ziyana görə Cavabdeh 2324,10 manat, 60 manat mediasiya xərci və ödənilmiş dövlət rüsumunun əvəzində 44 manat tutularaq İddiaçı ASCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi K.İ.Bağırov məhkəməyə ərizə ünvanlayaraq işə iştirakı olmadan baxılmasını iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh iddianı etiraf etməyərək bildirmişdir ki, tələb olunan puldan xəbəri olmamışdır. 2023-cü ildən 2024-cü ilin mart ayınadək satış üzrə məsləhətçi işləmişdir. Hər həftənin bir günü malları götürərək rayona getmişdir. Səhər saat 09:00-da işə gələn zaman onun mal apardığı avtomobildən malların digər işçilər tərəfindən yerə töküldüyünü görmüşdür. Avtomobilinin açılmasına və malların yerə tökülməsinə etiraz etsə də sayım olduğunu və onun 550 manat çatışmazlığının olduğunu bildirmişlər. Həmin həftənin şənbə günü sayım etmişlər, məlum olmuşdur ki, 3223 manat əskik vardır. Etiraz etmiş, bundan sonra onun əskiyinin 2200 manat, daha sonra 1700 manat olduğunu demişlər. Yenidən etiraz etmiş, buna görə də, müdriyyət bu məsələni özü həll edəcəyini bildirərək ona izzahat yazmağı demişdir. O, isə izzahat yazaraq borcunun olduğunu qeyd etmişdir. Onun heç bir borcunun olmadığını qeyd etməklə iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmədə elan olunmuş xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh İddiaçı ASC-də sürücü-ekspeditor vəzifəsinə işə götürülmüşdür. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli tam maddi məsulliyyət haqqında müqavilənin surətindən görünür ki, Cavabdeh X3i öz üzərinə götürmüşdür. xx.xx.2023-cü il tarixli anbarın təhkim olunması haqqında 04 TH nömrəli əmrin surətindən görünür ki, İddiaçı ASC-nin QSA5 anbarı sürücü-ekspeditor Cavabdeh təhkim olunmuşdur. xx.xx.2024-cü il tarixli X/010-24 nömrəli əmrin surətindən görünür ki, Cavabdeh İddiaçı ASC-dən işdən azad edilmişdir. xx.xx.2024-cü il tarixli Cavabdeh tərəfindən yazılmış izahatın surətindən görünür ki, onun 677 manat əskiyi və 1647,10 manat kassa borcu yaranmış və həmin borcları xx.xx.2024-cü il tarixədək tam şəkildə ödəyəcəyini qeyd etmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçı ilə Cavabdeh arasında tam maddi məsulliyət haqqında müqavilə bağlanmış və Cavabdeh mallara cavabdehlik barədə üzərinə öhdəlik götürmüşdür. İddiaçı Cavabdeh işə götürmüş, Cavabdeh isə işlədiyi müddətdə iddiaçıya 2324,10 manat ziyan vurmuşdur. Cavabdeh vurduğu ziyanı qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində qeyd olunmuşdur ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zədə), habelə pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli,hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.1-ci maddəsində göstərilmişdir ki, borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı,qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib,öhdəliyə xitam verildiyini təsdiqləyir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən 60 manat mediasiya xərcinin və iddiaçı tərəfindən ödənilmiş 44 manat dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia əsaslı olduğundan təmin edilsin. Cavabdeh vurulmuş ziyana görə 2324 (iki min üç yüz iyirmi dörd) manat 10 (on) qəpik, 60 manat mediasiyaya çəkilmiş xərc və ödənilmiş 44 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №e-2(013)-2363/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-2363/2024
09.12.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver