Məhkəmə qərarları › İş №e-2(014)-330/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-330/2024

21.05.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-330/2024 21.05.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh, həmçinin Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “İddiaçının qeydiyyatda olduğu yaşayış sahəsində yaşaması, cavabdehlər tərəfindən yaranmış süni maneələrin aradan qaldırılması və yaşayış sahəsinə köçürülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “İddiaçının qeydiyyatda olduğu yaşayış sahəsində yaşaması, cavabdehlər tərəfindən yaranmış süni maneələrin aradan qaldırılması və yaşayış sahəsinə köçürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh2 ilə 13 noyabr 2019-cu il tarixdə rəsmi nikaha daxil olaraq el adəti ilə cavabdehlərin yaşadığı Ağdaş rayonu, Ləki qəsəbəsi, Sabir küçəsi 10 ünvanında yerləşən və cavabdehlərlə heç bir qohumluq əlaqəsi olmayan X2 məxsus fərdi yaşayış evinə gəlin köçmüşdür. 27 oktyabr 2019-cu ildən o, həmin ünvanda yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Birgə nikahlarından 11 yanvar 2021-ci il təvəllüdlü X11 adlı övladları anadan olmuşdur. Övladlarının qız uşağı olması ərini və onun doğmalarını narahat etdiyindən ailələrində söz-söhbət yaranmış, bundan sonra əri ona qarşı məişət zorakılığı etməyə başlamışdır. 2022-ci ilin avqust ayında isə bunun üçün heç bir əsas olmadan onu döyərək evdən qovmuşdur. xx.xx.2023-cü il tarixdə cavabdehlərin təkidi ilə onların nikahları məhkəmə tərəfindən pozulmuşdur. Cavabdehlər onları evdən qovandan sonra o, azyaşlı övladı ilə birgə öz valideynlərinin yanına qayıtmış və hazırda nikah pozularkən onun himayəsində qalmış azyaşlı uşağı ilə birlikdə valideynlərinin yanında çox çətin və qeyri-normal şəraitdə yaşamağa məcbur qalmışlar. Maddi vəziyyəti həddindən artıq çətin olduğundan o, özünə yaşayış evi ala bilmir. Artıq onların hazırki ağır yaşayış şəraitində yaşamaqları mümkün deyildir və o, övladı ilə birlikdə qeydiyyatda olduğu və cehiz əşyalarının yerləşdiyi ünvanda yaşamaq istəyir, lakin cavabdehlər onun övladı ilə birlikdə qeydiyyatda olduqları ünvanda yerləşən evdə yaşamaqlarına mane olaraq evə girməyi onlara qadağan etmişlər. Mövcud qanunvericiliyə uyğun olaraq o, mübahisəni mediasiya vasitəsi ilə həll etməyə çalışsa da cavabdehlərin inadkarlığı səbəbindən mübahisəni qarşılıqlı razılığa əsasən həll edə bilməmişdir. Odur ki, qeydiyyatda olduğu yaşayış sahəsində cavabdehlər tərəfindən yaranmış süni maneələrin aradan qaldırılması, yaşayış sahəsinə köçürülmə və yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi barədə iddia ilə hazırki iddia tələbi ilə müraciət etməyə məcburiyyətində qalmışdır. Göstərilənlər əsasən iddiaçının övladı X11 ilə birgə qeydiyyatda olduqları Ağdaş rayonu, Ləki qəsəbəsi, Sabir küçəsi 10 ünvanında yerləşən yaşayış sahəsində yaşamaqlarına cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən yaranmış süni maneələrin aradan qaldırılması və iddianın azyaşlı övladı ilə birgə qeydiyyatda olduqları fərdi yaşayış evinə köçürülmələrinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, tərəflər arasında qeyd edilmiş nikah pozulduqdan sonra İddiaçı azyaşlı övladı ilə atası evində yaşayır. Həmin ev çox kiçik olduğundan yaşamaq mümkün deyildir. Özünün isə ayrı evdə yaşaması və ya ev alması üçün maddi imkanı yaxşı deyildir. Belə ki, azyaşlı övladını çətinliklə dolandırır. İddiaçı qeydiyyatda olduğu ev Cavabdeh2 adına olmasa da, iddiaçı həmin evə gəlin köçmüş və həmin evə qeydiyyata düşməklə hələ də həmin evdə qeydiyyatdadır. Həmçinin cavabdehlərin də həmin ünvana heç bir mülkiyyət hüquqları yoxdur, mənzil cavabdehlərlə heç bir qohumluq əlaqəsi olmayan Qurbanova (Qubatova) Hədiyyə Əhməd qızına məxsus olub, onun öz övladları olmayıb, hazırda isə vəfat edib. Odur ki, qeyd olunanların nəzərə alınıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh, eyni zamanda Cavabdeh1 nümayəndəsi Cavabdeh2 iddianı qəbul etməyərək bildirdi ki, İddiaçı əsassız yerə dəfələrlə sözügedən evdən çıxıb getmiş və son gedişində bir daha gedərsə onu geri qaytarmayacağını bilirməsinə baxmayaraq evdən çıxaraq atası evinə getmişdir. İddiaçı dəfələrlə onun barəsində əsassız yerə polisə şikayət etmişdir. Onun evə qayıtmasının tək səbəbi onu şərləməkdən ibarətdir. Əgər İddiaçı həmin evdə yaşamaq istəyirdisə çıxıb getməməli idi. Onun həmin evə geri qayıdıb yaşaması ciddi problemlərə səbəb olacaqdır. Bundan başqa Aynişan atası evində yaşaya bilmədiyini, evin kiçik olduğunu əsas gətirsə də o, həmin evdə 21 yaşına qədər yaşayıb, sonra onunla ailə quraraq onun evinə gəlin gəlmişdir. Həmin ev onun ögey nənəsi Hədiyyə Qubatovaya məxsus olmuş, onun anası da həmin evə gəlin gəlmiş, o, özü də həmin evdə doğulmuşdur. O, anası ilə birlikdə sadəcə həmin evdə qeydiyyatdadır. Onların həmin evə mülkiyyət hüquqları yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınıb iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən Cavabdeh1 məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşin materiallarında olan 19 oktyabr 2019-cu il tarixdə Bərdə regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 361850 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 ilə İddiaçı 19 oktyabr 2019cu il tarixdə 1197 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Kərimli, arvada Müzəffərova soyadı verilmişdir. İşin materiallarında olan Bərdə Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh2 ilə İddiaçı 19 oktyabr 2019-cu il tarixdə 1197 №-li akt qeydi əsasında bağlanmış nikah pozulmuşdur. İşin materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 13 noyabr 2023-cü il tarixli arayışdan görünür ki, “yaşayış hüququ və əmlak tələbi”-nin mübahisələndirilməsi üzrə 13 noyabr 2023-cü il tarixdə saat 16:00-da keçirilmiş mediasiya prosesində İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iştirak etmiş, Cavabdeh2 isə iştirak etməmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən Nümayəndə ünvanlanmış 17 noyabr 2023-cü il tarixli məktubun surətindən görünür ki, 17 saylı Yevlax Ərazi İdarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, Əmlak Məsələlərinin Dövlət Komitəsi tərəfindən təqdim edilmiş Elektron baza məlumatlarına, habelə Dövət Torpaq və xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş kadastr, tam olmayan anket və eletron baza məlumtlarına əsasən Ağdaş rayonu, Ləki qəsəbəsi, Sabir küçəsi 10 ünvanında yaşayan Cavabdeh2 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən Nümayəndə ünvanlanmış 17 noyabr 2023-cü il tarixli məktubun surətindən görünür ki, ünvan 2 ünvanda 0.0818 ha torpaq sahəsində yerləşən tikinti ili 1982-ci il, ümumi sahəsi 59.0 kv.m olan fərdi yaşayış evinə dair X1 adına Texniki İnventarlaşdırma Bürosu tərəfindən may 1988-ci il tarixli 3351 nömrəli texniki pasport verilmişdir. İşin materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilmişmiş çıxarışdan görünür ki, İddiaçı Ağdaş rayonu, Ləki qəsəbəsi, Sabir küçəsi 10 ünvanında qeydiyyatdadır. İşin materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilmişmiş Çıxarışdan görünür ki, Cavabdeh2 Ağdaş rayonu, Ləki qəsəbəsi, Sabir küçəsi 10 ünvanında qeydiyyatdadır. İşin materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilmişmiş Çıxarışdan görünür ki, Cavabdeh1 Ağdaş rayonu, Ləki qəsəbəsi, Sabir küçəsi 10 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Ağdaş rayon Polis Şöbəsi tərəfindən verilmiş materialdan görünür ki, İddiaçı Ağdaş rayonu, Ləki qəsəbəsi, Sabir küçəsi 10 ünvanına qeydiyyata alınmasına əsas olan sənədlər nikah haqqında şəhadətnamənin surəti, Cavabdeh1 razılıq ərizəsi, İddiaçı və Cavabdeh1 şəxsiyyət vəsiqələrinin surətləri və Ağdaş rayonu Ləki qəsəbə icra Nümayəndəliyinin təsərrüfat kitabından çıxarışın surəti (Çıxarışda təsərrüfat başçısı Cavabdeh1 qeyd olunmuşdur). İşin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin 23 aprel 2024-cü il tarixli məktubundan görünür ki, ünvan 4 ünvanda 0,0818 ha torpaq sahəsində yerləşən tikinti ili 1982-ci il, ümumi sahəsi 59,0 kv.m olan fərdi yaşayış evinə dair X1 adına Texniki İnventarlaşdırma Bürosu tərəfindən may 1988-ci il tarixli, 3351 nömrəli Texniki Pasport verilmişdir və daşınmaz əmlakın dövlət reyestrdən qeydiyyatdan keçməmişdir. İş materiallarında olan ev kitabının surətindən görünür ki, ünvan 4 ünvanda X7, X8, Cavabdeh1, Cavabdeh2 və X5 adları qeyd olunmuşdur. İş materiallarında olan Ağdaş rayon Ləki qəsəbə nümayəndəliyi tərəfindən verilmiş 23 mart 1992-ci il tarixli, İİİ-ЖГ № 451824 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 24 fevral 1992-ci il tarixdə Ağdaş rayonu, Ləki qəsəbəsində qara ciyər serrozundan ölmüşdür. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə baxışı iclasında müəyyən edilmişdir ki, Cavabdeh2 ilə İddiaçı 19 oktyabr 2019-cu il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşlar, iddiaçı cavabdehlərin heç biri ilə qohumluq münasibətləri olmayan X3 gözlənilən mülkiyyətində olan, yəni adına texniki pasportun işlənildiyi ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə köçmüşdür. X7 24 fevral 1992-ci il tarixdə vəfat etmişdir. İddiaçının Cavabdeh2 ilə birgə nikahlarından 11 yanvar 2021-ci il təvəllüdlü X11 adlı övladı anadan olmuşdur. İddiaçının Cavabdeh2 ilə ailə münasibətləri pisləşdiyindən Cavabdeh2 İddiaçı qarşı nikahın pozulması tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş, Bərdə Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli qətnaməsi ilə onların arasında bağlanmış nikah pozulmuşdur. Mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməmişdir, həmçinin həmin mənzillə bağlı vərəsəlik işinin açılmasına dair sənədlər təqdim olunmamışdır. İddiaçı cavabdehlər tərəfindən mübahisəli evdə onun və övladının yaşamasına maneçilik törədildiyindən iddianın təmin edilməsini xahiş etsə də cavabdehlər tərəfindən iddia tələbi qəbul edilməmişdir. İddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından, ö cümlədən cavabdehin izahatından iddiaçının gəlin köçdüyü evin məhz 24 fevral 1992-ci il tarixdə vəfat etmiş X6 məxsus olan ev olması, iddiaçının qeydiyyatda olduğu yaşayış sahəsində yaşaması, cavabdehlər tərəfindən yaranmış süni maneələrin aradan qaldırılması və yaşayış sahəsinə köçürülməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Məhkəmə qeyd edir ki, konkret yaşayış sahəsindən istifadə hüququndan fayda həmin sahədə yaşamaqdan ibarətdir. Bununla belə, Mülki Məcəllənin 152.1-ci maddəsinin mənasına görə əmlakdan istifadə hüququ həmin əmlaka dair sərəncam vermək hüququna və həmin əmlakla bağlı öz mülahizəsinə görə digər şəxslərlə hüquq münasibətlərinə daxil olmaq hüququna malik olan şəxsə - mülkiyyətçiyə məxsus olur. Deməli, iddiaçıya münasibətdə yaşayış sahəsindən istifadə hüququ (yaşayış sahəsinə köçürülmə haqqında iddianın hüquqi nəticəsi olaraq) yalnız mübahisəli mənzilin mülkiyyətçisinin buna razılığının olması şərti ilə tanına bilər. Məhkəmə cavabdehin və mərhum ev sahibinin onu qeyd-şərtsiz ailə üzvü kimi qəbul etmələri, onun həmin evə pasport qeydiyyatına alınmasına razılıq verməsi, onun, ailə üzvü kimi digər cavabdehlərlə təsərrüfatı birgə idarə etmələri, həmin yaşayış sahəsindən burada yaşayan digər ailə üzvləri ilə bərabər surətdə, uşağı ilə birlikdə istifadə etmək hüququ əldə etməsi, onun həmin yaşayış evində istifadə hüququnun yaranmasına dair dəlillərini əsaslı hesab etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9- cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinə görə vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması dedikdə, ona ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən və ya yaşayış yerini dəyişdirmiş vətəndaşın yeni yaşayış yerinə gəldikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınması başa düşülür. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun müddəalarından aydın olur ki, qanunverici hər bir şəxsin yaşadığı və olduğu yerin müəyyən olunması üçün əsas diqqəti şəxsin daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. Həmin Qanunun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göstərilən normaların məzmunundan belə nəticəyə gəlmək olar ki, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər. İddiaçının mübahisəli fərdi yaşayış evinə 2019-cu ildə, yəni cavabdehlərdən Cavabdeh2 ilə 19 oktyabr 2019-cu tarixdə nikaha daxil olmasından sonra köçməsi və 2020-ci ildə həmin mənzilə qeydiyyata düşməsi işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Məhkəmə qeyd edir ki, mübahisəli fərdi yaşayış evi iddiaçının həmin evə köçdüyü zaman mərhum Hədiyyə Qubatovanın gözlənilən mülkiyyətində olmuşdur. Hazırki iş üzrə cavabdehlərin həmin mənzilə mülkiyyət yaxud gözlənilən mülkiyyət hüquqlarının olması iş materialları ilə müəyyən edilməmişdir. Qeyd edilən hüquq normalarından da göründüyü kimi, yaşayış binasının tərkib hissəsindən digər ailə üzvünün istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması kimi mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur. Belə olan halda iddiaçının mübahisəli ünvan üzrə qeydiyyatı onun üçün hüquqi nəticələr yaratmamaqla, iddiaçının həmin yaşayış sahəsinə köçürülməsi üçün əsas hesab oluna bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı “İddiaçının qeydiyyatda olduğu yaşayış sahəsində yaşaması, cavabdehlər tərəfindən yaranmış süni maneələrin aradan qaldırılması və yaşayış sahəsinə köçürülməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı “qeydiyyatda olduğu yaşayış sahəsində yaşaması, cavabdehlər tərəfindən yaranmış süni maneələrin aradan qaldırılması və yaşayış sahəsinə köçürülməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar