Məhkəmə qərarları › İş №e-2(014)-598/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-598/2024

16.07.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-598/2024 16.07.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdaş rayonu, Qoşaqovaq kəndində JN- 079A kod 90310018 nömrəli 0,54 ha həyətyanı torpaq sahəsi mərhum ailə başçısı X1, İddiaçı2 və İddiaçı1 adına qeydə alınmışdır. Həmin torpaq sahəsində fərdi yaşayış evi inşa edilmişdir. Cavabdeh ilə İddiaçı1 rəsmi ailə münasibətlərinə daxil olmadan, faktiki ailə münasiblərində olmuş, birgə yaşamışlar. Birgə nikahlarından Ayşə və Məhəmməd adlı uşaqları doğulmuşdur. Cavabdeh ilə İddiaçı1 üç ilə yaxındır ki, faktiki olaraq ayrılmışlar. X3 bir ildən artıqdır ki, ailə qurmuş və Zərdab rayonuna köçmüşdür. Cavabdeh isə onlara məxsus torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evindən çıxmadığı üçün, Ağdaş Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh torpaq sahəsindən çıxarılması və qanunsuz istifadə hüququna xitam verilməsini xahiş etmişlər. Ağdaş Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 2(041)-73/2023 saylı qətnaməsinə əsasən iddia təmin edilərək, Cavabdeh iddiaçılar İddiaçı2 və İddiaçı1 xüsusi mülkiyyətində olan Ağdaş rayonu, Qoşaqovaq kəndi ərazisində yerləşən 0,54 hektar torpaq sahəsindən çıxarılması və qanunsuz istifadə hüququna xitam verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış, icra olunması üçün Ağdaş rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Məhkəmə qətnaməsindən sonra onlar Ağdaş rayonu, Qoşaqovaq kəndində JN-079A kod 90310018 nömrəli 0,54 ha həyətyanı torpaq sahəsinə və onun üzərində inşa edilmiş 114 kv.m ibarət fərdi yaşayış evinə mülkiyyət sənədi olan Çıxarış almışlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin ********** saylı Qeydiyyat nömrəsinə əsasən o, İddiaçı2 adına 2/3 hissə, özünün, yəni İddiaçı1 adına 1/3 hissədə adlarına Çıxarış almışlar. Baxmayaraq ki, Cavabdeh məhkəmə qətnaməsinə əsasən onlara məxsus torpaq sahəsindən çıxarılması və qanunsuz istifadə hüququna xitam verilməsi barədə məhkəmə qətnaməsi vardır və icra edilmir. Ağdaş rayon İcra və Probasiya Şöbəsinin əməkdaşlarının qanunsuz əməlləri səbəbindən qətnamə icra edilmir, beləki, Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru deyir ki, məhkəmə qətnamədə evdən çıxarılma göstərməyib, ona görə də evdən çıxarmaq hüquqları yoxdur. İzah edirlər ki, fərdi yaşayış evi Ağdaş rayonu, Qoşaqovaq kəndində JN-079A kod 90310018 nömrəli 0,54 ha həyətyanı torpaq sahəsinin üzərində yerləşdiyindən torpaqdan cavabdehi çıxarmalıdırlar. Onları bir ildən artıqdr ki, süründürürlər, məhkəmə qətnaməsinin səhv yazıldığını bildirirlər. Cavabdeh onların mülkiyyətlərində olan evdə rahat yaşamağa imkan vermir. Evin əsas hissəsini istifadə edərək, onlara hədə qorxu gəlir. Qeyd olunanlara əsasən Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxs tərəfindən verilmiş ********** saylı Qeydiyyat nömrəsinə əsasən İddiaçı2 adına 2/3 hissə, İddiaçı1 adına 1/3 hissədə qeydə alınmış, Ağdaş rayonu, Qoşaqovaq kəndində yerləşən 0,5413 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 114 kv.m-dən ibarət olan fərdi yaşayış evindən məcburi qaydada çıxarılması, dövlət rüsumunun əvəzi kimi ödənilən 100 (bir yüz) manatın, vəkilə hüquqi xidmət üçün ödənilən 300 (üç yüz) manatın cavabdehdən alınıb iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili və nümayəndəsi Vəkil məhkəməyə ərizə ünvanlayaraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, iddianı müdafiə etdiklərini bildirərək, işə onların iştirakları olmadan baxılması və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə iddiaçıların, onların vəkil və nümayəndəsinin iştirakları olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, 2000-ci il tarixdə həmin evə gəlmiş və 2009-cu il tarixdə mərhum qayınatası onu sözügedən evə qeydiyyata aldırmışdır. 24 ildir ki, övladları ilə həmin mənzildə yaşayır. Gedəcək başqa yeri olmadığından mənzildən çıxmaq fikri yoxdur. Hazırda da həmin evdə qeydiyyatdadır. Odur ki, qeyd olunanların nəzərə alınıb iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********95-10201 reyestr nömrəli Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Ağdaş rayonu, Qoşaqovaq kəndində yerləşən 0,5413 hektar yaşayış məntəqələrinin torpaqları 2/3 hissədə İddiaçı2, 1/3 hissədə İddiaçı1 mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 05 iyun 2023-cü il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 2(014)-73/2023 nömrəli, 07 fevral 2023-cü il tarixli qiyabi qətnaməsinin surətindən görünür ki, iddiаçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh oğluna qarşı “yaşayış-istifadə hüququna xitam verilməsi, torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiaları təmin edilərək, Cavabdeh iddiaçılar İddiaçı2 və İddiaçı1 xüsusi mülkiyyətində olan Ağdaş rayonunun Qoşaqovaq kəndi ərazisində yerləşən 0,54 hektar torpaq sahəsindən çıxarılması və qanunsuz istifadə hüquqlarına xitam verilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İşin materiallarında olan Ağdaş rayon Polis Şöbəsi tərəfindən verilmiş 05 iyun 2024cü il tarixli məktubdan görünür ki, xx xxxxx 1977-ci ildə Ağdaş rayonu, Qoşaqovaq kəndində anadan olmuş Cavabdeh Ağdaş rayon Polis şöbəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupunun kartotekası ilə 05 noyabr 2005-ci il tarixdən Ağdaş rayonu, Qoşaqovaq kəndində qeydiyyatdadır. İşin materiallarında olan ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı2 tərəfindən “Konsensus” Vəkil Bürosunun hesabına 300 manat məbləğində ödəniş edilmişdir. İşin materiallarında olan ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı2 tərəfindən "xxxx" ASC-nin ödəniş terminalı vasitəsi ilə məhkəmələr üçün 101 manat məbləğində ödəniş edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Ağdaş rayonu, Qoşaqovaq kəndində JN-079A kod 90310018 nömrəli 0,54 ha həyətyanı torpaq sahəsi mərhum X1, İddiaçı2 və İddiaçı1 adına qeydə alınmış və həmin torpaq sahəsində fərdi yaşayış evi inşa edilmişdir. Cavabdeh ilə İddiaçı1 rəsmi ailə münasibətlərinə daxil olmadan, faktiki ailə münasiblərində olaraq birgə yaşamışlar, lakin bir müddət sonra ayrılmaqlarına baxmayaraq Cavabdeh Ağdaş rayonu, Qoşaqovaq kəndində yerləşən fərdi yaşayış evində yaşayır. İddiaçılar dəfələrlə cavabdehdən yaşayış evindən çıxmasını tələb etsələr də, cavabdeh çıxmamışdır. Bundan sonra iddiaçılar məhkəməyə müraciət etmişlər və Ağdaş Rayon Məhkəməsinin 2(014)-73/2023 nömrəli, 07 fevral 2023-cü il tarixli qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilərək Cavabdeh iddiaçılar İddiaçı2 və İddiaçı1 xüsusi mülkiyyətində olan Ağdaş rayonunun Qoşaqovaq kəndi ərazisində yerləşən 0,54 hektar torpaq sahəsindən çıxarılmış və qanunsuz istifadə hüquqlarına xitam verilmişdir. Qeyd olunan qətnamə icrasız qaldığından iddiaçılar yenidən məhkəməyə müraciət edərək Cavabdeh sözügedən torpaq sahəsində inşa edilmiş yaşayış evindən çıxarılmasını xahiş edirlər. Həmçinin, işin materiallarına əlavə edilmiş ödəniş qəbzləri ilə İddiaçı2 tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu, eyni zamanda vəkilə hüquqi xidmətlə bağlı 300 manat məbləğində ödəniş edilməsi öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. İşin materiallarında olan sənədlərdən müəyyən edilir ki, cavabdeh 2005-ci ildən iddiaçıların mülkiyyətində olan mənzildə qeydiyyatdadır. Həmçinin, onlar arasında heç vaxt heç bir qohumluq münasibəti olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla, müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixi Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Göründüyü kimi cavabdeh hansı tarixdən qeyd olunan ünvanda yaşamasına dair sübutlar təqdim etməsə də, işin materiallarında olan məktubdan görünür ki, o, 2005-ci ildən iddiaçıların mülkiyyətində olan mənzildə qeydiyyatdadır. Eyni zamanda, onlar arasında heç vaxt heç bir rəsmi qohumluq münasibəti olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxs tərəfindən verilmiş ********** saylı Qeydiyyat nömrəsinə əsasən İddiaçı2 adına 2/3 hissə, İddiaçı1 adına 1/3 hissədə qeydə alınmış, Ağdaş rayonu, Qoşaqovaq kəndində yerləşən 0,5413 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 114 kv.m-dən ibarət olan fərdi yaşayış evindən məcburi qaydada çıxarılmalı, dövlət rüsumunun əvəzi kimi ödənilən 100 (bir yüz) manat, vəkilə hüquqi xidmət üçün ödənilən 300 (üç yüz) manat Cavabdeh alınıb iddiaçılara ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxs tərəfindən verilmiş ********** saylı Qeydiyyat nömrəsinə əsasən İddiaçı2 adına 2/3 hissə, İddiaçı1 adına 1/3 hissədə qeydə alınmış, Ağdaş rayonu, Qoşaqovaq kəndində yerləşən 0,5413 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 114 kv.m-dən ibarət olan fərdi yaşayış evindən məcburi qaydada çıxarılsın. Dövlət rüsumunun əvəzi kimi ödənilən 100 (bir yüz) manat, vəkilə hüquqi xidmət üçün ödənilən 300 (üç yüz) manat Cavabdeh alınıb iddiaçılara ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar