Məhkəmə qərarları › İş №e-2(013)-4167/2025

Ağdam Rayon Məhkəməsi Qərardad — İş №e-2(013)-4167/2025

22.12.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № e-2(013)-4167/2025 22.12.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlu İddiaçı «Avrora” MMC Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq məhkəmənin binasında mülki işin materiallarını məhkəmə iclasından kənar nəzərdən keçirib, m ü ə y y ə n e t d i: İddiaçı «Avrora” MMCCavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2671.37 manat pulun və ödənilmiş mediyasiya xərcinin əvəzi olaraq 50 manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə icraata qəbul edilmədən ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 149.2.2-ci maddəsinin tələbinə əsasən, ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. İddia ərizəsindən görünür ki, qanunda göstərilmiş qaydada Cavabdeh şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri ərizədə göstərilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Cavabdeh, poçt ünvanı işğal altında olmuş, 20 noyabr 2020-ci il tarixdə işğaldan azad edilmiş, lakin mülki əhalinin yaşamadığı Ağdam rayonu, Papravənd Ə/D ünvanı göstərilmiş və həmin cavabdehin faktiki yaşayış ünvanı göstərilməmişdir. Məhkəmə hesab edir ki, həmin hal işə baxılarkən ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsinə maneə ola bilər. Belə ki, qeyd olunan cavabdehin məhkəmə tərəfindən məhkəmə iclaslarına dəvət edilməsi, həmçinin, çıxarılacaq qətnamənin gələcəkdə icra edilməsi də mümkün deyildir. Azərbaycan Respublikası MPM-nin 9.1-ci madəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 9.2-ci madəsinə əsasən, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Şərh edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər icraata qəbul edilməməli və ərizəçiyə geri qaytarılmalıdır. Bununla yanaşı ərizəçiyə izah olunur ki, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 152, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, q ə r a r a a l d ı: İddiaçı «Avrora” MMC Cavabdeh qarşı cavabdehdən 2671.37 manat pulun və ödənilmiş mediyasiya xərcinin əvəzi olaraq 50 manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılsın. İddiaçıya bir daha izah olunsun ki, ərizənin qaytarılması ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar