Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-670/2025 16.04.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Cavabdeh nümayəndəsi – X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə mülki işə 16 aprel 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC-nin prezidenti C.H.Abbasov rayon məhkəməsinə ünvanladığı ərizəsində göstərmişdir ki, Cavabdeh xx.xx.2023-cü ildən İddiaçı MMC-də satış nümayəndəsi vəzifəsində işləmişdir. xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə cavabdehin fəaliyyəti yoxlanarkən müəssisəyə məxsus malların satışı nəticəsində əldə olunmuş 7055,77 manat pul vəsaitinin müəssisənin kassasına ödəməyərək mənimsədiyi və şəxsi ehtiyaclarına xərclədiyi aşkar olunmuşdur. Cavabdehin müəssisəyə vurduğu ziyanı hazırki vaxta qədər ödəmədiyini qeyd etməklə Cavabdeh 7055,77 manat pul, mediasiya şurası üçün ödənilmiş 50 manat və ödənilmiş dövlət rüsumu əvəzində 90,56 manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 məhkəməyə ərizə ünvanlayaraq iddianı müdafiə etdiyini qeyd etməklə işə olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi qismində məhkəmədə izahat verən A.H.Rzayev iddianı etiraf etməyərək göstərmişdir ki, oğlu Cavabdeh xx.xx.2023-cü ildə İddiaçı MMC-yə mal paylayan işinə qəbul olunmuş və xx.xx.2024-cü ildə ərizə verərək işdən azad olunmuşdur. Nicatın mal payladığı mağazalar bağlanmışdır. Nicat əmək kitabçası verilmədiyindən məcbur olaraq qanunsuz akta imza etmişdir. Nicatın mal verdiyi şəxslərin borcuna görə məsuliyyət daşımadığını qeyd etməklə iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Cavabdehin əsassız varlanması, iddiaçıya zərər vurması, pul ödəməsi barədə üzərinə hər hansı bir öhdəlik götürməsi məhkəmə baxışında müəyyən olunmamışdır. Cavabdehin iddiaçı qarşısında öhdəliyinin yaranması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsində nəzərdə tutulan əsaslardan heç biri mövcud olmamışdır. Məhz həmin səbəbdən məhkəmə belə hesab edir ki, iddia təmin oluna bilməz. İddiaçı tərəf tələbini əsaslandırmaq üçün məhkəməyə xx.xx.2024-cü il tarixli aktın kserosurətini təqdim etmişdir. Həmin aktda göstərilmişdir ki, yoxlama zamanı Cavabdeh təhkim edilmiş müştərilərin faktiki borc qalıqları yoxlanılmış və 22440,1 manat olması müəyyən edilmişdir. Cavabdeh ona təhkim edilmiş müştərilərin faktiki borcuna görə məsuliyyət daşımır. Odur ki, sözügedən aktın surəti iddianın təmin olunması üçün əsas ola bilməz. Göründüyü kimi iddiaçı tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları məhkəmədə sübut edə bilməmiş, qanunvericilik isə həmin vəzifəni tərəfin üzərinə qoymuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddiaçı MMC-nin Cavabdeh qarşı 7055 (yeddi min əlli beş) manat 77 (yetmiş yeddi) qəpik pul, mediasiya şurası üçün ödənilmiş 50 (əlli) manat və ödənilmiş dövlət rüsumu əvəzində 90 (doxsan) manat 56 (əlli altı) qəpik tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №e-2(013)-670/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-670/2025
16.04.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver