Məhkəmə qərarları › İş №e-2(014)-226/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-226/2025

01.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-226/2025 01.04.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Aidə Binyaminl qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh orqan Cavabdeh İB-nin X2 İstismar İdarəsinin təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, 01 fevral 2024-cü il tarixli aktına əsasən əsassız hesablanaraq mənim **********03580 saylı abonet koduma vurulmuş 518.40 manat, ******* saylı, 21 fevral 2024-cü il tarixli aktına əsasən 777.60 manat və 2017-ci il tarixədək əsassız hesablanmış 6205.24 manat, cəmi 7501.24 (yeddi min beş yüz bir) manat 24 (iyirmi dörd) qəpik borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xocalı şəhərindən məcburi köçkün olaraq ailə üzvləri ilə birlikdə yuxarıda göstərdiyi ünvanda məskunlaşmışdır. Yaşayış sahəsinə təbii qaza görə sayğac həyətdə yox, həyət divarından çöl tərəfdə quraşdırılmışdır və sayğac kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməmişdir. 2024-cü ilin noyabr ayında cavabdeh orqanın yaşadıqları əraziyə quraşdırılmış sayğaclara və təbii qazdan istifadəyə nəzarət edən əməkdaş tərəfindən sayğaca baxış keçirilən zaman ona məlum olmuşdur ki, onun qazdan istifadəyə görə cavabdeh orqana ümumilikdə 7501.24 manat borcu yaranmışdır. Bütün bunlara aydınlıq gətirmək üçün cavabdeh idarənin Ağdaş XS-nə müraciət edəndə oradan bildirdilər ki, 7501.24 manat borcun 6205.24 manatı 2017ci ilə qədər yaranan borc, qalan 1296.00 manat borc isə 2024-cü ilin yanvar ayında guya sayğaca müdaxilə etməyi nəticəsində yaranan borcdur. Onun tərəfindən sayğaca heç bir müdaxilə edilmədiyini, əgər etmiş olsaydı bu barədə əməkdaşlar ona bildirərdilər deyəndə ona bildirildi ki, müdaxilə olunub, bu barədə aktlar tərtib edilmişdir. Bundan sonra əməkdaşlar iddia ərizəsinə əlavə etdiyi sənədləri ona təqdim etməklə kifayətlənmişlər. Həmin sənədlərdən məlum olur ki, guya 2024-cü ilin yanvar ayının 31-də cavabdeh İdarənin əməkdaşları tərəfindən istifadəsində olan və həyətin küçə tərəfində quraşdırılmış sayğaca müdaxilə etmişdir. Ona görə ona həmin müdaxiləyə görə fevral ayında iki dəfə- 518.40 manat və 777.60 manat olmaqla, cəmi 1296.00 manat borc hesablanaraq abonent koduna vurulmuşdur. Bildirir ki, onun və ailə üzvləri tərəfindən yaşayış sahələrinə quraşdırılmış sayğaca müdaxilə edilməmişdir və bunu cavabdeh İdarənin əməkdaşları da sübut edə bilməmişlər. Sayğac küçədə quraşdırıldığından tərəfindən sayğaca nəzarət tərəfimdən mümkün deyil və qanunvericiliyin tələbinə görə qaz sayğacı küçədə quraşdırıldığından və mən fiziki şəxs olduğumdan sayğaca nəzarət cavabdeh İdarə tərəfindən həyata keçirilir. Təqdim olunmuş abonentin saldosundan aydın görünür ki, qalan 6205.24 manat borc 2017-ci ildən əvvəl yaranmışdır. Qanunvericiliyin tələbinə görə məcburi köçkünlərin kommunal xidmətlərə görə yaranmış borcları ödənilməsi Azərbaycan Respublikası Qaçqın və Köçkünlərin Problemləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilirdi. Qanuna görə cavabdeh İdarə həmin 6205.24 manat borcu ondan yox həmin Komitədən tələb etməlidir. Mülki qanunvericiliyin tələbinə görə müqavilələr üzrə yaranmış mübahislərin həlli üçün tərəflərə 3 il müddətində mübahisələndirmə hüququ verilmişdir ki, saldodan da göründüyü kimi cavabdeh idarənin hazırda həmin borcu onunla və ya Komitə ilə mübahisələndirməsi üçün qanunla ona verilmiş müddətdə istifadə etməmişdir. Ona görə də hesab edir ki, cavabdeh idarənin hazırda həmin borcu ondan tələb etməsi üçün heç bir subyektiv hüququ yoxdur. Bir daha bildirir ki, fərdi yaşayış evində istifadə etdiyi təbii qaza görə sayğac həyətindən kənarda, yəni divarın küçə hissəsində quraşdırıldığından, həmin sayğac kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülmədiyindən tərəfindən sayğaca nəzarətin həyata keçirilməsi mümkün deyildir. O həmin aktla razı deyil, həmin akt qanunsuz tərtib edilmiş, nəticədə istehlakçı kimi qanunla qorunan hüquqları cavabdeh orqan tərəfindən kobud şəkildə pozulmuşdur. Göründüyü kimi, cavabdeh orqanın X2 İstismar İdarəsinin əməkdaşları onlara verilmiş hüquqlardan sui istifadə edərək yuxarıda qeyd etdiyi qanunsuz hərəkətləri ilə bəzi qanunvericilik aktlarının tələblərini, eləcə də istehlakçı kimi onun qanunla qorunan hüquqlarını kobudcasına pozmuşdur ki, bu da yolverilməzdir. Cavabdeh orqanın istehlakçı kimi ona qarşı qanunsuz hərəkətləri ilə əlaqədar aralarında yaranmış mübahisəni məhkəmədən kənar həlli mümkün olmadığından hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır və hesab edir ki, həmin mübahisə məhkəmə qaydasında həll edilməlidir. Cavabdeh nümayəndəsi Nümayəndə məhkəməyə 05 mart 2025-ci il tarixdə iddia tələbinə etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı Cavabdehnə qarşı Cavabdeh İB-nin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbi qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 1296 (bir min iki yüz doxsan altı) manat borcun və sayğac göstəricisinə əsasən hesablanmış 6205.24 (altı min iki yüz beş manat iyirmi dörd qəpik) manat borcun silinməsi tələbi barədə” iddia ərizəsi ilə Ağdaş Rayon Məhkəməsinə müraciət etmişdir. Bildirir ki, İddiaçı Cavabdehnə qarşı tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İddiaçı adına rəsmiləşdirilmiş **********03580 saylı qaz hesabında xx.xx.2025-ci il tarixə 6794.34 manat borc vardır. Həmin borcun 6205.24 manat hissəsi sayğac üzrə, 777.60 manat hissəsi isə itirilmiş qaz sərfiyyatı kimi hesablanmış borc məbləğidir və iddiaçı məhz həmin borcu mübahisələndirməkdədir. Mübahisə predmeti ilə bağlı bildirir ki, Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən İddiaçı istifadəsində olan G4 markalı 1602AZ**********13 nömrəli qaz sayğacına istehlakçının nümayəndəsinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı sayğaca müdaxilə ehtimalı müəyyən edilmişdir. Bununla əlaqədar olaraq həmin sayğac qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2024-cü il tarixli ******* saylı aktla çıxarılaraq xüsusi plomblanmış qutuda möhürlənərək dövlət yoxlamasına göndərilmiş, əvəzində isə **********789 saylı sayğac quraşdırılmışdır. Dövlət yoxlamasından keçirilmiş qaz sayğcının texniki vəziyyəti ilə bağlı rəy verən ARDNŞ-nin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin xx.xx.2024-cü il tarixli 0190 saylı aktında göstərilmişdir ki, sayğacın yivli birləşmələri deformasiyaya uğrayıb, sayğacın çıxış plastmas borusu fiziki təsir nəticəsində deşilib, sayğac keçən qazın həcmini qeyd etmir, sayğac istismara yararsızdır (qaz itkisi, müdaxilə). Bununla əlaqədar iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə (istehlakçı aktı imzalamaqdan imtina etmişdir) təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli ******* saylı akt tərtib edilmişdir. Qaz sayğacının maksimal qaz sərfi 6m3 saat orta günlük iş rejimi 12 saat hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı isə Zaqatala RQİİ-nin xx.xx.2024-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 6480 m3 (və ya 777.60 manat) həcmində müəyyən edilmişdir. Bildirir ki, mübahisəli qaz sayğacına yerində baxış keçirilərkən və yoxlanışdan keçirilərkən onun sadəcə zədələndiyi deyil, ona qəsdi olaraq müdaxilə olunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq etdilən “Qazdan istifadə qaydaları”nın 4.9-cu bəndinə əsasən, qaz sayğacının zədələnməsi dedikdə onun hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s. başa düşülür. Abonentin və ya onunla razılıq əsasında digər şəxsin müdaxiləsi olmadan sayğacda baş vermiş həmin zədələnmələrə görə abonent heç bir məsuliyyət daşımır və zədələnmiş sayğacın dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilir. Lakin sayğacın zədələnməsi ona müdaxilə nəticəsində baş vermişsə, bu zaman təqsirli hərəkətin törədilməsi faktı mövcud olur. İstehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının, həmçinin sayğaca müdaxilə üsulu ilə sayğacın real sərfiyyatının gizlədilməsi istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011- ci il tarixli Qərarının 3.2.2-ci bəndinə əsasən qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etmək qazdan istifadə edən istehlakçıların borcudur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 2-ci bəndinə əsasən istehlakçı bu Qanunun 3-cü bəndinə müvafiq olaraq qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci madəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göstərilənlərə əsasən, təyin edilmiş məhkəmə iclasının iştirakları olmadan keçirilməsini, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh İB-nin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbi qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış və sayğac göstəricisi üzrə hesablanmış, ümumi 7501.24 manat borcun silinməsi tələbi barədə” iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, qaz sayğacı onlara 20 il olar qoşulmuşdur. O evdə olmayan vaxt sayğacı Cavabdeh əməkdaşları çıxarıb aparıb, daha sonra başqa sayğac gətirib quraşdırılmışlar. Həmin sayğac qoyulandan sonra ona cərimə yazmışlar. Odur ki, qeyd olunanların nəzərə alınaraq onun abonent koduna hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş edir. 06 mart 2025-ci il tarixdə keçrilən məhkəmə hazırlıq iclasında Cavabdeh nümayəndəsi Nümayəndə izahat verərək, abonent İddiaçı məxsus **********03580 saylı abonentin saldosuna 2024-cü ilin yanvar ayı üzrə hesablanmış 518,40 manat borcun 02/2025-ci il tarixdə abanentin hesabından silindiyini, lakin iddianın qalan hissədə təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin etirazını nəzərə alıb, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında 31 oktyabr 2016-ci il tarixdə bağlanmış qazın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, Ağdaş QİS-dən İddiaçı qazdan istifadə qaydalarına dair müqavilə bağlamışlar. İşin materiallarında olan qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 31 yanvar 2024-cü il tarixli, ******* saylı aktdan görünür ki, İtron tipli, G-4 markalı, 1602AZ**********13 nömrəli köhnə sayğac çıxarılaraq yerinə yeni Zenner smart tipli, G-4 markalı, **********789 nömrəli sayğac quraşdırılmışdır. İşin materiallarında olan Cavabdeh 22 fevral 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, Ağdaş rayonu, Müşviq İsayev küçəsində yerləşən istehlakçı İddiaçı yaşadığı mənzilə 21 fevral 2024-cü il tarixli ******* saylı akta əsasən dəymiş ziyanın həcmi olaraq 6480 m3 borc hesablanmışdır. İşin materiallarında olan 21 fevral 2024-cü il tarixli ******* saylı akt təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, Cavabdeh İB-nin nümayəndələri tərəfindən istehlakçı İddiaçı mənzilinə quraşdırılmış qaz sayğacına baxış keçirilən zaman müəyyən edilmişdir ki, plomb kəsilərək qutu açıldı. Sayğaca baxış keçirildi. Gizli birləşmələr, deformasiyaya uğrayıb, çıxış plastmas borusu fiziki təsir nəticəsində deşilib. Keçən qazın həcmini qeyd etmir. Sayğacın daxilinə baxış keçirilən zaman plastmas boruda deşik aşkar olunmuşdur. Sayğac istismara yararsızdır. İşin materiallarında olan Cavabdeh 01 fevral 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, Ağdaş rayonu, Müşviq İsayev küçəsində yerləşən istehlakçı İddiaçı yaşadığı mənzilə 01 fevral 2024-cü il tarixli ******* saylı akta əsasən dəymiş ziyanın həcmi olaraq 4320 m3 borc hesablanmışdır. İşin materiallarında olan 01 fevral 2024-cü il tarixli ******* saylı akt təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, Cavabdeh İB-nin nümayəndələri tərəfindən istehlakçı İddiaçı mənzilinə quraşdırılmış qaz sayğacına baxış keçirilən zaman müəyyən edilmişdir ki, sayğaca kamera vasitəsilə baxış keçirən zaman sayğacın çıxış plastmas borsunun içərisində 2 ədəd deşik olması aşkar olunmuşdur. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş işin materiallarında olan **********03580 saylı abonentin saldosundan görünür ki, abonent İddiaçı qalıq və aktlardan 2024-cü ilin yanvar ayı üzrə borcu 518,40 manat, 2024-cü ilin fevral ayı üzrə borcu 777,60 manat təşkil edir. Eyni zamanda 11/2024-cü il tarixrə ümumi borc 70506,24 manat təşkil edir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş və işin materiallarında olan 05 mart 2025-ci il tarixli, **********03580 saylı abonentin saldosundan görünür ki, abonent İddiaçı qalıq və aktlardan 2024-cü ilin yanvar ayı üzrə borcu 518,40 manat, 2024-cü ilin fevral ayı üzrə borcu 777,60 manat təşkil edir. Eyni zamanda 03/2025ci il tarixrə ümumi borc 6794,34 manat təşkil edir. Həmçinin abanentin saldosuna yazılmış 514,40 manat borc 02/2025-ci il tarixdə onun hesabından silinmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı məxsus abanent saldosuna Cavabdeh tərəfindən 22 fevral 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən 6480 m3 (777,60 manat) borc hesablanmışdır. Bundan başqa Cavabdeh tərəfindən 01 fevral 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinə əsasən 4320 m3 (518,40 manat) borc hesablanmışdır. Hazırda iddiaçı həmin 777,60 manat və 518,40 manat əsassız hesablanmış borcların, eyni zamanda 2017-ci ilin əvvəl yaranmış 6205,24 manat borcun silinməsini tələb edir. Eyni zamanda məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı yaşayış sahəsinə qoyulmuş qaz sayğacı küçədə quraşdırılmışdır. Yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə iddiaçı cavabdehlik daşımır. Belə ki, qaz sayğacı fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilməlidir və sayğac qaz paylayıcısı tərəfindən kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməmişdir. Bundan başqa iddia tələbinin 6205,24 manat hissəsinə münasibət də isə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı yaşadığı evə qaz sayğacı quraşdırıldıqdan sonra, o, təbii qazdan qaz sayğacı vasitəsi ilə istifadə etmiş və onun qaz hesabında ödənilməmiş 6205,24 (altı min iki yüz beş manat iyirmi dörd qəpik) manat borcu vardır, həmin borc sayğac göstəricisinə görə müəyyən edilmiş hesabata əsasən yaranmışdır. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazır ki, halda iddiaçının silinməsini istədiyi 6205,24 manat sayğacı vasitəsi ilə istifadə edilmiş borca dair hissədə iddia müddəti tətbiq edilə bilməz. Buna görə də məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi 6205,24 manat sayğacı vasitəsi ilə istifadə edilmiş borcun silinməsi hissəsində təmin edilə bilməz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar məhkəmədə iddia qaldırarkən dövlət rüsumunu ödəməkdən azaddırlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən məhkəməyə verilən qiymətləndirilən iddia ərizəsinə görə dövlət rüsumunun dərəcəsi iddia qiyməti 1000 manatadək olduqda 30 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddianın təmin edilən hissəyə dair qiyməti 777,60 manat olduğundan iddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh İB-nin X1 İstismar İdarəsi tərəfindən 21 fevral 2024-cü il tarixli, ******* saylı aktlara əsasən İddiaçı **********03580 saylı abonent koduna yazılmış 777,60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat borc silinməli, iş üzrə iddiaçının ödəməkdən azad edildiyi 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcunun silinməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh İB-nin X1 İstismar İdarəsi tərəfindən 21 fevral 2024-cü il tarixli, ******* saylı aktlara əsasən İddiaçı **********03580 saylı abonent koduna yazılmış 777,60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat silinsin. İş üzrə iddiaçının ödəməkdən azad edildiyi 30 (otuz) manat dövlət rüsumu Cavabdeh İB-dən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar